Quba bu il üçün "Azərbaycanın sənətkarlıq paytaxtı"dır

 

Layihə çərçivəsində müsahibimiz Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmovdur:

 

- Quba bu il üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Bu istiqamətdə hansı tədbirlər həyata keçirilib?

- Xalqımızın qədim və rəngarəng qeyri-maddi mədəni irsi əsrlərin sınağından keçərək bu gün də yaşayır. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib. Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı təsdiq olunub. Proqramla əlaqədar olaraq 2012-ci il üçün Quba şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Bu il ərzində Qubada nominasiyalara uyğun surətdə təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdu və bu işlərin bir çoxu artıq həyata keçirilib. 2012-ci il üçün Quba şəhərinin "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunub və "Sənətkarlıq şəhəri"nin rəsmi loqosu hazırlanıb. Bu istiqamətdə rayonda maarifləndirmə işləri aparılıb və sənətkarların siyahısı tərtib edilib.

 "Quba -Azərbaycanın Sənətkarlıq Paytaxtı-2012" elan edilməsi ilə əlaqədar rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına əsasən, B.Səfəroğlu adına Mədəniyyət Evinin akt zalında təqdimat mərasimi keçirilib. Burada el sənətkarlarının əl işlərindən, suvenirlərdən ibarət müxtəlif sərgilər, Quba xalçaları, qədim musiqi alətləri və s. nümayiş etdirilib. Tədbirdə həmçinin tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təşkil olunub, el sənətkarlarının əl işləri - dulusçuluq nümunələri sərgilənib. Təqdimat mərasimində rəsmi şəxslər, mədəniyyət işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar və başqaları iştirak ediblər. İlk öncə iştirakçılar tədbirdə nümayiş etdirilən sərgilərlə tanış olublar. Daha sonra çıxış edənlər son illər ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində görülmüş işlərdən danışıblar. Natiqlər bildiriblər ki, il çərçivəsində rayonda bu sərgidə bir-birindən maraqlı, rəngarəng tədbirlər bir-birini əvəz edəcək. Tədbirdə B.Səfəroğlu adına Mədəniyyət Evinin «Atəşgah» zurnaçılar ansamblının və eləcə də musiqi kollektivinin ifasında səsləndirilmiş musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

- Dahi Nizami Gəncəvinin yubileyi ilə bağlı rayonda hansı tədbirlər keçirilib?

- Bildiyiniz kimi, respublikamızda dahi Nizaminin yubileyi geniş şəkildə qeyd edilir. Bizim rayonda da Nizaminin yubileyi ilə əlaqədar bir sıra mədəni-kütləvi tədbirlər təşkil edilib. Dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 870 illiyi ilə əlaqədar «Nizami və dünya ədəbiyyatı» mövzusunda oxucu konfransı keçirmişik. Tədbirdə respublikamızda görkəmli şairin yubileyinin geniş şəkildə qeyd olunması, Nizami Gəncəvinin dünya kitabxanalarında tarılan əlyazmaları və şairin irsinin hər zaman aktual olması haqqında geniş müzakirələr aparılıb. Şairin həyat və yaradıcılığı haqqında geniş məlumatın verildiyi tədbirdə vurğulanıb ki, dünya poeziyasının ədəbiyyat günəşi olan Nizami Gəncəvi yaradıcılığı epik və romantik poeziyanın Eyfel qülləsidir. Tədbirin sonunda “Nizami Gəncəvi – 870” adlı sərgiyə baxış da keçirilib. Eyni zamanda Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar “Şeirmizin incisi - Mirvarisi” adlı ədəbi-bədii gecə də keçirmişik. Tədbirdə qeyd edilib ki, Mirvarid Dilbazi poeziyası bahar çiçəkləri kimi ətirli və təravətlidir. Bu çiçəklər ilin bütün fəsillərində öz gözəlliyini, ətrini və təravətini itirmir. Mirvarid Dilbazi təkcə yazıçı kimi yox, ana kimi, müəllimə kimi də uşaqların və yeniyetmələrin tərbiyə və tədrisinə həmişə özünü cavabdeh bilib, yaradıcılığının böyük bir qismini onlara həsr edib. Tədbirdə şairənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Quba Müəllimlər İnstitutunun müəllimi, kitabxananın fəal oxucusu Ş.Baxışov Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərdən, şairənin yaradıcılığında vətən, ana məhəbbəti, uşaq dünyası ilə bağlı hər yerdə gözəllik axtaran poeziyasından danışıb. Kitabxananın fəal oxucuları şairənin ədəbiyyatımıza bəxş etdiyi maraqlı şeir nümunələrindən parçalar söyləyiblər. Tədbirin sonunda “Mirvarid Dilbazi – 100” adlı sərgi nümayiş etdirilib.

