İzmir və Egedə gördüklərimiz, yaşadıqlarımız...

 

Ötən saylarımızda İzmirin gözəlliklərini bir sıra cəhətlərdən tanıtmışdıq. Bu dəfə isə İzmirin şanlı və çox qədim tarixini bütün əzəməti ilə əks etdirən muzeylərdən danışacağıq.  

Beləliklə, Qərbi Anadoludakı ilk muzeylərdən biri olan İzmir Arxeoloji Muzeyinə Konak meydanından yuxarıya doğru gedərək asanca çatmaq olar. Muzey 1924-cü ildə tərk edilmiş Ayavukla kilsəsində qurulub, 3 illik eksponat toplanışından sonra 1927-ci ildə açılıb. Amma 1951-ci ildə Kültürparkdakı Milli Təhsil Pavilyonuna daşınıb. 1984-cü ildə indiki 5000 kvamdartmetrlik yerində yenidən xidmətə başlayıb. Əsərlərin açıq havada qala bilənləri bağçada sərgilənir. Üç mərtəbəli muzeyin Üst qatdakı salonunda fərqli qazıntı yerlərindən gələn əsərlər yer alır.  Buradakı Xəzinə salonunda arxaik, helenistik, Roma və Bizans dönəmlərinə aid qızıl, gümüş, cam və dəyərli daşlardan düzəldilmiş bəzək əşyaları, sikkələr və  Demetra tanriçasının bürünc heykəli var. Orta mərtəbədə arxaik dönəmdən Roma dönəmi sonuna qədər heykəllər, büstlər, portret və maska kimi mərmər əsərlər sərgilənir. Muzeyin xüsusiyyəti ondadır ki, burada bənzəri olmayan 6749 ədəd çeşidli əsər sərgilənir. Erythrai, Efes, Kadifekale, Aqora, Baklatepe Höyüyü, Panaztepe, Gyneion(Hacıömərli), Pitane(Çandarlı) kimi qazıntı yerlərindən əldə edilən tapıntılarla Xəzinə dairəsində miladdan öncə 5000-ci illərdən başlayıb sonrakı Roma dönəminə qədər uzanan, altun, gümüş, bürünc və fildişi əsərləri, zümrüd və yaqut kimi qiymətli daşlardan düzəltmə bəzək əşyaları, parfüm qabları, vazalar var.

Namazgah səmtində olan Aqora isə Roma dönəmindən(II əsr) qalma və Hippodamos şəhər planına görə mərkəzə yaxın yerdə üç mərtəbə şəklində inşa edilib. Bu, bir dövlət aqorasıdır, yəni burada siyasi qərarlar və müzakirələr aparılırmış. Ən böyük və ən yaxşı qorunmuş İon Aqorası olan Smirna Aqorası  dördbucaq formalı, ortada geniş bir meydanı  olan və ətrafı sütunlu qaleriyalarla çevrələnmiş bir tikilidir. Miladdan öncə 4-cü əsrdə qurulub. 178-ci ildə baş verən zəlzələdə yıxılıb, yenidən inşa edilib. 1932-1941-ci illərdəki ilk dönəm qazıntılarında böyük hissəsi ortaya çıxarılan Aqora quzey stoa (bazilika) və qərbi stoanın bodrum qatı üzərində yüksəlməkdəydi. Bazilikanın bodrum qatının şərq və qərb uclarında görülən çarpaz tonozlar Roma dönəmi memarlığının ən gözəl örnəklərindəndir. Divarlarında və sair yerlərdəki suvaqlar üzərində olan divar rəsmləri və yazıları böyük maraq doğurur. Qeyd edək ki, Smirna Aqorası Osmanlı dönəmində məzarlıq, çevrəsi isə namazgah, yəni namaz qılınan yer kimi istifadə edilib. Son illərdə burada qazıntılar və bərpa işləri sürətlənib. Qazıntılarda ortaya çıxan əsərlər Arxeoloji Muzeydə və Tarix və Sənət Muzeyində sərgilənməkdədir. İzmir Ticarət Tarixi Muzeyi isə Türkiyənin ilk ticarət tarixi muzeyidir. Ticarət odasının birinci mərtəbəsində və 300 kvadratmetrlik bir sahədə yer alır. Muzeyə giriş ödənişsizdir. Muzeydə ticarət və gəmiçiliklə bağlı, eyni zamanda heykəltəraşlığa aid çox maraqlı eksponatlar var. İzmir Tarix və Sənət Muzeyi yeni və sərgiləmə texnologiyalarının son örnəklərinin istifadə edildiyi modern bir muzeydir. Kültürparkda, 3 min 820 kvadratmetrlik qapalı, 9 min 500 kvadratmetrlik açıq sahədə olmaqla xidmət göstərir. İzmir və ətraf ərazilərdən heykəllər, qabartma təsvirlər sərgilənir.

