“İstiqlal Muzeyinin fəaliyyətində Azərbaycan
dövlətçiliyinin təbliğatı böyük
yer tutur”
Layihə çərçivəsində
növbəti müsahibimiz Azərbaycan İstiqlal Muzeyinin
direktoru Fəridə Şəmsidir:
- Azərbaycan İstiqlal Muzeyi Nazirlər
Kabinetinin 9 yanvar 1991-cı il tarixli 9 saylı qərarına əsasən
yaradılıb. Muzey yaradılandan dərhal sonra sənədlərin
işlənməsi və arxivlərin öyrənilməsi
zamanı çox maraqlı və mühüm bir məqam
aydın oldu. Azərbaycanın ilk rəsmi muzeyi 1919-cu il
dekabrın 7-də Azərbaycan parlamentinin eqidası altında
yaradılmış muzey idi. O, Azərbaycanın görkəmli
sənətşünas alimi Məmməd Ağaoğlunun
(1896-1949) təşəbbüsü ilə təsis olunmuş
və İstiqlal adını daşıyırdı. Birinci
yaradılan muzeydən heç bir eksponat qalmasa da, 1991-ci ildə
yaradılmış muzey mədəniyyət naziri Polad
Bülbüloğlunun 23 dekabr 1992-ci il sərəncamı ilə
«İstiqlal» adını alaraq birinci muzeyin mənəvi varisi
oldu. Muzeyin yaradılmasında məqsəd ən qədim
zamanlardan müasir dövrümüzə qədər Azərbaycan
xalqının mədəni-tarixi həyatındakı
mühüm hadisələri və öz istiqlalı
uğrunda apardığı mübarizə mərhələlərini
ardıcıl əks etdirməkdir. Muzey işçilərinin
zəhməti nəticəsində 20 minə yaxın eksponat
toplanıb. Bunlar nadir sənədlər, fotoşəkillər,
numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalardır.
- Muzey ziyarətçilərinin
hansı maraqlı faktlarla tanış olmaq imkanı var?
- İstiqlal Muzeyi Muzey Mərkəzinin
3-cü mərtəbəsində yerləşir və 6 zaldan
ibarətdir. I zalda Azərbaycanda ən qədim zamanlardan
başlayaraq XIX əsrin sonlarına qədər olan milli-azadlıq
hərəkatının tarixi ilə tanış olmaq olar.
Yerin azlığına görə burada ən qədim
dövrə, Xürrəmilər hərəkatına, Səfəvilər
dövlətinə, Gülüstan və Türkmənçay
müqavilələrinin bağlanmasına, Azərbaycanın
Rusiyaya birləşdirilməsinə aid bütün materiallar
cəmləşib. II zal ölkə tarixindəki qısa,
lakin öz mahiyyətinə görə çox zəngin olan
bir dövr, XIX əsrin sonu - XX əsrin əvvəllərini əks
etdirir. Bu, mədəniyyət və elmin, neft sənayesinin
inkişafı və bunun da nəticəsi kimi
Z.Tağıyev, Ş.Əsədullayev, A.Nağıyev və
başqa xeyriyyəçilər tərəfindən maliyyələşdirilən
yeni binaların, məktəblərin, teatrların və xəstəxanaların
tikilməsi dövrü idi. Bu zalda həm də XX əsrin
birinci yarısında Azərbaycanı titrətmiş gur hadisələrlə
də tanış olmaq olar. Rusiyanın tərkibinə daxil
olmuş Azərbaycanın şimal hissəsində də XX əsrin
əvvəllərində Rusiyanı bürüyən dəyişikliklər
baş verirdi - bu, ilk inqilabi dərnəklərin yaranması,
fəhlələr içərisində inqilabi təbliğat
və Azərbaycanda sovet hökumətinin qurulması idi. Lakin
bundan başqa 1905-1918-ci illərdə Azərbaycan xalqı ermənilər
tərəfindən soyqırıma da məruz qaldı. Dəhşətli
qırğın və təcavüz faktları həmin illərin
fotoxronikasında öz əksini tapıb. Həmin illərin
parlaq faktı 1918-ci il mayın 28-də təsis olunmuş
ADR-in fəaliyyəti idi. Cəmi 23 ay mövcud olmuş ADR bir
çox demokratik dəyişikliklər həyata keçirib,
Şərqdə ilk demokratik dövlət olub. Muzeyin ikinci
zalında Azərbaycan tarixinin bu mühüm dövrü
haqqında dolğun məlumat almaq olar. Gülüstan və
Türkmənçay müqavilələrinin
bağlanmasından sonra Azərbaycanın cənub hissəsi
İrana birləşdirildi. Xalqı bu cür böldülər,
lakin birləşmək, müstəqillik ideyası azərbaycanlıların
Cənubi Azərbaycanda mübarizəsinin başlıca
faktoruna çevrildi. Muzeyin III zalı məhz bu mövzuya həsr
olunub. «21 Azər» hərəkatının
iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin
köməyi ilə yığılmış materiallarda Cənubi
Azərbaycanda XX əsrin birinci yarısında baş verən
hadisələr - 1905-1911-ci illər Məşrutə hərəkatı,
1917-1918-ci illər Ş.M.Xiyabani hərəkatı və
1941-1945-ci illərdəki «21 Azər» hərəkatı öz
əksini tapıb. Bu zal gələn iranlı qonaqların və
dünyanın müxtəlif güşələrində
yaşayan azərbaycan diasporunun xüsusi marağına səbəb
olur. Azərbaycanda sovet hakimiyyətinin qurulması, Azərbaycanın
SSRİ-nin tərkibinə daxil olması cəmiyyətin
inkişafında öz şərtlərini diktə edirdi.
