Türk dünyasının fəlsəfə birliyi yaradılır

 

Səlahəddin Xəlilov: “Məqsəd gələcək araşdırmaların əlaqələndirilməsi və təşkilatlanmadır” “Türk xalqlarının fəlsəfi fikrinin dünya miqyasına çıxarılması sahəsində müəyyən addımlar atılıb”

 

Sentyabrın 27-28-i tarixlərində Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan filosofları birgə “Mədəniyyətlərin dialoqu şəraitində türk dünyasında fəlsəfə və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans keçirəcəklər. Konfrans türk dünyasında fəlsəfi tədqiqatların əlaqələndirilməsi, türk cəmiyyətlərinin elmi-fəlsəfi konsolidasiyası baxımından böyük önəm daşıyır. Tədbirlə bağlı suallarımızı tədbirin təşkilatçılarından olan Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının(AFSEA) İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov cavablandırır.

 

-  Səlahəddin müəllim, keçiriləcək konfransla bağlı nələri demək olar? Tədbirdə kimlər iştirak edəcək?

- Öncə deyim ki, Türkiyədən 15-ə yaxın çox görkəmli filosof gəlir. Eləcə də Qazaxıstandan filosoflar tədbirdə iştirak edəcəklər. Məqsəd təkcə qoyulan mövzu ətrafında danışıb fikir mübadiləsi aparmaq deyil. Məqsəd eyni zamanda gələcək araşdırmaların əlaqələndirilməsi və təşkilatlanması məsələsidir. Biz türk dünyasının fəlsəfə cəmiyyətini qurmağı planlaşdırırıq. İndiyə qədər bu sahədə Bakıda, İstanbulda bir neçə toplantı olub. Müzakirələrin çoxu AFSEA-nın təşəbbüsü ilə olub. Bu sahədə müəyyən irəliləyişlər də var. Məsələn, bizim fəlsəfə ilə bağlı dərgi Türkiyə filosoflarının məqalələrini, əsərləri haqqında məlumatları müntəzəm surətdə dərc edir. Hətta bizim öz məqalələrimizin, başqa müəlliflərin rusingilis dillərində olan məqalələrinin türk dilində də xülasəsini veririk. Bunlar yaxşı addımlardır və Türkiyədə də bizim jurnalı müntəzəm surətdə izləyirlər, bizə məqalələr göndərirlər. Qazaxıstandan da tez-tez məqalələr gəlir və bu mənada bizim dərgi Azərbaycan miqyaslı olsa da, son 3-4 ildə burada türk dünyasının fəlsəfi fikri ifadə olunur. Eyni zamanda türk milli fəlsəfi fikrinin dünya miqyasına çıxarılması, ingilis dilinə tərcümə olunması və Qərb alimlərinin nəzərinə çatdırılması sahəsində də müəyyən addımlar atılıb. Bizim jurnalın beynəlxalq indeksasiya qurumları tərəfindən tanınması imkan verir ki, bizdə çıxan bütün məqalələrin xülasələri ingilis dilində dünyaya yayılsın. Yəni artıq dünyada məlumatlar var ki, burada hansı tədqiqatlar gedirbiztürkdilli ölkələrdə fəlsəfi mühitdə gedən proseslərdən xəbərdar oluruq.  Bir çox dünya fəlsəfi təşkilatları var ki, onların üzvü olmağımız da bu imkanları genişləndirir.  Türk dünyası fəlsəfə birliyini yarada bilsək və onun müntəzəm fəaliyyətinə nail olsaq, bu, çox böyük olardı...

- Bu cür konfransların önəmini necə xarakterizə edərdiniz?

- Konfranslar alimlərin elmi yaradıcılıqlarını, aldıqları nəticələri bir-birilərinə çatdırması üçün ən operativ yoldur.  Məqalələr, yazılar, kitablar yazılandan çap edilənə qədər bir ilə yaxın vaxt keçir. Amma konfranslarda yeni ideyaları operativ olaraq bölüşə bilirsən. Alimlərimizin bir-biri ilə daha yaxından tanışlığı, canlı dialoqun aparılması, müzakirələr təşkil olunması daha operativ xarakter daşıyır. Birgə yaradıcılıq üçün imkanlar açılır. Mənəvi dəyərlər müzakirə olunur. Biz, Türkiyə türkləri və qazaxlar dünyada gedən fəlsəfi prosesləri izləyirik. Bu proseslər onlarda necə qavranılır, hadisəyə münasibətləri, gələcəyə yönəlmiş planları, məqsədləri necədir, bunlar bizdə necədir, bizim ölkəmizdəki iqtisadi inkişaf kontekstində elmin, fəlsəfənin qarşısında nə kimi vəzifələr durur, biz yaxın gələcəkdə nəyə ümid edə  bilərik, hansı böyük elm-fəlsəfə konqresləri, konfransları Bakıda, ya da o biri türk ölkələrində keçirilə bilər – bütün bu məsələlər barədə biz bir-birimizin fəaliyyətindən xəbərdar olmalıyıq. Bizim üç ölkəyə aid birgə elmi-fəlsəfi jurnalın çap edilməsi çoxdan planlaşdırılır. Bu jurnal hələlik üç türk ölkəsi, gələcəkdə isə digər türk cümhuriyyətləri ilə bağlı ola bilər. Yaxud Rusiyada, Balkanlarda yaşayan türk cəmiyyətləri də bura qoşula bilər. Burada iki istiqamət var. Birincisi, ümumiyyətlə dünyada gedən fəlsəfi araşdırmalar və bizim bu proseslərə qatılmağımız. Onları öyrənməyimiz və onlar haqqında məlumat verməyimiz işin bir tərəfidir. Eyni zamanda alimlərimizin, tədqiqatçılarımızın bu proseslərdə iştirakı və öz fikirləri, ideyaları ilə bu işlərdə fəallıq göstərmələri də aktualdır. Çünki dünya fəlsəfəsi hamıya aid olan bir məsələdir. Dünya fəlsəfəsini ancaq Qərb filosoflarının öhdəsinə buraxmaq olmaz. Amma onlar da günahkar deyillər ki, müasir dövrdə fəlsəfə sahəsində görülən işlərin, araşdırılan mövzuların 90-95 faizi Qərb fəlsəfəsinin payına düşür.

