“Bu il Türkiyə, MDB və Avropa ölkələrindən daha çox turist qəbul etmişik”

 

Bugünlərdə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən ölkə başçısı regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra məsələlərə toxunaraq bu gün ölkədə turizmin prioritet sahələrdən biri olduğunu bildirdi. Müsahibimiz Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovdur:- Ötən ilə nisbətən bu il Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Bunu digər ölkələrə gedən turistlərin sayı haqqında da demək olar. Ötən il Azərbaycandan yalnız Türkiyənin bölgələrinə, o cümlədən Antalyaya, Bodruma birbaşa reyslər olub. Bu il isə Xorvatiya, Tiflis də bu sıraya daxil edilib. Təyyarələr bütün reyslərdə hər iki istiqamətdə tam dolu vəziyyətdə uçub. Bu il eyni zamanda əsasən Türkiyədən və MDB ölkələrindən daha çox turist qəbul etmişik. Amma Avropa ölkələri də istisna deyil. Turist qəbul etdiyimiz ölkələrin sırası getdikcə genişlənir. Bunun da başlıca səbəbi ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər və Azərbaycanın turizm imkanlarının tanıtdırılması istiqamətində aparılan təbliğatdır. Ölkəmizə gələn turistlər əsasən Şəki, Qəbələ, İsmayıllı rayonlarına, cənub bölgəsindən Lənkərana, Masallıya getməyə daha çox maraq göstərirlər. Bu il maraqlı bir hal da müşahidə olunub. Belə ki, turistlər Bakı ətrafında dincəlməyə daha çox üstünlük veriblər. Bildiyiniz kimi, Nabran bölgəsi çimərlik turizmi həvəskarlarının ən çox maraq göstərdiyi yerdir. Amma bu il Nabrana gedən turistlərin sayında bir qədər azalma müşahidə edilib. Bunun da başlıca səbəbi Bakı və Abşeron ərazisində dənizin kənarında yüksək səviyyəli istirahət mərkəzlərinin fəaliyyətə başlamasıdır. Məsələn, bu ildən Bilgəhdə «Jumeirah Bilgah Beach Hotel»i istifadəyə verilib. Qiymətin baha olmasına baxmayaraq, əksər vətəndaşlarımız istirahət üçün buranı seçirlər. Çünki insanların istirahət səviyyəsi artıb. Onlar üçün artıq qiymət yox, daha yüksək səviyyəli şərtlər maraqlıdır. Turistlərə əyləncə lazımdır. Onlar istədiklərini harda tapırlarsa, oranı da seçirlər. Ona görə də Nabrandakı istirahət mərkəzləri öz xidmətlərini bir qədər də artırmalıdırlar. Bu, bazar iqtisadiyyatıdır. Rəqabət artdıqca, keyfiyyət də yüksəlir. Kimin təklif etdiyi xidmət dünya standartlarına cavab verirsə, turistlər də ora daha çox maraq göstərirlər.

- Hazırda AZTA-ya üzvlüklə bağlı vəziyyət necədir?

- AZTA yeni yarananda hotellərin və turizm şirkətlərinin bu quruma üzv olması ilə bağlı problemlər mövcud idi. Onlar belə demək mümkünsə, quruma güvənmirdilər. Normal, hotel olaraq dünya standartlarına cavab verən hər bir qurum assosiasiyanın üzvüdür. Yeni yaradılan bütün hotellər AZTA-ya üzv olurlar. Əslində onların başqa çıxış yolu da yoxdur. Çünki əlaqələr qurmaq, müştəri cəlb etmək üçün mütləq bizim quruma üzv olmaq lazımdır. Turizm şirkətləri olmadan hotellər özlərinə necə müştəri cəlb edə bilərlər? Əlaqələr yaratmadan fəaliyyət göstərmək mümkün deyil. Biz də üzvlərimizin müştəri cəlb edə bilməsi, əlaqələr yaratması üçün müxtəlif layihələr həyata keçiririk. Təxminən 1 ay bundan əvvəl AZTA tərəfindən Moskvanın öndə gedən şirkətlərinin rəhbərlərinin Azərbaycana  infoturu təşkil edildi. Onlar gəldilər, ölkəmizin turizm potensialı ilə, aparıcı turizm şirkətləri, hotellərlə tanış oldular. Türkiyə turizminin 50-60 faizi Rusiya bazarıdır. Biz potensial müştərilərimizi Rusiyada, Moskvada axtarmalıyıq. Ona görə də əlaqələrimizi də məhz onların müvafiq turizm qurumları, şirkətləri ilə qurmalıyıq. Rusiyalı turistlər ildə 5-6 dəfə gəzməyə çıxırlar. Eyni yerlərə getməkdən isə yorulublar. Onlar yeni istiqamət axtarırlar. Bu baxımdan bu infoturun əhəmiyyəti böyükdür.

