Gənclərin vətənpərvərlik və dövlətçilik şüurunun inkişafı nə üçün önəmlidir?

 

Layihə çərçivəsində müsahibimiz Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, yazıçı-publisist Əkbər Qoşalıdır. Ə.Qoşalı bizimlə müsahibəsində gənclərin vətənpərvərlik və dövlətçilik şüurunun inkişaf etdirilməsi məsələləri ilə bağlı fikirlərini bildirdi.  

- Gənclərin vətənpərvərlik şüurunun daha da inkişaf etdirilməsi ilə bağlı hansı fikirləriniz var?

- Macarıstanda haqsız cəzaya məruz qalmış zabitimiz Ramil Səfərovun, İranda haqsız yerə həbs edilmiş olan gənc şairlərimiz Fərid Hüseyn və Şəhriyar Geraninin Vətənə gətirilməsinin təmin edildiyi bu günlərdə belə suala  cavab vermək maraqlı olardı. İndi  toplumumuzda gənclik, vətənpərvərlik, olaylara şüurlu münasibət müzakirəyə cəlb olunan əsas mövzulardan sayılır desək, yanılmarıq. Siz isə bu üç məsələni bir sualda gözəl şəkildə birləşdirmiş, ümumiləşdirmisiniz. Eləcə də vətəndaş institutları arasında, dövlət-xalq münasibətləri sistemində inkişaf və tərəqqi, Azərbaycanın uluslararası alanda yeri və rolunun gücləndirilməsi üçün cəsarətli addımların atılması gündəlikdə duran aktual mövzulardandır.Bizim yerləşdiyimiz geopolitik məkan, qonşu ikən qonşu olmayan bir sıra “qonşu”larımız, özəlliklə ərazi bütövlüyümüzün pozulmuş olması bizə vətənpərvər olmaqdan, yeni nəsilləri şüurlu və peşəkar vətəndaşlıq təlimi ilə böyütməkdən başqa yolmu tanıyır?.. Sözüm sizə qəribə gəlməsin, üstəlik, xalqımızın “özündəşeylər”indən olan, yəni mahiyyətimizi bəyan edən hüdudsuz qonaqpərvərlik, şüurumuzda bunca kök atmış beynəlmiləlçilik varkən… Doğrudur, vətənə bağlılıq, konkret bir simvol isimlə desək, Mübariz İbrahimov olmaq bəlkə təlimlə, nəzəriyyə ilə olmur - sevda ilə olur, ancaq hamı Mübariz İbrahimov deyil, təlimin, tərbiyənin, tədrisin, dediyimiz, demədiyimiz bütün üsul və vasitələrin tətbiqinə ehtiyac var ki, gənclik durumumuza, üzərimizdəki taleyüklü vəzifələrə vaqif olsun, gələcəyə boylana bilsin, hardan gəlib, hara getdiyimizin fərqində olsun... Bütün bunlarla bağlı sistemli iş görməyə ehtiyac var.

- Gənclərin dövlətçilik şüurunun inkişaf etdirilməsi ilə bağlı hansı tədbirlərə ehtiyac var?

-Elə bilirəm, bu da öncəki sualın davamıdır. Bizim - dünya azərbaycanlılarının bir müstəqil dövləti, bir respublikası var. Allah eləməmiş, biz yenə bu yerlərdə yaşamış ola bilərdik, ancaq müstəmləkə kimi, öz dövlətimiz olmadan… Belə adıyaman tale ilə üzləşdiyimiş tarixi dönəmlər azmı oldu?!. Bax, o anlamda, dövlətçilik şüuru yeni nəsillərin tərbiyəsində ən aparıcı amillərdən olmalıdır. Xalqın gücü onu təşkil edən, yönləndirən, qoruyan dövlətdən, qarşılıqlı olaraq dövlətin də gücü xalqın, təbii olaraq, ilk növbədə gəncliyin öz dövlətinə bəslədiyi hisslərdən, dövlətinə bağlılığından, bir sözlə, dövlətçilik şüurundan qaynaqlanır. Gənc nəsil Azərbaycan dövlətinin mənafeyini bütün fəaliyyəti boyunca diqqətə almalıdır.  

-Azərbaycan mədəniyyəti və həqiqətləri ilə bağlı gənclərin maarifləndirilməsi üçün bu gün hansı yeni texnologiyalardan yararlanmaq lazımdır?

-Məncə, bu sahədə aydın bir mənzərə var: gerçək dünya ilə yanaşı virtual dünya mövcuddur, o virtuallıq da məhz çağdaş informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yaranıb. Arzu edərdim, gənclər belə texnologiyaların yalnız istifadəçisi olmasın, eyni zamanda yaradıcısı olsun. Eyni zamanda da yaradıcı olaraq belə texnologiyalardan mədəniyyətimizin və həqiqətlərimizin təbliğində maksimum yararlanmaq lazımdır.

-Azərbaycan mədəniyyətinin və həqiqətlərinin dünyada təbliğ olunmasında gənclərin rolu getdikcə artmaqdadır. Bəs bu sahədə daha hansısa çatışmazlıqlar müşahidə olunurmu? Bu sahədə hansı təklifləriniz ola bilər?

