Zirvələrin
ünsiyyət məqamı
Layihə çərçivəsində müsahibimiz şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül
Bünyadzadədir. O, bizimlə söhbətində görkəmli
Şərq mütəfəkkiri Əbu Turxan
yaradıcılığı və bu sahədə
aparılan tədqiqatlarla bağlı fikirlərini bildirdi. Könül xanım söhbətə belə
başladı: “Televiziyada “Pavarotti
və dostlar” konsertinə baxırdım. Ruhuma çox tanış
gəldi. Sanki mən bu
konsertin – sonsuz gözəlliyin
insan vasitəsilə təzahürünün,
Luçanonun bu
möhtəşəm ifası yanında bu
xoş səmimiyyətinin canlı şahidi olmuşdum.
Xatırladım: “Əbu Turxanın hikmət
dünyasını” oxumuşdum. Mənim Əbu Turxanla ilk tanışlığım illər öncə
onun bu şeiri
ilə başlamışdı:İdrakı rəmz edib bir gül
sandılar,Aqil olanları bülbül
sandılar,Vaxt keçdi, rəmz itdi, sonra gələnlər,Təkcə
bülbül ilə gülü
andılar.Təsəvvüfü, islam
fəlsəfəsini yenicə araşdırmağa başlayan bir tədqiqatçı
üçün bu,
çağırış idi: əcəba,
sənin araşdırdığın bülbül
və güldü, yoxsa
hikmət? Bu həm də bir
şərqşünas üçün yeni mövzu ola bilərdi. Kimdir Əbu
Turxan, harada doğulub, islam fəlsəfəsində
hansı cərəyanın üzvü olub, neçənci əsrdi və s.? Amma yadıma bir Tibet atalar
sözü düşdü:
“Barmağımla ayı göstərdim, hamı
barmağıma baxdı”. Yəni, əslində,
filosofun hikmətlərini qoyub,
bu tarixi məsələlərlə
məşğul olsam, çox
incə mətləblərdən kənar
qalacığımı anladım və ... sualları elə
sualın altında qoyub üz
tutdum hikmətə».İdeya
dünyası çox az
adam üçün
qapılarını açır: «Bu
səbəbdən ora daxil
ola bilən insanlara bəzən
seçilmiş şəxslər də
deyirlər. Onu şüşədəki bala bənzətmək olar.
Bir tərəfdən, o,
hər kəsə açıq görünür
və hər kəs yazdıqlarını,
düşündüklərini oradan götürdüyünü zənn edir. Kitablar yazırlar, aforizm adına
cümlələr düzürlər, “fəlsəfə”
açırlar. Əslində isə çox
az adam o
şüşənin ağzını açıb balın öz həqiqi dadına baxa
bilir. Əbu
Turxan deyir ki, “Bəsirət gözü
ariflərlə ünsiyyətdə açılır”. Monoqrafiya monoloqdu, aforizmlər
– dialoq, hətta daha
artıq, çox səmimi bir söhbətdi. Belə zənn etmək olar ki, prof.
Səlahəddin Xəlilov Əbu Turxanı oxuculara
ilk olaraq onun aforizmləri ilə tanıtmaqla, bir növ filosofun
ünsiyyət “istəyini, arzusunu”
çatdırır. Filosofların bir haqq kəlməsi hikmət dolu
dünyanın şüşə qapılarını aça bilir. Axı Əbu
Turxanın özü də deyir: “Aforizm fikrin qönçəsidir”. Amma
Yaradanın bir qanunu var: qönçənin açılması zaman və səbir tələb edir. Hər gülün öz açılmaq məqamı olduğu kimi, hər hikmətin
də öz yeri var. Filosof təsadüfən
demir ki,Hikmət sirdaş
olub qala biləydi,Zəngli
saat kimi çala biləydi,Gen gündə Gün kimi aydın
olanı,Məqamda yadıma sala biləydi. Düşünürəm ki, prof. Səlahəddin
Xəlilov Əbu Turxan fəlsəfəsinin
sistemli tədqiqindən öncə onun hikmət dünyasından ayrı-ayrı
“qönçələr” təqdim etməklə
oxucularının düşünmək qabiliyyətini sanki sınağa çəkir: ey hörmətli oxucu, səndə
bu qönçənin içindəki gizli gözəlliyi açmaq
qüdrəti varmı? Eyni zamanda, bu, ideya
dünyasına bir dəvətdir. Yenə
prof. S.Xəlilov ön
sözdə yazır: “Bu qönçənin
açması üçün onu suya qoyurlar.
