Milli Kitabxana milli mədəniyyət
xəzinəsidir
Layihə çərçivəsində
növbəti müsahibimiz M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət
işçisi, fəlsəfə doktoru Kərim Tahirovdur:
- Azərbaycanın
baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa
qitəsində, eləcə də bütün dünyada
şöhrət tapan ən böyük milli kitabxanalardan və
ən iri kitabsaxlayıcılardan biridir. Kitabxana 1922-ci ildə
yaradılıb, rəsmi açılışı isə
1923-cü ilin may ayının 23-də olub. Kitabxana
yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı
şöbəsinin və Bakı İctimai Cəmiyyətinin
kitabxanalarının fondlarından 5000 nüsxə kitab
verilib. 1923-cü ildən sürətlə
inkişaf etməyə başlayan kitabxana əsas diqqəti
fondun komplektləşdirilməsinə yönəldib. 1925-ci ildə öz fondunda 51 000, 1928-ci ildə isə
300 000 adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını
toplaya bilib. Təkcə 1928-ci ildə
xaricdən 50 adda dövri mətbuat alınıb.
Oxucuları 3183 nəfər olub ki, onlardan 2957-si kişi, 226-sı isə qadın olub. 13 nəfər işçi ilə fəaliyyətə
başlayan kitabxanada oxu zalı 1927-ci ildə
açılıb. Kitabxana Azərbaycan Elmlər
Akademiyasının binasında bir neçə otaqda yerləşirdi
ki, bu da onun iş fəaliyyətini genişləndirməyə
imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6
şöbədən: Şərq, Rus, Qərbi Avropa,
Xüsusi şöbə, Xidmət və Biblioqrafiya
bürosundan ibarət idi. 1939-cu ildə
kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə
Fətəli Axundovun adı verilib. İllər
keçdikcə kitabxananın fəaliyyət dairəsi
genişlənib, onlarca yeni şöbə yaranıb,
fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin
sayı yüzlərə çatıb. Kitabxana
memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən
əzəmətli binaya 1961-ci ildə köçüb.
Hazırda Milli Kitabxanada 27 şöbə fəaliyyət
göstərir. Kitabxana fondunda 4 milyon 539
min 598 nüsxə ədəbiyyat saxlanılır. Milli
Kitabxana artıq kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində
aparıcı müəssisə, ölkənin bütün
kitabxanaları üçün elmi-metodiki mərkəz,
oxuculara kompleks kitabxana - biblioqrafiya, informasiya xidməti
göstərmək, kitabxanalararası abonement, milli və
tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili
depozitar mərkəz funksiyalarını yerinə yetirir. Təsadüfi
deyil ki, ulu öndərimiz, elm və mədəniyyətə
yüksək qiymət verən Heydər Əliyev 4 dəfə
Milli Kitabxanaya gəlib və öz şəxsi
kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə
edib. 2005-ci ildə «Kitabxana işi haqqında» Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq
M.F.Axundov adına Azərbaycan Dövlət
Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin
15 aprel 2004-cü il tarixli qərarı ilə Milli Kitabxana
statusu verilib, bu da kitabxanamızın fəaliyyətinə
verilən ən yüksək qiymətdir.
- Bu gün kitabxana oxuculara hansı
yenilikləri təqdim edir?
- Milli
Kitabxana Azərbaycanda kitabxana işi sahəsində dövlət
siyasətini həyata keçirən, milli nəşrləri,
xarici ölkələrdə nəşr olunmuş Azərbaycan
haqqında və Azərbaycan müəlliflərinin əsərlərini,
dünya əhəmiyyətli nəşrləri, o cümlədən
xarici dillərdə qiymətli və digər məlumat
daşıyıcılarını toplayıb mühafizə
edən milli mədəniyyət xəzinəsidir. «Kitabxana işi haqqında» və «Nəşriyyat
işi haqqında» Azərbaycan Respublikasının
qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində
dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr
alır və onların əsasında milli mətbuatın
arxiv fondunu yaradır. Bunun nəticəsi
olaraq 2010-cu ildə kitabxanaya 22 767 nüsxə ədəbiyyat
daxil olub. Milli Kitabxanamızın bir
çox şöbələrinin fəaliyyətində son illər
xeyli irəliləyişlər və yeniliklər baş verib.
