Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyi qeyd
edilib
Oktyabrın 27-də Parisin
məşhur “Salle Pleyel”
sarayında Azərbaycan ilə Fransa
arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyinə həsr olunmuş
təntənəli mərasim keçirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü
və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi
ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva iştirak edib.
Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa
parlamentlərarası
dostluq qrupunun rəhbəri
Mehriban Əliyeva mərasimdə
çıxış edərək 1991-ci ildə müstəqilliyini
bərpa edən ölkəmizin keçdiyi
inkişaf yolundan
danışıb. “Bu gün
Azərbaycan dünya xəritəsində
layiqli yerini tutub və sürətlə inkişaf
edir” - deyən Heydər Əliyev Fondunun prezidenti müstəqillik illərində Azərbaycan-Fransa
ikitərəfli əlaqələrinin inkişaf
etdiyini bildirib. Mehriban Əliyeva bildirib
ki, müstəqillik dövründə
Fransa-Azərbaycan əlaqələri hərtərəfli inkişaf edib: “Siyasi əlaqələrimiz çox
yüksək səviyyədədir. Bu ilin sentyabr ayında Azərbaycanın
və Fransanın dövlət başçılarının
görüşü bu
münasibətlərin strateji
xarakterini bir daha təsdiqlədi. Biz
beynəlxalq arenada
qarşılıqlı anlaşma əsasında
əməkdaşlıq edirik. Ötən
il ölkəmizin BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə
çıxardı”. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan Mehriban xanım
Əliyeva münaqişənin həllinin Azərbaycan-Fransa
gündəliyində üstünlük təşkil
etdiyini vurğulayıb. Bildirib
ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə
inkişaf edir.
Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya
yaxınlaşıb və bu gün Azərbaycanda 30-dan çox
fransız şirkəti fəaliyyət göstərir. Azərbaycanın
birinci xanımı ölkələrimiz
arasında inkişaf edən mədəni-humanitar
əməkdaşlığın da uğurlu olduğunu deyib. Mehriban xanım Əliyeva
ümidvar olduğunu bildirib ki, Azərbaycan-Fransa
əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.
Fransa Senatının Fransa-Qafqaz
dostluq qrupunun
sədri, senator Ambruaz
Düron mərasimdə
çıxış edərək bildirib
ki, ölkələrimizin ikitərəfli
əlaqələri 20 ildə böyük
inkişaf yolu keçib. Ambruaz Düron Prezident İlham Əliyevin
Fransaya səfərlərinin ölkələrimizin
münasibətlərində yeni səhifə
açdığını söyləyib. Hazırda Fransa-Qafqaz dostluq qrupuna 30 senatorun daxil olduğunu deyən Düron Mehriban xanım Əliyevanın
Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri
kimi mühüm fəaliyyət
göstərdiyini vurğulayıb. Ambruaz Düron Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın
mədəniyyət sahəsində əlaqələrin
inkişafına verdiyi töhfələrin
də yüksək qiymətləndirildiyini bildirib.
Tədbirdə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn
orkestri Əməkdar artist
Fəxrəddin Kərimovun dirijorluğu
ilə Azərbaycan və Fransa bəstəkarlarının
əsərlərini ifa ediblər. Konsertdə Fransanın
dövlət və hökumət rəsmiləri,
tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri,
ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın xarici siyasət kursunda Avropaya inteqrasiya
prioritet istiqamətdir. Bu proses 1993-cü ildə ulu öndər
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
sistemli xarakter alıb. Həmin dövrdən etibarən
Avropanın aparıcı dövlətlərindən olan Fransa
ilə əlaqələr genişləndirilib. Təsadüfi
deyil ki, ulu öndər Heydər Əliyev və Prezident
İlham Əliyev xaricə ilk səfərlərini məhz
Fransaya ediblər. Bu səfərlər ölkələrimiz
arasında bir çox sahələrdə əməkdaşlıq
əlaqələrini gücləndirməyə geniş
imkanlar açıb. Bu gün Azərbaycan-Fransa münasibətləri
mədəniyyət sahəsində də xüsusi çəkisi
ilə diqqəti cəlb edir. Bu sahədə Azərbaycanın
birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın xüsusi xidmətləri var. Azərbaycan-Fransa
parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
Fransada təşkil edilən mərasimlər Azərbaycanın
bu ölkədə daha yaxşı tanıdılmasına, mədəniyyətimizin
təbliğinə xidmət edir. Bu prosesi mənalandıran ən
mühüm cəhətlərdən biri də mədəniyyət
tədbirlərinin təkcə paytaxt Parislə məhdudlaşmamasıdır.
Heydər Əliyev Fondunun yeni layihəsinə əsasən
Fransanın 10 şəhərində Azərbaycan mədəniyyətinin
təbliğinə dair xüsusi mərasimlər
keçirilir. Budəfəki tədbirdə də 20 ildən
çoxdur dünyada sürətli inkişafı ilə
öyünən ölkəmizin uğurlarının mədəniyyətin,
musiqinin, bir sözlə, hər kəsin başa
düşdüyü dildə təqdim edilməsi heç də
təsadüfi deyil. Çünki bu təcrübə Azərbaycanın
timsalında dəfələrlə uğurla sınaqdan
çıxarılıb. Mədəniyyətlərarası
dialoq platformasının yaradılmasında strateji məkan
funksiyasını həyata keçirən ölkəmiz
artıq mədəni dəyərləri, zəngin musiqisi ilə
dünyanın diqqətini cəlb edir. Janr müxtəlifliyinin,
sintez harmoniyasının, zəngin improvizasiyaların
olduğu bu konsert Parisdə əsl hadisəyə çevrilməklə
diqqəti nadir inciləri ilə öyünən Azərbaycana
yönəldib. Mədəniyyətimizin təntənəsinə,
ölkəmizin tanınmasına və əlbəttə ki,
xalqımızın yaratdığı nadir sənət
nümunələrinin təbliğinə çevrilib. Konsert
Paris ictimaiyyətində ölkəmiz haqqında informasiya
bolluğu yaratmaq baxımından da mühüm əhəmiyyətə
malikdir. Bu missiyanı isə öz uğurlu layihələri
ilə Azərbaycanın ictimai-mədəni həyatında
yetərincə mühüm rol oynayan Heydər Əliyev Fondu və
onun prezidenti Mehriban xanım Əliyeva uğurla həyata
keçirir. Bu gecədən təəssüratlar kifayət qədər
zəngin oldu. Bu, özünəməxsus koloriti ilə diqqət
çəkən Azərbaycan mədəniyyətinə
ehtiramın nümunəsinə, həm də fransız
tamaşaçısında heç vaxt unudulmayacaq əbədi
xatirəyə çevrilib. Bu xatirənin təməlində
isə Azərbaycan və onun zəngin mədəniyyəti
dayanıb.
Əsgər Əliyev
Palitra.-2012.-30 oktyabr.-S.4.