Uşaq ədəbiyyatı üçün yazıları müsabiqə ilə seçmək olar

 

Gülzar İbrahimova: “Uşaq kitabxanalarında hansı müəllifin kitabı oxucular tərəfindən daha çox bəyənilib, oxunubsa, həmin kitabların kütləvi şəkildə nəşrinə köməklik göstərilə bilər”

Layihə çərçivəsində müsahibimiz “Kiçik dünya” Uşaqların Maarif­ləndirilməsinə Kömək  İctimai Birliyinin rəhbəri, “Sehrli dünya” uşaq jurnalının rəhbəri, yazıçı Gülzar İbrahimovadır:

- Uşaqlar üçün yazmağın çətinliyi nədədir?

- O sual məni də  həmişə düşündürür: “Görəsən, niyə deyirlər ki, uşaqlar üçün yazmaq çətindir?”  Amma bəzi uşaq nağıl və hekayələrini oxuyanda görürəm ki, doğrudan da, bəziləri üçün çox çətindir. Çünki həmin yazıları uşaq oxusa, başa düşməyəcək. İnsan yaza bildiyini yazmalıdır. Onda daha mənalı, daha oxunaqlı, yazılanlar daha qiymətli ola bilər. Uşağın dilini, zövqünü bilmədən, onu sevmədən, nazını çəkməyə səbri çatmadan, daxilən uşaq olmadan, əlbəttə ki, uşaqlar üçün yazmaq olar, amma həmin yazı uşaqlara xoş gələ biləcəkmi?  Uşaqlar çox həssas olur. Uşağa öz məhəbbətini bildirmədən, sadəcə ona baxdıqda o, sənin baxışlarından ona münasibətini, ona olan sevgini hiss edib özü sənə yaxınlaşacaq, eyni qarşılıqlı məhəbbətlə sənə baxacaq. Baxışları ilə “Gəl,  mənimlə oynayaq!” deyəcək. Hər kəs gərək yaza bildiyini yazsın. Məncə, hər kəs ürəyinin səsinə diqqət ayırsa və onu qələmə almağı bacarsa, mənsur şeir, miniatür  yaza bilər. Biz bəzən sadəliyi bəyənməyib mürəkkəb yollar axtarırıq, həmin yolda da azıb, özümüzüitiririk. Bir kəs şeir yazmaq, ürəyini vərəqə boşaltmaq istəyir. Çox vaxt şeirin texnikasına, yazılış qaydasına, qafiyəsinə  o qədər diqqət ayırır ki, əsl məqsəddən uzaqlaşır, hissiz, dəyərsiz bir şeir ortaya çıxır. Mən mənsur şeir yazmışam deyəndə,  sadəcə ürəyimdə olanları yazmışam, yazıçı dostlarım, yazıçı Əlibala Hacızadənin, qəzəl ustası Ənvər Nəzərlinin, şair Şahin Fazilin xahişi və təkidi ilə onları çap elətdirmişəm. “Səndən yoxmuş” mənsur şeirlər kitabım da  belə yaranıb. “Telehəftə” qəzetinə dərc olunmaq üçün bəzən materiallar verirdim. Bir gün yazılarımı oxuyandan sonra baş redaktorun müavini İmran müəllim mənə məsləhət verdi: “Səndən yaxşı nağılçı çıxar!”. Səbəbini soruşanda dedi ki, sən adi yazını o qədər bəzəyib, ona fantaziya qatırsan ki, yazı adamın düz ürəyinə girir. Həmin yazdığım yazı dənizdə işləyən xilasedicilərə, onların xeyirxahlığına, şərəfli işinə aid idi. İmran müəllimin sözü məni düşündürdüilk hekayəmi yazıb “Günəş” uşaq jurnalına verdim.  Vasif müəllim onu oxuyu­b bəyəndi, jurnalında dərc elətdirdi. Hekayələrimə ilk dəfə illüstrasiyaları neçə illərdi “Nəşriyyat”da rəssam işləyə­n Bulud çəkdi. Onu hamı imzası ilə rəssam Bulud kimi tanıyır. Rəssam Bulud nağıllarımı bəyəndi, adımı da özü qoyduGülzar nənə!”.  Nənə sevinci yaşamaq qismətimdə olmasa da, artıq 38 yaşımdan özümün də xoşladığım bu ad üstümdədi.

- Bir yazıçı kimi ölkədə uşaq ədəbiyyatının, uşaq mətbuatının vəziyyətini necə qiymətləndirirsiniz?