Nəşriyyatlardan və poliqrafiya müəssisələrindən
alınan məcburi nüsxələr əsasında Milli
Kitabxananın Çap məhsullarının qeydiyyatı və
Milli biblioqrafiya şöbəsi (Kitab Palatası) 15 illik fasilədən
sonra «Birillik Azərbaycan kitabiyyatı»nın
çapını bərpa edərək respublikamızda dərc
olunmuş kitabları əhatə edən 4
buraxılış çap edilib. İxtisaslaşdırılmış
Xarici ədəbiyyat şöbəsi beynəlxalq kitab
mübadiləsini bərpa edərək dünyanın 60-a
yaxın kitabxanası ilə əlaqə yarada bilib. Kitabxananın metodik fəaliyyətində də
xeyli işlər görülüb. Son ildə 60-70-ci illərdə
çap olunan, kitabxanalar tərəfindən böyük rəğbətlə
qarşılanan «Əlamətdar və tarixi günlər təqvimi»nin nəşri bərpa olunub və bu metodik və
biblioqrafik materialların 2005-2011-ci illər toplusu çap
edilib. Artıq kitabxananın Kitabxana siyasəti
və metodik rəhbərlik şöbəsi kitabxanalara virtual
rejimdə metodik köməklik göstərməyə
başlayıb. Bu iş forması nəticəsində
Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər,
tövsiyələr kitabxananın saytında yerləşdirilir
və nəticədə bütün nəşrlər
çap olunmamışdan və yerlərə göndərilməmişdən
kitabxanaçıların ixtiyarına verilir. “Heydər
Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində
kitabxanaların vəzifələri”, “Mərkəzləşdirilmiş
Kitabxana Sistemləri haqqında Əsasnamə”, “Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin nümunəvi strukturu və
ştatları haqqında təlimat”, “Beynəlxalq terrorizm və
onun Azərbaycana mənfi təsiri”, “Boyalarda yaşayan
ömür”, “Ekologiya və kitabxanalargn qarşısında
duran vəzifələr “Tarixin daş yaddaşı” və s.
nəşrlər bu silsilədəndir. Bu
gün elə bir sahə tapılmaz ki, orada kompyuterlərdən,
digər informasiya texnologiyalarından istifadə olunmasın.
M.F.Axundov adına Milli Kitabxanada isə bu,
1999-cu ildən başlanıb və 2000-ci ildə kitabxanada
İnternet zalı istifadəyə verilib. 2001-ci
ildə işə kitabxanada Tədris Mərkəzi
yaradılıb. Milli Kitabxana VTLS VİRTUA
proqramında MARC 21 formatı ilə işləyir.
VİRTUA proqramı
kitabxanalar, arxivlər, muzeylər və korporasiyalar
üçün materialların rəqəmli formaya
çevrilməsini ən yüksək və peşəkar səviyyədə
təmin edir. VİRTUA proqramı muzey kolleksiyalarının analizindən
tutmuş məlumat bazalarının yaradılması və
interfeysin dizaynına qədər informasiyaların rəqəmli
formaya çevrilməsində və əks olunmasında ən
yeni texnologiyalardan istifadə edir.Azərbaycan Milli
Kitabxanası VTLS proqramının bütün
modullarını alıb. Administrator
yarımsisteminin köməkliyi ilə mütəxəssislərimiz
avtomatlaşdırılmış idarəetmə sisteminin yeni
və son versiyasının quraşdırma işlərini
başa çatdırıblar. Bu gün Milli Kitabxana
VİRTUA proqramının 9 moduldan ibarət tam komplektinə
malikdir və hazırda kitab fondunun komplektləşdirilməsi,
kitabların işlənməsi və sistemləşdirilməsi,
diyarşünaslıq və milli biblioqrafiyaların tərtibi,
kataloq kartoçkalarının çapı, dövri mətbuatın
analitik bazasının yaradılması, qramplastinkaların və
səs yazılarının elektron bazasının
yaradılması işləri
avtomatlaşdırılmış formatda həyata
keçirilir.2006-cı ildə informasiya-kommunikasiya
texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar
olaraq Milli Kitabxanada Kitabxana işinin
avtomatlaşdırılması və informasiya
texnologiyaları, Elektron informasiya xidməti, Elektron
resurslarının yaradılması, Kitabxana İşçilərinin
Təlim və Tədris Mərkəzi kimi şöbələr
açılıb.
- Kitabxananın beynəlxalq əlaqələri
necə qurulub?
