«Gənc nəsli
Vətənə, torpağa, dövlətçiliyə
bağlı vətəndaş kimi
yetişdirməliyik»
Layihə çərçivəsində
müsahibimiz Saatlı Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Şərqiyyə
Şahpələngovadır. O, «Palitra»ya müsahibəsinə rayonun
mədəniyyət müəssisələri haqqında məlumat
verməklə başladı:
- Əvvəla
qeyd edim ki, Saatlı Rayon Mədəniyyət və Turizm
Şöbəsinin tabeliyində rayon Mədəniyyət Evi,
Tarix-Diyarşünaslıq Muzeyi, Bülbül adına 7 illik
Uşaq Musiqi Məktəbi, rayon Mərkəzi Kitabxanası və onun 57 kənd kitabxana filialı, 13
kənd mədəniyyət evi, 10 kənd klubu, 3 şəhər
klubu fəaliyyət göstərir. Adlarını qeyd etdiyim
müəssisələrdə işləyənlərin
ümumi sayı 325 nəfərdir. Onlardan 17 nəfəri ali
ixtisas təhsilli, 20 nəfər qeyri-ali ixtisas təhsilli, 30 nəfəri
orta ixtisas təhsilli, 40 nəfəri qeyri-orta ixtisas təhsilli,
218 nəfəri isə ümumi orta təhsilli işçilərdir.
Müəssisələr üzrə işləyən
qadınların sayı 145 nəfərdir. Bülbül
adına Uşaq Musiqi Məktəbində 23 nəfər, rayon
Mərkəzləşdirilmiş Kitabxana Sistemində 102 nəfər,
Tarix-Diyarşünaslıq Muzeyində 4 nəfər, Heydər
Əliyev Muzeyində 2 nəfər, Dövlət Rəsm
Qalereyasında 3 nəfər, rayonun klub müəssisələrində
isə 35 nəfər qadın işləyir. Saatlı Rayon Mədəniyyət
və Turizm Şöbəsi 2012-ci il başlayandan müntəzəm
şəkildə bir çox yaddaqalan mədəni-kütləvi
tədbirlər keçirir. Xülasə şəklində
qeyd edim ki, ilin əvvəlində 20 Yanvar faciəsi ilə
bağlı Mədəniyyət və Turizm Şöbəsində,
onun ayrı-ayrı müəssisələrində bir sıra
silsilə tədbirlər keçirilib. Rayon
Tarix-Diyarşünaslıq Muzeyində Dövlət Rəsm
Qalereyası ilə birlikdə sərgi təşkil olunub. Sərgidə
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya
Zeynalovanın çəkdiyi Saatlı şəhidlərinin
şəkilləri nümayiş etdirilib. Bundan əlavə
Dövlət Rəsm Qalereyasında Azərbaycanın
suverenliyi, istiqlaliyyəti və ərazi
bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimiz
barədə silsilə mühazirələr təşkil
edilib. Muzeydə 20 Yanvar faciəsinə həsr olunmuş
«Türk qanı ilə yazılmış tarix» sənədli
filminin nümayişi də təşkil edilib. Bu dövr ərzində
muzeyin eksponatlarını zənginləşdirmək məqsədilə
Nazirlər Kabinetinin qərarı ilə qoruq elan edilmiş kəndlərdə,
arxeoloji abidələrin yerləşdiyi kəndlərdə
müəyyən yerlərə baxış keçirilərək
kənd sakinləri ilə aparılan fərdi söhbətlər
nəticəsində arxeoloji əşyaların toplanaraq Tarix-Diyarşünaslıq
Muzeyinə təhvil verilməsinə nail olunub. Hər
ayın sonuncu günü muzeydə
mühafizə edilən eksponatların gigiyenik-profilaktik
mühafizəsi üçün mühüm tədbirlər
həyata keçirilir. Mərkəzi
Kitabxanada, Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin
ildönümünə həsr olunmuş silsilə tədbirlər
keçirilib, sərgilər təşkil edilib. Yeri gəlmişkən
qeyd edim ki, YAP Saatlı rayon təşkilatında «20 Yanvar - nəsillərdən-nəsillərə
qəhrəmanlıq örnəyi» adlı dəyirmi masa da
keçirilib. Tədbirdə rayonun müxtəlif sahələrdə
işləyən ziyalıları və gənclər
iştirak ediblər. Eyni zamanda tədbirdə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini S.Qəhrəmanova da iştirak
edib. Keçirilən tədbirdə natiqlər müasir gənclərlə
bağlı problemli məsələlər, gəncləri
düşündürən və narahat edən aspektlər
haqqında müzakirələr aparıb, gənc nəslin
doğru yolda hərəkət etməsi istiqamətində
tövsiyələr veriblər. Ümumiyyətlə, gənclərlə
iş gündəlik işimizin tərkib hissəsidir. Heydər
Əliyev Mərkəzinin təşkil etdiyi «Milli ruh və vətəndaşlıq
tərbiyəsi» adlı dəyirmi masa rayon ziyalıları, gənclər
tərəfindən çox maraqla qarşılandı. Gənc
nəslin siyasi elminin inkişafında,
dünyagörüşünün formalaşmasında Heydər
Əliyev məktəbinin rolu mövzusunda dəyirmi masa da
keçirilib. 20 Yanvar və Xocalı faciəsinin
ildönümləri ilə bağlı Mədəniyyət və
Turizm Şöbəsinin bütün müəssisələrində
fotosərgilər, mühazirələr təşkil olunub.
