İşsiz gənc qadın və kişilərin məşğulluq imkanları səfərbər olunur

 

Bugünlərdə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən ölkə başçısı regionların sosial-iqtisadi inkişafı, sahibkarlığın inkişafı istiqamətində bir sıra məsələlərə toxundu və sahibkarlğın stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirdi. Bu gün ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafı istiqamətində hansı addımlat atılır?  Müsahibimiz ASK-nın Əmək münasibətləri, hüquq, kadr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Tapdıq Osmanovdur: - Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2010-2011-ci illər üçün bağlanmış Baş Kollektiv Saziş tərəflərin qarşılıqlı əlaqələri sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilib, müəyyən edilmiş öhdəlik və şövdələşmələrə tam riayət olunaraq birgə işin aparılması nəticəsində ölkə iqtisadiyyatının hər bir sahəsində uğurlu nailiyyətlər əldə edilib. Konfederasiya sahibkarlarla, dövlət orqanları ilə yerli qurumlarla birgə işi, Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü ləyaqətlə davam etdirib, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları, Qara Dəniz və Türk dilli ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatlarının Biznes Şuraları ilə əməkdaşlığı daha da gücləndirib. ASK Rəyasət Heyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görür.

- Sahibkarlığın inkişafı istiqamətində hansı addımlar atılıb?

- Ölkədə sahibkarlığın inkişafı istiqamətində bir sıra önəmli addımlar atılıb və bu, da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaradıb. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının müvəffəqiyyətli icrası, Azərbaycan Respublikasının Məşqulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər Dövlət Proqamında, Layiqli Əmək üzrə Ölkə Proqramı layihəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin bərpası və daha  da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılması istiqamətində zəruri amillərdən biridir.  Biznes mühitinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim olunub. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində ASK-nın mütəxəssisləri çalışır və onlar tərəfindən sahibkarlara göstərilən xidmət işi yaxşılaşdırılıb. Hazırda fəaliyyətdə olan 33 Vergi xidmətləri üzrə  mərkəzin sayının 50-yə çatdırılacağı nəzərdə tutulur.

- Yoxsulluğun azaldılması istiqamətində ASK tərəfindən hansı tədbirlər həyata keçirilib?

-ASK tərəfindən əhalinin həyat səviyyəsinin və gəlirlərinin artırılması, yoxsulluğun azadılması istiqamətində bir çox kompleks tədbirlər hazırlanıb həyata keçirilib. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə mərhələlərlə yuksəlməsi üzrə məqsədəyönlü iş davam etdirilib və 2012-ci ilin yanvarın 1-nə bu göstəricilərin nisbəti 86,6 faiz təşkil edib. Konfederasiya layiqlı əməyi Azərbaycanda milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Beynəlxalq Əmək Təşkilatının konsepsiyasına əsasən layiqli əmək istər kişi, istərsə də qadınlar üçün azad, bərabərhüquqlu, təhlükəsiz və insan ləyaqətinə hörmət edən tələblərə cavab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsi kimi dəyərləndirilir. Hər bir kəsin layiqli əməklə təmin olunması milli və beynəlxalq siyasətin və milli inkişaf konsepsiyasının, eləcə də Minilliyin İnkişaf Məqsədlərinə nail olunması yolunda ən önəmli səylərin ayrılmaz hissəsi olan yoxsulluğun azaldılması strategiyası da daxil olmaqla qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlmək kimi əsas ana xəttini təşkil edir. BƏT Milli Məşğulluq Strateğiyasının həyata keçirilməsi çərçivəsində ASK ölkədə peşə hazırlığı üzrə təlimlərin keçirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının və gənclərin məşğulluğunun təmin olunması məsələləri ilə bağlı müvafiq təkliflərin hazırlanmasında yaxından iştirak edir. Son illər ərzində BƏT-in tərəfdaşları bilik və bacarıqların, sahibkarlıq üzrə təhsil və təlimlərin təkmilləşdirilməsi, kiçik və orta biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılması vasitəsilə, ələlxüsus işsiz gənc qadın və kişilərin məşğulluq imkanlarının səfərbər olunmasına diqqəti xüsusilə artırıb.

- Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əməyin mühafizəsi ilə bağlı hansı təkliflərlə çıxış edib?

- ASK vətəndaşların sosial müdafiəsinin gücləndirilməsini, sosial sektorun inkişafını, müxtəlif sosial proqramların həyata keçirilməsini uğurla davam etdirib, əhalinin sağlamlığının mühafizəsini daim diqqət mərkəzində saxlayıb. İSV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi, məktəbəgədər təhsil  müəssisələrində uşaq qidalarının tərkibinin yaxşılaşdırılması məqsədi ilə bir çox tədbirlərdə iştirak  edərək öz təkliflərini irəli sürüb. Həmçinin uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarını dəstəkləyərək öz təkliflərini verib.Əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsində, Beynəlxalq Əmək Təşkilatının «Əməyin təhlükəsizliyi və gigiyenası haqqında» 155 nömrəli, «Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında 184 nömrəli, «Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında» 187 nömrəli Konvensiyalara qoşulması üçün tədbirlərin keçirilməsində, «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması barədə Dövlət Proqramı» üzrə tədbirlərin həyata keçirilməsində Azərbaycan Sahibkarlar Konfederasiyası yaxından iştirak edib, təkliflər hazırlayıb. Bunlarla yanaşı ASK «İnsan hüquqları sahəsində Əməkdaşlıq mövzusunda dəyirmi masada, BƏT-in «Əmək miqrasiyası və inkişafı» tədbirlərində iştirak edib, Milli Konfederasiya Bürosunun, Beynəlxalq Əmək Təşkilatı Milli Koordinatoru, Azərbaycan-İtaliya Ticarət Palatası, «BMT-nın İnkişaf proqramı» ilə əməkdaşlıq görüşləri keçirilib. Konfederasiya sosial tərəfdaşlarla birlikdə əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisasların artırılması, təcrübə mübadiləsi aparmaq üçün birgə seminarlar və kurslar təşkil edilməsi, əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkimləşdirilməsi üzrə təkliflər hazırlayıb. İş yerlərində əməyin mühafizəsi normaları və qaydalarına riayət olunması məqsədi ilə işəgötürənlər fərdi mühafizə vasitələrindən istifadə edilməsi, onların hansı risklərdən qorunması barədə maarifləndirmə işləri aparırlar. ASK sosial partnyorluq sistemini inkişaf etdirməyə böyük önəm verərək, sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi məsələləri üzrə daim məsləhətləşmələr aparıb, sosial əmək münasibətləri, əhalinin məşgulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında və müzakirələrdə fəal iştirak edərək öz təkliflərini verib. Sosial tərəfdaşlıq həmçinin BƏT-in Konvensiyalarının birgə müzakirəsi və ya ratifikasiya edilməsi üzrə birgə məsləhətləşmələrin aparılmasında da öz əksini tapıb. Fərəhləndirici haldır ki, ASK Beynəlxalq işəgötürənlər təşkilatının tam hüquqlu üzvü olub. ASK ölkədə sosial dialoqun gücləndirilməsinə istiqamətləndirilmiş layihələr həyata keçirib və bu işi indi də davam etdirməkdədir. Konfederasiya Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış «Sosial partnyorluq haqqında», «İşəgötürənlər birlikləri haqqında» qanun layihələrinin qəbul olunması üçün səylər göstərib və bu iş hazırda da davam etdirilir. Ölkə sahibkarlarının maarifləndirilməsi sahəsində bir çox seminar, konfrans və dəyirmi masa keçirilib, kitabçalar dərc olunub. ASK-nın təşkilatçılığı ilə mütəxəssis və rəhbər işçilər üçün «Layihələrin idarə olunması» mövzusunda hər biri 3 günlük 5 seminar müvəffəqiyyətlə keçib, tədbirdə 173 nəfərə yaxın dinləyici fəal iştirak edərək muvafiq sertifikat alıb. ASK öz tərəfdaşları ilə birlikdə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsinə dəstək verib, öz üzərinə götürdüyü öhdəliklərin icrası ilə əlaqədar tərəfdaşlarını müntəzəm məlumatlandırıb.

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-23 oktyabr.-S.10.