Puneet Chhatval: “Azərbaycan
turizm bazarının artım potensialı
üzrə dünyanın ən perspektivli
ölkələrindən biridir”
Bakıda «JW Marriott Absheron Baku» hotelində Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatının (HVS) təşkilatçılığı, Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə MDB ölkələri və Gürcüstan üzrə birinci mehmanxana investisiya konfransı (İCON-2012) öz işinə başladı. MDB və Gürcüstan mütəxəssisləri üçün nəzərdə tutulan konfrans regionda qonaqpərvərlik sektorunun və investisiya mühitinin inkişafına nail olmaq məqsədilə reallaşdırılır.
«HVS Global
Hospitality Services - Moscow»un
direktoru Tatyana Beller tədbiri açaraq bildirdi ki, bu,
təmsil etdiyi təşkilatın ilk tədbiridir.
Tədbiri təşkil
etməkdə məqsəd
MDB və Gürcüstanda
qonaqpərvərlik biznesində
olan problemləri müzakirə etməkdir:
«Əgər müsbət
nəticələr əldə
etsək, bunu ənənə şəklində
davam etdirəcəyik.
İlk tədbirimizi Bakıda təşkil etməyimizin səbəbi
isə Azərbaycanın
paytaxtında qonaqpərvərlik
biznesi sahəsində
olduqca böyük potensialın olmasıdır.
Amma problemlər də var. Bunlardan ən birincisi ölkədə aşağı
ulduzlu hotellərin sayının çox az olmasıdır. Düzdür, 4 ulduzlu, 5 ulduzlu brend hotellər
beynəlxalq tədbirlərin
keçirilməsi üçün
çox əlverişlidir.
Lakin qonaqpərvərlik
biznesinin inkişafı
üçün 1, 2, və
3 ulduzlu hotellərin olması da vacib şərtdir. Sahibkarları bu istiqamətdə investisiya
yatırmağa cəlb
etməyin yollarını
aramaq lazımdır.
Bu sahədə mövcud
olan problemlərdən
biri də viza qaydalarının sadələşdirilməsi ilə
bağlıdır».
«Carlson Rezidor Hotel Group»un baş meneceri Puneet Chhatval bildirdi ki, Azərbaycan
turizm bazarının uzunmüddətli artım
potensialı üzrə
dünyanın ən perspektivli ölkələrindən
biridir: «Regionun hər bir ölkəsi
üçün turizmin
artım potensialının
təhlili zamanı
biz gördük ki,
2012-ci ilin proqnozları
nikbin olduğu halda, uzunmüddətli artım məhduddur. Azərbaycan nəinki MDB ölkələri arasında
liderdir, həm də şübhəsiz, bazarın uzunmüddətli
potensialından danışarkən
dünyada ən perspektivlilərdən biridir».
Puneet Chhatval qeyd etdi ki,
HVS şirkəti 2012-ci il
üçün «Rusiya,
MDB və Gürcüstanın
mehmanxana bazarları. Tendensiyalar və perspektivlər» adlı hesabat hazırlayıb. Sənədə görə,
MDB ölkələrinin ÜDM-də turizm sənayesinin ümumi payı 5-8 faiz təşkil etdiyi halda, dünyada orta göstərici 14 faizdir: «Bir çox
MDB ölkələrinin iqtisadiyyatları
əhəmiyyətli dərəcədə
neftdən və emal sənayesindən asılıdır. Dünyanın
digər ölkələri
ilə müqayisədə
ÜDM-də turizm sənayesinin payının
az olması da buradan irəli
gəlir. Digər tərəfdən, ÜDM-də
mütləq pay daha çox pozitiv görünür. Bu cür
ümumi tendensiyalar belə bir fakt
təsdiqləyir ki,
MDB ölkələrində turizm sənayesi inkişaf etdiyi halda hər bir ayrıca ölkənin iqtisadiyyatında
onun payı hələ də kifayət qədər aşağı olaraq qalır». Onun fikrincə, turistlərin realizə olunan alıcılıq qabiliyyəti
baxılması tələb
olunan daha bir mühüm aspektlərdən biridir: «Rusiyada, Azərbaycanda və Qazaxıstanda turizmdən gəlirlərin
böyük bir hissəsi (65-77 faiz) daxili sərnişin axını ilə bağlıdır. Ukraynada
demək olar yarıbayarıdır: daxili
gəlirlərin 47 faizi
və xarici gəlirlərin 53 faizi».
