“Xaricdəki yarmarkalarda bizim məhsullara üstünlük verilir

 

Sabir Vəliyev: “Biz çalışırıq ki, ayrı-ayrı şəxsi adamlar, özəl qurumlar dəmiryoluna yaxın yerlərdə satış bazaları yaratsınlar”

 

Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, eləcə də Ağcabədi və Beyləqan rayonlarına səfəri zamanı sahibkarlarla görüşündə zamanı ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bu sahədə bir sıra məsələlərin həllinin vacibliyini qeyd edib. Müsahibimiz Kənd Tə­sərrüfatı Nazirliyinin Bit­kiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyevdir: 

 - Ölkə başçısı tədbirlərdə çıxışları zamanı kənd təsərrüfatına verdiyi qiymət bu sahədə çalışanları çox fərəhləndirir. Bu yaxınlarda Kənd Təsərrüfatı İşçiləri Günündə ölkə başçısının sərəncamı ilə bu il 33 nəfər təltif olunub ki, onlardan 2 nəfəri Dövlət qulluğunda fərq­lənməyə görə, 21 nəfər Tərəqqi medalı, 1 nəfər Əməkdar müəllim,  9 nəfər isə Əməkdar kənd təsərrüfatı işçisi adına layiq görülüb. Bu fəxri adlara görə, kənd təsərrüfatı işçiləri adından ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz yaddan çıxmırıq, insanlar bundan ruhlanır, bu stimullaşdırıcı bir tədbirdir. Hələ 1970-80-ci illərdə də ulu öndər Heydər Əliyev tərəfindən bu tədbirlər həyata keçirilirdi. Hətta o vaxt iki böyük bayram vardı ki, bunlardan biri kənd təsərrüfatı işçiləri günü, biryeyinti sənayesi günü idi. Çünki kənd təsərrüfatı yeyinti ilə bağlı olduğu üçün iki bayram keçirilirdi. Ona görə də həmin dövrdə bir çox adam yüksək fəxri adlara layiq görülürdü. O vaxt bir çox sosialist əməyi qəhrəmanları, şərəf nişanı ordeni alanlar vardı. Onlar gecə-gündüz işləyirdilər və insanlar arasında təbliğat geniş yayılırdı. Biz də çalışırıq ki, ulu öndərin yaratdığı həmin ənənəni indidavam etdirək. Çünki torpaqda çalışan insanlar xüsusilə diqqət tələb edirlər, zəhmət çəkən insanlara gərək daim diqqət, hökumətin qayğısı olsun. Bu gün subsidiyalar verilir, gübrənin 50 faizini dövlət tərəfindən ödənməsi kimi yardımları edilir və tövsiyə edirik ki, kənd təsərrüfatında çalışanlar da bundan nəticə çıxarsınlar.

- Ölkə başçısı bir sıra sahələrdə idxaldan ixraca keçmənin vacibliyini bildirib. Bu istiqamətdə hansı tədbirləri reallaşdırmaq mümkündür? 

- Taxılçılıq sahəsində böyük planlarımız var, gələcəkdə nəinki əkin sahəsinin, məhsuldarlığın artmasını intensiv yolla inkişaf etdirməliyik. Hektarın məhsuldarlığını 40 hektara qaldırsaq, ölkə başçısının dediyi kimi, Azərbaycan xarici idxaldan azad olacaq. Daxili istehsal hesabına öz tələbatımızı tam ödəyəcə­yik. O ki qaldı başqa sahələrdə, məsələn, şəkər çuğunduru, bostan bitkiləri ötən illərdə çox əkilmişdi, geniş satılmamışdı. Meyvə-tərəvəz, kartof, ərzaq bitkiləri və s. Azərbaycanın tələbatından 1,7-1,8 dəfə artıq istehsal olunur. Artıq istehsal olunan məhsulların ixrac potensialını mütləq artırmalıyıq. Azərbaycan keçmiş sovet dövründə böyük bir “yaşıl poliqonidi. Rusiya, Belarus, Ukraynanın ticarət təşkilatlarını faraş tərəvəzlə təmin edən bir ölkə idi. Biz ayrı-ayrı müddətlərdə, may ayından başlamış bu məhsulları ixrac edirdik. Həmin ənənənin bərpasını istərdik. İndi ixrac azdır, bunun səbəbi odur ki, ayrı-ayrı şəxslər, torpaq sahibləri bunu edə bilmirlər. Burada bir sıra, o cümlədən sərhəd keçid məntəqəsində maneələr var. Sənədlər tez bir şəkildə yoxlanmalıdır və müqaviləyə əsasən istənilən yerə getməlidir. Lakin bu, çox çətinliklə başa gəlir. Bizə bununla bağlı müraciətlər daxil olur. Biz çalışırıq ki, ayrı-ayrı şəxsi adamlar, özəl qurumlar dəmiryoluna yaxın yerlərdə tədarük satış bazaları yaratsınlar. Soyuducu vaqonlar vasitəsilə daşıma təşkil edilməlidir. Ümumiyyətlə, tədarük-satış bazalarında soyuducu anbarlar yaranmalıdır. Məhsul yığıldıqdan sonra vaqon gec gəldikdə xarab olmaması üçün soyuducu anabara qoyulmalıdır. Müəyyən müddətdən sonra yüklənib istənilən ünvana getməlidir. Adıçəkilən ölkələrdə keçirilən yarmarkalarda keyfiyyətinə görə bizim tərəvəzə üstünlük verirlir, çünki ekoloji baxımdan çox təmizdir. Çünki biz həddindən az pestisid, dərman preparatları, gübrədən istifadə edirik.

