Aforizmlər necə yaranır və
onların əhəmiyyəti nədir?
Professor Səlahəddin Xəlilov:
“İnsanın həyat yoluna işıq salan müdrik fikirlər
öncə şifahi xalq
ədəbiyyatından qaynaqlanır”
Aforizmlər və ya kəlamlar istər Şərq, istərsə də Qərb intellektual yaradıcılığında geniş yayılmış, insanlar tərəfindən həmişə istinad edilən yaradıcılıq növüdür. Bəs aforizmlər əslində necə və kimlər tərəfindən yaradılır? Bu barədə bizə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov fikirlərini bildirdi. Professor qeyd edir ki, aforizmlər iki cür olur: “Bir qisim aforizmlər fikirlərdən nəticə kimi hasil olur. Başqa bir qisim isə fikrin hələ açılmamış, şaxələnməmiş ilkin variantıdır. O, açıla-açıla gedir, böyük fəlsəfi sistem kimi yaranır. Böyük fəlsəfələr insana qayıtmaq üçün yenidən hansısa aforizmlərdə konsentrasiya olunur. Kantın fikrincə, aforizm, hikmət ancaq o zaman həqiqəti daha yüksək səviyyədə ifadə edə bilir ki, elmi kontekstdə salınmış olsun: “Elmsiz müdriklik (hikmət) kamilliyin ancaq kölgəsidir. Belə ki, fikirlər zəncirindən qoparılmış ayrıca bir halqa özlüyündə nə qədər dəyərli olsa da, hara getdiyini bilmir, istiqamətdən, yöndən məhrumdur. Ona görə də müdrik fikirlər bir neçə səmtə yozula bilər. Onları düzgün yoza bilmək və yerində işlədə bilmək üçün adamın özündən müdriklik tələb olunur. Necə deyərlər, gərək xəmirin hikmətlə yoğrulmuş olsun. Bu isə ancaq o zaman mümkündür ki, adamın dil açdığı dilin özü də hikmətli olsun. İnsanın həyat yoluna işıq salan müdrik fikirlər öncə şifahi xalq ədəbiyyatından qaynaqlanır. Həyatın hikməti öz ifadəsini fəlsəfədən daha çox, mifik təfəkkürdə, dastanlarda və əsatirlərdə tapır. Xalq hikməti kimi, aforizmlər də insanların həyat təcrübəsinin məntiqi ümumiləşdirilməsindən daha çox, hissi yaşantıların obrazlı ifadəsinə uyğun gəlir. Aforizmdə fikir qapanır. Fikrin gözəlliyi ilə deyilişin gözəlliyi bir-birini tamamlayır. Lakin çoxlu gözəl ifadələr var ki, özlüyündə müəyyən bir fikrin ifadəsinə xidmət etsə də, açıq qalır. Bunlara bəzən “qanadlı” ifadələr deyilir”. Hələ bitməmiş fikirlər təxəyyül üçün geniş meydan açır: “Fikrin hansı istiqamətdə tamamlanması, hansı səmtə yönəldilməsi də hər bir adamın öz intellektual və mənəvi səviyyəsindən asılı olur. Lakin dil də buna imkan verməlidir. Oturuşmuş qanadlı sözlər, klassik ifadələr də dilin zənginliyindən xəbər verir. Maraqlıdır ki, təbii işlək dil kimi sıradan çıxmasına baxmayaraq latın dili indi də bir hikmət dili kimi işlənməkdədir. Amma təzxəyyül üçün ən böyük meydan ənənəvi təşbehlərin, bədii rəmzlərin zənginliyi sayəsində açılır. Bütün poeziya açıq fikirlər əsasında qurulub. Poeziya əsasən təsvir və tərənnüm edir - ya ruhu təbiətin rəngində, ya da təbiəti ruhun dilində. Düşünməyi və fəlsəfi nəticələr çıxarmağı isə oxucunun öz öhdəsinə buraxır. Lakin bütün məharət də elə bundan ibarətdir ki, həyatın, təbiətin elə səhnələrini təsvir edə biləsən ki, o, duyğuları canlandırsın, zəka çırağını alışdıra bilsin. Aforizmdə fikrin başlanğıcı və sonu bir yerdədir. Fəlsəfə isə başlanğıcdan sona qədər böyük bir səyahətdir. Amma bu səyahət düşüncə prosesidir – filosofluqdur. Səyahətin özü də müstəqil dəyər hesab oluna bilər, amma necə ki, hər səfərdən bir xatirə ilə, suvenirlə, qayıdırlar, eləcə də uzaq məsafəli düşüncülərdən arabir qısa, yetkin, bitkin fikirlər hasil olur. Bizə qalan da, hamının istifadəsinə verilən də elə bu “suvenirlər”dir”. Alim qeyd edir ki, çox vaxt aforizmləri ayrıca bir ədəbi janr kimi dəyərləndirirlər. Lakin ədəbi-fəlsəfi fikir tarixində oturub məhz aforizm yazmaqla məşğul olan çox az ədiblər göstərmək olar: “Bunların ən parlaq nümayəndələri Monten və Lixtenberq hesab olunur. Blez Paskalın da məhz aforizm janrına uyğun gələn müdrik fikirləri çoxdur. Şərq ədəbi-fəlsəfi fikrində yaradıcılığı əsasən nəsihətlər kimi səslənən mütəfəkkirlər, məsələn, Mövlana və Sədi Şirazi də kiçik hekayətlər yazıb və onların xülasəsi olaraq bir və ya iki beytdə öz fikirlərini ifadə ediblər. Lakin