“Qonaqpərvərlik
təhsili: qlobal tələbata qarşı
yerli təchizat” mövzusunda məruzə edən Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər
Cəfərov bildirdi ki, belə bir
konfransın Bakıda
təşkili bir daha paytaxtımızın
turizm sahəsində mərkəzi yer tutduğunun göstəricilərindən
biridir. O, son illərdə
Azərbaycanda yüksək
standartlara cavab verən mehmanxanaların sayının artdığını,
dünyada ən nüfuzlu şəbəkəsi
olan brendlərin ölkəmizdə otellər
açdığını vurğuladı. C.Cəfərov
rəhbərlik etdiyi ali təhsil ocağı, burada kadr hazırlığı
zamanı diqqət yetirilən məqamlar, tədris prosesi, institutun xarici əlaqələri barədə
tədbir iştirakçılarına
ətraflı məlumat
verdi. İnstitutun beynəlxalq əlaqələrinin
genişləndiyini qeyd
edən natiq tələbələrin Yunanıstan,
Türkiyə, İsrail,
Şimali Kipr, Qazaxıstan, Ukrayna, Rusiya və digər yerlərdə təcrübə keçdiklərini
diqqətə çatdırdı.
Çıxışının sonunda rektor bildirdi ki, iCON
MDB-də mehmanxana sektorunun problemlərinin və perspektivlərinin müzakirəsi üçün
beynəlxalq investorları
və operatorları, həmçinin nüfuzlu
regional ekspertləri və
hakimiyyətin nümayəndələrini
birləşdirərək, nümayəndələrə regionda
turizm və mehmanxana sektorlarının
inkişaf strategiyalarına
dair fikir mübadiləsi aparmaq üçün əla platforma verəcək.
Azərbaycan Turizm Assosiasiyasının
sədri Nahid Bağırov isə məruzəsini Azərbaycan
dövlətinin mehmanxana
biznesinin inkişafında
sahibkarlara yaratdığı
müsbət şərait
üzərində qurdu.
Qurum rəhbəri bildirdi ki, dünyanın
heç bir ölkəsində Azərbaycanda
olduğu səviyyədə
dövlət turizmin inkişafına diqqət və qayğı göstərmir: «Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyi artıq neçə illərdir ki, beynəlxalq turizm sərgilərində öz
hesabına sahə icarəyə götürüb
orada hotellərin və turizm şirkətlərinin öz
məhsullarını nümayiş
etdirməsi üçün
şərait yaradır.
Problemlər yoxdur demirik. Amma bu
problemlərin həlli
istiqamətində işlər
görülür və
müsbət nəticə
də var».Konfransda həmçinin “Luxure” seqmentində layihələr:
“Nə qədər kifayətdir”, “Regionda “qaynar nöqtələrin” inkişafı”,
“Mehmanxanaların hüquqi
aspektləri - sahibkar münasibətləri”, “Turizmin
inkişafına dövlət
dəstəyi” mövzularında
panel iclasları keçirildi.Qeyd
edək ki, Qonaqpərvərlik üzrə
Beynəlxalq Konsaltinq Təşkilatı (HVS) uzun
illərdir ki, öz tədqiqat və analizlərinə əsasən, mehmanxana sektorunun dünyada qarşılaşdığı problemlərin həllinə
nail olur, MDB ölkələrinin
bu sahədə yüksək nailiyyətlər
əldə etməsinə
yardım edir. 1980-ci ildən fəaliyyət göstərən təşkilat
təmsil etdiyi sahə üzrə ildə 2000-dən çox
layihə həyata keçirir. Qonaqpərvərlik
sferasının ən
tanınmış təmsilçiləri
bu təşkilatın
müştəriləridir. Təşkilatın beynəlxalq
şəbəkəsində 32 ofisi mövcuddur ki, burada da
350 nəfərdən artıq
peşəkar çalışır.
HVS getdikcə öz fəaliyyət dairəsini
genişləndirir.
iCON isə beynəlxalq investor
və operatorları, nüfuzlu regional ekspertləri,
eyni zamanda MDB ölkələrində qonaqpərvərlik
sahəsində söz
sahiblərini birləşdirir.
Təşkilat region mütəxəssislərinin
turizm və mehmanxana sahəsinin inkişafına dair bilik və təcrübələrini
bölüşə bilməsi
üçün mövcud
olan bir qurum kimi tanınır.
Qurumun Bakı konfransı öz işini sentyabrın 19-da yekunlaşdıracaq.
Nigar Abdullayeva
Palitra.- 2012.- 19 sentyabr.- S.10.