- 2005-ci
ildə Milli Kitabxanamız Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq
Təşkilatına üzvlüyə qəbul edildi. Keçmiş SSRİ ölkələri arasında
Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan
oldu. Bu da kitabxanamızın beynəlxalq əməkdaşlıq
üfüqlərinin genişlənməsinə, ümumavropa
və ümumdünya layihələrində iştirakına
real imkanlar yaradır. Bu təşkilat
özündə 54 Avropa ölkəsinin kitabxanalarını
birləşdirir. Avropa
kitabxanlarının vahid bir sistemdə birləşdirilməsi
ümumavropa elektron kitabxanasının yaranmasına imkan
yaradır. Xarici ədəbiyyat və beynəlxalq
kitab mübadiləsi şöbəsinə beynəlxalq kitab
mübadiləsi yolu ilə 566 nüsxə ədəbiyyat
daxil olub. Eyni zamanda beynəlxalq kitab mübadiləsi xətti
ilə xarici ölkələrin milli kitabxanalarına
onların sorğuları əsasında 736 nüsxə,
ölkədaxili kitab mübadiləsinin xətti ilə isə
2851 nüsxə kitab göndərilib. Beləliklə, beynəlxalq
kitab mübadiləsi yolu ilə 566
nüsxə kitab alınıb, 3587 nüsxə kitab isə
xarici kitabxanalara və təşkilatlara göndərilib.Milli
Kitabxananın fondunda 4 539 598 nüsxə ədəbiyyat
saxlanılır. 2010-cu ildə kitabxanaya 22 767
nüsxə yeni ədəbiyyat daxil olub. Ötən il ərzində kitabxananın daimi oxucularının
sayı 37 686 nəfər olub. Virtual oxucuların (saytdan istifadə
edənlər) sayı 281 064 nəfər, virtual sifarişin
xidmətlərindən istifadə edənlər 696 nəfər
olub. Hazırda kitabxanada dövri mətbuat zalı, tələbə
gənclərə xidmət zalı, köməkçi fond,
elmi zallar var. Kitabxananın saytında məsafədən
sifariş - virtual xidmət təklif olunur ki, kitabxanaya üzv
olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən
internet vasitəsilə kitab, jurnal və qəzet sifatiş verə
bilər.
- Milli Kitabxana tərəfindən
davamlı olaraq müxtəli tədbirlər
reallaşdırılır. Qarşıda
hansı planlarınız var?
- Hər il olduğu kimi, bu il də tədbirlərimiz zəngin olub. Son tədbirlərimizdən biri kimi 29 sentyabr 2011-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası tədbirləri çərçivəsində “Azərbaycan Respublikasının müstəqilliyi və kitab nəşrinin perspektivləri” adlı elmi-təcrübi konfrans keçirilib. 4 oktyabr tarixində Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə İran İslam Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Nizami hikməti, Şəhriyar sözü” adlı dəyirmi masa keçirdi. 7 oktyabrda Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş kitab sərgisi və “Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyi” adlı elektron biblioqrafik göstəricinin təqdimat mərasimini keçirdi. Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində 10 oktyabr 2011-ci il tarixində Milli Kitabxanada “XXI əsrin humanitar çağırışları” adlı kitabın təqdimat mərasimi keçirildi. Mərasimində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin iştirak etdi. Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açdıqdan sonra akademik Ramiz Mehdiyev və Sergey Narışkin çıxış edərək Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabın əhəmiyyəti, eləcə də ölkələrimiz arasındakı dostluq münasibətləri haqqında məlumat verdilər. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin humanitar məsələlərlə bağlı nitqləri, çıxışları, məqalələri, müsahibələri öz əksini tapıb. Gələcək tədbirlərimizə gəldikdə isə 31 oktyabrda Milli Kitabxanada OCLC (Onlayn Kompyuter Kitabxana Mərkəzi) təşkilatının MDB ölkələri üzrə koordinatoru Reyn van Haldropin iştirakı ilə “OCLC: üzvlük və servislər yeni erada” adlı beynəlxalq seminar keçiriləcək. Üç nəfər beynəlxalq ekspert tərəfindən informasiya və avtomatlaşdırmaya dair keçiriləcək seminar milli, kütləvi, akademiya kitabxanalarının direktorları, şöbə müdirləri, informasiya mütəxəssisləri üçün nəzərdə tutulub. Seminarın məqsədi yerli mühitlə tanış olaraq kitabxanaların dünya informasiya məkanına inteqrasiyası və onun həlli yollarını müzakirə etməkdən ibarətdir.
Nigar
Palitra.-2011.-28 oktyabr.-S.7.