Mənim
mahnılarım dadlı saqqızlardır”
Teymur Nadir: “Şükür Allaha
ki, Azərbaycanda rok musiqi kütləvi janr deyil”
Bu il
Azərbaycanın yeganə və məşhur rok qrupu olan
“ColDünya”nın yaranmasından 20 il ötür. Hazırda
Moskvada yaşayan qrupun yaradıcılarından biri və
vokalçı Teymur Nadir “Azadinform”a müsahibəsində
yubileylə bağlı planlardan və rok musiqisi haqqında
danışıb. 39 yaşlı Teymur Nadir bəstəkar,
söz müəllifi, prodüser, multiinstrumentalistdir. O,
“ColDünya”nın repertuarında yer alan məşhur
"Sehrbaz", "Aç balaca qanadlarını",
"Son məktub", "Oyanış", "Zeynəb",
"Gözəl yar" kimi başqa məşhur
mahnıların müəllifi, "Altun Nar" Azərbaycan
Milli Musiqi Mükafatı və Fransa Musiqi Akademiyasının
mükafatının sahibidir. Teymur Nadir Azərbaycanın ən
yaxşı pop-sənətçisi, “ColDünya” isə ən
yaxşı rok-qrupu adını alıb. "Sehrbaz"
kompozisiyası BBC-nin ən yaxşı xarici hitlərinin
onluğuna daxil olub. 20 ildir tərkibi dəyişməyən
“ColDünya” qrupunun üzvləri -
vokalçı və fortepianoda Teymur Nadir, elektrik və
akustik gitaralarda Rövşən Kərimov, zərb alətlərində
Samir Cəfərli, bas-gitarada
Aydın Hacıyev ifa edir.
- Teymur
Nadir necə rok ifaçısı oldu?
- 6 yaşım olanda mükəmməl eşitmə
və gözəl musiqi yaddaşım olduğuna görə valideynlərim məni musiqi məktəbinin
fortepiano sinfinə qoydular.
1983-cü ildə görmə qabiliyyətim
pisləşdiyi üçün
musiqi məktəbindən
çıxardılar. 14-15 yaşlarımdan mahnılar yazmağa başladım. Həmin
vaxt “Beatles”, Jimmy Hendrix, Led Zeppelin, Pink
Floyd, Queen gənclərin
həyatına girmişdi.
Orta məktəbdə yaratdığımız
qrupa çıxış
edirdim. Həmin vaxt Bakıda
rok cərəyanı
öz intibahını
yaşayırdı, ilk Bakı
rok-klubu yaradılmışdı.
Lakin
80-ci illərdə baş
verən faciəvi hadisələr qrupların
çoxunun dağılmasına
səbəb oldu və rok-musiqisi yenidən yoxa çıxdı.
- “ColDünya” qrupu
nə vaxt və hansı zərurətdən yarandı?
-
1990-cı ildə qardaşım
Rövşənlə bərabər
qrup yaratmaq qərarına gəldik. 1992-ci ilə qədər
"Vremena Qoda" adı altında çıxış etdik.
1992-ci ildə qrupa "ColDünya" adı verdik. "Bizim üçün
əsas olan uyğunlaşmayanı birləşdirmək
cəhdi idi. Ona görə "Cold" sözünü
Qərbin soyuq və praqmatik intellektinin simvolu kimi götürdük,
"dünya" sözü
isə Şərq xalqının mentalitetinə
xas olan emosional komponenti bildirir. Həmişə Azərbaycan musiqisi
ilə Avropa musiqisini birləşdirmək
istəyirdik. "ColDünya" bizim üçün Qərblə
Şərqin birləşməsi,
şüurun və insan ehtirasının aydınlanması, öz musiqimizlə əritmək
istədiyimiz soyuq dünya obrazı oldu. 1993-cü ilin sonunda qrupa barabançı
Samir Cəfərli, daha sonra bas-gitarist Aydın Hacıyev daxil oldu və qrup
bu tərkiblə yalnız Azərbaycanda deyil, həm də onun sərhədlərindən
uzaqda musiqisevərlərə
tanındı.
- Roku azərbaycanlılaşdırmaqda
hansı çətinliklərlə rastlaşdınız?
