İstehlakçı
kimi öz
hüquqlarımızı niyə qorumuruq?
“Bu gün ticarət mərkəzlərində,
satış obyektlərində kifayət qədər zay,
vaxtı ötmüş məhsullar satışa
çıxarılsa da, istehlakçı tərəfindən
çox da ciddi müqavimətə rast gəlinmir”
Gündəlik
həyatda hər bir insanın əsas rollarından biri
istehlakçılıqdır. İnsanların
yaşamasını təmin edəcək ehtiyacları var.
İnsanların bir qismi başqalarına nə isə satmaq
istədiyi halda digərləri də almaq üçün
ticarət məkanlarına üz tutur. Beləliklə, cəmiyyətdəki
ticarət həyatını istiqamətləndirməklə
yanaşı ona dəstək olan da istehlakçıdır.
Əksəriyyət
istehlakçı hüquqlarını ya bilmir, ya da...
Dünyada
əhalinin sayı və daha yaxşı yaşamaq arzusu
artdıqca insanlar daha çox almağa, daha çox istehlak
etməyə başladılar. Bununla yanaşı ticarət həyatı
daha da inkişaf etdikcə mərhəmətsizlik problemi də
başladı. Eləcə də dünyada baş verən dəyişikliklər,
müasirləşmə də ticarətə öz təsirini
göstərdi. Bu gün ticarət həyatının
inkişaf etdiyi bir cəmiyyətdə şüurlu bir
istehlakçı mədəniyyəti varmı? Bir qisim
istehlakçılar var ki, müəyyən məbləğ
ödəməklərinə baxmayaraq aldığı məhsulla
heç maraqlanmırlar. Əvvəllər ehtiyacları
üçün mal alan istehlakçılar vardısa, indi
malları dəyərinə görə deyil, sadəcə ona
sahib olmaq üçün istehlak edən istehlakçılar
var. İstehsalçılar isə onların
maarifçiliyinin azlığından faydalanırlar. Məsələn,
İngiltərədə aparılan bir araşdırmaya
görə, heç geyinmədikləri libasları satın
alan qadınların faizinin davamlı artdığı
göstərilir. Bu, sadəcə sahip olmaq məqsədilə
edilən bir davranışdır. Bu onu göstərir ki,
istehlak ehtiyaclardan deyil, sonsuz arzulardan qaynaqlanır. ABŞ-da
aparılan digər bir araşdırmaya görə,
amerikalıların böyük əksəriyyəti digər
amerikalıların hovuzlu villalarda
yaşadığını, avtomobillərinin, xidmətçilərinin
olduğunu düşünür. Yəni filmlərdə,
seriallarda bir amerikalı necə təsvir edilirsə, digər
amerikalıların da o şəkildə
yaşadığını zənn edirlər.
İstehlakçı bir mal satın alarkən nələrə
diqqət etməlidir? Bir mal alarkən həqiqətən bu
mala ehtiyacının olub-olmadığını
düşünməli, alacağı malın qiymətinin
büdcəsinəə uygun olub-olmadığına
baxmalı, malın sağlam olmasına diqqət etməli,
çəkini yoxlamağı, son istifadə tarixinə
baxmayı unutmamalıdır.
Bu
gün ölkəmizdə də istehlakçı
hüquqlarının müdafiəsi sahəsində dövlət
səviyyəsində bir sıra addımlar atılır. Belə
ki, 1995-ci ildə “İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikasının Qanunu”, 2009-cu ildə “Antiinhisar siyasəti
və istehlakçıların hüquqlarının
müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
imzalanıb. Hazırda bu sahədə Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti fəaliyyət göstərir. Lakin bu
istiqamətdə dövlət səviyyəsində müvafiq
tədbirlər həyata keçirilməsinə baxmayaraq hər
bir istehlakçının öz hüquqlarını bilməsi
mühüm amildir.
Sosioloq
Əhməd Abbasbəylinin sözlərinə görə,
istehlak mədəniyyəti səviyyəsi, tarix boyunca
formalaşmış və eyni zamanda istehlakçı tələbatının
ödənməsi, ölkənin bu sahədə qanunvericiliyi,
onların hüquqi müdafiəsi ilə bağlı
bütün münasibətlərin məcmusudur: “Əslində
istehlak mədəniyyətinin əsasında üç əsas
şərt - istək, imkan, lazımlılıq səviyyəsi
dayanır. Təəssüf ki, bu gün bir çox ölkələrdə
bu şərtlər bir-birini ödəmir. Bir çox
insanın istəyi daha çox imkanı üstələyir.
Digər tərəfdən tələbatı ödəmək
üçün alınan məhsullar istehlakçını
qane etmir. Bu gün ölkəmizdə istehlakçı
hüquqlarının müdafiəsi ilə bağlı
qanunvericilik, normativ aktlar var. Ancaq təəssüf ki,
istehlakçılar öz hüquqlarını bilmir, digər
tərəfdən onun müdafiəsi üçün cəhd
də göstərmir. Bu gün bizdə istehlak mədəniyyəti
çox aşağı səviyyədədir. Hazırda
ölkədə istehlakçı hüquqları ilə
bağlı dövlət qurumları, ictimai təşkilatlar
da var. Lakin əhali bu prosesdə ən zəif halqadır. Əksəriyyət
öz istehlakçı hüquqlarını qorumağı
bilmir, ya da qorumaq istəmir”.
