“Dövlət
siyasətinin əsas məqsədlərindən biri əhali artımına nail
olmaqdır”
Nazirlər Kabinetinin 2012-ci ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident
İlham Əliyevin toxunduğu
məsələlərdən biri də demoqrafik vəziyyətlə bağlı olub.
Bu gün Azərbaycan əhalisinin
sayı ölkəmizdə demoqrafik vəziyyətin qonşu
ölkələrdən daha yaxşı olduğunu göstərir
Ölkədə
həm iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız,
həm də əhalinin sayının artdığını
deyən ölkə başçısı bildirib ki, son məlumata
əsasən, artıq Azərbaycanın əhalisi 9,3 milyon nəfərə
çatıb: “Bu gün əhalinin sayı 9,3 milyondur, amma bir
neçə ildən sonra olacaq 15 milyon, 20 milyon. Yəni bu
proses gedir və gedəcək. Biz indidən müəyyən
əlavə tədbirlərin görülməsi ilə bu
prosesi daha da stimullaşdırmalıyıq”. Bu sahədə
Ermənistanın problemlə üzləşdiyini
vurğulayan ölkə başçısı onu da bildirib
ki, onların rəsmi statistikasına görə, ilin ilk
beş ayında 80 min nəfər ölkəni həmişəlik
tərk edib: “İlin sonuna qədər bu rəqəm təqribən
170, 200 minə çatacaq. Beləliklə, bir neçə
ildən sonra ümumiyyətlə, orada demoqrafik vəziyyət
həlledici məqama çevriləcək. Təsadüfi
deyil ki, son çıxışlarımda mən bu məsələyə
xüsusilə diqqət yetirirəm. Azərbaycanda demoqrafik vəziyyət
yaxşıdır, müsbətdir, təbii artım var. Ancaq
hesab edirəm ki, bu artım daha da güclü
olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin
artımını təmin etmək üçün yəqin
ki, əlavə tədbirlər görülməlidir”. Ölkə
başçısının sözlərinə görə,
bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
məsələsinin həlli üçün lazımdır,
ümumiyyətlə, gələcək üçün
lazımdır. Güclü olmaq üçün güclü
iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali
lazımdır: “Ona görə biz bu məsələ ilə
bağlı ciddi məşğul olmalıyıq. Bu günə
qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə
olaraq ölkə iqtisadiyyatı artdıqca təbii artım
da, necə deyərlər, daha da sürətli idi. Biz statistik rəqəmlərdə
bunu görürük.
Son illər ərzində doğulan
uşaqların sayı daha da çoxdur, nəinki
10-15 il bundan əvvəl.
Yəni bu, iqtisadi və
sosial amillərlə birbaşa
bağlı olan məsələdir. Ancaq yenə də deyirəm, biz
bu məsələyə yeni
prizmadan yanaşmalıyıq. Azərbaycan
əhalisi daha da
sürətlə artmalıdır”.Bu gün ölkədəki demoqrafik
vəziyyətlə bağlı ölkə
başçısının münasibət bildirməsinin çox xoş hal olduğunu deyən sosioloq Əhməd Abbasbəyli bildirdi ki, hazırda Avropa ölkələrində demoqrafik
vəziyyət, əhalinin artımı ilə bağlı böyük problemlər var:
“Son illər
məhz bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. O cümlədən Rusiyada bu sahədə ciddi problemlər mövcuddur
ki, bununla bağlı
proqramlar işlənilir və əhalinin
artımı ilə bağlı xüsusi
şərait yaratmağa
çalışırlar. Azərbaycanı digər ölkələrlə,
o cümlədən bizə qonşu olan Gürcüstan, Ermənistanla müqayisə
etdikdə bizdə vəziyyət daha
yaxşıdır. Statistikaya müraciət
etsək, 1980-90-cı illərdəki Azərbaycan əhalisi ilə
Ermənistan əhalisini müqayisə etdikdə elə bir fərq yox idi. Ancaq bu gün Azərbaycan
əhalisinin sayı 9 milyon 300 min nəfərdən artıqdırsa, Gürcüstanda 4 milyon
yarım, Ermənistanda 3 milyondan bir qədər artıqdırsa, bu, ölkəmizdə demoqrafik
vəziyyətin daha yaxşı olduğunu göstərir. Ölkə
başçısı da çox
düzgün olaraq
vurğulayıb ki, bəlkə
də Ermənistan rəhbərləri əhalinin azalmasına
sevinir: “Çünki
orada nə iş yerləri,
nə pul, nə iqtisadiyyat,
nə sənaye, nə də heç bir perspektiv yoxdur. Əhali nə qədər azalsa, hökumətin üzərinə
düşən yük də o qədər azalır. Bu,
bir yanaşmadır. Bizim
yanaşmamız tam başqadır. Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi
iradəmiz diktə edir ki,
Azərbaycan əhalisi daha da
artmalıdır”. Bu istiqamətdə bir sıra tədbirlərin
həyata keçirildiyini deyən sosioloqun sözlərinə görə, Prezident sərəncamı ilə təsdiqlənən
“Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
Dövlət Proqramı”nda da əsas məqsədlərdən
biri məhz əhali artımına nail olmaqdır: “Bundan
başqa “Sosial
müavinətlər haqqında” qanunda da uşağın anadan
olmasına görə müavinət nəzərdə tutulur. Bundan başqa ölkədə uşaqların
hüquqlarının qorunması ilə bağlı müvafiq sənədlər təsdiq edilib. Heydər Əliyev Fondunun
dəstəyilə uşaqların təhsili ilə
bağlı yeni məktəb binaları,
onların sağlamlıq problemlərinin həlli istiqamətində
yeni səhiyyə ocaqları istismara verilir. Bu
yaxınlarda Sabirabad şəhərində
bir ailədə 3 əkiz uşaq
dünyaya gəlib ki,
bu münasibətlə və evsiz olması səbəbindən kirayədə
yaşadığı nəzərə alınaraq həmin ailəyə
Prezidenti tərəfindən Sabirabad şəhərində müasir
tələblərə uyğun yaşayış
şəraiti olan 3 otaqlı mənzil verildi, eləcə də zəruri məişət
avadanlıqları hədiyyə edildi”.