Fikir də ancaq münbit mühitə qaytarıldıqda bəhrə
verir”. Bunu Xəlilovun
oxucuya bir ip ucu verməsi kimi də qəbul etmək olar.
Oxucu anlayır ki, bu ünsiyyət – “bir
qönçənin açılması” üçün
həm düşüncəsini, həm də mənəviyyatını
münbit mühit kimi hazırlamalıdır.“Əbu Turxanın
hikmət dünyası”nın bir neçə
özəlliyi var. Xüsusiyyəti yox, məhz özəlliyi. Biz
burada “öz” sözünü vurğulamaqla
oxucunu öz-ünə qaytaran,
öz-ünü öz-ünə təqdim
edən cəhətləri ön plana çəkməyə
çalışırıq. Bu hikmət dünyası oxucunu
özünə həm bir insan,
vətəndaş, sadəcə qadın, yaxud
kişi kimi
tanıdır, həm onun mənəviyyatını
hissə-hissə açır, həm də düşüncəsini
pillə-pillə hikmət zirvəsinə aparır.
Qısa desək, Əbu Turxan öz söhbətləri – aforizmləri ilə
oxucunu özünə tanıdır, ona ayna olmağa
çalışır: “Adətən adamlar
özündə olanı başqasına
bağışlayır; müdriklər isə səndə
olanı sənə ərməğan edir”.
Burda vacib, eyni zamanda təhlükəli
bir məqam yaranır: hər kəs
özünə güzgüdə baxmağa
tab gətirərmi? Hər kəs öz-özü ilə
qarşı-qarşıya durmaq istəyərmi?
Axı, düşünmək, özünü
dərk etmək ağır bir prosesdir, hər “mən” onu
daşımaq iqtidarında deyil. Əslində
prof. Xəlilovun ustalığıdır ki, bu aforizmləri müəyyən
ardıcıllıqla, mövzular üzrə
– “İnsan”, “Gözəllik”, “Zəka,
ağıl, hiss”, “İdeya,
hikmət, fəlsəfə” və s.
toplayıb, onların mahiyyətini açan
şərhlər yazıb. Lakin biz yenə də “aya
baxmağı” tərcih edib qayıdaq Əbu
Turxanın hikmət dünyasının özəlliklərinə.Hər
şeydən əvvəl bu dünya doğmadır! Yalnız dilinə
görə yox, ruhuna,
düşüncəsinə görə. Bu
doğmalığı Səlahəddin Xəlilov da hiss edib
ki, imzalar
sırasına qarışmış doğma
imzaya görə qürur
duyur və elə ön
sözdə bunu vurğulayır».K.Bünyadzadə
düşünür ki,
aforizmlər fikir dünyasında yeni hadisə deyil: “Bəzi
həvəskarlar dünyanın ən tanınmış
imzalarına – Aristotelə, Homerə, Höteyə, Dostoyevskiyə,
Tolstoya və daha kimlərə
müraciət edir, aforizmlər
toplayırlar, tərcümə edirlər. Yadıma Nazim Hikmətin tərcümə barədə
sözləri düşdü: “Tərcümə
müəllifin ürəyini söküb
təzədən yığmaqdır. Ürək yenə həmin
ürəkdir, sadəcə çatlarla”.
Bu çatlar nə qədər
dərin olsa, fikir, ideya da bir
o qədər oxucuya yad görünür, doğmalaşa bilmir. Zənnimcə,
rentgen şüalarından da dəqiq və aydın görən qəlb
işığı belə çatları, qeyri-hamar
düşüncələri, yamaqları daha
tez duyur. Təsadüfi
deyil ki, Əbu Turxan da deyir:
“Dünyanın ancaq öz
qəlbimizlə işıqlandırdığımız hissəsi
bizə məxsusdur”. Bəlkə də onun
“qönçələri” məhz orijinal
şəkildə – çatsız, yamaqsız bizə
çatdığına görə doğmadır. Bu
doğmalıq könüldən könülə yollar salır və oxucunun
dünyası bir az da genişlənir,
işıqlanır.Tanınmış Azərbaycan
filosoflarından, şairlərindən seçmələrdə
də heç də həmişə
doğmalıq hissi yaranmır. Əcəba,
səbəb nədir? Burada məsələnin mahiyyətini daha
dərin qatlarda axtarmalı olursan.Bu dünyada hər
insanın bir missiyası var.
