“Səbail rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və
perspektivlər"
“Təhsil
hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının,
fəaliyyətinin mühüm bir sahəsidir” deyən ulu
öndər Heydər Əliyev təhsili millətin gələcəyi
kimi dəyərləndirirdi. İnkişafın innovasiya mərhələsinə
keçilməsi, rəqabətədavamlı milli
iqtisadiyyatın formalaşdırılması və inkişaf
dinamikasının sürətləndirilməsi başlıca
olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin
öz həllini tapmasını, o cümlədən təhsilin
dünya standartlarına cavab verməsini tələb edir. Bu
gün təhsil sistemində islahatların aparılması,
istedadlı gənclərimizin dünyada ən məşhur
ali təhsil müəssisələrinə göndərilməsi,
tədrisdə ən mütərəqqi texnologiyaların tətbiqi,
təhsil müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi birbaşa olaraq
Prezident İlham Əliyevin qayğısının nəticəsidir.
Bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində
də fəaliyyəti ilə seçilən Səbail rayonunda
da təhsil müəssisələrinin müasir tələblərə
cavab verən təhsil ocaqları səviyyəsinə çatdırılması
prosesi uğurla həyata keçirilir.
Ölkə
başçısı rayonun tədris ocaqlarında
görülən işlərin keyfiyyətindən
razıdır Səbail rayonu ərazisindəki
məktəblərdə təhsilin səviyyəsi, burada
şagirdlərin biliklərə yiyələnməsi
üçün yaradılan şərait hər zaman rayon
İcra Hakimiyyətinin diqqət mərkəzində olub və
bunun daha da yaxşılaşdırılması istiqamətində
mütəmadi olaraq işlər görülür.
Görülən işlərin nəticəsidir ki, rayon təhsil
müəssisələrinin uğurları artır, məzunların
ali məktəblərə daxil olma göstəriciləri ilbəil
çoxalır. Bakı şəhərinin mərkəzi
rayonu olan Səbail rayonunda 5 ali, 18 orta və 18 məktəbəqədər
təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs
ilinə hazırlığı və yay mövsumu ərzində
məktəblərdə aparılan təmir işlərinə
RİH tərəfindən nəzarət daha ciddi olub. Səbail
Rayon İcra Hakimiyyəti başçısı yanında
Şuranın geniş tərkibli iclasında
çıxışı zamanı da Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov
ölkədə təhsil məsələləri ilə
bağlı görülən işlər, Prezident İlham Əliyev
və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyeva tərəfindən təhsilə
olan diqqət və qayğıdan danışaraq rayonda təhsilin
səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə
RİH tərəfindən ciddi fikir verildiyini bildirib. Yay
aylarında təhsil müəssisələrində əsaslı
və cari təmir aparılıb, məktəblər
lazımi avadanlıq və vəsaitlərlə təmin
olunub.
Qeyd olunub ki, Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də Səbail rayonunun Badamdar qəsəbəsində olarkən qəsəbə sakinləri ilə keçirdiyi görüş zamanı sakinlərin xahişini nəzərə alaraq Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi üçün maliyyə vəsaitinin ayrılmasına dair sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı RİH tərəfindən müvafiq işlər həyata keçirilib, Badamdar qəsəbəsində müasir tələblərə tam cavab verən məktəb və uşaq bağçası tikilərək ətraf yollar və kommunikasiya xətləri yenilənib, məktəb və bağça avadanlıq və bütün ləvazimatlarla tam təmin olunub. Qeyd edək ki, ölkə başçısının «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planına Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd salınıb ki, bir il ərzində 7 və 163 saylı məktəblərin, 157 saylı və «Turac» uşaq bağçalarının binalarının, 190 saylı məktəbin akt və idman zalının əsaslı təmiri, 70 saylı uşaq bağçasının isə əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağının tikintisi nəzərdə tutulub. Əlavə Tədbirlər Planının həyata keçirilməsi üçün artıq işlərə başlanılıb. 2012-ci il ərzində rayonda «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının davamı olaraq 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusun, 7 saylı orta məktəb üçün yeni idman, akt zalları və 8 sinif otaqları olan yeni korpusun tikintisi, 49, 50 və 203 saylı orta məktəblərin korpuslarının əsaslı təmiri başa çatıb.
Təhsil müəssisələrində həyata keçirilən işlərlə yaxından tanış olmaq üçün sentyabr ayının 4-də ölkə başçısı İlham Əliyev Badamdar qəsəbəsinə gələrək yeni tikilmiş 329 saylı orta məktəbin və uşaq bağçasının, sentyabrın 5-də isə 49 saylı “İntellekt» Liseyinin yeni tədris korpusunun və əsaslı təmirdən sonra liseyin köhnə binasının açılış mərasimlərində iştirak edib və görülən işlərin keyfiyyətindən razı qalıb.