- Hotellərlə turizm şirkətlərinin münasibətlərini necə qiymərləndirirsiniz?

- Azərbaycanda hotellərlə turizm şirkətlərinin münasibətlərinə gəldikdə əvvəlki illərlə müqayisədə demək olar ki, onlar arasındakı problem öz həllini bir qədər tapıb. Biz dəfələrlə mehmanxanaların və turizm şirkətlərinin nümayəndələrinin görüşlərini təşkil etmişik. Əslində hotellər ən ucuz qiyməti turizm şirkətlərinə verməlidir. Bizdə isə əksinə idi. Mehmanxanalar ucuz qiymətləri başqa qurumlara verirdilər. Turizm şirkətləri mehmanxanaların daimi müştəriləridir, onların xidmətlərinin tanıdılmasında başlıca rol oynayırlar. Onlar bir zəncirin qonşu halqalarıdır. Biri olmasa, digəri fəaliyyət göstərə bilməz. Nəhayət, Azərbaycandakı hotellər də bu reallığı qəbul ediblər. Hazırda onların arasında real bazar münasibətləri mövcuddur. Buna hotellərin və turizm şirkətlərinin bir qurumda – AZTA-da birləşməsi də çox kömək etdi.

- Xidmətin keyfiyyətinin artırılması istiqamətində AZTA tərəfindən hansı  layihələr həyata keçirilir?