Marşrut avtobuslarında
aşağı səviyyəli, təhlükəli xidmətə
qarşı heç kəs etirazını bildirmirsə, bu da
istehlak mədəniyyətinin aşağı olmasının
göstəricisidir
Bu
gün ticarət mərkəzlərində, satış
obyektlərində kifayət qədər zay, vaxtı
ötmüş məhsulların satışa
çıxarıldığını deyən sosioloq deyir
ki, buna baxmayaraq istehlakçı tərəfindən çox
da ciddi müqavimətə rast gəlinmir: “Bununla bağlı
müvafiq qurumlar tərəfindən mübarizə
aparılsa da, burada istehlakçının fəallığından
söhbət gedir. Bu gün istehlakçının mədəniyyət
səviyyəsi sual altındadır. İmkan və
lazımlılıq göstəricisi Azərbaycan vətəndaşlarında
daha qabarıq görünür. Məsələn, bu gün həddən
artıq böyük ölçüdə avtomobillərin
şahidi oluruq. Qərb ölkələri ilə müqayisə
etdikdə onlarda bahalı əşyalara, bahalı evlərə
münasibət başqadır. Eləcə də bizdə
insanlara lazım olmayanı başqalarına nümayiş
etdirmək, həyat səviyyəmizi şişirtmək
üçün lazım olmayan, imkanımızdan kənar əşyalar
alırıq. Əslində Qərb ölkələrində
bu cür davranış artıq yoxdur. Həmin ölkələrdə
istehlakçı lazımlılığı nəzərə
alır. Məsələn, ilk növbədə hansı əşya,
hansı avtomobil ona lazımdırsa, onu alır. İkincisi isə
imkanı düşünür ki, bunu almağa imkanı
çatır, ya yox. Bizdə isə
əksinə, lazımlılıq, imkan nəzərə
alınmadan birbaşa istək düşünülür ki,
bu da bir qisim insanların borca düşməsinə səbəb
olur. Bu da insanların istehlak mədəniyyətinin yüksək
olmadığını göstərir”.
Sosioloqun
fikrincə, bu problemin qısa müddətdə həlli də
sual altındadır. Onun sözlərinə görə, bəzi
insanlar var ki, kirayədə yaşayır, amma xarici markalı
avtomobili ilə özünü göstərir: “Yaxud ərzaq
məhsulları alarkən onun keyfiyyətinə, istifadə
müddətinə diqqət yetirməsinin şahidi olmuruq.
Eyni zamanda xidmət növləri ilə bağlı da həmin
problemlər var. Bu gün marşrut avtobuslarında
aşağı səviyyəli xidmətdən əlavə təhlükəli
bir xidmətə qarşı heç kəs etirazını
bildirmirsə, bu da istehlak mədəniyyətinin
aşağı olmasının göstəricisidir. Yaxud bir
sıra insanlar bahalı qiymətə olsa da, bir neçə
mobil telefon alır və istək digər kriteriyaları
üstələyir. Qərb ölkələrində çox
imkanlı təbəqədən olan bir nəfər
küçədə gedərkən sıravi bir təbəqədən
olan insanla fərqini görmək mümkün deyil. Orada
insanlar çalışırlar ki, bahalı əşyaları
ilə deyil, hərəkətləri, mədəniyyətləri,
bilikləri ilə seçilsinlər. Bizdə isə təəssüf
ki, əksinədir”.
Ə.Abbasbəyli
bildirdi ki, bu gün hətta bəzi insanlar bir-biri ilə rəqabətə
girirlər. Belə ki, bizdə toy da, yas da özünü
göstərmək formasından biri kimi öz əksini
tapıb: “İmkanı çatmasa da, qonşusundan geri qalmamaq
üçün toya səviyyəsiz müğənniləri
dəvət edib xeyli vəsait ödəyir ki, geri qalmasın.
Heç bir ölkədə şadlıq evləri kütləvi
şəkildə tikilib istifadə edilmir. Çox nadir halda imkanlı bir insan restoranda
dəbdəbəli toy keçirər. Bizdə ən
aşağı imkanlı
insan çalışır
ki, o cür toy edib onlarla ayaqlaşsın.
Şadlıq evlərində təqdim
olunan xidmətin keyfiyyəti, yüksəksəsli
musiqilər də mövcud problemlərdən
biridir. Sanki bu sahədə bir “mafiya” formalaşıb.
Eləcə də bu gün bir “xınayaxdı
institutu” yaradıblar ki, təntənəli şəkildə qeyd edilir. Həmçinin toydan əvvəl
böyük məbləğdə
gözəllik salonuna
vəsait ödəyirlər.
Eyni zamanda yas məclislərinin belə təntənəli
təşkili maarifçiliyin
aşağı səviyyədə
olmasının nəticəsidir. İmkansız bir ailə bir
neçə gün çadır qurur, fikirləşir ki, sonra deyəcəklər ki, yas vermədi.
Bizdə
çalışırlar ki,
başdaşını daha
bahalı etsinlər.
Türkiyədə və
digər müsəlman
ölkələrində məsciddə
yas, ehsan verirlər ki, ev sahibi
bununla məşğul
olmasın. Amma bizdə bu əksinədir. Mənim fikrimcə,
bu sahədə insanları maarifləndirmək
azdır, hesab edirəm ki, insanların şüurunda
inqilab etmək lazımdır. Bu istiqamətdə sağlam
düşüncəli insanlar
əlindən gələni
etməlidir”.
Nigar Abdullayeva
Palitra.-2012.-17 oktyabr.-S.7.