İndiki uşaqları uçan xalça ilə təəccübləndirmək olmur

 

Gülzar İbrahimova: “Bəzən görürsən ki, uşaqlar üçün jurnaldı, üz qabığı rəngli, amma içərisində böyüklərdən söhbət gedir, onların işlərindən danışılır”

 

MüsahibimizSehrli dünyauşaq jurnalının redaktoru, yazıçı Gülzar İbrahimovadır:   

- Mədəniyyətin təbliğinə ilk olaraq uşaq yaşlarından başlamaq lazımdır. Bunun üçün onlara mədəniyyətimizi sevdirmək, yetərincə çatdırmaq lazımdır. “Sehrli dünyauşaq jurnalı 5-10 yaşlı uşaqların maarifləndirilməsi, zehninin inkişafı üçün 48 səhifəlik, aylıq jurnaldır. Təzə nağıl və hekayələr, fantastik macəralar jurnalı daha maraqlı edir. Müsabiqələr, qaliblərə hədiyyələr, jurnalın içərisinə hər ay hədiyyələrin qoyulması uşaqlarda  maraq doğurur. Oxucuya belə bir yanaşma uşaqlarda mütaliəyə istəyi artırır, jurnalı onlara sevdirir.

- Bu gün uşaq jurnalı nəşr etmək, təbliğatını aparmaq çətin deyilmi?

- Azərbaycanda uşaq jurnalı nəşr etdirmək, satışını təşkil etmək, təbliğatını aparmaq çox çətindir. Televiziyaya yaxın düşmək olmur, reklamların dəqiqəsi çox bahadır. Məktəblərdə satış olmaz. Bütün bunlar jurnalın yayımlanmasına maneəçilik törədir. Alıcılıq qabiliyyəti də aşağı səviyyədədir. Oxumaq istəyənlər çox, amma jurnal alanlar azdır. Bu da onu göstərir ki, uşaqlara lazım olan jurnalın ona çatdırılması yolları düzgün qurulmayıb. Bu gün uşaqlar üçün kitablar buraxılır, amma çoxunda uşaqların anlayacaqları çox az şey var. Bəzən də tərbiyəedici bir nağıl və hekayə yazılır. Həmin yazıda uşaqlara tamam yad olan elə kəlimələrdən istifadə edilir ki, yazı uşağa yadlaşır, onu kitabdan uzaqlaşdırır. Mənim fikrimcə, balalarımızı kitablardan küsdürməməliyik. Bəzən isə görürsən ki, uşaqlar üçün jurnaldı, üz qabığı rəngli, amma içərisində tam fərqli olaraq böyüklərdən söhbət gedir, onların işlərindən danışılır. Çox vaxt isə böyüklərin dili ilə yazılmış hər hansı materialı sadələşdirmədən uşaq jurnalına verirlər ki, nəticədə uşaqlar jurnaldan, onu oxumaqdan uzaqlaşırlar. Əlbəttə, mütaliə etmədən biliyə çatmaq mümkün deyil. Hazırda uşaq ədəbiyyatını qazanc yoluna çevirənlər də var. Onlar cildlərlə “Nağıllar” kitabı buraxır, qazanc götürürlər. Bu bir tərəfdən yaxşıdır ki, nağıllar yenidən dərc edilir. Amma həmin naşirlər tərəfindən nağıllar uşaq yazılarından başı çıxan redaktorlar tərəfindən seçilsə, düzəlişlər edilsə, daha yaxşı olar.

 - “Sehrli Dünya”nın oxucuları ən çox hansı rubrikanı sevirlər?

- Əlbəttə ki, nağılları sevirlər. Nağıllar jurnalımıza xüsusi şirinlik gətirir. Ona görə də əminliklə jurnalımızı uşaqlara daha çox sevdirən məhz nağıllardır. Çünki burada onlar eksklüziv, jurnal üçün yeni yazılmış nağıllar tapırlar. 15 ildən çoxdur ki, uşaqlar üçün yazıram. Onlar üçün 30-dan çox nağıl, hekayə, tapmaca kitablarım var. Oxucularımla daima ünsiyyətdə oluram, nəyi xoşlayıb, xoşlamadıqlarını bilirəm. Biz oxucularımızla daima görüşlər keçiririk, onun sayəsində də onlarla söhbət eləmək şansımız yaranır. Bunların sayəsində qismən də olsa, uşaqlarla dil tapdığımı düşünürəm. Sevilən nağılların tərzinə uyğun nağıllar yazmağa çalışıram. Bir də çalışıram ki, nağıl sadə dildə olsun, uşaqları sevindirsin, həyəcanlandırsın. Buna müəyyən qədər nail olmuşam. Jurnal öyrədici olsa da, yorucu olmamalıdır. Bundan başqa, “Huşsuz baba”, “Gizlənpaç oyunu”, “Həyat labirinti” rubrikaları da oxucularımız tərəfindən maraqla qarşılanır. Biz 5-12 yaş əhatəsində bütün uşaqların zövqünü tutmağa çalışırıq. Yenə deyirəm, qələm əhli yaxşı bilir: Bir maraqsız və ya səhv yazının gücü çatır ki, neçə illərin oxucusunu qəzetdən və jurnaldan həmişəlik uzaqlaşdırsın. Bizim hər yaş qrupuna xüsusi yanaşmamız var. Məsələn, jurnalımızda  5-6 yaşlı uşaqların səviyyəsi ilə xalq yaradıcılığı üslubunda Cırtdanın yeni sərgüzəştlərini yazıb yerləşdiririk. Uşaqların fikrinə görə pis alınmır. Daha bir az böyük – yəni 10-12 yaşlılar üçün isə müasir üslubda fantastik hekayə yazıram. Jurnalda daha çox diqqət çəkən “Cırtdanın yeni macəraları” və “Sirusla Virusun sərgüzəştləri”dir. Cırtdanın yeni macəralarını yazmağa məni ermənilər məcbur etdi. Ermənilər vaxtaşırı qələmə aldığım nağıl və hekayələrimi “Open Armenia Worldwide Forum” saytında müzakirə edərək, məni şovinist adlandırırlar. Onları bütöv erməni xalqına qarşı yazdığımı iddia edərək təqsirkar bilirdilər. Ermənilər saytlarında mənim əsərlərimlə bərabər, Azərbaycan nağıllarını müzakirə edib, Cırtdanımızı təhqir ediblər. Cırtdanı “karliq”, “küt” adlandırıblar. Bu sözlərdən sonra mən də Cırtdanın yeni sərgüzəştlərini yazmağa başladım.