SSRİ-də baş verən bütün hadisələr Azərbaycanda
da əks olundu. Azərbaycanın minlərlə ən
yaxşı oğulları siyasi repressiyalara məruz qaldı.
Ekspozisiyanın IV zalının bir hissəsi bu mövzunu əks
etdirir. Elə buradaca Böyük Vətən müharibəsi
mövzusuna aid olan eksponatlarla tanış olmaq, Azərbaycan
xalqının düşmən üzərində qələbəyə
verdiyi töhfəsi haqqında öyrənmək olar.
- Müstəqillik tariximizlə bağlı muzeydə materiallar varmı?
- Azərbaycan üçün ölkənin
müstəqilliyinə gedən
yol çox keşməkeşli olub. Ermənistanın başladığı
müharibə, 1990-cı il qanlı 20 Yanvar hadisələri, sonrakı illərin faciəli hadisələri
günahsız qurbanlara
səbəb oldu. Şəhidlər, qaçqınlar, işğal olunmuş torpaqlar - bütün bunlar həmin dövrün reallıqlarıdır.
Lakin buna baxmayaraq 1991-ci il
oktyabrın 18-də ölkənin
müstəqilliyi elan
edildi. Azərbaycanın inkişafında yeni mərhələ
1993-cü ildə, ölkəmizin
ümummilli lideri Heydər Əliyevin hakimiyyət sükanını
ələ almasından
sonra başladı.
Ölkə tarixinin bu dövrünün fotoxronikasını,
Qarabağ müharibəsinə
aid eksponatları muzeyin
V zalında görmək
olar. VI zal
Azərbaycan tarixinin günümüzə qədər
olan bütün sonrakı dövrünü
əks etdirir. Burada müstəqil Azərbaycanın Konstitusiyasının
qəbul olunması, dövlət və ordu quruculuğu, iqtisadiyyat və neft siyasəti, xarici siyasət və beynəlxalq təşkilatlarda iştirak-
BMT, ATƏT (Lissabon sammiti,
ATƏT-in İstanbul sammiti)
və başqa mühüm sahələrdəki
fəaliyyətlə bağlı
fotoxronika ilə tanış olmaq olar. 1993-cü il
iyunun 15-i tariximizə
Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi
inkişaf yolu haqqında muzeyin ziyarətçilərinə VI zalda geniş məlumat verilir. Burada müstəqil Azərbaycanın dövlət
və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını,
Azərbaycanın tarixi
üçün çox
əhəmiyyətli olan
"Əsrin müqaviləsi"nin (1994) bağlanması,
ölkəmizin mədəniyyətini,
beynəlxalq təşkilatlarda
iştirakını əks
etdirən fotoxronika nümayiş olunmaqla yanaşı Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar diqqəti cəlb edir. Onu da qeyd edim ki, 2011-ci ildə Prezident İlham Əliyev Bakı şəhərində
İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər
haqqında sərəncam
imzalayıb.
- Muzeyə yeni eksponatlar daxil olurmu?
- 1993-cü il 6 may tarixində Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin
711 eksponatı, 1993-cü ilin
10 dekabr tarixində Cəbrayil Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin 16 minə yaxın eksponatı İstiqlal Muzeyinin fonduna qəbul edilib. Bu eksponatlar
bugünədək muzeydə
saxlanılır və
muzeydə keçirilən
muxtəlif sərgilərdə
nümayiş olunur.
Bundan başqa muzeydə Azərbaycan tarixinin müəyyən tarixi hadisələrinə həsr
olunmuş müxtəlif
tədbirlər, görüşlər,
sərgilər keçirilir.
Azərbaycan İstiqlal Muzeyinin
fəaliyyətində gənclərin
patriotizm və Vətənə məhəbbət
ruhunda tərbiyə olunması, Azərbaycan dövlətçiliyinin təbliğatı,
Azərbaycan tarixinin daha dərindən və incəliklərinə
qədər öyrənilməsi
çox böyük yer tutur. Muzeyə yeni eksponatlar daxil olur ki, son belə
eksponatlardan biri tanınmış jurnalist-publisist,
"Bakinski raboçi"
qəzetinin baş redaktorunun müavini, Qaçqınlar və Məcburi Köçkünlərin
Hüquqlarının Qorunması
Mərkəzinin rəhbəri
Tatyana Çeladze tərəfindən
təqdim olunub, o, ermənilərin azərbaycanlılara
qarşı törətdiyi
Xocalı soyqırımı
ilə bağlı bəzi sənədləri
Azərbaycan İstiqlal
Muzeyinə təhvil verib. Həmin sənədlər Xocalı faciəsinin şahidlərinin dindirilmə
protokolları, itkin düşənlər haqqında
protokollar, ekspert rəyləri və sairdir. Bu eksponatlar
2013-cü ildə Azərbaycan
İstiqlal Muzeyində
Xocalı faciəsinə
həsr olunmuş sərgi-tədbirdə nümayiş
olunacaq.
Nigar Abdullayeva
Palitra.- 2012.- 14 sentyabr.-
S.11.