“Çoxsaylı filmlərimiz çəkilir və sadəcə olaraq tamaşaçılar görmədiyinə görə elə bilirlər ki, filmlər çəkilmir”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Əməkdar incəsənət xadimi, kinoşünas, Prezident təqaüdçüsü Aydın Kazımzadədir: 

- Çalışdığım müddət ərzində hər zaman mənə hökumətimiz, ictimai təşkilatlar tərəfindən diqqət və qayğı olub. Ulu öndər Heydər Əliyevin imzası ilə mənə 2000-ci ildə Azərbaycan kino tarixini tapıb sübut etdiyimə görə “Əməkdar mədəniyyət işçisi” adı verilib. 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunmuşam. Bütün bunlar mənim üçün böyük fəxrdir. Yəni mənim zəhmətim hədər getmir. Bundan əlavə də 10-a yaxın müxtəlif mükafatlarım var. Məsələn, bunların sırasında Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatı var. Artıq mən təqaüd yaşına çatmışdım və işdən azad olunmuşam, ancaq belə bir vaxtda möhtərəm Prezidentimizin sərəncamı ilə mənə Prezident təqaüdü təsis edildi. Bu, o deməkdir ki, indiyə qədər nə qədər yaşamışamsa, bundan sonra da bir o qədər yaşayacağam. Burada əsas maddi tərəf deyil. Düzdür, mənim üçün hazırda maddi təminat çox vacibdir. Çünki yaşa dolmuş bir insan üçün bu önəmlidir. Ancaq ondan daha vacib isə odur ki, ölkə başçısının imzası olan sərəncamda yazılan “Azərbaycan kinosunun inkişafındakı xidmətlərinə görə” sözləri mənim üçün ən əziz, ən qiymətli sözlərdir. Bu sözlər mənə elə bir stimul verir ki, mən bu bu dəqiqə əvvəlkindən də yaxşı işləyirəm.  Ümumiyyətlə, kinomuzun bir sıra problemləri var. Mən onun tarixini araşdırmaqla  məşğulam. Orada olan səhifələri araşdırıb nələrin yazıldığını öyrənmək lazımdır. Hətta elə olur ki, mən gecələr yatmıram və işləyirəm. Bu əməyimi qiymətləndirdiyinə görə ölkə başçısına öz təşəkkürümü bildirirəm və biz hər zaman onun tutduğu yolla getmişik, bundan sonra da gedəcəyik. Kinomuzun tarixi ilə bağlı bundan sonra da əlimdən gələni etməyə hazıram. Mənim məqsədim xalqımız, Vətənimiz üçün kinomuzun salnaməsini lazımi səviyyədə yazıb ortaya qoymaqdır. Artıq bugünlərdə “Milli Kino Ensiklopediyası”nın I cildini mətbəəyə verəcəyəm. Sonra II cildin üzərində işləyəcəyəm.

- Yeni fəaliyyətə başlayan ARKİ-nin bir üzvü olaraq sizcə, bu qurumun fəaliyyəti kinomuzun inkişafında hansı rolu oynayacaq?

-Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) yaradılması zərurət idi. Zaman özü bunu yetişdirmişdi, artıq bu olmalı idi. Çünki köhnə ittifaqda olanların çox böyük əksəriyyəti bunu arzu edirdi və biz bu arzumuza çatdıq. Yeni yaranan ARKİ tamamilə yeni bir istiqamətdə fəaliyyətə başlayıb və biz onun da tezliklə nəticələrini görəcəyik. Çox böyük layihələr, qarşıda həll olunacaq çox mühüm məsələlər var. Bunlar hamısı realizə olunub öz həllini tapacaq. Biz buna əminik. Bu qurumun başında isə Şəfiqə Məmmədova kimi çox kişi qeyrətli bir insan durur. O, sözünün üstündə duran, işgüzar və mərd adamdır. Qaçıb gizlənən adam deyil. Onun “Bizim Cəbiş müəllim” filmindəki yaratdığı obrazda özünün xarakteri var. O, özünü orada təsdiq edib. Biz onu belə tanıyırıq və inanırıq. Hansı kömək lazımdırsa, biz də əlimizdən gələni edəcəyik. Çalışacağıq bizim ARKİ bütün ittifaqların içərisində ən yaxşısı olsun.

- Bu gün kinodakı mövcud problemlərlə bağlı nə deyərdiniz?

