Kolxoz iqtisadi tənəzzül dövrünü yaşayır”

 

İsmayıllı rayonunun İvanovka kəndi bütün respublikaya yaxşı tanışdır. Bu kəndi vaxtilə slavyan mənşəli molokanlar salıb, indiorada müsəlmanlarla birgə yaşayırlar. Burada sovet dönəmindən qalma kolxoz fəaliyyət göstərir. Qeyd edək ki, İsmayıllıda olarkən həmin kəndə də baş çəkdik və əhalinin güzəranı, kolxozun fəaliyyəti ilə maraqlandıq. Bunun üçün birbaşa Nikitin adına kolxozun yeni sədri Qriqori Minnikova müraciət etdikonunla söhbətləşdik. Beləliklə, İvanovka ilə bağlı öncə kolxoz sədrinin müsahibəsini təqdim edirik.  

- Mən Minnikov Qriqori Mixayloviç 2012-ci ilin aprelindən Nikitin adına kolxozun sədri vəzifəində çalışıram. Burada camaat demokrtatik yolla sədr seçir. Əvvəlki sədr də beş il kollxoz sədri işləyib. Onun da öz nailiyyətləri və yerinə yetirə bilmədikləri olub. Sonra isə ümumi toplantıda camaatın səsverməsi ilə mən seçilmişəm. Mən onu da istisna etmirən ki, vaxt gələcək ki, başqasını - daha gənc və perspektivlisini seçəcəklər. Çünki bu həyatdır, hər şey ola bilər. Beləliklə, biz kollektiv təsərrüfatla məşğul oluruq, kolxoz təsərrüfatı əsasında fəaliyyətimiz qurulub. Kolxozumuzda 700 işçi var. Kəndimizdə 3000 nəfərə qədər adam yaşayır, amma 700 işçimiz var. Əhalimizin 2000 nəfəri ruslardır, qalanları isə azərbaycanlı və ləzgilərdən ibarətdir. Biz hamımız bu gün qarışmış və inteqrasiya olunmuş bir şəkildə yaşayırıq. Burada milli ayrı-seçkilik fərqi qoyulmurbu da bütün ölkədə olan mehriban, tolerant ab-havadan irəli gəlir. Etnik fərq burada rol oynamır. Kolxozu bir yerdə idarə edirik. Biz hamımız bir-birimizə hörmət edirik. Kolxozumuz ilk sovet illərindən - Azərbaycanda kolllektivləşmə başlayandan formalaşdırılıb.Yəni 1922-ci illərdən bu kənddə müxtəlif adlar altında kolxoz fəaliyyət göstərib. Əvvəlcə kolxozumuz Kalinin adını daşıyıb, sonra isə kolxozumuza 41 ildən artıq Nikitin rəhbərlik edib. Onun ölümündən sonra kolxoz Nikitin adını daşımağa başlayıb. Azərbaycanda kolxoz sistemi sovxozla əvəz olunandan sonra camaatımız Nikitin başda olmaqla ümummilli lider Heydər Əliyevə məktub və xahişlə müraciət edib ki, biz kolxoz formasında fəaliyyət göstərmək istəyirik. O vaxt Heydər Əliyev Azərbaycan SSR MK-nın birinci katibi idi. O, müraciətdən sonra bizim təsərrüfata şəxsən baş çəkib, hətta yoldaşı Zərifə xanım Əliyeva ilə bizim qonaq evində gecələyiblər. Heydər Əliyevin iştirakı ilə burada bizim təsərrüfatla bağlı seminar keçirilib. Bu seminarda bütün rayon rəhbərliyi və təsərrüfat rəhbərləri də iştirak ediblər. Beləliklə, bu günə qədər bizim kolxoz əvvəldən hansı istiqamət üzrə fəaliyyət göstərirdisə, indi də fəaliyyətini davam etdirir. Belə ki, kolxoz taxılçılıq, buğda, üzümçülük, heyvandarlıq, qoyunçuluq, südçülük, həmçinin donuzçuluq istiqamətində fəaliyyət göstərir. 

- Donuzlarınızın sayı çoxdur?

- Xeyr, donuzlar bizdə azdır. Birincisi, ölkə müsəlman ölkəsidir, bu baxımdan donuz əti burada çox az miqdarda istifadə edilir. Bakıdan az miqdarda restoranlar üçün donuz əti sifariş edilir.

