«Gənclərin
iştirakı ilə Qubada ilk dəfə kitab flaşmobu keçirmişik»
Layihə
çərçivəsində müsahibimiz Quba Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Saməddin Nəsirovdur:
- Kitabxanalarınızda hansı yubileylər keçirilir?
- Demək olar ki, tanınmış bütün şair və yazıçılarımızın yubileylərini qeyd edirik. Bu yubileylər bizə həm də kitabı təbliğ etmək üçün bir vasitədir. Mərkəzi Kitabxanada Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynamış, poeziyamızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi ilə əlaqədar Natəvan şairə, xeyriyyəçi və rəssam kimi mövzusunda dəyirmi masa keçirmişik. Keçirdiyimiz digər tədbirlərdə şairənin həyatı, klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları ilə seçilən yaradıcılığının əks olunduğu kitablar və dövri mətbuat nümunələri barədə məlumat verilib. Görkəmli ictimai xadim, böyük maarifpərvər, istedadlı publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyi ilə əlaqədar Milli mətbuatımızın banisi mövzusunda dəyirmi masa keçirmişik. Tədbirdə dövlət başçısının xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyəti qeyd edilib, milli mətbuatımızın banisinin və onun övladlarının ömür yolu, xalqımızın tərəqqisi naminə gördüyü əvəzsiz xidmətlərdən danışılıb. Dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə geniş auditoriyanın iştirakı ilə oxucu konfransı keçirmişik. Konfransda qeyd edilib ki, M.F.Axundzadə əsərlərində zülm və özbaşınalığa, ədalətsizlik və qanunsuzluğa, nadanlıq, dini fanatizm və ətalətə qarşı çıxıb, doğma xalqının, ümumən Şərq xalqlarının milli intibahı, zəhmətkeş kütlələrin azad və xoşbəxt həyatı uğrunda mübarizə aparıb. M.F.Ağundzadənin həyatı, ictimai fəaliyyəti, dramaturgiyası ilə bağlı geniş müzakirələr aparılıb. Qeyd edilib ki, M.F.Axundzadə bir maarifçi kimi komediyalarında feodal cəmiyyətinin əsas ictimai eyiblərini tənqid atəşinə tutmaqla bərabər öz müasirlərini mütərəqqi Avropa mədəniyyətinə yiyələnməyə çağırmış, insan ağlına, zəkasına yüksək qiymət vermiş şəxsiyyətdir. Gülüstan elmi-ədəbi məclisinin üzvü, II Nügədi 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Abdulla Məmməd Azərbaycan ədəbiyyatının yaranması və inkişafında M.F.Axundzadənin bədii, poetik əsərlərinin əhəmiyyətli rolundan danışıb. Tədbirin sonunda iştirakçılar oxu zalında təşkil olunmuş M.F.Axundzadə -200 adlı kitab sərgisi ilə tanış olublar. Qəçrəş kənd tam orta məktəbində rayon MKS-in Qəçrəş kənd kitabxanasının və məktəb kollektivinin təşkilatçılığı ilə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş oxucu konfransı keçirilib. Mərkəzi Kitabxanada dahi Azərbaycan şairi M.Ə.Sabirin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar oxucu konfransı keçirilib. Tədbirdə böyük ədibin 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ölkə rəhbərliyinin mədəniyyətimizə və ədəbiyyatımıza göstərdiyi qayğı və diqqət kimi dəyərləndirilib.
- Gənclərlə işi
necə qurursunuz?
- Gənclərlə
işi həmişə diqqət mərkəzində
saxlayırıq. Gənclər cəmiyyətin əsas hərəkətverici
qüvvəsidir. Onların vətənpərvərlik ruhunda tərbiyəsi, kitabı sevməsi çox vacibdir. Biz kitabxanaçılar olaraq
rayonumuzda gənclərlə işə xüsusi diqqət göstəririk. Bu istiqamətdə bir
sıra tədbirlər keçirərək orada
gənclərin iştirakına çalışırıq. MKS-in Mərkəzi
Kitabxanasının Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Gənclər və İdman Nazirliyi tərəfindən
dəstəklənən Bölgələrdə yaşayan gənc yazarlarla
görüşlər layihəsi çərçivəsində
görüşlər keçirilib.