Atatürk Muzeyi isə 1862-ci ildə inşa edilib və 1927-ci ildə Atatürkə hədiyyə edilib. Atatürk İzmirə gəldiyi zaman bu evdə qalıb, burada çalışıb. 1941-ci ildə muzeyə dönən bina son illərdə bərpa edilib. Ege Universitetinin Təbiət Tarixi Muzeyi ilə Botanika Bağçası da bölgənin tanınmış muzeylərindəndir. Universitet kampında yerləşir. 1964-cü ildə qurulub. Araşdırma və tədris xidmətlərindən əlavə, xalqa təbii və mədəni bitkiləri tanıtmaqla məşğuldur. Parniklərdə tropik, kserofit, ekzotik bitkiləri də olan 3000 bitki növü var. Təbiət Tarixi Muzeyində isə İzmir bölgəsində yaşamış və bir qisminin nəsli kəsilmiş heyvan növləri sərgilənir. Ahmet Priştina Şəhər Arxivi və Muzeyində 40 min əski, 8 min yeni yazılı qəzet və 5 min əlyazma əsər var. İzmirin 5 min illik tarixindən, xüsusilə də Smirnadan günümüzə qədər şəhər yerinin görünüşləri fotolar və məlumatlarla göstərilir. Berqama Muzeyi 1936-cı ildə açılıb. Arxeoloji və Etnoqrafik əsərlər bölümləri var. Erkən Tunc dövründən Bizans dönəminə qədər arxeoloji əsərlərin çoxu Berqama və ətrafında aparılan qazıntılardandır.  Sərgilənən tapıntılar içərisində Perqamon heykəltəraşlıq məktəbinə aid nümunələr,  Pitane və Qrinaiondan gələn arxaik dövr tapıntıları, Mirina terrakottaları diqqət çəkir. Muzeyin etnoqrafiya bölümündə bölgəyə aid xalı, kilim, qumaş parça toxuma örnəkləri, əl işləmələri sərgilənir. Çeşmə qalası 1508-ci ildə inşa edilib, sonradan bir sıra dəyişikliklərə uğrayıb və indi də çox yaxşı durumdadır. Qalanın bir hissəsindəki muzeydə Çeşmə, Erithrai, Alaçatı ilə Kalemburnu ovalığında tapılan arxeoloji əsərlər yanında etnoqrafik əsərlər və sikkələr sərgilənir. Ödəmiş Muzeyi bir təşhir salonundan ərsəyə gələn birmərtəbəli muzey binasıdır və bağçasındakı etnoqrafik əsərlərin yanında arxeoloji əsərlər sərgilənir. Birgi Çakırağa Konağı isə Ege bölgəsinə aid memarlıq üslubu günümüzə qədər qorunmuş binalardan biridir.     

