Masallı qədim zəngin bir məkandır

 

Azərbaycan mədəniyyətinin müxtəlif qədim, orijinal və tarixi növləri dünyanın qeyri-maddi irs siyahısında əsas yerlərdə dayanır. Xalq sənətlərimiz möhkəm folklor təməli üzərində formalaşmaqla orijinal və göz oxşayan cizgilərə malikdir. El yaradıcılığından qidalanan sənət incilərimiz bu baxımdan dünya mədəni irs siyahısında çox yüksək qiymətləndirilir. Eyni zamanda mədəniyyətə yüksək dövlət qayğısı da sənət və folklor sahəsinin müasir dünya tələblərinə uyğun inkişafına, bu sahənin dünyaya təqdim edilməsinə, yeni nailiyyətlərə imza atılmasına ciddi stimul verir. Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına uyğun olaraq bu il Masallı "Azərbaycanın folklor paytaxtı" elan edilib. Rayonda ardıcıl olaraq sərgilər, elmi konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr və s. tədbirlər reallaşdırılır.

Masallı Rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumata görə,  bununla bağlı olaraq rayonda  silsilə tədbirlər həyata keçirilməkdədir: “Ötən ay Masallı Beynəlxalq Folklor Festivalına sahiblik etdi. Bir sıra ölkələrin folklor qrupları burada bir araya gələrək öz xalqlarına məxsus yaradıcılıq nümunələrini təqdim etdilər, Azərbaycana xas zəngin folklor xəzinəsi ilə tanış oldular. Artıq xeyli vaxtdır ki, rayon festival ovqatı ilə nəfəs alır”.Masallının ərazisi başdan-başa folklor qaynağıdır. Burada "Dəştvənd", "Gülüstan", "Cənnət bağı", "Nağıl dünyası" kimi adları daşıyan tarixi yerlər, turizm məkanları var. Uluların yaddaşında günümüzə qədər gəlib çatan ağız ədəbiyyatı nümunələri - nağıl, dastan, bayatı, nəğmə, tapmaca, yanıltmac, atalar sözü və zərb-məsəllər tükənməz folklor inciləri sayılır. Bu nümunələr yerli camaat üçün Viləş çayı, Ərkivan bulaqları, İstisu irmaqları qədər əziz və dəyərlidir. Masallının “folklor paytaxtı”  seçilməsinin kifayət qədər əsasları var. Məsələn, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun mətbuata bildirdiyinə görə, Masallının “folklor paytaxtı” seçilməsi heç də təsadüfi olmayan mühüm ictimai hadisədir. Əvvəla, Masallıda Azərbaycan xalq yaradıcılığının bütün növləri və onların özəl variantları mövcuddur. İkincisi, folklor örnəklərindən lazımi qaydada faydalanmaqla yetişən nəslin hərtərəfli inkişafını təmin etmək olar ki, bu baxımdan da Masallı ən layiqli istinadgahlardandır. Masallıda elə atalar sözləri var ki, digər bölgələrdə rast gəlinmir. Məsələn, "Çox çalışan qazanacaq, alması da qızaracaq". Masallı bayatıları vaxtilə yerli xanəndələrin, müğənnilərin, aşıqların dilinin əzbəri olub. Səmidxanlı Əzizullanın, seybətinli Mirislamın, qızılağaclı Bağı Ələkbərovun ifa etdikləri bayatılar el-el yayılıb. F.Sadıqovun fikrincə, İmadəddin Nəsiminin Azərbaycanı tərk edəndən sonra yaşadığı və edam olunduğu indiki Suriyanın Hələb şəhəri Dəştvənd tacirlərinin gedib-gəldikləri şəhərlərdən olub. Bu ticarət əlaqəsini sübut edən bir fakt da maraqlıdır: tacirlərin Hələbdən gətirdikləri bəzəkli kuzələrə, su qablarına "hələbi" deyərdilər. "Hələbi" sözü bir ifadə olaraq bu gün də Masallıda işlənməkdədir.Bir neçə ay öncə Masallıda keçirilmiş "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda elmi-praktik konfransda icra başçısının müavini - şöbə müdiri Nəsir Muxtarlı bildirmişdi ki, yazda rayonda ümumrespublika muğam festivalı təşkil olunub, "Halay" folklor ansamblına həsr olunmuş film çəkilib, Masallı folkloru barədə kitab nəşri sifariş edilib. Bundan başqa, "Onlar Masallıdandır" adlı saytın yaradılması üzərində iş gedir. Folklor ili çərçivəsində nəzərdə tutulan tədbirlərin ən genişi isə Beynəlxalq Folklor Festivalıdır.