- Kolxozun hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

- Bu gün bizim kollektiv təsərrüfatımız iqtisadi tənəzzül dövrünü yaşayır. Mən bir sədr kimi bu sahədə böyük dəyişikliklərə nail ola bilmərəm. Kənd təsərüfatı işçiləri kənd məhsulları istehsal etməlidilər. Çörək, ət, süd, yun, üzüm və sair bu qəbiıdəndir. Mənim məqsədim məhsul bolluğuna nail olmaqdır. Məsələn, bu il hər hektardan 21 sentner buğda gğtürülməsi məqsədi qoyulmuşdu. Sovet illərində  isə bu göstərici bizdə 50 sentner olub. Əgər biz bu göstəriciyə nail olsaq, bizdə məhsul bolluğu və beləliklə, pul olacaq. Bizdə üzüm 5 min tona qədər becərilir. Halbuki ötən il cəmisi 500 ton üzüm dərə bildik. Bu il isə bu məhsulun artımı ilə bağlı bir sıra tədbirlər gördük və 2500-3000 ton məhsulun olması gözlənilir. Əgər üzüm çox olsa, onda da pulumuz olacaq. Bundan başqa heyvandarlıq sahəsində də bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Əgər heyvandarlıq sahəsində yem səviyyəsi, xidmət, heyvanlara qulluq yüksək olsa, onda daha çox ət, süd əldə edilər və bunların satılması ilə də daha çox gəlir əldə etmək mümkün olacaq. Amma hələki bütün bu sahələrdə problemlər tam həll edilmədiyi üçün kənd təsərrüfatı sahəsində çox çətinliklərlə üzləşməkdəyik. Əslində bizə kolxozun inkişaf etdirilməsində heç kim maneçilik törətmir. Cənab Prezident kənd təsərrüfatının inkiışafına böyük diqqət və qayğı göstərir.  Üç-dörd il bundan öncə bizə dotasiyalar verməyə başladılar. Təkcə kolxoza yox, fermerlərə də dotasiyalar verildi. Məsələn, bizim kolxoz əkin sahələrinə görə ümumilikdə 300 minlik dotasiya alır. Amma deyərdim ki, bu çox deyil. Bu gün buğdanın bir kiloqramı 20-25 qəpikdir. Mazutun qiyməti isə 45 qəpik, benzin 55 qəpikdir. Həmçinin texnikanın qiyməti də həddindən artıq bahadır və buna görə də yeni texnika, maşın almaq mümkün olmur. Son dövrlərdə kənd təsərrüfatına dövlət başçısı tərəfindən diqqət xeyli dərəcədə artırılıb. Aqrolizinqlər verilməyə başlayıb, yeni kombayntraktorlar alınır, kənd təsərrüfatına ciddi dəstək göstərilir. Bu gün biz çalışır, işləyirik, Prezidentin qarşıya qoyduğu proqramın icrasında töhfəmizi veririk. Biz respublikanın inkişafı üçün çörək, üzüm, süd, ət istehsal edirik. Biz ekoloji təmiz məhsullar istehsal edirik, bu, bizim prinsipimizdir. Bizim məqsədimiz bundan ibarətdir ki, daha yaxşı səviyyədə kənd təsərrüfatı məhsulları istehsal edək. Biz arzu edirik ki, dövlət qurumları bizə ayrılan dotasiyanı daha da artırsınlar. Bizim iqtisadi vəziyyətimiziun daha da yüksəlməsi üçün faizsiz kreditlərin sayı artırılmalıdır. Yəqin ki, gələcəkdə bu məsələlər həllini tapacaq. Biz buna ümid edirik. Bizim respublikanın iqtisadi inkişafı və hər sahədə baş verən artım digər respublikalardanqonşu ölkələrdən daha çoxdur. Biz hamımız bunu görür və qiymətləndiririk. Ümid edirik ki, bu gün bizimkolxozun inkişafı üçün daha yaxşı imkanlar var və şərtlər formalaşıb. Cənab Prezident də şəxsən 3 dəfə kəndimizdə olub. Onun bizə münasibəti çox yaxşı və istidir. Ehtiyacımız olan məsələlərlə bağlı müraciət etdikdə həmişə müsbət cavab alırıq. Ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın göstərişi ilə bizə məktəb üçün yeni avtobus ayrılıb, onunla uşaqlarımız məktəbə yollanır, yeni məktəbimiz tikilib. Ümumiyyətlə, respublikanın digər yerlərində olduğu kimi, bizim üçünxeyli işlər görülüb. Eyni zamanda arzu edərdim ki, biz bir kolxoz olaraq daha da yaxşı şəraitdə yaşayaq. Məsələn, şəhərə gedəndə orada insanların daha yaxşı şəraitdə yaşadığını, bahalı “cip”lərdə və maşınlarda gəzdiyini görürük. Bizbunu istəyirik...

- Amma bu, artıq kolxozçu istəyi deyil...

- Bəli, elədir, amma biz də zəngin yaşamaq istəyirik(gülür). Bizim nizamımız kolxozda sosialistik xarakterlidir, ətraf isə kapitalizm prinsipi ilə işləyir. Belə bir şəraitdə kolxozun rəqabətə tab gətirərək yaşaması çətinləşir. Sovet dövründə bizim kolxozumuz milyoner idi, bizdə 22 milyon manatlıq fond var idi. Bankda kolxozumuzun bu qədər əlavə pulu var idi və kolxozumuz doğrudan da çox varlı idi. Bu, ayrıca fond idi və ehtiyat olaraq yığılmışdı. Amma hazırda belə deyil. Müasir şəraitdə kolxozun fəaliyyətinin öz çətinlikləri və məhrumiyyətləri var... Buna görə də kolxozumuz tədricən dağılmağa meyillənib.

 

(ardı gələn sayımızda) 

 

 

İlkin AĞAYEV    

   

Bakı-İsmayıllı-İvanovka-Bakı

 

Palitra.-2012.- 4 sentyabr.- S.10.