Əbülfəs
Qarayev: “Bu il Azərbaycana gələn turistlərin
sayında 7 faiz artım var”
Dünən “Jumeirah Bilgah Beach Hotel”də Mədəniyyət
və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı
(ÜTT) və Azərbaycan Turizm
Assosiasiyası tərəfindən «İpək Yolunu tanı: Kulinariya, mədəniyyət və turizm»
mövzusunda beynəlxalq konfrans
öz işinə başladı. Tədbirdə
Azərbaycanın mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev,
ÜTT-nin baş katibi Taleb Rifai,
Qırğızıstan, Qazaxıstan, Gürcüstan,
Litva və Pakistandan nazir və nazir müavinləri
səviyyəsində qonaqlar, İspaniya, Koreya, Rusiya, Bolqarıstan,
İsveçrə, Belçika, İtaliya, Türkiyə, Böyük
Britaniya, Özbəkistan, Tailand,
Fransa, Almaniya və Çinin turizm təşkilatlarının,
həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının,
dünyanın aparıcı KİV-lərinin nümayəndələri
iştirak edir.
İl ərzində Azərbaycanda
təxminən 40-a yaxın hotel açılır
Konfrans
iştirakçıları əvvəlcə hotelin foyesində
təşkil edilmiş turizm və kulinariyaya aid elmi kitab,
broşür və digər çap materialları ilə
tanış oldular, Azərbaycan sənətkarlarının əl
işlərindən ibarət sərgiyə baxdılar. ÜTT-nin
şöbə müdiri Alla Peresolovanın
aparıcılığı ilə başlayan tədbirdə
öncə qədim İpək Yolu üzərində yerləşən
ölkələrin tarixi keçmişi və müasir
inkişafından bəhs edən videoçarxın təqdimatı
keçirildi. Sonra tədbirdə çıxış edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
bildirdi ki, İpək Yolu üzərində yerləşən
ölkələrin kulinariya, mədəniyyət və
turizmini əhatə edən belə böyük konfrans Azərbaycanda
ilk dəfədir keçirilir: “Belə bir tədbiri düzənləmək
bizim üçün qürurvericidir. Azərbaycan mətbəxinin
tarixi çox-çox qədimlərə söykənir.
Tarixi İpək Yolu üzərində yerləşən
ölkələr kifayət qədər böyük
innovasiyaları, yenilikləri, mətbəx ənənələrini
özündə təcəssüm etdirir. Biz də belə
bir böyük ailənin - İpək Yolu ailəsinin bir
üzvü olmaqdan qürur hissi duyuruq. Bu konfrans dövlətimizin
başçısının diqqət mərkəzindədir
və onun tərəfindən yüksək dəyərləndirilir.
Əsrlər boyu tarixi İpək Yolu Şərq və Qərb
arasında mədəniyyət, ideya, texnologiya və insan
mübadiləsində mühüm rol oynayıb. 28 ölkənin
üzv olduğu İpək Yolu Proqramının məqsədi
birgə səylərlə İpək Yolu boyunca turizmi
davamlı inkişaf etdirməkdən ibarətdir. Artıq Azərbaycanın
Ümumdünya Turizm Təşkilatında öz yeri və
nüfuzu var. Azərbaycanda çoxsaylı beynəlxalq
festivalların və tədbirlərin keçirilməsi bunun
bariz nümunəsidir. Bu konfransda Azərbaycan və ona
qonşu olan ölkələrin mətbəxi, turizmi və digər
ənənələri nümayiş etdirilir, ölkələr
arasında əməkdaşlıqlar qurulur”. Nazir qeyd etdi ki,
bu ilin sonuna qədər Azərbaycanda xüsusiləşdirilmiş
turizm konfransı keçiriləcək ki, bu da dünya
turizminə öz töhfəsini verəcək. Azərbaycan
turizminin çox sürətli templərlə inkişaf
etdiyini deyən nazir bildirdi ki, hər il ölkəyə gələn
turistlərin sayında 10-15 faiz artım müşahidə
olunur və il ərzində Azərbaycanda təxminən 40-a
yaxın hotel açılır: “İki gün əvvəl
Bakıda daha bir beşulduzlu beynəlxalq şəbəkə
hotelləri qrupuna aid olan «Four Seasons» hoteli istifadəyə
verildi. Bütün bunların hamısı turizmin ən
mühüm istiqaməti olan xidmətin keyfiyyəti məsələsinə
xüsusi yanaşma tələb edir. Biz artıq fəxr edirik
ki, Azərbaycanda turizm sahəsi qeyri-enerji sektorunun əsas
şaxələrindən biridir. Amma biz eyni zamanda bu xidmətləri
də təşviq etməliyik. Azərbaycan
Respublikasının verdiyi təşəbbüslərə
göstərdiyi yüksək diqqət və dəstəyə
görə BMT-nin Ümumdünya Turizm Təşkilatına
öz dərin təşəkkürlərimi bildirirəm.