- Bu gün uşaqların əvvəlki personajlara münasibəti dəyişibmi?

- Müasir uşaqların “Qırmızıpapaq”, “Qoğal”, “Xoruz” kimi nağıllardan xoşu gəlmir. Qırmızıpapağı canavar yeyir, Qoğalı tülkü yeyir, qəpik tapan Xoruzu da bişirib qoyurlar aşın üstünə. İndiki uşaqlar isə güclü qəhrəmanlar istəyirlər. Mənim bir yazıçı dostum deyir ki, indiki uşaqları uçan xalça ilə təəccübləndirmək olmaz. Artıq uçan xalçaları təyyarələr əvəz edir. Bəli, doğrudan da belədir. Onları təəccübləndirəcək  başqa qəhrəmanlar, vasitələr tapmalıyıq. “Sirusla Virusun sərgüzəştləri” ideyası Nizami Gəncəvinin “Xeyir və Şər” poemasından qaynaqlanır. Həmin obrazları müasirləşdirib, uşaq dilində hekayəyə çevirmişəm. Sirus yaxşı, Virus pisdir. Biri ağıllı, xeyirxah, digəri paxıl və ziyankardır. O daim pis yola gedir, amma Sirus öz yaxşılıqları ilə onu düzgün yola çəkir. Onları kompyuter dünyasına səfərə yollamışam. Hər dəfə bir ölkədə olur, başlarına müxtəlif sərgüzəştlər gəlir. Onlar birlikdə Kosmosa, Ağıllılar, Səfehlər, Mikroblar, Yalançılar ölkəsinə gedirlər. Orada da başlarına bir hadisə gəlir. Bizi diqqətlə oxuyan oxucular onların başına gələn hadisələri izləyə bilirlər. Mən çox istərdim ki, bu hekayəyə uşaqlar üçün cizgi filmi çəkilsin. 

- Balaca oxucuları hansı maraqlı yeniliklər gözləyir?

- “Sehrli Dünya” jurnalı bu il  oxucular, abunəçilər və müsabiqə qalibləri ilə gözəl, maraqlı, yaddaqalan yay mövsümü keçirdi. Bunun üçün xüsusi yay planı hazırlamışdıq. Görüşlərdə redaksiya heyəti, rəssamlar oxucuları ilə fikir mübadiləsi apardı. Jurnalın daha da maraqlı olması üçün təkliflər irəli sürüldü.  Rəssamlar hazırda uşaqlar arasında ən çox xoşlanan  face art”- üz incəsənəti müsabiqəsi keçirdilər. Bundan başqa onlara dənizdə, hovuzda üzmək öyrətdik. “Qum qalası” müsabiqəsi, qaçış, futbol, voleybol və digər yarışlar keçirtdik. Bir sözlə, uşaqlara əsl yay sevinci hədiyyə etdik. Sonra da “Payız şənbələri”nə start verdik. Məqsədimiz uşaqları sevindirməkdir. Bir sözlə, jurnalın uzun ömürlü olması, uşaqlar tərəfindən sevilməsi üçün hərtərəfli aparırıq. Tez-tez saytımdakı oxucularımla məktublaşıram. Onlar məni dincəldir, sevindirir, yeni yazılar yazmağa ruhlandırır.  Abunəçi artımı da hər ay artır. Jurnal tanındıqca oxucu sayı artır. Sevinirəm ki, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi jurnalımızı ayrı – ayrılıqda müzakirə ediblər, bəyəniblər, uşaqlara oxumağı tövsiyə ediblər. Bizim jurnal digər nəşr edilmiş jurnallardan rəngarəngliyi, səhifə çoxluğuyeni nağılları, ingilisrus dillərini öyrətməsi, şahmat və digər düşündürücü məntiq tapşırıqları verməsi ilə fərqlənir.

 

 

Nigar Abdullayeva 

Palitra.-2012.-20 noyabr.-S.12.