- Yerli istehsalı artırmaq istiqamətində hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?   

- O ki qaldı meyvə ağaclarına, üzüm bağları ilə bağlı bizdə üzümçülüklə bağlı dövlət proqramı var. Üzümçülüyü inkişaf etdirmək, bağlar salmaq lazımdır. Calaq emalatxanaları tikilməli, anaşlıq bağlar yaranmalıdır. Meyvəçilik inkişaf edir, artıq 125 min hektar meyvə bağları sahəsi yaranır. Biz istəyirik ki, keçmişdəki 10-8 metr olan meyvə bağlarından 4-5 metrə olan bağlara keçirik ki, məhsuldarlıq artıq olsun. O zaman xarici ölkələrin texnologiyasından istifadə olunur. Bizim həm elmi-tədqiqat institutları bu sahədə təcrübə aparır, həm də regional mərkəzlərimiz fəaliyyət göstərir. Əhaliyə də bunu tövsiyə edirik. Bizdə problem yalnız onun satışındadır. Nəinki digər bölgələrdə, hətta Bakıda tədarük satış bazaları yaransa, böyük şəhərlərimizi mərkəzləşmiş qaydada təmin edərik. Ayrı-ayrı küçə ticarətindən çıxmaq lazımdır. Bununla bağlı aidiyyatlı qurumların xüsusi qərarı olmalıdır, biz bu sahədə danışıqlar aparırıq ki, hökumət tədarük satış bazalarının yaradılmasına qərar verər və sonradan isə onlar özlərini dövriyə hesabına dolandıracaqlar. Hətta müəyyən müddətdən sonra dövlət büdcəsinə vəsait ödəyə bilərlər. Çünki onların gəliri artacaq. Bizim bu sahədə təcrübəmiz var, əvvəllər tətbiq olunub. Bu bir faktdır ki, Rusiyada, Belarusda meyvə-tərəvəz satışında azərbaycanlılar mühüm rol oynayır. Bu böyük sistemdirbu sistem qurulsa həm çoxsaylı yerləri açılar, xaricdə çalışan insanları bura cəlb edərik, həm də istehsalçıların marağı artar. İstehsalçı bu gün məhsulunu çıxara bilmir, məhsulun 40-45 faizi xarab olur. Amma istehsalçı onun məhsulunun alındığına əmin olduqda yerindəcə, onda onun marağı artacaq. Yeni bağlar salacağıq. Azərbaycan artıq bağçılıq diyarına çevriləcək. Hətta bizim aran-şoran torpaqlarımızda da bunu reallaşdırmaq mümkün olar. Belə ki, orada meyvə əkilsə, şoranlığın qarşısını alar. Bizim bəzi rayonlarda ənənəvi olaraq pambıq istehsal olunur, lakin çox aşağı qiymətə alındığı üçün onun marağı yoxdur. Dünya pambıqçılığında qiymət qalxsa da, bizdə istehsalçıdan 40 qəpiyə alınır. Türkiyədə pambıq bizdən iki dəfə baha qiymətə, həm dövlət, həm də ayrı-ayrı şirkətlər tərəfindən alınır. Hətta emal müəssisələri, toxuculuq fabrikləri aldığı qiymətdən başqa gələn gəlirin 26 faizini istehsalçıya qaytarırlar. Azərbaycanda da pambıqçılıq sahəsini qaldırmaq üçün yüngül sənayeni yaratmaq lazımdır. Toxuculuq fabrikləri açmaq lazımdır. Gərək istehsal olunan yerdə ilkin emalını təşkil edək. Əvvəllər bir sıra yerlərdə, Gəncə, Şirvan, Mingəçevir, Bakıda fabriklər olub. Bunları yenidən yaratmaq lazımdır. Niyə Türkiyədən baha qiymətə istehlak malları bura gəlsin? Özümüz bunu istehsal edək, istehsal olunursa, emalını da təşkil edək. Bizdə əvvəllər mövcud olan Yüngül Sənaye Nazirliyini bərpa etmək lazımdır ki, bunu nizamlasın, əhalinin tələbat mallarını ödəsinlər, həm də xaricə özümüz ixrac edək. Bizim xalqın bacarığı heç bir millətdə yoxdur. Sadəcə, bu sistemi qurmaq lazımdır, sərvətlərdən səmərəli istifadə etmək lazımdır. Paytaxtdan insanlar yerlərə getməlidir, yerlərdə ali məktəblər yaratmaq lazımdır. Yerlərdə emal sənayesi yaratsaq, infrastruktur qura bilsək, gözəl nəticələr əldə olunacaq. Həmçinin yerlərdə kurslar açmaq, peşə-texniki məktəbləri yaratmaq lazımdır və bu KTN-nn tabeliyində olmalıdır. Gərək orta təbəqəli kadr hazırlayaq, əsas aqrar sahəyə fikir verməliyik. Ölkədə quşçuluq inkişaf edir. Dəvəçi rayonunda yerləşən “Səba” quşçuluq müəssisəsi özünə yem bazası yaradır. Ayrı-ayrı broyler fabriklərinin sahibləri məhsuldarlığı artırsalar, biz gələcəkdə ölkə başçısının dediyi kimi özümüzü quş əti ilə tam təmin edə biləcəyik. Yem bazası yaratmaq üçün hər bir şirkət tədbirlər görməlidir. 

