Kulturologiya zamanın nəbzini
tutan baxışlar sistemidir
Bu
gün Azərbaycan cəmiyyətində kulturoloji maarifləndirilmə
məsələləri aktual məsələlərdən
biri kimi müzakirə edilməkdədir. Belə ki, cəmiyyətin
geniş təbəqələrinin bu məsələlərlə
bağlı ətraflı maarifləndirilməsi olduqca önəm
kəsb edir. Xatırladaq ki, ötən saylarımızda layihə
çərçivəsində bu mövzuya bir neçə
dəfə toxunmuşuq. Bu dəfə isə sözügedən
mövzuya bir qədər elmi-nəzəri rakursdan
yanaşmağı qərara aldıq.
Beləliklə, layihə çərçivəsində
mövzu ilə bağlı müsahibimiz Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, “kitabxana.net” Milli
Virtual Kitabxananın rəhbəri,
yazıçı-kulturoloq Aydın Xandır (Əbilov). Mövzu ilə
bağlı fikirlərini bildirən A.Xan qeyd etdi ki,
çağdaş kulturologiya
klassik düşüncə
texnologiyalarına rəğmən daha çevik və qlobal geomədəni,
milli və bəşəri
baxışlar sistemini özündə
birləşdirir: “Bu mənada
bir nümunə göstərmək mümkündür. İslam
Şərqini, eləcə də Hindistan,
Çin, ABŞ, Qərb müsəlmanlarını
çalxalayan növbəti təhrikedici
“incəsənət” nümunəsi - ABŞ vətəndaşı
rejissor Sem Besilin çəkdiyi qalmaqallı, heç bir sənət dəyəri
kəsb etməyən, islamofobiyanın növbəti
göstəricisinə çevrilmiş
“Müsəlmanların məsumiyyəti” adlı film bir daha
sübut etdi ki, ənənəvi baxışlarla mədəniyyətə
qiymət vermək olmaz. Hətta bir çox kulturoloqlar da ortaq məxrəcə gəlməyə
başlayıblar ki, hər yaradılan sənət
nümunəsini böyük mənada mədəniyyət
əsəri saymaq olmaz.
Məlum mövzuda təhrikedici
karikatura, eləcə də bu mənasız növbəti film
qalmaqalı İslam dünyasında Qərbə
qarşı növbəti əks-reaksiyaya səbəb oldu: bir sıra ölkələrdə
ABŞ səfirliyinə hücum,
diplomatların həyatına qəsd və başqa
şiddət halları göstərir ki,
sivilizasiyalararası münaqişəyə, insanların hiddətinə
səbəb olan, dini
baxışlara həqarət edən, mədəniyyətin dialoquna xələl gətirən istənilən
əsər rədd edilməlidir. Bir sözlə, bu cür mənfi enerjili “sənət əsərləri” bəşəriyyətin,
hər hansı millətin, yaxud qrupun incəsənətinə aid
edilməməli, pislənilməlidir, ictimai-mədəni
şəkildə bu cür
nümunələri yaradanlardan üz çevirmək lazımdır ki, başqalarına da ibrət
olsun...”Kulturoloq
düşünür ki,
Azərbaycan cəmiyyəti qədim Şərqin və inkişaf etmiş Qərbin
müxtəlif dəyərlərini özündə birləşdirən
kulturoloji məkana malikdir:
“Əsrlər boyu dünyanın elə bir intellektual-kreativ dəyərini
tapmaq mümkün deyil ki, məmləkətimizə
öz təsirini
bağışlamasın. Azərbaycanda tarixən də, indinin özündə də atəşpərəstlik
məbədi ilə xaçpərəstlik kilsəsi müsəlman
məscidi ilə yanaşı qurulub,
müxtəlif inanclı, dünyagörüşlü
insanları bir araya gətirib.
Klassik şairlərdən tutmuş,
ta alim və indiki yazarlara qədər
dünyanın sivil dəyərlərini
öyrənib öz
yaradıcılıqlarında, əsərlərində təbliğ
ediblər. Nizami, Tusi,
Nəsimi, Füzuli, Axundov,
Cavid, Səməd Vurğun,
Rəsul Rza kimi
klassiklərin əsərlərini yada salaq. Axtarsaq, Hindistan, Çin
kimi nisbətən yaxın ölkələrlə
yanaşı, hətta uzaq Güney
Amerika kimi bir mədəni mühitin
Markes, Borxes, Kastaneda kimi nümayəndələrinin
əsərləri, yaxud hindu-Maya
mədəniyyəti, fəlsəfəsi vasitəsilə bizə
xüsusi təsirini görə bilərik.
