Fonoqramla tamaşaçını aldatmaq olmaz, ən azı bizim səhnədə”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayevdir:

- 40 illik fəaliyyəti olan Heydər Əliyev Sarayının tarixi yaddaşına nəzər yetirsək, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı, maarifləndirici, təbliğati və eyni zamanda insanların əyləncəsini təmin edəcək tədbir və konsertlərə ev sahibliyi etdiyini görərik. Məlumdur ki, ulu öndərin adını daşıyan bu sarayda o, xalqı qarşısında and içərək Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı cənab İlham Əliyev də ölkə başçısı seçilərkən xalqına məhz bu saraydan səslənib. Azərbaycan Respublikasının bir çox dövlət əhəmiyyətli qərarlarının açıqlandığı tədbirlərin bir qismi də məhz Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb.  Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər, mədəniyyət günləri, yubiley gecələri, festivallar, forumlar, qurultaylar, sərgilər və müxtəlif konsert proqramları Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı müxtəlif mədəniyyət və sivilizasiyalar arasında unikal coğrafi mövqeyi olan, etnik və mədəni rəngarənglik şəraitində yaşayan Azərbaycanımızın bu sivilizasiyalar arasında körpü rolunu oynadığını bir daha təsdiq edir. Bu isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Azərbaycana və onun milli-mənəvi dəyərlərinə olan sevgisinin əvəzolunmaz nümunəsidir.

- Son vaxtlar sarayda hansı yeniliklər edilib? 

- Tamaşaçıların rahatlığını təmin etmək üçün Heydər Əliyev Sarayının daxilində bir çox dəyişikliklər edilib. Bu il ölkəmizdə keçirilən möhtəşəm “Eurovision” mahnı müsabiqəsi ərəfəsində ən müasir texniki avadanlıqlarla təchiz edilmiş Heydər Əliyev Sarayı daha bir yeniliyə imza atdı. Saray ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradılaraq tamaşaçı foyesi (3000 kv.m) Wİ-Fİ zona ilə əhatə edildi. Artıq sarayda keçiriləcək tədbir konsertlər zamanı istənilən şəxs burada pulsuz (free) internetdən istifadə edə biləcək. Bu addımı atmaqda məqsəd yerli əcnəbi tamaşaçılarımıza ən yüksək səviyyəli xidmət göstərməkdir. Bundan başqa Heydər Əliyev Sarayında Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə alınan yeni LED ekran da var. LED ekranın ölçüsü 50 kvadratmetrdir keyfiyyətinə görə çox üstündür. Avropadan xüsusi sifarişlə gətirilən ekran tamaşaçıların rahatlığı üçün alınıb. Əsas missiya hər bir kəsin marağını nəzərə almaq şərtilə milli-mənəvi dəyərlərimizi əks etdirərək fəaliyyət göstərməkdir. Biz çalışırıq ki, ölkənin mərkəzi konsert salonu olaraq ölkə əhəmiyyətli eyni zamanda vətəndaşlarının istəklərinə uyğun tədbirlərə ev sahibliyi edək. Azərbaycanın dünya arenasında tanınması üçün atılan addımların davamı olaraq biz Heydər Əliyev Sarayının 40-cı konsert mövsümündə dünya ulduzlarını yüksək səviyyədə qonaq etməklə, onların Azərbaycan onun mədəniyyəti ilə bağlı fikirlərinin formalaşmasında yaxından iştirak etməyə çalışacağıq. Saray səhnəsində çıxış etmiş əcnəbi ifaçıların Azərbaycandan xoş təəssüratlarla ayrılması bizim üçün vacib şərtlərdən biridir. Qonaqpərvər xalqımızın sənətçilərə bəslədiyi isti münasibət diqqət isə bu işdə bizə yardımçı olur. Tamaşaçılarımız hər zaman böyük istəklə konsertlərimizdə iştirak edirlər.

- Sarayın səhnəsində çıxış etmək üçün canlı ifadan başqa hansı kriteriyalar tələb olunur?