- Hansı problemləriniz var?

- Öncə vurğulayım ki, rayon Mədəniyyət və Turizm Şöbəsi mədəniyyət müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsinə diqqət yetirir, işçilərin respublika mədəniyyət müəssisələri işçilərinin hazırlıq və ixtisasartırma mərkəzinə göndərilməsini təmin edir. Mədəniyyət müəssisələrinin təmiri, yenidən qurulması, tikilməsinə rayon Mədəniyyət və Turizm Şöbəsi olaraq xüsusi diqqət yetiririk. Rayonun Afurca, Kürçal, Püstəqasım, Qırız-Dəhnə, Üçgün, Küsnətqazma, Qorxmazoba, Qalaxudat kəndlərində klub, Küsnətqazma kəndində yeni kitabxana binası tikilib. B.Səfəroğlu adına Mədəniyyət Evinin iş otaqları, dəhlizlər cari təmir edilib, dam örtüyü dəyişdirilib. Mərkəzləşdirilmiş Kitabxana Sistemində 4 iş otağı cari təmir edilib, elektrik xətləri qismən dəyişdirilib. A.A.Bakıxanov adına Tarix-Diyarşunaslıq Muzeyinin yeni binasının tikintisinə başlanılıb. Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə yerli əhalinin dəstəyilə tarixi abidə kimi Quba şəhər qəbirstanlığında yerləşən bir neçə türbənin, şəhərdə yerləşən Hacı Cəfər, Ərdəbil, Səkinəxanım, Cümə məscidlərinin, Digah, Əlibəyqışlaq, Aparan, Cimi, Zizik kənd məscidlərinin təmirini həyata keçirib. Uşaq İncəsənət Məktəbinin dam örtüyü əsaslı təmir edilib, pəncərələr yeniləri ilə əvəz edilib, binanın fasad hissəsi yenidən bərpa edilib. «Quba Meydanı» parkı yenidən qurulub, burada uşaqlar üçün əyləncə mərkəzi, musiqili fəvvarə quraşdırılıb. Nizami adına parkda da tikinti, abadlıq işləri aparılıb, Heydər Əliyev Parkında Heydər Əliyev Mərkəzi tikilərək istifadəyə verilib. B.Səfəroğlu adına Mədəniyyət Evinin qarşısında yaşıllıq zolağı salınıb, fəvvarə quraşdırılıb, istirahət etmək məqsədilə oturacaqlar qoyulub. Cari ilin müvafiq dövründə görülmüş işlərlə yanaşı Quba Rayon Mədəniyyət və Turizm Şöbəsində müəyyən çatışmazlıqlar da mövcuddur. Belə ki, mədəniyyət müəssisələrinin inventar, avadanlıqlara, musiqi alətlərinə, dövrü mətbuata, binaların, tarixi abidələrin əsaslı təmirinə, Uşaq Musiqi Məktəbinin yeni binaya ehtiyacı var. 

 

 

Anar Miriyev

 

Palitra.- 2012.- 5 oktyabr.- S.11.