Gənc ailələri həvəsləndirmək
üçün dəqiq proqramlar həyata keçirmək
lazımdır
Sosioloqun sözlərinə görə, ancaq bu o demək deyil ki, biz hazırkı rəqəmlə kifayətlənməliyik: “Ölkə başçısının çıxışında da məhz bu istiqamətdə bir sıra məsələlərə toxunuldu. Azərbaycan ailəsi ümumiyyətlə, çoxuşaqlı ailə olub. Ancaq hazırda bu ailədə bir, yaxud iki uşağın olmasına üstünlük verirlər. Bu da gələcəkdə demoqrafik vəziyyətlə bağlı problemlər yaranmasına səbəb ola bilər. Bu problemin qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər görülməlidir. Avropa ölkələrində, o cümlədən Rusiyada da bu istiqamətdə bir çox sosial, həvəsləndirici layihələr mövcuddur. Biz 8-9 uşaqlı ailəni çoxuşaqlı ailə sayırdıq, amma indi 3-4 uşaq olan ailə çoxuşaqlı ailə sayılır. Həmin çoxuşaqlı ailələr üçün isə müəyyən imtiyazlar mövcuddur. Ölkəmizdə bu sahədə imtiyazlar yoxdur. Ancaq Azərbaycanın iqtisadi inkişafı, müxtəlif istiqamətlərdə uğurları ilə bağlı bu istiqamətdə layihələrin həyata keçirilməsi daha rahat başa gələr, nəinki digər ölkələrdə. Azərbaycanın iqtisadi imkanları şərait yaradır verir ki, sosial layihələr həyata keçirilsin və sosial imtiyazlar yaransın. Məsələn, Rusiyada uşağın doğulması ilə bağlı müəyyən məbləğdə vəsait ayrılır, evlərin, nəqliyyat vasitələrinin verilməsi kimi hallar var. Bu gün bizdə də belə layihələrin reallaşdırılmasına ehtiyac var. Düzdür, bizdə hazırda sosial müavinətlər, uşaqların doğulması zamanı birdəfəlik yardım verilsə də, bu istiqamətdə daha böyük həcmdə layihələrə ehtiyac var”. Sosioloqun fikrincə, artıq bu məsələyə baxmağın vaxtıdır. Onun sözlərinə görə, bu məqsədlə gənc ailələri həvəsləndirmək üçün dəqiq proqramlar həyata keçirmək lazımdır: “Hazırda gənc ailələrin mənzillərlə təminatı ilə bağlı problemlər var. Artıq bir neçə ildir ki, ipoteka proqramı qəbul olunub, ancaq bu sahədə də bir sıra həlli vacib problemlər var. Bununla bağlı müvafiq strukturlar işləyir, müəyyən addımlar atılmalıdır. Gənc ailələrin işlə təminatı istiqamətində də müəyyən problemlər var və bu da ailədə çox uşağın dünyaya gəlməsinə əngəl yaradır. Eləcə də sosial müavinət və sosial təminatla bağlı müvafiq addımlar atılmalıdır ki, gənc ailələr daha da həvəsləndirilsin. Bundan başqa şəhərdəki gənc ailələrin bir qismi gələcəkdə uşağın təhsili, uşaq bağçaları ilə bağlı problemin olacağını düşünürlər. Bu kimi problemləri aradan qaldırmaqla gənc ailələr üçün yeni proqramlar hazırlayıb onları həvəsləndirərək gələcəkdə yarana biləcək demoqrafik problemlərin qarşısını ala bilərik. Əgər Prezident bu gün həmin məsələləri diqqət mərkəzinə çəkirsə, demək, gələcəkdə bu istiqamətdə yeni layihələr, yeni təşəbbüslər irəli sürüləcək və bu da çox müsbət haldır”. Onu da qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə təkliflər paketi hazırlanıb. Həmin təkliflər paketində çoxuşaqlı ailələrə güzəşt və imtiyazların verilməsi ilə bağlı məsələlər də yer alıb. Komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, qurumun hazırladığı təkliflərdə 5 və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif olunur. Komitə rəsmisi "Qəhrəman ana" adının da gündəmə gətiriləcəyini deyib. Belə ki, gələcəkdə 7-10 uşağı olan analara "Qəhrəman ana" adı verilməsi mümkün ola bilər. Qeyd edək ki, təkliflər paketi yaxın günlərdə Nazirlər Kabineti və Milli Məclisə təqdim olunacaq.
Nigar Abdullayeva
Palitra.-2012.-7 sentyabr.-S.7.