Efesdəki arxeoloji araşdırmalardan, təşkilati, nəzarət və qoruma çalışmalarında da məsuliyyət daşıyan Efes Muzeyi Efes və yaxın çevrəsində tapılan Mikena, arxaik, klassik, helenistik, Roma, Bizans, Səlcuq və Osmanlı dönəmlərinə aid önəmli əsərlərlə bərabər mədəni fəaliyyəti və ziyarətçilərə xidməti ilə də Türkiyənin ən önəmli muzeylərindən biridir. 1929-cu ildə qurulub, 1964-cü ildə yeni bölümün inşası ilə genişlənən Efes Muzeyi sonrakı illərdə yeni əlavələrlə çox inkişaf edib. Antik şəhərin əsərlərini sərgiləyən muzey olması etibarilə xronoloji və tipoloji bir sərgiləmə əvəzinə əsərlərin tapılma yerlərinə görə sərgilənməsi üstün sayılıb. Buna uyğun olaraq sərgiləmə zalları da təsnifatlanıb. Burada Yamac evlər və ev tapıntıları salonu, Sikkə və xəzinə bölümü, Məzar tapıntıları salonu, Efes Artemisi salonu, İmperator kultları salonu var. İç və orta baxçalarında müxtəlif memarlıq əsərləri və heykəllər nümayiş olunur. Burada iki böyük Artemis tanrısının başı, Erosun başı, Yunuslu Eros heykəlciyi, Sokratın başı, Efes muzeyinin dünyaca tanınmış məşhur əsərlərindən bir neçəsi var. Ümumilikdə 50 minə qədər əsər burada sərgilənir. Məryəm Ana Evi adlı muzey-ziyarətgah olduqca maraqlı və kütləvi turist axınına səbəb olan yerlərdən biridir. Məryəm Ananın Efesdə yaşadığı və öldüyünü qəbul edənlərin arasında Papa 14-cü Benoit (1740-1758) də olub. 5-ci yüzillikdən sonra bir çox qaynaqlarda Məryəmin bir müddət Efesdə yaşadığı  söylənməsinə baxmayaraq, onun evi və məzarının harda olduğu bilinmirdi.  Onun evinin tapılması Catherine Emmerichlə(1774-1823) bağlanır. On iki il yatağından qalxmayacaq dərəcədə xəstə olduğuna və Efesi heç görmədiyinə baxmayaraq Emmerich Məryəmin yaşadığı evin şəhər kənarındakı bir dağın yamacında olduğunu söyləyib və bunun yerini aydın bir şəkildə anladıb. 1891-ci ildə İzmirdəki lazaristlərin baş rahibi M.Poulin və rahib H.Junq Efes çevrəsindəki təpələrdə bir ekspedisiya təşkil edirlər və nəticədə Emmerichin dediyinə tam uyğun gələn bir uçuq ev tapırlar. Onun anlatdıqları ilə tapılmış yer yüzdəyüz uyğunluq təşkil edirmiş. 1967-ci ildə Papa 6-cı Raul və 1979-cu ildə Papa II Jean Paul tərəfindən ziyarət edilib və xaç yeri olaraq yaxşıca tanınmağa başlayıb.

Qeyd edək ki, Məryəm Ana Evində olarkən burada kütləvi sayda xarici turistlərin və inanclı insanların olduğunu gördük. Buraya iman gətirənlərin əsasən katoliklər olduğuna baxmayaraq digər xristian təriqətləri mənsubları və hətta müsəlmanların da burada dualar oxuduğunun şahidi olduq. Ziyarətgahdakı evə girərkən tam sakitlik tələb olunur, buradan hərə bir şam alır, evin digər qapısından bayıra çıxandan sonra ürəyində bir arzu tutaraq yandırır və onu içində kül olan şüşə vitrinə qoyur. Beləcə orada hər gün yüzlərlə şam alınır. Müqəddəs ziyarətgahdakı digər ayinlərə  oradakı müqəddəs bulaqdan su içmək və ürəyində niyyət tutaraq bulağın yanına ağ rəngli əski parçaları bağlamağı aid etmək olar. Həmçinin burada böyük bir açarın dəliyinin təsviri formasında yer qazılıb, buranı guya “cənnətin açarı” kimi simvolizə edirlər. Doğrusu, bu yerin çox unikallıq təşkil etdiyinə baxmayaraq bəzən özümüzü bizim yerli ziyarətgahlardan birində hiss edirdik. Çünki ayinlər çox oxşar idi (Bulaqdan su içmək və əski parçalarını düyünləmək, pul ödəyib nəsə almaq-İ.A.)...

Ümumiyyətlə isə İzmirin yuxarıda qeyd edilən muzeylərinin əksəriyyəti insanda ən qədim zamanların əzəmətini əyani şəkildə görmək imkanı verir. Məsələn, “Qədim dünya tarixi” dərsliyindən tanıdığımız məşhur Demetra, Zevs, Dionis, Hermes və sair tanrı və tanrıçaların heykəllərini vaxtilə onların əzəmətlə ucaldığı  yerlərdəcə görmək, orijinaldan onlara tamaşa etmək çox maraqlı və həyəcanlandırıcıdır... Buraya vaxtilə İzmirin sakinləri olmuş filosoflardan Sokratın, Heraklitin və digər elm, siyasət korifeylərinin heykəllərini də əlavə edək... 

 

 

İlkin AĞAYEV   

 

Palitra.- 2012.- 19 sentyabr.- S.6.