Xüsusilə təhsil, maariflandirmə və təcrübə
mübadiləsi sahəsində bizim bu nüfuzlu təşkilatla
əlaqələrimiz çox güclüdür. Biz çox
şadıq ki, Azərbaycanın turizm sahəsi iqtisadiyyatda
yeganə sahədir ki, beynəlxalq səviyyədə Avropa və
İpək Yolu ölkələri ilə yaxından əməkdaşlıq
edir”. Nazir onu da bildirdi ki, 2013-cü ildə Bakıda 2-ci Beynəlxalq
Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək:
“Mən düşünürəm ki, o zaman biz bugünkü
konfransın nəticələrini hiss edəcəyik.
Çünki bu tədbirin təsiri sadəcə İpək
Yolu ölkələrinin mütəxəssislərinin fikir
mübadiləsi ilə bitməyəcək. Konfrans İpək
Yolu regionunun qida, kulinariya və mədəni turizm
potensialının diqqət mərkəzinə çevrilməsinə
imkan yaradacaq. Konfrans iştirakçıları kulinariya
turizmi ilə yaxından tanış olaraq İpək Yolu
ölkələrinin kulinariya təcrübəsinə dair
fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar. Eyni zamanda isə
tədbir ölkəmizdə yerləşən bütün
turizm obyektlərinin fəaliyyətinə təsirini göstərəcək.
Burada irəli sürülən fikirlər sadəcə təkliflər
şəklində qalmayacaq. Konfransın davam edəcəyi iki
gün ərzində müxtəlif səpgili
görüşlər keçiriləcək, mətbəx
nümunələrinə aid maraqlı təqdimatlar olacaq. Bu tədbir
iştirakçı ölkələrin bir-birini daha
yaxından tanımasına rəvac verəcək.
Konfransın qonaqları görəcəklər ki, azərbaycanlılar
çox açıq düşüncəli və sülhpərvərdirlər.
Biz son tikəmizi belə sizlərlə paylaşmağa
hazır bir millətik. Hamınıza maraqlı müzakirələr
və məhsuldar əlaqələr qurmağı arzu edirəm.Konfransdan
sonra qonaqlarımızın bir qismi Azərbaycanın zəngin
ənənələri ilə tanış olmaq və milli
azlıqların yaşayışı, həyat tərzini
görmək üçün ölkəmizin müxtəlif
regionlarına səfər edəcəklər”.
2030-cu ilədək turist kimi səyahətə
çıxanların sayı 1,8 milyardı keçəcək
ÜTT-nin
baş katibi Taleb Rifai belə bir konfransın Bakıda
keçirilməsini yüksək qiymətləndirdi və Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən ölkədə
turizmin inkişafına böyük diqqət və
qayğı göstərildiyini xüsusi qeyd etdi. Azərbaycana
üç dəfə səfər etdiyini söyləyən
T.Rifai hər gəlişində burada bənzərsiz yeniliklər
və inkişafın şahidi olduğunu vurğuladı.
Konfransın işinə uğurlar arzulayan qonaq turizmin
inkişafına dair marketinq, təbliğat, təşviqat,
potensial quruculuq, insan qaynaqları və İpək Yolu ölkələri
arasında viza rejiminin sadələşdirilməsi istiqamətində
təkliflərlə çıxış etdi. Taleb Rifai
vurğuladı ki, bu il bir milyarda qədər insan turist kimi
müxtəlif yerlərə səfər edib və
ümumilikdə 2012-ci il üzrə turizm səviyyəsi 5,2
faiz artıb. 2030-cu ildək turist kimi səyahətə
çıxanların sayı 1,8 milyardı keçəcək.
Daxili turizmin əhəmiyyətini qeyd edən qonaq bu sahənin
də inkişafda olduğunu diqqətə
çatdırdı. Turizmin inkişafında kulinariyanın
mühüm rol oynadığını söyləyən
T.Rifai bildirdi ki, bu sahənin ümumi çəkisində 30
faizədək inkişaf ərzaq və digər qida məhsullarının
üzərinə düşür.