Təhsil uğurlarının məkanı
Rayonun
ötən tədris ilində təhsil müəssisələrinin
qazandığı uğurlara gəldikdə isə 2011-2012-cu
tədris ilində rayonun orta məktəblərini 1448 nəfər
bitirib ki, onlardan 915 nəfəri
tələbə adını qazanıb. Qəbul
imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən
yuxarı, 41 nəfəri 600-dən, 8 nəfəri isə
650-dən çox bal toplayıb. 87 məzun xarici ölkələrin
ali məktəblərinə daxil olub. 2011-2012-ci təhsil
ilinin yekununa görə, 11 məzun qızıl medal alıb,
məzunlardan 2 nəfəri Prezident təqaüdünə
layiq görülüb. İlin əvvəlindən etibarən
rayonun orta məktəblərinin şagirdləri məktəblilərin
respublika miqyaslı fənn olimpiadalarının fəal
iştirakçılarından olublar. Sevindirici haldır ki,
şagirdlər bu olimpiadalarda yüksək nəticələr
əldə ediblər. Həmin bilik yarışmalarında 7,
91 və 190 saylı məktəblərdən – 1 nəfər,
236 saylı orta məktəbdən – 2 nəfər, 239
saylı orta məktəb, 160 saylı Klassik Gimnaziya və
132-134 saylı Təhsil Kompleksinin hər birindən 3 nəfər
şagird mükafata layiq yerlərə çıxaraq diplom və
qiymətli hədiyyələrlə təltif olunublar.
Ümumilikdə rayon üzrə 14 nəfər şagird
respublika miqyaslı müxtəlif fənn
olimpiadalarının qaliblərindən olublar. Xəzər
Universiteti ilə Səbail rayonu arasında mövcud olan dostluq
əlaqələrinin nümunəsi kimi fevral ayında rayonun
400 nəfər IX sinif şagirdi üçün universitetdə
sınaq imtahanları təşkil olunub. Bu ali təhsil müəssisəsi
tərəfindən təşkil olunan respublikanın tam orta məktəblərinin
XI sinif şagirdləri arasında I – II – III – IV qruplara daxil
olan fənlər əsasında ənənəvi bilik
olimpiadalarında rayonun şagirdləri yaxından iştirak
ediblər. Aprelin 28-29-da universitetdə keçirilən bilik
olimpiadasında I qrup üzrə 160 saylı Klassik
Gimnaziyanın şagirdi K.Sərkarova I yerə, II qrup üzrə
189 saylı orta məktəbin şagirdi T.Əsədli III yerə,
həmin qrup üzrə 236 saylı orta məktəbin
şagirdi R.Məmmədzadə diploma layiq görülüb.
Sevindirici haldır ki, keçən il rayon məktəblərinin
6 məzunu qızıl, bir məzunu isə gümüş
medala layiq görülmüşdüsə, hazırkı təhsil
ilinin yekununa görə, rayonun orta məktəblərinin 12 nəfər
məzunu qızıl medala layiq görülüblər.
Prezident İlham Əliyevin 28 iyun 2012-ci il tarixində
imzaladığı «2011/2012-ci tədris ilində
keçirilmiş «Ən yaxşı ümumtəhsil müəssisəsi»
müsabiqəsinin qaliblərinin
mükafatlandırılması haqqında» sərəncamına
görə, Bakı şəhəri, Səbail rayonu 189
saylı orta məktəb qaliblər sırasında olub, qeyd
olunan müsabiqədə müvəffəqiyyət
qazandıqlarına görə məktəb birdəfəlik
pul mükafatı ilə mükafatlandırılıb. Qeyd edək
ki, artıq 5-ci ildir ki, keçirilən bu müsabiqədə
rayonun 18 orta məktəbinin 12-si qaliblər sırasında
olub. Prezidentin 28 iyun 2012-ci il tarixində imzaladığı
«2011/2012-ci tədris ilində keçirilmiş «Ən
yaxşı müəllim» müsabiqəsinin qaliblərinin
mükafatlandırılması haqqında» sərəncamına
görə, Bakı şəhəri, Səbail rayonundan 11
müəllim - 6 saylı tam orta məktəbin ibtidai sinif
müəllimi E.Xəlilova, 49 saylı «İntellekt» Liseyinin
ibtidai sinif müəllimi T.Əsədova, kimya müəllimi S.Axundova,
Azərbaycan dili-ədəbiyyat müəllimi X.Qəmbərova,
132-134 saylı Təhsil Kompleksinin ingilis dili müəllimi
S.Abbasova, biologiya müəllimi X.Muradova, 160 saylı Klassik
Gimnaziyanın biologiya müəllimi N.Əliyeva, 189 saylı
orta məktəbin rus dili müəllimi M.Mustafayeva, 190
saylı orta məktəbin ibtidai sinif müəllimi
S.İbrahimli, musiqi müəllimi R.Hacızadə, 236
saylı orta məktəbin informatika müəllimi Ş.Əhmədova
qaliblər sırasina çıxıb və birdəfəlik
pul mükafatı ilə mükafatlandırılıblar.