- Bəzən istehsalçılar gübrələrin keyfiyyəti ilə bağlı şikayətlənirlər. Gübrədən səmərəli istifadə ilə bağlı hansı tövsiyələr verərdiniz?   

- Gübrələrdən səmərəli istifadə etməliyik. Tövsiyəm odur ki, çox yerlərdə torpağa fosfor gübrəsi vermirlər. Bir çoxları bunun əhəmiyyətini bilmirlər. Biz tövsiyə etmişik ki, toxumçuluq təsərrüfatlarının hamısı dövlətin verdiyi subsidiyalar hesabına mütləq hektara 300-400 kq fosfor gübrəsi verməlidir. Çünki o torpaqda 6 il qalır və həm taxılın keyfiyyətini yaxşılaşdırır, həm də onu müxtəlif xarici mühit amillərindən qoruyur. Gövdənin, vegetativ orqanların möhkəmlənməsinə səbəb olur. Məsələn, külək əsməsi, yaxud yağış yağması nəticəsində bəzən taxıl yatır. Amma fosfor gübrəsi verdikdə taxılın yatmasının qarşısı alınır. KİV vasitəsilə də fermerlərin maariflənməsi önəmlidir və hətta biz broşüra buraxırıq, hansı bitkini necə becərmək, qayğı göstərməlidirlər ki, yaxşı məhsul alsın. Bizdə mineral gübrəyə tələbat 1 milyon ton olduğu halda yalnız 10 faizini istifadə edirik. Ekoloji təmiz məhsul haqqında qanun qəbul edilib bəzi adamlar elə bilir ki, gübrə verməklə məhsulun keyfiyyəti aşağı düşür, yaxud ekoloji cəhətdən pis olur. Bu belə deyil, gübrə normada, aqronomik qaydada verilərsə, bitkinin normal böyüməsi, inkişafı, eləcə keyfiyyətli məhsul verməsinə imkan yaranır. Məsələn, azot gübrəsi verməsən taxılda kleykovin arta bilməz. Ona görə bizim fermerlər başa düşməlidirlər ki, yemləmə, hətta şumla birlikdə, toxum səpilərkən 100 kq azot gübrəsi istifadə  edilməlidir. Emal müəssisələri tərəfindən çörək istehsal edərkən bəzən ovxalanıb tökülür ki, bu, onun tərkibində kleykovinin azlığı ilə bağlıdır. Kleykovin olduqda yapışqanlıq xüsusiyyəti artıq olur. Xaricdən gələn taxılların çoxunda bu olur. Çörək bişirən fabriklərin hər birinin öz laboratoriyası olmalıdır ki, bunu müəyyən etsin. Hətta yerdə istehsalçının özünün laboratoriyası olsa, bunu müəyyənləşdirə bilər. Gübrəni isə yalnız qeydiyyatdan keçən təşkilatlardan almalıdırlar. Aqrolozinqin yerdəki bazalarından alsın, bazardan almasınlar. 

 

 

Nigar Abdullayeva

Palitra.-2012.-27 noyabr.-S.7.