Öz missiyasını dərk edən və
bütün gücünü,
enerjisini onu
reallaşdırmağa sərf edən insan
dahi olur. Əbu Turxan demiş, “Hər
hansı bir şeyin
gözəlliyi onun öz
ideyasına uyğunluğu ilə ölçülür”. Təbii ki, “ən gözəl biçimdə” və ən
gözəl ideya ilə
yaradılmış insan da
ancaq öz
ideyasını tam və kamil
şəkildə reallaşdıranda dahilik
zirvəsinə qalxa bilir.
Eyni şəkildə, bir
cümlənin də, böyük bir kitabın da canlı, yaşayan və yaşadan
tək bir ideyası olur.
Qalan şeylər – bu
ideyanın yaşaması üçün
onun yardımçı ideyalarıdır
və onlar saysız-hesabsızdır. Bəzən müəlliflər şairin
ruhunu, düşüncəsini ifadə edən
o tək cümləni qoyub,
kəmiyyət xatirinə yardımçı ifadələri pafosla işlətməklə, onu
aforizm sanırlar. Əbu Turxan
deyir ki, “Demək istədiyini
çoxları deyə bilir. Ən böyük sənətkarlıq demək
istədiyindən başqa bir
şey deməməkdir”. Təbiətdə
buna ən gözəl nümunə kimi, mirvarini göstərmək
olar: balıqqulağı bütün
potensialını öz missiyasına sərf
etməklə bircə dənə inci
yaradır. O incini əldə eləmək
istəyən dalğıc da ən dərin
sulara baş
vurmalı olur. Düzdür, bir ərəb atalar
sözündə deyildiyi kimi,
“dalğıc inciylə bərabər yosun
da gətirir”, lakin
ustalıq, sərraflıq məhz yosunlar
arasından incini seçə bilməkdir.
Əbu Turxanın hikmət dünyasının başqa bir özəlliyi
onun canlı olmasıdır. Filosofun dediyinə görə, “Yaradıcı
fəaliyyət valideynlikdən daha uca, daha şərəflidir.
Belə ki, bu halda passiv ideyanın
bölünməsi deyil, canlı
ideyanın təcəssümü ilə
rastlaşırıq”. Biz təsadüfən
kitabı “səmimi söhbət” adlandırmadıq. Burada incə bir məsələ
var. “Həqiqət ancaq
ürəklə anlayanda üzə
çıxır”, – deyən Əbu Turxan
idrakla ürək arasında bir körpünün olduğunu xatırladır və oxucusunun həm ağlına, həm də
könlünə müraciət edir. Sufi ədəbiyyatında kitablardan
alınan bilikləri ölü,
mürşiddən alınan biliyi isə
canlı adlandırırlar. Bəlkə də Əbu
Turxanın hikmət dünyasının canlı
olmasının səbəbi onun məhz səmimi
söhbət şəklində təqdim olunmasıdır. Ola bilər. Lakin başqa bir səbəb də
var.Kitab var ki, diqtə edir, oxucunu əzir, əridir və sonda
yenə kitab tək qalır, yeni “qurban” gəzir. Belələrinə
nümunə olaraq, qanun
kitablarını, yaxud detektivləri, hətta
qaranlıq dünyaları, hissləri tərənnüm edən
şeirləri göstərmək olar.
Bunların ən təhlükəlisi isə hansısa
sektaların təbliğat kitablarıdır. Onlar
oxucuya düşünməyi deyil, dinləməyi və əməl etməyi
əmr edir. Əbu Turxan
isə deyir: “Səhifəni axıra qədər
doldurmağa çalışmayın, oxucu üçün boşluqlar qalmalıdır”. Oxucu onun
üçün ayrılan bu yeri görür,
ona verilən imkandan ilhama gəlir, düşüncəsi
qaynayır və söhbətə qoşulmağa,
“filosofluq” etməyə cəhd edir.Müasir dövrdə informasiya
nə qədər çoxalırsa, sosial
şəbəkələrdə “dostlar” nə
qədər artırsa, insanlar bir o qədər ...