Tədbirdə iştirakçılara bölgədə fəaliyyət
göstərən Ay
işığı, Gülüstan, Ulduzlar, Şabran ədəbi
məclisləri, eləcə də AYB Quba
bölməsinin fəaliyyəti barədə ətraflı məlumat
verilib. Dünya Gənc Türk Yazarlar
Birliyinin sədri Ə.Qoşalı təşkilatın
nəinki Azərbaycanda, eləcə də Türkiyədə,
Qazaxıstanda, Türkmənistanda, Qırğızıstanda
və digər respublikalarda keçirdiyi tədbirlər barədə,
bölgələrdə fəaliyyət göstərən ədəbi
birliklər və yaradıcı qurumlarla
iş birliyi
haqqında geniş məlumat verib. O, qubalı gənc yazarların şeir və hekayələrinin dinlənəcəyini,
bəyənilən nümunələrin dərc olunacaq yeni almanax
üçün seçiləcəyini və
gələcəkdə də yerli yazarlarla sıx əlaqələr qurulacağını
bildirib. Daha sonra Quba yazarları ilə
yanaşı Xaçmaz və Şabrandan gələn şairlər öz şeirlərini, əsərlərini
iştirakçılara təqdim ediblər. AYB-nin
qubalı üzvləri və başqaları öz
şeirləri ilə çıxış ediblər. Qubada fəaliyyət göstərən YURD İntellektual Gənclərin
İnkişafına Dəstək İctimai
Birliyi və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı
ilə Qubada ilk dəfə
kitab flaşmobu keçirilib. Quba
meydanında yenicə istifadəyə verilmiş
parkda təşkil olunan
flaşmobun keçirilməsində əsas
məqsəd əhali arasında kitaba diqqəti
artırmaq, kitab oxumağa
maraq oyatmaq olub. Tədbirdə təşkilatın 30 nəfərə
yaxın fəal üzvü və
könüllülər birdən toplaşaraq
oturacaqlarda əyləşərək,
ayaqüstə və gəzişərək, fəvvarələrin
ətrafında müxtəlif mövzulu kitablar oxuyublar. Kitab flaşmobunun keçirilməsi geniş
oxucu kütləsinin marağına səbəb
olub. Belə tədbirlərin təkrarlanmasını
planlaşdırırıq.
-
Rayon kitabxanaları işini əsasən hansı istiqamətlər
üzrə qurur?
- Prezidentin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə oxucuların mütaliəyə marağını artırmaq, onlara kitab mədəniyyətini aşılamaq üçün rayon MKS-in Mərkəzi, Uşaq kitabxanasında, habelə şəhər, qəsəbə və kənd kitabxana filiallarında monitorinqlər keçirilir. Monitorinqlər zamanı oxuculara dərslik, dərs vəsaitləri, uşaq ədəbiyyatı və bədii ədəbiyyat təqdim olunur. Eyni zamanda Nizami layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyilə hazırlanmış elektron kitabların siyahısı monitorinqlərdə müzakirə edilməsi üçün təqdim olunur. Oxucuların kitab və mütaliəyə marağını artırmaq məqsədilə də monitorinq keçirilir. Mərkəzi Kitabxanada bu məsələlərlə bağlı seminar-müşavirə keçirmişik. Toplantıda kitabxana filiallarında işin vəziyyəti, Rayon İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən filiallarda aparılmış yoxlamalar və onların nəticələri haqqında danışılıb. Seminar-müşavirədə bəzi kənd kitabxana filiallarında bədii tərtibat işinin zəif olduğu bir daha vurğulanıb və filial müdirlərinə öz işlərində ciddi dönüş yaratmaları qəti olaraq tapşırılıb. Qarşıdan yeni tədris ili gəlir. Mərkəzi Kitabxanada bu məsələ ilə bağlı da müşavirə keçirmişik. Müşavirədə 2012-2013-cü yeni dərs ilinin başlanması ilə əlaqədar MKS-i əhatə edən kitabxana filiallarının qarşısında duran vəzifələr, Prezidentin müvafiq sərəncamları ilə 2012-ci ildə Azərbaycanın tanınmış mütəfəkkirlərinin, şairlərinin, yazıçılarının yubileylərinin keçirilməsinin vacibliyindən, habelə kitabxana filiallarında aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanlar və onların aradan qaldırılması yollarından danışılıb. Ən qısa müddət ərzində problemlərin həll edilməsinə çalışırıq. Kitabxanalarımız da yeni tədris mövsümünə hazırdır.
Anar Miriyev
Palitra.- 2012.- 19 sentyabr.- S.12.