Masallıda gənclərin və yeniyetmələrin maarifləndirilməsi tədbirləri

 

Son dövrlərdə regionlarda gənclərlə bağlı keçirilən tədbirlər getdikcə intensivləşməkdədir. Gənclər üçün mədəni-kütləvi, intellektual və əyləncəli tədbirlərin keçirilməsinə maraq olduqca artıb ki, bu da gənclərin asudə vaxtlarını səmərəli keçirməsi və onların ümumi inkişafında çox faydalıdır. Bu baxımdan Masallı rayonunda son dövrlərdə keçirilən tədbirlər də diqqəti cəlb edir.

Öncə qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına uyğun olaraq bu il Masallı "Azərbaycanın folklor paytaxtı" elan edilib. Ötən saylarımızda da bu barədə məlumat vermişik.  Rayonda ardıcıl olaraq sərgilər, elmi konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr və s. tədbirlər reallaşdırılır. Masallı Rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumata görə,  bundan başqa rayonda  digər silsilə tədbirlər də həyata keçirilməkdədir: “2007-ci ilin aprelin 20-də ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişaf etdirilməsi” ilə əlaqədar verdiyi sərəncama əsasən 2008-2013-cü illərdə həyata keçirilən Dövlət Proqramında oxucuların informasiya tələbatının ödənilməsi məqsədilə bu il Masallı Rayon Mərkəzi Kitabxanasında F.Köçərli adına Respublika Uşaq kitabxanası, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə “Uşaq Kitab karvanı Cənub bölgəsində” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Masallı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Lətifə Mövsümova rayonda fəaliyyət göstərən kitabxanalar haqqında geniş məlumat verib. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bu tədbirin əhəmiyyətindən danışıb. Tədbirdə yazıçı və şairlərdən İlyas Tapdıq, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Nüşabə Məmmədli, Ələmdar Quluzadə və “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə iştirak və çıxış ediblər. Musiqi sədaları altında keçən kitab bayramında uşaqlar F.Köçərli adına Respublika Uşaq Kitabxansının hədiyyə etdiyi 1000-ə yaxın kitabı əhatə edən uşaq kitab sərgisinə baxıblar. Sonra kiçik yaşlı uşaqlar arasında viktorina keçirilib, qaliblər hədiyyələrlə mükafatlandırılıb. Sonda uşaqlar nağıl qəhrəmanları geyimində rəqslər ediblər. Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə 1000 kitab hədiyyə edilib”. Qeyd edək ki, son zamanlarda rayonda keçirilmiş əlamətdar tədbirlərdən biri də  Yeni Azərbaycan Partiyasının(YAP) yaranmasının 20 illik yubileyi münasibətilə Masallı Olimpiya Kompleksində keçirilən mini-futbol turniridir. Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını təmsil edən komandalar yarışlarda iştirak ediblər. Final görüşündə Masallı və Biləsuvar komandaları qarşılaşıblar. Belə ki, gərgin mübarizə şəraitində keçən final qarşılaşmasının əsas hissəsi 1-1 hesabı ilə başa çatıb. Ümumi hesabda isə Masallı komandası 5-4 hesabı ilə turnirin qalibi olub. Qalib komandanın mükafatlandırılmasında YAP  icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü Kərim Kərimov, millət vəkili Mirkazım Kazımov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev iştirak ediblər. S.Novruzov ümummilli liderin ölkəmizin müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb: “Futbol turniri barədə də fikirlərini bölüşən millət vəkili, turnirin qalibi olmuş Masallı komandasını təbrik edib. Daha sonra turnirin qalibi olmuş Masallı komandasına YAP Masallı Rayon Təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilib”. Bundan başqa oktyabrda Masallı Rayon Gənclər Mərkəzində “Məntiq -2012”-intellektual oyunu üzrə rayon birinciliyi keçirilib: “Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən tədbiri Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələr və ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıb. Gərgin keçən bilik yarışmasında Masallı Şəhər 3 saylı tam orta məktəbi I yerə, Tüklə kənd tam orta məktəbi II yerə, 1 saylı Təzə Alvadı tam orta məktəbi isə III yerə layiq görülüblər. Fəallığına görə isə Həsənli kənd tam orta məktəbi diplomla təltif edilib. Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom, medallar və qiymətli hədiyyələrlə təltif olunublar”.Həmçinin Masallı Rayon Gənclər Mərkəzində 500-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri düzüblər. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq Azərbaycanda aparılan təhsil islahatları, yeni məktəblərin tikintisi, maddi-texniki bazanın genişləndirilməsi barədə danışıb, Masallıda da təhsilin inkişafının daim diqqət mərkəzində saxlanıldığını və bu sahədə ilbəil daha böyük nailiyyətlərin qazanıldığını qeyd ediblər. Daha sonra İcra Hakimiyyətinin başçısı yüksək balla tələbə adını qazanmış rayon məzunlarını təbrik edərək, onlara ən xoş arzularını bildirib. Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov isə çıxışında builki məktəblərə qəbul haqqında məlumat verib, rayonumuzda təhsilin səviyyəsindən, qazanılan uğurlardan ətraflı bəhs ediblər. Ərkivan qəsəbə 1 saylı orta məktəbin məzunu Maşallah Həsənov və Təzəkənd kənd orta məktəbinin məzunu Nuranə Həsənova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə tələbələrin adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, onlara göstərilən etimadı yaxşı oxumaqla doğruldacaqlarına söz veriblər. Görüşdə Milli Məclisin deputatı Nəriman Əliyev iştirak və çıxış edib. Sonda tələbələrə maddi yardım paylanılıb. Qeyd edilir ki, bunlardan başqa Masallı Rayon Gənclər Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərdə zərərli vərdişlərə qarşı mübarizə aparılması məqsədilə tədbir keçirilib: “48 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayonun İcra Hakimiyyəti başçısı aparatının I müavini Nadir Abıyev çıxış edərək bildirib ki, narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında xeyli düşünməyə əsas verir. Təəssüflə qeyd etmək lazımdır ki, bu problem və onun həlli yolunda atılan addımlar bütün respublikada olduğu kimi rayonda da aktual olaraq qalır. Bunları nəzərə alaraq rayonumuzda konkret tədbirlər planı müəyyənləşdirilərək vaxtaşırı gənclərlə görüşlər, mühazirələr və seminarlar keçirilir. Tədbirdə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli bildirib ki,Gənclər arasında son vaxtlar daha çox yayılan istər dövləti,istərsə də cəmiyyətin bütün spektrini ciddi düşündürən digər bir zərərli vərdiş, yeni bir bəla var bunun adı narkomaniyadır. Bəzən bu bəlanı “ağ ölüm”də adlandırırlar. Təəssüflər olsun ki, verilən statistik məlumatlardan sayı milyonlarla ölçülən gənclərin narkoticarətin tilovuna düşdüyü bəlli olur.Artıq bu bəla dünyanı narahat edən ən böyük və həlli çətin problemlər sırasındadır. Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafovun məruzəsi dinlənilib. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir”.  Ümumiyyətlə, narkomaniya ilə bağlı olaraq son zamanlarda rayonda mübarizə tədbirləri gücləndirilib. İnzibati tədbirlərlə yanaşı gənclərin, yeniyetmələrin və ümumiyyətlə, əhalinin kütləvi, intensive maarifləndirilməsi tədbirləri də aparılır. Narkomaniya ilə mübarizədə təbliğatın kütləvi aksiyalarla aparılması, təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi narkomaniya ilə mübarizədə müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb olur.

 

 

İlkin

 

Palitra.-2012.-19 oktyabr.-S.11.