Tədbirdə "Masallı folklorunun pedaqoji əsaslarına dair", "Regional folklor kontekstində Masallı", "İstiqlal fədaisi Ələsgər Ələkbərovun tədqiqatlarında cənub folkloru", "Masallı folklorunda fərdilik" adlı məruzələr dinlənilib. Masallı ən qədim yaşayış məskənlərindən biri kimi səciyyələndirilib, milli-mənəvi dəyərlərimizin burada daha yaxşı qorunduğu vurğulanıb: “Tədbir çərçivəsində çıxış edənlər bildiriblər ki, Masallı qədim və zəngin bir məkandır. Burada xalqımızın milli adət-ənənələrinin qorunub saxlanmasına böyük diqqət var. Mədəniyyətimizin dünyada tanınmasında ilk mərhələ olaraq YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi qlobal layihələrin misilsiz rolu var. Bu tanınmanın ikinci mərhələsini region folkloru, ayrı-ayrı ansambl və kollektivlərin dünya miqyasında uğurları təşkil edir. Bu inkişaf dövlətimizin mədəniyyət siyasətinin tərkib hissəsidir”. Qeyd edək ki, "Halay" Azərbaycanı dünyada tanıdan kollektivlərdəndir: “Yarım əsr öncə mahmudavarlı Ümbülbanu Cəbiyeva onun ilk fidanı və yaradıcısı olub. İlbəil ansambl böyüyüb, məşhurlaşıb. "Qızıl buta", "Qızıl balta" beynəlxalq mükafatlarını alıb. "Halay"ın populyar "Masallı toyu" kompozisiyası hər zaman sevinclə izlənilib”.Bildirilir ki, rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovanın "Halay"ın üstündə danılmaz zəhməti var. Ən çətin anlarda o, "Halay"ı yaşatmaq üçün əlindən gələni edib, qızları dünyanın bir çox ölkələrinə festivallara aparıb: “Təkcə Türkiyənin 15 şəhərində çıxışları olub. Moskva televiziyası bir vaxt bu kollektiv haqqında "Buta" adlı film çəkib və dünyaya yayımlayıb.Ötən ilin avqustunda "Halay" Macarıstanda təşkil olunmuş beynəlxalq festivalda uğurla çıxış edərək mədəniyyətimizi, milli adət və ənənələrimizi nümayiş etdirib. Kollektivin "Yallı"sı, "Sarı gəlin"i, "Naz eləmə"si, "Bakı"sı macar sənətsevərlərini heyran qoyub. Xarici folklor qrupları bizim milli rəqsləri həvəslə öyrəniblər. Masallı haqqında hazırlanan sənədli film nümayiş etdirilib”.Lətifə Mövsümova bu barədə bildirib: “İndiyədək dünyanın 28 ölkəsində uğurla çıxış etmişik. Bu il isə özümüz festivala ev sahibliyi etdik. Bu fəxri adın loqosunun təqdimatı da yaddaqalan olub. Sonra ölkəmizin bütün rayonlarını əhatə edən ümumrespublika festivalı keçirilib. Folklorşünas alimlər Masallıda zəngin mənəvi dəyərlərimizi araşdırmaq məqsədilə ekspedisiyalar təşkil ediblər. Bir daha bilmişik ki, əmək, yaşam, gündəlik həyat tərzi, ovqat nəğmələrimiz necə də saysız-hesabsız imiş. Rayonumuzda bütün bunları ipə-sapa düzüb yaymaq üçün 118 bədii kollektivimiz çalışır. Onların üç minədək üzvü var. Kollektivlərimiz beynəlxalq festivala qədər İstisu, Sərçuvar, Xıl, Qodman, Şərəfə, Xırmandalıda mərhələ konsertləri veriblər.Onu da deyim ki, festivala hazırlıq işləri bədii kollektivlərin sənətkarlıq cəhətdən təkmilləşməsi, onların gündəlik məşqləri ilə bitməyib. Bu, daha geniş sahəni - şəhərin abadlıq və təmizliyindən tutmuş, qonaqların yerləşdirilməsi, istirahəti və ekskursiyalarına kimi vacib tədbirləri əhatə edib. Rayonumuzun rəhbərliyi bütün təşkilati işləri diqqətdə saxlayıb. Qarşıladığımız qonaqlar Türkiyə, Latviya, Macarıstan, Belorus, Ukrayna, Gürcüstan, Krım, Təbriz, Orta Asiya respublikalarından olub. İştirakçıların böyük paradı Heydər Əliyev prospektindən başlayıb. Nizami parkında onları el sənətkarlarının unikal əl işləri ilə qarşıladıq. Çeşidli suvenirlər hazırlamışdıq: "Masallı-2012" etiketli papaqlar, köynəklər, qələmlər, paketlər, həmçinin tətbiqi sənət ustalarının əl işləri - sandıqçalar, miniatür zənbillər, keramik qab-qacaq və sair. İlk gün açılış konserti və diskoteka oldu. Səhəri xatirə şəkilləri çəkilib, Boradigah, Şərəfə, digər qəsəbə və kəndlərdə çıxışlar təşkil edilib. Qonaqları rayonun əsrarəngiz guşələrinə gəzintilərə apardıq. "Halay"ın yaşlılardan ibarət eyni adlı rəqs qrupunun, rayon mədəniyyət evinin "Masallı", incəsənət məktəbinin "Sara", Şərəfə mədəniyyət evinin "Həcər" kollektivlərinin maraqlı repertuarları təqdim olundu. Çalışdıq ki, festivalı xalqımızın, millətimizin adına layiq səviyyədə təşkil edək.

Həmin ərəfədə “folklor paytaxtı”nın rəsmi loqosu Masallının küçə və meydanlarını bəzədi. Şəhər indi də möhtəşəm bayram, böyük sevinc və fərəh əhvalındadır”. 

 

 

İlkin AĞAYEV

 

Palitra.- 2012.- 9 oktyabr.- S.11.