- AZTA-nın Azərbaycanda xidmətin keyfiyyətinin artırılması istiqamətində bir çox layihələr həyata keçirilir. Bunlardan biri kimi AZTA-nın dəvəti ilə Amerika Qonaqpərvərlik Tədrisi İnstitutunun (American Hotel and Lodging Educational Institute (AHLEI)) nümayəndələri ölkəmizdə oldular. AHLEİ ilə birlikdə bağlanmış müqavilə əsasında AZTA-da Qonaqpərvərlik üzrə Təlim Mərkəzi yaradılıb. Bu təlim mərkəzinin əsas fəaliyyəti müxtəlif istiqamətlər üzrə treninqlərin keçirilməsini təmin etməkdən ibarətdir. Bizim treninqlərimiz 3 istiqamətə yönəlib. Birincisi, təlim mərkəzi tərəfindən korporativ hotellər, fərdi yerləşdirmə yerləri peşəkar işçilərin ixtisasını artırmaq üçün zəruri dərsliklər, video, DVD ilə təmin olunur, seminarlar keçirilir, proqramlar işlənib hazırlanır. İkincisi, müstəqil təhsil almaq istəyən, özünü idarə edən qonaqpərvərlik müəssisəsi üçün müəyyən olunmaş kursun proqramlarına uyğun dərslik, çap materialları təqdim olunur, onlayn kursları təşkil edilir və sonda imtahanlara nəzarət edilir. Üçüncüsü isə hər bir işçiyə peşəsi üzrə sertifikat təqdim olunur. Buraya qonaqpərvərlik sahəsi üzrə müxtəlif səviyyəli peşəkar və təcrübəli işçilər, o cümlədən baş menecer, menecer, supervayzer və s. daxildir. AHLEI-nin bir qrup əməkdaşı Azərbaycanda fəaliyyət göstərən hotellərin əməkdaşları üçün müxtəlif istiqamətlərdə treninqlər keçdilər. Müqavilənin şərtlərinə əsasən Amerikadan və Avropadan dəvət edilən müəllimlər Bakı şəhərində, eyni zamanda bölgələrdə yerləşən hotellərin rəhbərliyinə daxil olan şəxslər üçün seminarlar keçdilər. Biz bu istiqamətdə əməkdaşlığa ötən ilin sonlarından başlamışıq. Əməkdaşlığımız bir il nəzərdə tutulub. Bu treninqlərin dinləyiciləri artıq müəllim kimi digər hotel əməkdaşları üçün kurslar keçmək imkanındadırlar. Onların seminarlarında təkcə hotel əməkdaşları yox, həm də hotel biznesi sahəsində çalışmaq istəyən vətəndaşlarımız da otura bilərlər. Bir məqamı da qeyd edim ki, Amerika Qonaqpərvərlik Tədrisi İnstitutunun mütəxəssislərinin təcrübəsindən dünyanın əksər ölkələrində yararlanırlar. Azərbaycanda qonaqpərvərlik sənayesi üzrə master (aparıcı) təlimçilərin hazırlığı ilə bağlı olan seminarlar məşhur master-təlimçi Corc Ubelonqun rəhbərliyi ilə baş tutdu. 5 gün ərzində 10 dinləyici qonaqpərvərlik sahəsində treninqlərin keçirilmə metodologiyasının incəliklərini öyrəndi. Seminar iştirakçıları sertifikat almaq üçün yekunda imtahan verdilər. Fəxrlə deyə bilərik ki, MDB ölkələri arasında ilk peşəkar master-təlimçilər Azərbaycanda hazırlanıb. Bundan sonra AZTA AHLEİ-nin dəstəyi və təcrübəsinə istinad edərək, təlim və sertifikatlar üzrə «Kaskad modeli»ni təklif etdi. Bu layihənin həyata keçməsi nəticəsində peşəkar vərdişlər artır və yaxşılaşır. Təlim mərkəzinin əsas istiqamətlərindən biri də ali təhsil ocaqları üçün kursların təşkilidir. Azərbaycan Turizm İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində noyabr ayında ali məktəb müəllimləri üçün treninqlər təşkil ediləcək. Bu treninqlərə sertifikatlaşdırma qonaqpərvərliyinin idarə edilməsi proqramları üzrə dərs deyən ali məktəb müəllimləri cəlb olunacaq. Məqsədimiz bu sahədə yüksək nəticə əldə etməkdir. Bundan əlavə, treninqlər vasitəsilə tələbələrin biliyini artırmaq üçün ən son tədris texnikalarından istifadə edilməsinə nail olmaq niyyətindəyik. Təcrübəli təlimçilər tədrislə bağlı yeni yanaşma və strategiyalar əldə edəcəklər ki, bu da tələbələrin tədris və fəaliyyətini artıracaq, tədris təcrübəsini həm təlimçi, həm də tələbələr üçün daha pozitiv axara yönəldəcək.

- Hansı yeni layihələrin reallaşması gözlənilir?

- Ölkəmizin mövcud turizm potensialı və dövlətin bu sahədə apardığı düzgün və məqsədyönlü siyasət imkan verəcək ki, yaxın illərdə Azərbaycan maraqlı və yeni bir turizm istiqaməti kimi dünyada tanınsın. AZTA-nın həyata keçirdiyi digər layihələrə gəldikdə layihə çərçivəsində noyabr-dekabr aylarında Azərbaycanın şəhər və regionlarında işsiz və aztəminatlı insanlar qonaqpərvərlik sahəsi üzrə peşə bacarıqlarına yiyələnəcəklər. Bu sosial layihə Mədəniyyət və Turizm Nazirliyi və Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və işsizliyi aradan qaldırmaq məqsədi güdür. Bir ay ərzində nəzəri təlimlər aparılacaq və tələbat olan iş yerləri müəyyənləşdiriləcək. Orta məktəblərdə oxuyan və qonaqpərvərlik biznesinə maraq göstərən uşaqları da bu layihəyə cəlb etmək niyyətimiz var. Məqsədimiz bu uşaqları tətil müddətində qonaqpərvərlik biznesi ilə tanış etmək və onlara gələcək peşə seçimində yardımçı olmaqdır. 2013-cü ildə bu istiqamətdə reallaşdırmağı nəzərdə tutduğumuz daha bir layihə kimsəsiz uşaqlar üçün qonaqpərvərlik biznesi istiqamətində təlimlərin keçirilməsidir. Məqsəd uşaq evlərini müəyyən yaş həddindən sonra tərk edən yeniyetmələrin işlə təmin olunmasıdır. Bu layihə pilot layihə kimi Beynəlxalq Qadınlar Şurası ilə birlikdə Maştağada yerləşən uşaq evindən başlayacaq.   

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-24 oktyabr.-S.6.