-Çatışmazlıqlar mövcuddur - ancaq öncəki illərlə müqayisədə xeyli azalma ilə… Bunun da səbəbi Heydər Əliyev Fondunun irimiqyaslı layihələr həyata keçirməsi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Gənclər və İdman Nazirliyinin xətti ilə qeyri-hökumət təşkilatlarının, o cümlədən gənclər birliklərinin gerçəkləşdirdiyi layihələrdir. Artıq Gənclər Fondu da bu layihələrin maliyyələşdirilməsinə başlayıb, inşaallah, bu da yeni uğurlara səhnə açar.

- Bu sahədə daha nə kimi təkliflər ola bilər?

- İlk növbədə, xarici dilləri yaxşı bilən gənclərimizlə vətənpərvər yeni nəsil aydınlarımızın, ziyalılarımızın iş birliyi gücləndirilməli; sözügedən mövzunun işlənməsi zamanı bu sahədə çalışmalara həvəsli olanların peşəkarlıqla dəstəklənməsi-mövzuya peşəkar yanaşmaya diqqətin artırılması; milli donor təsisatlarımızın Azərbaycan həqiqətlərinin təbliği məsələsinə daha çox vəsait ayırması kimi məsələlər göz önündə tutula bilər. Buraya gənclər təşkilatlarımızın uluslararası gənclik məkanlarına, uyğunprofilli platformalara inteqrasiyası, mərkəzi Azərbaycanda olan  beynəlxalq gənclər birliklərinin qərargahla, müvafiq maddi-texniki təchizatla təmini də aid edilə bilər. 

-Hökumət qurumlarının bu kimi məsələlərdə fəaliyyəti və onların üzərinə düşən vəzifələrlə bağlı nə deyə bilərsiniz?

-Əlbəttə, hökumətimizin dəstəyi çox önəmlidir. Artıq qeyd etdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işləri bildirməliyik. Bütövlükdə, Azərbaycanın dünyada nüfuz qazanması, dövlətimizin güclənməsi, gənclərlə bağlı dövlət siyasətinin tərəqqisindən, ölkə daxilində vətəndaş institutlarının gücləndirilməsinə dövlət dəstəyindən danışarkən, ilk növbədə, Prezidentimizə minnətdar olmalıyıq. Məhz onun dəstəyi bizə güc verir, yeni çalışmalar stimullaşdırır. 

-Vətəndaş cəmiyyəti institutlarının bu sahədəki fəaliyyəti və məsuliyyəti barədə hansı fikir və təklifləriniz var?

-Yaxşı deyirsiniz - dövlət qayğısından danışarkən buna qarşılıq olaraq vətəndaş institutlarının durumu, orada aparıcı mövqedə olan şəxslərin düşüncə və fikirləri də gündəmə gəlir. Yəni dəstək kimə, nəyə göstərilir?  Əlbəttə, bu gün yetərincə tanınmış hüquqifiziki vətəndaş institutu təmsilçilərimiz var. Onların könüllülük prinsipi ilə fəaliyyət göstərməsi məsuliyyəti ikinci plana keçirə bilməz və keçirmir də!.. Çünki ölkəmizin ərazi bütövlüyü pozulanda, vətəndaşlarımız qaçqın-köçkün həyatına mübtəla ediləndə, düşmən fitnələrinə məruz qalanda bizə hansı institutun təmsilçisi olduğumuza, dövlət ya qeyri-hökumət təşkilatında çalışdığımıza görə, hətta yaşa, cinsə, bir başqa mənsubluğa görə deyil, yalnız bir şeyə görə - azərbaycanlı olduğumuza görə zülm olunub, başımıza nə gəlibsə Azərbaycan olduğumuz üçün gəlib… Haqsız gəlib təbii ki - haqq etmədiyimiz münasibətlə, daha doğrusu, mütənasibsizliklə üzləşmişik və biz də Azərbaycan olaraq bütöv olmalı, birlik nümayiş etdirməli, çəkici bir yerə vurmalıyıq. Bu gün bunun alternativi yoxdur!

- Azərbaycan mədəniyyəti və həqiqətlərinin təbliğində diaspor amili barədə fikirlərinizi bildirərdiniz.

-Təbii ki, diasporumuz da vətəndaş cəmiyyəti institutlarından biri kimi götürülə bilər və dediklərimiz müəyyən qədər diasporumuza da aiddir. Diasporla İş üzrə Dövlət Komitəsi ilə iş birlyi sonucunda, istərsə də, müstəqil olaraq Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin təbliği təxirəsalınmaz vəzifələr sırasındadır. Mədəniyyətimizin layiqli təbliği elə həqiqətlərimizin təbliğinə xidmət edir. İstər-istəməz sual yaranır - bu mədəniyyətə, bu həssaslığa sahib olan xalq necə barbar ola, necə tolerant olmaya bilər?.. və beləcə, erməni riyası, erməni yalanı bir salon boyda, bəlkə lap bir iştirakçı boyda iflasa uğrayır, sonra isə bu iflas dalğa-dalğa yayılır… 

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2012.-7 sentyabr.-S.11.