Müsabiqənin keçirildiyi 5 il ərzində Səbail
rayon məktəblərinində çalışan müəllimlərdən
46 nəfər «Ən yaxşı müəllim» adına layiq
görülüb.
“Bilik günü”ündən yeni
uğurlara
Aprelin
27-də rayonun 6 saylı tam orta məktəbində Azərbaycanın
Əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 89-cu ildönümü ilə əlaqədar Səbail
Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə
keçirilən «Zərifə Əliyeva – Ana, Qadın və
Alim» mövzusunda inşa yazı müsabiqəsinin yekun tədbiri
olub. Müsabiqədə rayonun orta məktəblərinin hər
birindən 1 ən yaxşı inşa yazı olmaqla 19
inşa yazı seçilərək münsiflər heyətinə
təqdim olunub. Tədbirin sonunda münsiflər heyətinə
təqdim edilən inşalar içərisindən seçilən
16 inşa müəllifinə həvəsləndirici
mükafatlar təqdim olunub, 1 nəfər 3-cü yer, 2 nəfər
2-ci yer tutub və həmçinin müsabiqənin qalibi elan
olunmuş Bakı Oksford Məktəbinin 10-cu sinif şagirdi
İ.Əsgərli Səbail Rayon İcra Hakimiyyəti tərəfindən
qiymətli hədiyyələrlə
mükafatlandırılıb. May ayının 2-də Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 87 illiyi ilə əlaqədar Səbail rayonunda
keçirilən ənənəvi «Gül bayramı» ilə əlaqədar
rayonun orta və orta ixtisas məktəblərinin, Uşaq
Yaradıcılıq Mərkəzinin şagirdlərinin
müxtəlif çiçək və güllərdən,
bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng
tablolar, aplikasiyalar, gül kompozisiyaları öz
görünüşü və gözəlliyi ilə
seçilib, şagirdlərin fantaziyaları və imkanları
nümayiş etdirilib, bütün bunlar isə bayramda
iştirak edən Bakı sakinlərinin və şəhərimizin
çoxsaylı qonaqlarının diqqətini cəlb edib.
Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə
komissiyası tərəfindən «Gül bayramı»nda
nümayiş etdirdikləri əl işlərinə görə
236 saylı orta məktəbin şagirdi Ü.Əhmədova,
239 saylı orta məktəbin şagirdi E.Mürsəlova, 35
saylı Texniki Yaradıcılıq Mərkəzinin şagirdi
G.Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri
Ə.Cəfərova və A.Dadaşova Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və
pul mükafatı ilə mükafatlandırılıb. Həmçinin
Bakı Oksford Məktəbinin və 91 saylı orta məktəbin
gül geyimli uşaqları, 136 saylı uşaq
bağçası və Cövdət Hacıyev adına 3
saylı musiqi məktəbi Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb. Onu da
qeyd edək ki, yeniyetmə və gənclərin yay istirahətinin
səmərəli və yaddaqalan təşkili hər zaman Səbail
Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub.
Cari ilin yay aylarında bu istiqamətdə bir sıra tədbirlər
hazırlanıb həyata keçirilib. Səbail Rayon İcra
Hakimiyyətinin təşəbbüsü, Quba Rayon İcra
Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və
“Çağ” Öyrətim Şirkətinin birgə layihəsi
əsasında ənənəvi təşkil olunan «Şahinlər»
yay istirahət düşərgəsi yaradılıb və
rayonun aztəminatlı ailələrinin, Qarabağ müharibəsi
veteranlarının övladları və orta məktəblərin
150 nəfərə yaxın şagirdi üçün 2 həftəlik
pulsuz kompyuter və xarici dil kursları təşkil olunub. Qeyd
edək ki, belə düşərgə artıq 7-ci dəfədir
ki, təşkil olunur və məktəblilər bu yay
mövsümünü də şən, əyləncəli
başa vurdular. Beləliklə, bugünlərdə Səbail
rayondakı ali tədris ocaqlarının tələbələri,
eləcə də məktəblilər yeni təmir olunmuş
təhsil müəssisələrində “Bilik
günü”nü qeyd etdilər. Yəqin ki, cari tədris ilində
də Səbail tədris müəssisələri
çoxsaylı uğurlara imza atacaqlar.
Nigar Abdullayeva
Palitra.- 2012.- 25 sentyabr.- S.12.
Səbail
Rayon İcra Hakimiyyəti
və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə
təqdim etmək üçün