İpək Yolu ölkələri
arasında Şengen vizasının analoqu yaradila bilər
İran
İslam Respublikasının vitse-prezidenti, İran Mədəni
İrs və Mədəniyyət Təşkilatının sədri
Seyid Həsən Musəvi konfransın əhəmiyyətindən
danışaraq tədbirin yüksək səviyyədə təşkil
olunduğunu bildirdi. İran rəsmisi beynəlxalq turizmin
inkişafı istiqamətində mühüm layihələrin
reallaşdırılması, İpək Yolu Baş
Assambleyasının yaradılması, İpək Yolu
Gününün təsis olunması və “İpək Yolu
Atlası”nın hazırlanması və bu kimi digər təkliflər
səsləndirdi. Vitse-prezident assambleyanın ilk
qurultayının gələn ilin sonunda İranda keçirilməsi,
2014-cü ilin “İpək Yolu” devizi altında elan olunması,
Ümumdünya Turizm Təşkilatının bir
gününün “İpək Yolu Günü” kimi qeyd edilməsi,
İpək Yolu ölkələri arasında Şengen
vizasına analoq olaraq sadələşdirilmiş viza rejiminin
tətbiqi və “İpək Yolu Atlası”nın tərtib
olunması təkliflərini bildirdi. Qeyd olundu ki, İran tərəfi
bu atlasın yaradılmasını öz üzərinə
götürmək istəyir. Konfrans işini «Qida və turizm:
qlobal meyillər və imkanlar», «İpək Yolunun kulinariya məkanlarının
aparıcı şəbəkəsi kimi qurulması» və
«İnkişaf üçün qida» mövzularında
sessiyalarla davam etdirdi. Gün ərzində tədbir çərçivəsində
«İpək Yolu qlobal səyahət mediasında» və «Rəqəmsal
dövr: sosial media və səyahət» adlı dəyirmi
masalar, həmçinin Azərbaycan, Türkiyə, İtaliya
və İspaniya mətbəxlərinin təqdimatı və
ustad dərsləri təşkil olundu, Azərbaycanın və
Gürcüstanın istehsalı olan şərabların
dequstasiyası keçirildi. Qeyd edək ki, konfrans bu gün
başa çatacaq.
Ümumdünya Turizm Təşkilatının
baş katibi: “Azərbaycanda turizmin inkişafı göz
önündədir”
Ümumdünya
Turizm Təşkilatında (ÜTT) Azərbaycan
üçün xüsusi iş yeri açılıb. Bunu
jurnalistlərə açıqlamasında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki,
ötən il Ümumdünya Turizm Təşkilatının
baş katibi Taleb Rifai bu təşkilatda Azərbaycana
xüsusi iş yerinin açılmasına söz verib və
artıq bu proses həyata keçirilib: “Artıq
Ümumdünya Turizm Təşkilatında Azərbaycanın
nümayəndəsi çalışır”. Nazir onu da deyib
ki, turizm sahəsində bu ilin nəticələri ondan xəbər
verir ki, Azərbaycana gələn turistlərin sayında
ötən ilə nisbətən 7% artım var: “Azərbaycan
bu il turizm sənayesində 7 faiz artırma nail olub. Bu da yeni
açılan mehmanxanalar, Azərbaycan keçirilən beynəlxalq
tədbirlərdən irəli gələn inkişafdır”.
Taleb Rifai isə jurnalistlərə açıqlamasında Azərbaycanda
turizmin inkişafının göz önündə
olduğunu bildirib: “Azərbaycan Avropa və Asiyanı birləşdirən
İpək Yolu üzərində yerləşdiyindən
ölkənin kulinariya və turizm potensialını təşviq
edə və bunun nəticələrini görə bilərik.
Bakıda gedən inkişafı hər səfərimdə
hiss edirəm”. Azərbaycanda üçüncü rəsmi səfərində
olduğunu deyən T.Rifai ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin
əhəmiyyətindən də danışıb: “Şəhərin
əvvəlki görünüşündən, uğur və
nailiyyətlərə əsasən deyə bilərəm ki,
Azərbaycanda turizm sahəsində ilbəil inkişaf
müşahidə olunur. Turizm sahəsi Azərbaycan
iqtisadiyyatında əhəmiyyətli yer tutur. Ümumiyyətlə,
respublika rəhbərliyinin bu qədər diqqət
ayırması təqdirəlayiqdir. Bu gün turizmin
gücü inanılmazdır. May ayında Azərbaycanın
ev sahibliyi etdiyi “Eurovision 2012” yarışmasını
uğurla keçirməniz bir daha sübut edir ki, Azərbaycan
gündən-günə inkişaf edir. Mən bu münasibətlə
hər birinizi təbrik edirəm”.
Nigar Abdullayeva
Palitra.-2012.-7 sentyabr.-S.5.