sufilərin yaradıcılıq üslubuna uyğun gələn və ola bilsin ki, hədislərdən qaynaqlanan bu yaradıcılıq növü aforizm janrına aid edilə bilməz. Sadəcə olaraq daha çox həyata yaxın olan, məsələn, Sədi Şirazi kimi, gəzib-gördüklərini qələmə alan insanların müşahidələrinin və ibrətamiz həyat təcrübəsinin yığcam hekayətlər şəklində qələmə alınması doğrudan da ayrıca bir ədəbi janr kimi hesab oluna bilər. Amma təkrar edirik ki, bu janrın aforizmlərə birbaşa aidiyyəti yoxdur. Məsələn, başdan-başa bu cür nəsihətlərdən ibarət olan “Kəlilə və Dimnə”, “Qabusnamə”, habelə Sədinin “Bustan” və “Gülüstan” əsərlərindən sözün klassik mənasında aforizm seçmək cəhdlərimiz elə bir uğurlu nəticə vermədi. Hötenin, Tolstoyun əsərlərindən seçilən yüzlərlə aforizmlə müqayisədə Şərqin nəsihət abidələrindən çox az sayda aforizm seçə bildik. Araşdırma göstərir ki, Şərqdə konkret hadisələrin təsvirindən ayrıla bilməyən, ümumiləşmə dərəcəsi aşağı olan fikirlərin gücü, daha çox onların ədəbi-bədii dəyərindədir. Yəni ya hekayətin bədii koloriti, ya şeirin ahəngi önə çıxır və fikir yenə də arxa planda qalır. Onlar bədiilikdən azad edildikdə, “çılpaq halda”, yəni məhz bir fikir kimi ayrılıqda yaşamaq və nəsildən-nəslə ötürülmək qüdrətində olmur. Maraqlıdır ki, əslində Qərbdə də aforizmlər böyük alimlərdən və filosoflardan daha çox, ədiblər tərəfindən söylənib. Lakin diqqəti önəmli bir cəhətə yönəltmək olar. Ədiblər dedikdə, daha konkret ifadə edilsə, məlum olur ki, fikrin müstəqil dəyər kəsb etməsi üçün məhz epik təfəkkür daha vacib şərtdir. Şərq üçün səciyyəvi olan poetik üslub və sözün “bəzənməsi” xeyli dərəcədə Qərb poeziyasına da aiddir. Görünür, ona görədir ki, Qərbdə ən gözəl aforizmlərin müəllifləri əsasən nasirlər və qarışıq janrlarda yazan mütəfəkkir ədiblərdir. Höte də yəqin ki şair olduğu üçün yox, öz poetik vüsətini nəsr dilində və elmi-fəlsəfi üslubda ifadə etmək təcrübəsi olan bir sənətkar kimi bu qədər gözəl aforizmlərin müəllifi ola bilib”. Başqa bir cəhət isə odur ki, böyük yazıçılar çox vaxt məqsədyönlü surətdə müdrik fikirlər “düşünüb tapmır” ki, bunu əlavə bir detal kimi öz romanına daxil etsin. Bu barədə bizə fikirlərini bildirən professor qeyd edir: “Əksinə, əsl nasirlər çalışır ki, hər hansı bir fikir bədii kontkestdən ayrılaraq ahəngi pozmasın. Bəs onda onların “aforizm yaradıcılığı” necə baş tutur? Məsələ burasındadır ki, onlar nəinki məxsusi olaraq aforizm yazmırlar, çox vaxt heç öz aforizmlərindən xəbərləri də olmur. Bu aforizmləri böyük-böyük romanların təhkiyəsindən ayırıb müstəqil fikir kimi toplayanlar tamamilə başqa adamlardır. Bu fikri daha əyani çatdırmaq üçün biz Maksim Qorkinin Lev Tolstoyla görüşündən bu fraqmenti yada salmaq istəyirik. Qorki özünün “Öküz” əsərini Tolstoya göstərir və onun iradlarından biri bu olur ki, nəyə görə əsərin qəhrəmanları sanki aforizmlərlə danışırlar. Bunun təbii səslənmədiyini deyir. M.Qorki sonralar xatirələrni yazarkən belə bir cəhəti də vurğulayır ki, axı Tolstoyun öz əsərlərində də aforizm çoxdur, lakin o, bunu məhz qüsur hesab edir. Yeri gəlmişkən,Maksim Qorki doğrudan da dünya ədəbiyyat klassikləri arasında müdrik fikirlər ustası kimi də seçilir. Lakin görünür, əsl sənətkarlıq bu fikirləri bədii təhkiyədə məharətlə əritməkdən ibarətdir. Bununla belə, diqqətlə oxuduqda Hüqoda da, Balzakda da, Tolstoyda da, Dostoyevskidə də ya obrazların dili ilə, ya da müəllifin öz “izahlarında” müstəqil surətdə yaşamaq haqqı olan fikirlər tapmaq çətin deyil. Burada ancaq bir neçə yazıçının adı qeyd edildi. Ümumiyyətlə isə bədii əsərlərin ifadə etdiyi fikirlər yazıçının özü tərəfindən aşkar şəkildə formulə olunmaya da bilər. Bu iş daha çox dərəcədə tənqidçilərin üzərinə düşür. Ona görə də böyük tənqidçilər həm də böyük mütəfəkkir və gözəl aforizm müəllifləri ola bilərlər. Lakin bu zaman kimin əsl müəllif olduğunu müəyyənləşdirmək çətindir. Yazıçı və tənqidçi bu cür aforizmlərin sanki həmmüəllifləridir”.
İlkin AĞAYEV
Palitra.-2012.-21 noyabr.-S.12.