Bu isə Azərbaycanda dünyaya
çıxarılası universal, multimədəniyyət
nümunələrinin yaranmasına stimul verir. Dünya Alim Qasımovun ifasında milli
muğamlarımızı məhz bu səbəbdən
rahat qavraya, qəbul
edə bilir. Biz hələ
Üzeyir Hacıbəyov, Qara
Qarayev, Fikrət Əmirov kimi
bəstəkarlarımızın, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir
Salahov kimi rəssamların
yaratdıqları ümumbəşəri əsərləri demirik”. Kulturoloq qeyd edir:
“Ölkəmizdə təşkil olunan
dünyaçaplı mədəniyyətlərarası forumlar, müxtəlif beynəlxalq tədbirlər,
sivilizasiyalar və dinlərarası dialoqa xidmət edən konfrans
iştirakçıları da
vurğulayır ki, Azərbaycan Şərq-Qərb
inteqrasiyasına özünəməxsüs dəyərlər,
töhfələr verməklə, müxtəlif
qütblərə ayrılmış bəşəriyyətə
bir amal uğrunda - tolerant birgəyaşayış
mədəniyyətinin inkişafına xüsusi
təkan vermiş olur.Respublikamızda son illər kitabxana, teatr, kino, ədəbiyyat,
muzeylər, tarixi yerlər və abidələr,
təbiət qoruqları, ekoloji
mühafizə, elektron dövlət, virtual kitabxanalar, təhsil,
elm və incəsənətin
inkişafı ilə bağlı yeni-yeni
dövlət proqramları həyata keçirilir.
Dövlətin bu qayğı və
diqqəti isə cəmiyyətimizin kulturoloji inkişafına
yönəlib. Əlbəttə, hər bir sahədə
işlərimizin yüksək səviyyədə getdiyini
söyləmək olmaz. Milli kino, elitar musiqi sahələrimiz,
eləcə də kulturoloji təhsil, elmin bu istiqamətinə
diqqət, maraq hələ də arzuolunan səviyyədə
deyil. Təəssüflər olsun ki, bizdə hələ də
kulturologiyanın nəhəng bir elm - intellektual-kreativ
düşüncə sahəsi olduğunu anlayan insanların
sayı yetərincə deyil. Qonşu Rusiya və
dünyanın aparcı ölkələrində hələ
orta məktəb-liseylərdə “Kulturologiya”,
“Kulturologiyanın tarixi”, “Kulturologiyanın əsasları və
nəzəriyyəsi” kimi məcburi fənlər ayrıca dərs
sahəsi kimi keçirildiyi halda, Azərbaycanda heç ali təhsil
ocaqlarının rəhbərləri bu elmin mahiyyətini
anlamırlar. Bu da öz növbəsində cəmiyyətin
bütün sahələrinə nüfuzetmə imkanına
malik bir düşüncə texnologiyası, elm sahəsi olan
milli kulturologiya sahəsinin inkişafını ləngidir, bəzi
hallarda isə onun bağlı olduğu digər elmi-praktik
istiqamətləri zəiflədir”. Kulturoloq bildirir ki, ölkəmizdə
hələ də kulturologiyaya aid kitablar - nəşr olunan dərsliklər,
monoqrafiyalar, dərs vəsaitləri, elmi məqalələr,
analitik yazıların sayı o qədər azdır ki, onlar hətta
beynəlxalq kataloqlara düşmür. Milli kulturoloji ədəbiyyatın
keyfiyyətindən danışmağa belə dəyməz:
problem o qədər aktualdır
ki, bəzən ciddi fəsadlara aparıb çıxarır.
Bu günlərdə Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyi ali məktəblərin birində kafedra
müdiri işləyən bir alimin kulturologiyaya aid dərsliyinin
pirat olduğunu, başqa alimlərin uyğun kitablarından
köçürmələrin baş verdiyini elan etdi. Onsuz da
bu sahə Azərbaycanda az inkişaf edib, onu daha çox mədəniyyətşünaslıq
kimi qəbul edirlər. Peşəkar kulturoloq alimlərin,
mütəxəssislərin sayı məhduddur, onların da
imkanlarından istifadə olunmur. Bura bizim kulturologiya ədəbiyyatımızın
böyük hissəsinin ruslardan və başqa millətlərin
alimlərindən tərcümə edilmiş əsərlərdən
ibarət olduğunu da əlavə etsək, problemin
aktuallığı aydın sezilər.Şəxsən
humanitar kulturologiyaya aid iki kitabın, çoxsaylı məqalələrin
müəllifi olaraq bir sıra ali təhsil ocaqlarına
kulturologiya fənnini keçməklə bağlı
müraciətlər etsəm də, hamı vacibliyini
vurğulayır, amma qabağa düşəni olmur, mövcud
təhsil siyasətində dəyişikliklərə imkan vermədiyini
söyləyirlər”. Kulturoloq bu sahədə konkret təkliflə
də çıxış etdi: “Bir daha ölkə ictimaiyyətinə,
təhsil sahəsinin mütəxəssislərinə, aidiyyəti
dövlət orqanlarına müraciət edib deyirik: nəinki
ali təhsil ocaqlarımız, universitet və
texnikumlarımızda, eləcə də orta məktəb-liseylərimizdə
mütləq “Kulturologiya”, “Kulturologiynın tarixi”,
“Kulturologiyanın əsasları və nəzəriyyəsi”,
“Çağdaş kulturoloji məktəblər” kimi məcburi
fənlər ayrıca fənn sahəsi kimi keçirilməli,
yeni nəslin dünyagörüşündə kulturoloji
baxışlar möhkəmləndirilməlidir”.
İlkin AĞAYEV
Palitra.- 2012.- 18 sentyabr.- S.11.