- Respublikamızda bu sahə inkişaf edir, amma elə bir səviyyədə inkişaf edir ki, bu inkişaf irəliyə deyil, geriyə səsləyi­r. Çünki iş görənlərdən çox, iş haqda danışanlar var. Ümumiyyətlə, uşaq ədəbiyyatının inkişafından 20-30 səhifəlik, yarım saatlarla danışa bilən natiqlərimiz var. Amma həmin natiqdən soruşsan ki, sən konkret görmüsən, cavab tapa bilməz. Kitablar buraxılır, çoxunda uşaqların anlayacaqları çox az şey var.  Bəzən də tərbiyəedici bir nağıl və hekayə yazılır. Həmin yazıda uşaqlara tamam yad olan elə kəlmələrdən istifadə edilir ki, yazı uşağa yadlaşır. Onu kitabdan uzaqlaşdırır. Mən şeir sevən bir adam kimi sevdiyim bir qəzetdə bircə mənasız şeirə rast gəlməklə həmin qəzetdən üz çevirmişəm. Hələ indiyə qədər həmin şeir mənimlə həmin qəzet arasına düşmənçilik salıb. Məncə, balalarımızı da kitablardan küsdürməməliyik.  Çox vaxt isə böyüklərin dili ilə yazılmış hər hansı materialı sadələşdirmədən uşaq jurnalına verirlər ki, nəticədə uşaqlar jurnaldan, onu oxumaqdan uzaqlaşırlar. Əlbəttə ki, mütaliə etmədən biliyə çatmaq mümkün deyil. O, hardasa qırılmalıdır. Hazırda uşaq ədəbiyyatını qazanc yoluna çevirənlər də var. Onlar cildlərlə “Nağıllar” kitabı buraxır, qazanc götürürlər. Bu bir tərəfdən yaxşıdı ki, nağıllar yenidən dərc edilir. Amma həmin naşirlər tərəfindən nağıllar uşaq yazılarından başı çıxan redaktorlar tərəfindən seçilsə, düzəlişlər edilsə, daha yaxşı olar.

- Sizcə, bu sahənin gələcək inkişafı üçün nələr etmək lazımdır?

- Mütləq bu sahəyə ciddi diqqət ayrılmalı, uşaq ədəbiyyatı haqda çox danışanlar yox, həqiqi uşaqlar üçün ürəyi yananlar dövlət səviyyəsində bu işə cəlb olunmalıdırlar. İnkişaf eləmiş ölkələrin metodlarından istifadə etməklə uşaq ədəbiyyatını inkişaf etdirmək olar. Yazıçıların yazıları müsabiqədən keçəndən sonra onların nəşr edilməsinə dövlət dəstək verərsə, uşaq ədəbiyyatı inkişaf edər. Mən təklif edərdim ki, müsabiqəyə təqdim edilmiş materialları həm də uşaqlar qiymətləndirsin. Yuxarı sinif şagirdləri bunu bacarar. Ən düzgün qərarı beyni təmiz, hər bir təmənnadan uzaq, qərəzsiz düşüncəli uşaqlar verə bilər. Bunun başqa bir yolu da var. Uşaq kitabxanalarında hansı müəllifin kitabı oxuc­u­lar tərəfindən daha çox bəyənilib, oxunubsa, həmin kitabların kütləvi şəkildə nəşrinə köməklik göstərilsə, yaxşı olar. Yollar çoxdur, əsası odur ki, istək olsun.

- Artıq jurnalınızın bir neçə sayı çapdan çıxıb. Necə fikirləşirsiniz, Azər­baycanda uşaq jurnalı nəşr etmək özünü doğruldurmu?

- Azərbaycanda uşaq jurnalı dərc elətdirmək, satışını təşkil eləmək, təbliğatını aparmaq çox çətindir. Tele­viziyaya yaxın düşmək olmur, reklam dəqiqəsi çox bahadır. Məktəblərdə satış olmaz. Bütün bunlar jurnalın yayımlanmasına maneçilik törədir. Alıcılıq qabiliyyəti aşağı səviyyədədir. Oxumaq istəyənlər çox, amma jurnal alanlar azdır. Bu da onu göstərir ki, uşaqlara lazım olan jurnalın ona çatdırılması yolları düzgün qurulmayıb.

- Siz həm də “Kiçik dünya” Uşaqların Maarifləndirilməsinə Kömək  İctimai Birliyini yaratmısınız. Birlik çərçivəsində hansı işləri görməyi planlaşdırırsınız?

“Kiçik dünya” Uşaqların Maarif­ləndirilməsinə Kömək  İctimai Birliyini yaratmaqda məqsədimiz adımızdan göründüyü kimi, azərbaycanlı balalarımızın maarifləndirilməsidir. Layihələr hazırlamışıq. Arzu varsa, bir gün məqsədə də çatırsan. 

 

Nigar Abdullayeva

Palitra.-2012.-27 noyabr.-S.11.