Rayonun Şəhidlər xiyabanında rayon sakinlərinin
bilavasitə kütləvi yığıncağı
keçirilib, ədəbi-bədii kompozisiya göstərilib,
şəhidlərin ruhuna ehtiram əlaməti olaraq müxtəlif
yazıçı və şairlər tərəfindən
yazılmış şeirlər səsləndirilib. Bu
mövzuda tədbirlər həmçinin
rayonun Şirinbəy, Fətəlikənd, Cəfərxan, Dədə
Qorqud, Qıraqlı, mədəniyyət evlərində, Fətəlikənd,
Adıgün, Sarıcalar, Varxankənd, Azadakənd, Məzrəli,
Nərimankənd kitabxanalarında, Qaracalar, Çolpu, Varxankənd,
Axundov klublarında da keçirilib, xalqımıza
qarşı aparılan bu faciəvi siyasət
açıqlığı ilə əhaliyə
çatdırılıb.
- Rayonun digər mədəniyyət
müəssisələrinin fəaliyyəti haqqında nə
deyə bilərsiniz?
- Mərkəzləşdirilmiş
Kitabxana Sistemində keçirilən tədbirlərin
sayı-hesabı yoxdur. Burda ən müxtəlif tədbirlər,
şair və yazıçıların əsərlərinin
sərgisi, yubiley tədbirləri təşkil edilir. «Gənclər
bizim gələcəyimizdir», «Biz sizdən öyrəndik qəhrəmanlığı», «Gənclər, sözüm sizədir»,
«Novruz gəldi, yaz gəldi» adlı tədbirlər,
Yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin
anadan olmasının 200 illiyi, Mirzə Ələkbər
Sabirin 150 illiyi, yazıçı Əlfi Qasımovun 85, Vidadi
Babanlının 85 illiyi, türk dünyasının
böyük oğlu Nazim Hikmətin 110 illiyi, İsmayıl
Şıxlının anadan olmasının 90, Məmməd Səid
Ordubadinin anadan olmasının 140 illiyi ilə bağlı
müxtəlif tədbirlər, ədəbi- bədii gecələr,
disput, oxucu konfransları, sərgilər təşkil
etmişik. Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Rayon Komitəsinin xətti ilə kollektivdə
işləyən bütün qadınların
toplantısı keçirilib. Milli bayramımız olan Novruz
bayramı da mədəniyyət müəssisələrimizdə
yüksək səviyyədə qeyd olunub. Xüsusilə H.
Eynullayev adına Rayon Mərkəzi Kitabxanasında,
Bülbül adına Uşaq Musiqi
Məktəbində, Şirinbəy, Adıgün,
Sarıcalar, Qara Nuru, Nəsimikənd Mədəniyyət evlərində,
Tarix-Diyarşünaslıq
Muzeyində, Dövlət Rəsm Qalereyasında,
Qırağı, Varxankənd, Adıgün, Cəfərxan,
Şirinbəy, Sarıcalar kitabxanalarında da bu el şənliyi
yerli sakinlərin yüksək fəallığı şəraitində
keçirilib. Erməni qəsbkarları tərəfindən
işğal olunmuş Şuşa şəhərinin 20 illiyi
ilə bağlı Mərkəzi Kitabxanada,
Tarix-Diyarşünaslıq Muzeyində, rayon Mədəniyyət
Evində, Dövlət Rəsm Qalereyasında və əksər
kənd mədəniyyət müəssisələrində
mühazirələr edilib, sərgilər, fotostendlər
nümayiş etdirilib, film göstərilib. Belə tədbirlərin
keçirilməsində əsas məqsəd gənc nəslə,
yeniyetmələrə torpaqlarımızın
işğalı ilə bağlı məlumat vermək,
onları Vətən, torpaq sevgisi ilə böyütmək,
dövlətçiliyə bağlı ruhda, əsl vətəndaş
kimi yetişdirməkdir. Demək olar ki, keçirdiyimiz hər
bir tədbirdə bu məsələni diqqətdə
saxlayırıq. Mədəniyyət
müəssisələrimizdə Beynəlxalq Ailə
Günü münasibətilə müxtəlifyönümlü
tədbirlər həyata keçirilib, konsertlər təşkil
olunub. Bundan başqa mədəniyyət işçilərinin
may ayında keçirilən Respublika 2-ci Dekorativ Tətbiqi Sənət
Festivalında iştirakı təmin olunub. Bakıda «Mədəniyyət
abidələrimiz» adlı respublika müsabiqəsi keçirildi və rayonumuzun muzey
işçiləri həmin müsabiqədə uğurla
iştirak etdilər.
- Festivallara qatılırsınızmı?
- Bu il artıq
bir festivalda iştirak etmişik. Belə ki, 17-24 iyun tarixində Türkiyə Respublikasında
Gəbzə Anibal-Mədəniyyət,
Sənət və Folklor Qruplarının 1 Festivalında rayonun Adıgün kənd Mədəniyyət Evinin nəzdində fəaliyyət
göstərən türk
folklor kollektivi uğurla çıxış
edərək milli musiqimizi təbliğ edib, dövlət rəmzimiz olan bayrağımızı dalğalandıraraq
mədəniyyətimizi uğurla
təbliğ edib. Qeyd etmək lazımdır ki, kollektivimizin hər bir çıxışı
iştirakçılar tərəfindən
böyük marağa
səbəb olub.
Bu tədbir dünyanın
bir çox televiziya kanalları ilə nümayiş etdirilib.
Anar Miriyev
Palitra.-2012.-5 sentyabr.-S.12.