-
Bizdən əvvəl də Azərbaycanda layiqli rok sənətçiləri
olub. Keçən əsrin 70-ci illərində bəstəkar
Oqtay Kazımovun yaratdığı
“Eksperiment OK” qrupu, 80-ci illərdə dostum Rasim Müzəffərlinin
rəhbərliyi altında fəaliyyət göstərən
“OZAN”, Gündüz
Bakılının “Çarli Atl”, Sumqayıtda yaradılan və
Türkiyədə uğur qazanan “Yuxu” qrupu “ColDünya”nın
səhnəyə gəlməsində böyük rol
oynayıb. Biz səhnəyə gələndə Azərbaycan
roku artıq var idi. Bizim əsas məqsədimiz isə o oldu
ki, öz dəst-xəttiylə seçilən musiqimizi gənc
kütləyə həm Azərbaycanda, həm də xaricdə
çatdıraq və bu üslubu həm inkişaf etdirək
həm də populyarlaşdıraq. Əsas çətinlik məhz
bu idi. Məncə, məqsədimizə layiqincə nail olduq.
1996-cı
ildə "ColDünya" "Sehrbaz" kompozisiyası ilə
beynəlxalq populyarlıq qazandı. Keçmiş SSRİ və
Şərqi Avropa ölkələrindən olan musiqi
kolleksiyasının doğma dildə yazılmış
mahnı ilə belə uğur qazanması və 2 həftədən
çox ən yaxşı 7 yerdə qalması birinci dəfə
idi. Konsertlərimiz açıq meydanlarda keçirilməyə
başladı. 2002-ci ildə "ColDünya" "Azərbaycanın
ən yaxşı qrupu" adını və Milli Musiqi
Mükafatı olan "Altun Nar"ı qazandı. Bununla
sübut etdi ki, rok-musiqiçiləri də ölkə mədəniyyətinin
bir hissəsidir. "Aç balaca qanadlarını"
mahnısı Azərbaycan rokunda, bəlkə də ən
tanınmış kompozisiyası oldu, ona çəkilən
klip isə son illərdə ən çox baxılan videolardan
biridir. "Son məktub" rok qrupu ilə birlikdə
canlı orkestrin və qadın vokal
üçlüyünün səsləndirməsi ilə Azərbaycan
rokunda birinci eksperiment oldu. Gürcüstan, Rusiya, Ukrayna,
Türkiyə, Almaniya, Fransa, İngiltərə, Hollandiya,
Norveç, Danimarka kimi müxtəlif xarici ölkələrdə
uğurlu konsert proqramları ilə
çıxış etmişik.
- Rok cəmiyyətdə baş verən
neqativ hallara musiqi dilində etiraz formasıdır. Bu
baxımdan sizə hansı mövzular maraqlıdır,
hansı neqativ hallara etiraz səsinizi ucaldırdınız?
- Rok
musiqisi ilk növbədə müasir
dünya musiqisində özünə yer tapan, rəngarəng və kütləvi bir üslubdur. Hər
bir janr əvvəlcə musiqi cəhətdən öz etiraz səsinə
malik olaraq həm də auditoriya
üçün cəlbedici və maraqlı olmalıdır.
Kimsə siyasətdən oxuya bilər, kimsə məişət
problemlərinə toxunur, kimsə
balaca qızlar üçün ağlamalı sevgi
mahnıları yazır, özləri bilərlər. Mənim
mahnılarım dadlı saqqızlardır. Açdın,
çeynədin, sonra isə tulla və təzəsini at
ağzına. Ancaq özünə qarşı etirazlı
olmalısan – sənət hər gün səndən
eşşək kimi işləməyə tələb edir.
Başqa cür dadlı saqqızı ortaya çıxartmaq
olmaz.
- “ColDünya” qrupu niyə
dağıldı?
-
“ColDünya” dağılmayıb. Biz dördümüz
sağıqsa, qrup da sağdır. 20 ildir ki, tərkibimiz
eynidir. Sadəcə olaraq 2004-cü ilin sonunda qrupun üzvləri
ilə uzun yaradıcılıq məzuniyyətinin qəbuluna
qərar verdik. Mənsə Azərbaycanı tərk etmək
kimi ağrılı bir qərar qəbul etdim və Moskvaya
köçdüm. O vaxtlar elə lazım idi. Ancaq indi faktiki
olaraq, ilin yarısını Vətənimdə keçirirəm.
Çünki bizim işimizə tələbat var. Elə bu səbəbdən
də 2008-ci ilin fevralında 4 illik fasilədən sonra "Əhatə Dairəsi Xaricində"
adlanan və 2009-cu ildə işıq üzü görən
növbəti musiqi albomu üçün yenidən studiyada
toplandıq. Rusiyada roka olan maraq bizdən yüksəkdir.
- Azərbaycanda roka marağı
necə qiymətləndirirsiniz?