tənhalaşırlar. Düzdür,
görkəmli mütəfəkkirlər də bir çox hallarda tənhalıqdan söz
açırlar. Bəlkə də bu səbəbdən
hər gün sosial
şəbəkələrdə “dahilər” durmadan
artır. Lakin bir var
qayanın, dağın zirvəsinin tənhalığı. Şiller deyir: “Əslində
tənha ikən tənha olmuram”. İdeya dünyasına çatmış bir insan ictimai
həyatda tənha qalsa da,
ideya dünyasında tək qalmır.Bir də
var qayadan qopmuş daşın, səhrada çiçəyin,
yaxud yetim bir kimsəsizin tənhalığı: səsi
gurultudan eşidilməyə,
varlığı-yoxluğu eyni mahiyyət
kəsb edə. Bu gün
informasiya seli
hamını doğmalarından, yaxınlarından,
dostlarından, sevimli məşğuliyyətlərindən
ayrı salıb, hamı “öz
canının hayındadı”, yetimdi. Belə
bir şəraitdə “Əbu Turxanın
hikmət dünyası” oxucuya zirvənin
“tənhalığını” anladır. Bir
tərəfdən o, “öz
daxilində ruh ilə bədəninin
ittifaqına nail olmağa
çalışır”. Axı, özü
ilə söhbətə cəhd eləmək bu
dünyanın xaosunda özünü
görmək, fərqləndirmək deməkdir. Bu, öz özü
ilə söhbət özünü
tanımağın, özünüdərkin ilk
addımıdır. Eyni zamanda,
Əbu Turxan başqa bir həmsöhbətin də
varlığını xatırladır: “Doğma
o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən”. Heç bir sosial şəbəkə,
heç bir informasiya vasitəsi ruhun dilini bilmir. Onun dilini
ancaq qarşıdakı
ruh bilir. Nəhayət, bizim vurğulamaq
istədiyimiz sonuncu özəllik bu hikmətlərin ümumbəşəri
olmasıdır. Lakin çox
əhəmiyyətli haldır
ki, bu ümumbəşəriliyə
yol məhz doğma bir nöqtədən başlayır.
Gözəllikdən keçir hikmətə,
məhəbbətdən həqiqət
və biliyə, dostluğu dərk edən oxucu tarix, cəmiyyət və şəxsiyət haqqında da hikmətlərə hazır
olur və artıq dövlətə,
millətə çatanda
düşüncəsi düzgün
istiqamətə gedə
bilir. Məsələn, “İradə zəif
olanda, ağıl başqasının qulluqçusuna
çevrilir” hikmətini
bilən oxucu “Böyük şəxsiyyətlər
tarixin sütunlarıdır.
Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı
da bir o qədər dayanıqlı
olur” – həqiqətinin
zəruriliyini dərk
edə bilir. Yaxud “ziyalısız kütlə
kordur” ifadəsinin dəhşətini hiss edən
oxucu “Çökən
bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz” nəzəriyyəsinin qaçılmaz
olduğunu anlayır.
Nəhayət, “Böyük insanın
faciəsinin səbəbi
onun yaşadığı
mühitin qəliblərinə
sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir”
xəbərdarlığını eşidən oxucu “Elə xalqlar var ki, müdrik
insanlarını ancaq
dəli qismində yaşada bilir” təhlükəsindən qorunmuş
olur.Bəli, “Luçano
Pavarotti və dostlar”ın
konsertinə baxanda onunla Əbu Turxanın hikmət dünyası arasında bir oxşarlıq sezdim. Dahi tenor ən müxtəlif
janrların nümayəndələri
ilə duet oxuyur – sənət dilində söhbət edir. Öz zirvəsində sabitləşmiş ustad həmsöhbətləri ilə
elə rahat, elə bir gözəlliklə
“ünsiyyət” qurur,
elə bir ümumi dil tapır ki, kimliyindən asılı olmayaraq qarşıdakı
da özünü sənətin sonsuzluğunda
görür, hiss edir.
Təsadüfi deyil ki, Rabindranat Taqor da deyir ki,
“Güclü və qüdrətli olmaq qüvvəyə görə
üstün olmaq deyil, zəifi öz zirvəsinə qaldıra bilməkdir””.
İlkin AĞAYEV
Palitra.-2012.-24 oktyabr.-S.11.