- Bir məqamı deyim ki, istər özümüzün, istərsə təşkil olunan konsertlər olsun, hər ikisində yenə məsuliyyət bizimdir. Onun yüksək səviyyədə keçirilməsindən tamaşaçıların yola salınmasınadək ən incə məqamları da daim diqqətdə saxlayırıq. Çünki bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.  Baxmayaraq ki, biz təsərrüfat hesablı müəssisəyik təbii ki, sifariş əsasında işləyirik. Amma bununla yanaşı hər icarə haqqını ödəyən, bizim maddi şərtlərimizə cavab verən müğənni bu səhnədə çıxış edə bilməz. Yəni biz bu səhnəni etibar etdiyimiz müğənnilər arasında daim müəyyən seçim edirik. Onun səhnə mədəniyyətinə, ifasına, cəmiyyətdəki yerinə əksəriyyətin münasibətinə müvafiq qərar veririk. Tələblərə gəlincə, hər müğənni bu sarayda oxumağı bacarmaz. Baxın, indi hamı özünə korifey sənətkar, ulduz, məşhur ifaçı deyir. Bizə görə bu, heç belə deyil. Amma bu o demək deyil ki, biz hər sarayda konsert istəyi olan müğənnini geri çeviririk. Yox, müraciətə baxırıq, heç kimin xətrinə dəymədən oxumasını, nisbətən kiçik zallarda konsert verməsini məsləhət görürük. Ona əgər tamaşaçısı, sənət imkanları, səhnə mədəniyyəti ifa peşəkarlığı varsa, bu səhnədə çıxış edə biləcəyini bildiririk. Özü bunu söz xatirinə demirik. Həmin müğənnilərin fəaliyyətini, repertuarını tamaşaçı auditoriyasını mütləq nəzərdən keçiririk. Bizdə istənilən səs texniki avadanlıq var. Yəni kimsə bu barədə tərəddüd yaşaya bilməz. Qaldı ki, səsə, o, ya insanda olur, ya da olmur. Fonoqramla tamaşaçını aldatmaq olmaz, ən azı bizim səhnədə. Çünki bura professional səhnədir, buraya çıxan mütləq canlı ifa səhnə peşəkarlığına malik olmalıdır. Ad çəkməyəcəyəm, elə səslər, ifaçılar var ki, onları izləmək sadəcə insanı dincəldir. Təbii ki, o zaman mənim ruhum təzələnir.Mən bütün konsertləri izləyirəm. Çünki bu mənim işimdir. Mən həm tamaşaçını, həm tədbiri izləyirəm. Afişalara baxmadan da hansı tarixlərdə hansı tədbirin olduğunu sizə deyə bilərəm. Mən hər zaman işimin başındayam. Səhərdən ta tədbirin sonunadək. Hamıdan əvvəl gəlib, hamıdan sonra gedirəm. Çünki ola biləcək hər hansı məsələnin həlli üçün hər şeyin yüksək səviyyədə olmasından ötrü ilk olaraq mən cavabdehəm.

- Bugünkü tamaşaçı zövqü ilə bağlı deyə bilərsiniz?

- Son vaxtlar muğama, milli musiqimizə maraq daha çox artıb bu bizi çox sevindirir. Muğamın ifaçılar nəsli ilə yanaşı dinləyici-tamaşaçı nəsli dəyişib, gəncləşib. Hər konsertin öz tamaşaçısı var o, qiymətindən asılı olmayaraq baxmaq istədiyi konsertə bilet alıb gəlir. Ona zorla bilet satmaq ya istəmədiyi halda pulsuz da olsa konsertə çağırmaq mümkünsüzdür. Onu da deyim ki, bu musiqi çoxluğunda yumora maraq daha çoxdur. İnsanlar gülmək, əylənmək istəyirlər. Ona görə 8 gün «Bu şəhərdə»nin konsertinə gəlirlər, gülürlər, əylənirlər. Amma elə müğənni var ki, bir gün belə bu zalı doldura bilmir. Yəni insanlar görmək istədiklərini, mənəvi ehtiyaclarını ödəməyə çalışırlar. Buna görə onlarıq qınamaq bir az mənasızdır.

- Gələcəkdə hansı tədbirlərin təşkili nəzərdə tutulur?

- Biz hər il hər mövsümə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşırıq. Bu mövsümdə insanlar saray səhnəsindən maraqlı, rəngarəng tədbirlərə tamaşa edəcəklər. Zəngin proqramımız var. Mən sadəcə bir neçə tədbiri sadalamaq istərdim. Rusiyanın görkəmli sənətkarı İosif Kabzon şəhərimizin qonağı oldu. Bariton səsi ilə geniş tamaşaçı kütləsi toplayan, Azərbaycanda sevilən müğənni Heydər Əliyev Sarayında çıxış etdi. Oktyabrın 7-də isə görkəmli sənətkar Müslüm Maqomayevin 70 illik yubileyi keçiriləcək. Hər kəsin sevərək dinlədiyi mərhum musiqiçini xatırlamaq üçün Rusiyanın bir çox məşhur müğənniləri bu mərasimdə iştirak edəcək. Bundan başqa dahi Nizami Gəncəvinin 870 illiyi ilə bağlı böyük tədbir keçiriləcək. Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan ənənəvi Bakı Caz Festivalı da bu sarayda keçiriləcək. Azərbaycan musiqisinə vurğun olan rus sənətçi Filipp Kirkorovun da Heydər Əliyev Sarayında solo konsert verməsi planlaşdırılır. Sözsüz ki, bu il qardaş ölkə Türkiyədən qonaq sənətçilərimiz olacaq. Saray səhnəsindəki möhtəşəm performansı ilə hər zaman yaddaşlarda qalan meqastar Tarkan bu il coşğu dolu anlar yaşadacaq. Bunlarla yanaşı ənənəvi olaraq «Bu şəhərdə» «Bakılı oğlanlar» komandalarının da konsertləri təşkil olunacaq. Xalq artisti Nisə Qasımovanın səhnə fəaliyyətinin 40 illiyi ilə bağlı tədbir, gözəl muğam ifaçısı Mələkxanım Əyyubovanın konserti bu sarayda reallaşacaq.

 

 

Nigar Abdullayeva         

 

Palitra.- 2012.- 2 oktyabr.- S.11.