-
Ümumiyyətlə, söhbət dəyərli və keyfiyyətli
musiqidən getməlidir. Azərbaycanda keyfiyyətli musiqi
azdır və maraq da getdikcə azalır. Bunlar bir-birilə
bağlı olan məsəllərdir. Xalqın
zövqünü qəsdən korlamaq üçün
çoxsaylı dırnaqarası layihələr əmələ
gəlir. Məncə, bu, milli zövqə bir təcavüzdür
və kütləvi xarakter daşıyan bir media-siyasətidir.
Rusiyada da belədir.
Dünyanı idarə edən qurumlara kamil insan yox,
kütlə lazımdır.
- Nə üçün rok
kütləvi musiqi janrı deyil?
-
Şükür Allaha ki, Azərbaycanda rok musiqi kütləvi
janr deyil. Kütləvi olsaydı, onun dəyəri itərdi.
Dəyərli və qiymətli əsər kütlə
üçün qorxulu görünə bilər, bu
böyük təhlükədir. Təsəvvür edin ki,
Qara Qarayevin 3-cü skripik konserti hər gün televiziya
kanallarında səslənir. Bu zaman
insanlar axı qlobal yuxudan
ayıla bilərlər! Ya da Üzeyir Hacıbəylinin
“Koroğlu” operasındakı üvertüra gündə
radioda səslənir. Bu zaman bilmək olmaz nə baş verə
bilər (gülür). Bu, həqiqətən təhlükəlidir.
- Roku Azərbaycan xalqına necə
sevdirmək olar?
- Məncə,
Azərbaycan xalqı bu üslubu ümumi şəkildə qəbul
etməyəcək. Rokda cəngavərlik ruhu var. Biz isə
bir xalq kimi cəngavər olmağa hələ ki, hazır
deyilik. Özümüzü aldatmaqla deyil axı,
qılınc götürüb, açıq döyüşdə
düşmənin başını kəsmək
lazımdır! Biz isə itirilmiş sevgidən oxuyuruq!
- Hansı məşhur
musiqiçilərlə işbirliyiniz olub?
-
2005-ci ildə Moskvada
bas-gitaraçı Stas Kalaşnikovla birlikdə rus
fyujn-səhnəsində ən maraqlı layihələrdən
biri sayılan “KalashnikovBand” qrupunu yaratdıq. Bu layihəyə
Azərbaycan xalq musiqisinin bir hissəsini gətirdik və qrup
üçün bir neçə kompozisiya yazdım. Bununla
paralel 2010-cu ildə Rusiya prezidenti mükafatçısı, əfsanəvi
rus caz musiqiçisi, saksafonçu Serqey Letovla "Немое кино —
Живая музыка" ("Səssiz film-Canlı musiqi") layihəsində
əməkdaşlığa başladım. İmprovizasiya
prosesində 1923-26-cı illərdə alman rəssamı və
rejissoru Lotto Rayninqerin yaratdığı "Şahzadə Əhmədin
macəraları" cizgi filminin tarixində ilk dəfə
olaraq maraqla qarşılanan musiqi palitrası yaratdıq.
2010-cu ildə məşhur Azərbaycan rok qrupu “Unformal”ın
yaradıcısı və eks-vokalçısı, indi isə
Moskvanın məşhur "Ponço Panamas" qrupunun
vokalçısı Rüstəm Məmmədovla birlikdə
"Varmı bir insan?" albomunu hazırladıq. 2005-ci ildə
isə Xalq artisti ,UNESCO mükafatının qalibi Alim
Qasımovla birlikdə olan
"Oyanış" albomuna görə Fransa Musiqi
Akademiyası mükafatını qazandıq.
- Solo ifaçı kimi
planlarınız və qrupun hansı yenilikləri gözlənilir?
-
Qrupun yubileyi münasibətiylə sənədli film
hazırlanır. Yaradıcı heyət Moskva və Bakıda
film üzərində çalışır. Dekabr ayında
Bakıda ekran əsərinin premyerası keçiriləcək.
İlin əvvəlində isə konsert proqramı ilə
çıxış edəcəyik. Qastrol səfərlərinə
də hazırlaşırıq. Solo musiqi albomum üzərində
işləyirik. Bu albomda DJ kimi val üzərində işləmək
üçün tanınmış musiqiçi və səs
rejissoru Pavel Bulakı, barabançı İlya Lipatov,
tanınmış caz saksafonçu Serqey Letov, Salman Abuyev kimi
peşəkar musiqiçilərlə
çalışıram. Burada yer alan mahnıların
çoxuna kliplər çəkdirməyi
düşünürük.
Palitra.-2012.-16 oktyabr.-S.13.