- Hazırda kinoda mövcud problem kinonun olmaması yox, kinoteatrların olmamasıdır. Kinoteatrlar olmadığına görə çəkilən filmlər göstərilmir. Bu gün filmlər hətta sovet dövründəkindən də çox çəkilir. Həm tammetrajlı, həm də qısametrajlı filmlər çəkilir. Eyni zamanda çox yaxşı filmlərimiz var. Məqsəd həyatı olduğu kimi göstərmək, tarixi olduğu kimi tamaşaçıya çatdırmaqdır. Məsələn, “Cavad xan” filmini misal çəkmək olar. Sovet dövründə Cavad xanın adını çəkən insanın dilini kəsərdilər. Amma bu gün Cavad xanın nə qədər mərd, Azərbaycan xalqının igid övladı olduğunu görürük. Milləti, xalqı, Vətəni üçün ailəsi ilə birgə ölümə gedir, amma rusların qabağından qaçmır. Yaxud bizim digər filmimiz olan “Hökmdarın taleyi” filmini göstərmək olar. Bu filmdə Qarabağ xanı İbrahim xanın taleyindən bəhs edilir. Əsas odur ki, tarix burada olduğu kimi göstərilir. Bir vaxtlar filmlərimizi Moskvanın baxışından sonra ekrana buraxırdıq. Ancaq indi öz filmimizdir, istədiyimiz kimi çəkirik, onu istədiyimiz kimi göstəririk və festivallara da göndəririk. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi çox gözəl bir görür. Hər ilBu meydan, bu ekran” adlı müsabiqə keçirir. Burada bir çox gənclər iştirak edir. Onların çəkdikləri filmlər də ona görə insanın xoşuna gəlir ki, qorxa-qorxa çəkmirlər, risk edirlər. Həmin filmlər beynəlxalq festivallarda göstərilir, mükafatlar alır. İnşaallah, tezliklə biz bunların hamısının nəticəsini görəcəyik. Kinoteatrlara gəldikdə isə bizim bu günNizami” Kinoteatrı, Nizami Kino Mərkəzi var. Orada hər gün filmlər göstərilir. Təqdim olunan elanda hansı Azərbaycan filminin nümayiş olunacağı öz əksini tapır. Hazırda bir sıra kinoteatr tipli qurumlar hazırlanır və bunlar hazır olduqdan sonra nə qədər filmlərimiz varsa, əhali hər zaman izləyə biləcək. Çoxsaylı filmlərimiz çəkilir və sadəcə olaraq tamaşaçılar görmədiyinə görə elə bilirlər ki, filmlər çəkilmir. Yaxud da  tamaşaçılar bəzi filmlərdən məmnun qalmadıqlarını deyirlər. Əslində tamaşaçılar qarışdırırlar. Yəni bir var, dövlətin sifarişi ilə çəkilən filmlər, birvar televiziyaların özlərinin çəkdiyi filmlər. Televiziyaların çəkdiyi filmlər film deyil, mənasızdır. Bizə vətənpərvərlik mövzusunda çoxseriyalı filmlər lazımdır.  Qarabağda torpaq uğrunda canını verən nə qədər şəhidlərimiz, qəhrəmanlarımız var. Onlara bu adı ona görə görə veriblər ki, onlar qəhrəmanlıq göstəriblər. Bunların hamısını toplayıb bir çoxseriyalı film çəkmək olar. Bu yaxınlarda “Dolufilminin təqdimatı oldu. Həmin film Qarabağla bağlı elə bir gözəl filmdir ki, orada xalqımızın erməni faşizmi üzərində qələbəsi, igidliyi öz əksini tapıb. Bizə belə filmlər lazımdır və onlar da çəkilir.

- Bir vaxtlar bütün milli kinolarımız televiziyada nümayiş olunurdu və tamaşaçının da bunu görmək imkanı yaranırdı. İndi yeni filmlərimizin televiziyada nümayiş olunmamasının səbəbi nə ilə bağlıdır?

- Onu nümayiş etdirməyə ixtiyarları da yoxdur. Məsələn, həmin “Dolu” filminə çoxlu vəsait qoyulub. Həmin film üçün televiziya vəsait ödəməlidir ki, film də orada nümayiş olunsun. Televiziya heç bir vəsait ödəmədən həmin film nümayiş olunduqda burada tamaşaçı baxdıqdan sonra kinoteatrda heç kəs gedib baxmayacaq. Dövlət buna külli miqdarda vəsait ayırır və bu vəsait geri qayıtmalıdır. Müəyyən qaydalar var və bu, bütün dünyada belədir. Televiziyaların vəsaiti olmadığı üçün alıb nümayiş etdirə bilmir. Xarici filmlərin nümayiş etdirilməsinə gəldikdə isə televiziyalar çox vaxt vəsait ödəmir, onları müxtəlif yerlərdən götürüb, tərcümə edib, ekrana buraxırlar.

- Son vaxtlar Azərbaycan filmləri müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edir. Sizcə, bizim filmlərin “Oskarkimi mükafatlar almaq imkanı olacaqmı?

- Çox sevindirici haldır ki, bizim filmlər beynəlxalq müsabiqələrə təqdim olunur. Bu çox böyük addımdır. Bizim film “Oskar”a da namizəd irəli sürülüb. Amma “Oskar”a çatmaq çox çətindir, amma o cəhdin özü böyük şeydir. Yəni Azərbaycan artıq öz filminiOskar”a da təqdim edə bilər. İnanıram ki, vaxt gələcək bir “Oskar” da alacağıq.    

 

 

Nigar Abdullayeva 

 

Palitra.-2012.-4 sentyabr.-S.11.