Moskvada M.F.Axundovun abidəsi açıldı

 

Moskvada dahi Azərbaycan yazıçısı, filosof  və humanisti Mirzə Fətəli Axundovun abidəsinin təntənəli açılış mərasimi keçirilib. Mərasim M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda baş tutub. Tədbirdə Azərbaycan və Rusiya mədəni elitasının nümayəndələri, bir sıra dövlətlərin Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusunun üzvləri, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və bir çox jurnalistlər iştirak ediblər. Qeyd edək ki, abidənin müəllifi gənc Azərbaycan heykəltəraşı, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu, Moskva Rəssamlar İttifaqının üzvü, məşhur heykəltəraş Aleksandr Rukavişnikovun şagirdi Zaur Rzayevdir. Abidənin açılış mərasimində çıxıç edən Zaur Rzayev bildirib ki, M.F.Axundovun abidəsi üzərində işləmək çətin və maraqlı olub, çünki o dahi şəxsiyyətdir. Gənc heykəltəraş tanınmış rəssam Vladimir Efimoviç Tsiqal və atası Fəxrəddin Razayevə öz təşəkkürünü bildirib: Atam mənə böyük mənəvi dəstək göstərirdi və mənimlə öz təcürbəsini bölüşürdü”.  Özünün salamlama nitqində Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, Rusiya və Azərbaycan xalqlarının mədəni həyatında bu cür əlamətdar hadisənin məhz onun səfir səlahiyyətlərini icra etdiyi vaxtda baş verməsindən böyük qürur hissi keçirir.  O, Heydər Əliyev Fonduna, eləcə də M.İ.Rudomino adına kitabxananın rəhbərliyinə abidənin layihəsinin reallaşdırılması və ucaldılması istiqamətindəki səylərinə görə öz minnətdarlığını bildirib. Abidənin açılış mərasimində rusiyalı şair Andrey Dementyev də çıxış edib. “Mirzə Fətəli Axundov təkcə dahi yazıçı deyil, həm də filosofdur. O bir çox dilləri bilirdi, bir çox rus ordenlərinə sahib idi və əsərləri rus dilinə tərcümə edərək Rusiya və Azərbaycanı birləşdirən körpü rolunda xidmət edib” - deyə o qeyd edib. Abidənin təntənəli açılışından sonra qonaqlar kitabxananın oval zalına daxil olublar. Oval zalda qonaqların iştirakı ilə M.F.Axundovunİnsan zəkası - ilahi ərməğan...” adlı iki dildə, rus və azərbaycan dillərində çap edilmiş kitabının təqdimat mərasimi keçirilib. Kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, kitabın tərtibçiləri - tarix elmləri doktoru, kitabxananın Şərq Mədəniyyətləri Mərkəzinin direktoru İlya Zaytsev və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Fərid Ələkbərli  təqdim ediblər. Mərasim Moskva Dövlət Linqvistika Universitetində fəaliyyət göstərən “Azərbaycan dili və mədəniyyəti mərkəzi”-nin (MDLU) tələbələri tərəfindən  M.F.Axundovun “Şərq poeması”ndan müxtəlif parçaların səsləndirməsi ilə davam edib.

 

 

Əlimərdan Sultanov

Moskva

Palitra.-2012.-27 noyabr.-S.8.