- Hazırda türk xalqlarının fəlsəfəsi hansı səviyyədədir?

-Danmaq olmaz ki, son əsrlərdə türklərin və ümumiyyətlə müsəlman xalqlarının fəlsəfə sahəsində çalışmaları çox aşağı səviyyədə olub. Yəni son əsrlərdə bu sahədə fəallıq müşahidə olunmayıb. Orta əsrlərdə dünyanın fəlsəfi fikrinin əsas mərkəzi İslam dünyası idi. O zamanlar türk xalqlarının böyük filosofları – Fərabi, Biruni, İbn Sina, Bəhmənyar, Sührəvərdi, Şəbüstəri və sair filosofların dövrü idi. Amma indi dünya çapında belə filosofları göstərə bilmərik. Bizimkilər isə indi fəlsəfə sahəsində nəinki ABŞ, Almaniya, Fransa, hətta Rusiya səviyyəsinə də çata bilməyiblər. Halbuki Rusiyada indi fəlsəfənin mövqeyi xeyli aşağı səviyyədəddir. Sovet dönəminə nisbətən ümumiyyətlə, elmin və fəlsəfənin səviyyəsi Rusiyada da, bizdə də xeyli aşağı düşüb. Sovet dövründə fəlsəfədə bir ideoloji yön, çərçivə olmasına baxmayaraq, marksizmin bəlli mövqeyindən dünya fəlsəfəsinə münasibət bildirilirdi. İndi isə biz bu məsələləri bir qırağa qoymuşuq. İqtisadiyyatdakı uğurlarımızla fəlsəfə, ictimai elmlər, elm sahəsindəki vəziyyətimiz uyuşmur. İqtisadiyyatda, mədəniyyətdə, idmanda, digər sahələrdə böyük uğurlar qazanılır, amma elmdə və fəlsəfədə bu uğurları çox nadir hallarda görmək olar.

-Bu nədən qaynaqlanır?

-Birincisi, bunun üçün mühit lazımdır. Mühit olmayan yerdə fəlsəfə ola bilməz. Ola bilsin ki, Azərbaycan miqyasında milli fəlsəfi-fikrin inkişafı üçün zəmin yaxud Türkiyədə, Qazaxıstanda ayrı-ayrılıqda belə bir şərait mövcud ola bilər, amma daha böyük bölgə, miqyas üçün elmi-fəlsəfi tədqiqat arenasının formalaşması, burada dil mədəniyyət yaxınlığından istifadə olunması bəlkə imkan verə bilər ki, bizdə bu sahələr inkişaf etsin. Dil bu məsələ üçün çox böyük faktordur. Məsələn, hazırda fəlsəfədə aparıcı mövqelərə yiyələnmək, fəlsəfi yaradıcılıq proseslərində fəal iştirak etmək üçün ingilis dili aparıcı rol oynayır. vaxtsa bu sahədə yunan dili, ərəb dili, alman dili aparıcı olub. Hazırda isə estafet ingiliscəyə keçib.  Bunu etiraf etmək lazımdır. Yaşlı nəsil üçün bu dili mənimsəmək çox çətindir. Biz bu dili adi danışıq səviyyəsində mənimsəsək , fəlsəfi üslub çox ağır üslubdur. Fəlsəfi fikri ingilis dilində ifadə etmək üçün bu dili çox mükəmməl səviyyədə bilmək lazımdır. Bu baxımdan qarşımızda bunun üçün bir alternativ variant var. Bu da odur ki, heç olmasa türk dünyası çevrəsində fəlsəfi baxımdan bir-birimizi anlayaq. Bu da bu gün ən çox Türkiyə ilə Azərbaycan arasında mümkündür. Bu sahədə münasibətləri, əlaqələri qursaq, həm Türkiyədəki fəlsəfi tədqiqatlardan, həm dünya fəlsəfəsindən xəbərimiz olar. Bu gün ən müasir tədqiqatlar fransız, alman ingilis dillərindən türkcəyə çox operativ bir şəkildə tərcümə olunur. Bundan azərbaycanlı oxucu tədqiqatçılarının tam effektli şəkildə yararlana bilməsi üçün bir azca termin toplusunu mənimsəmək lazımdır. Bu terminləri anlamaqla Türkiyədə nəşr olunan bütün fəlsəfi ədəbiyyat bizim üçün tam anlaşıqlı olacaq. Belə bir halda biz ingilis dilini tam mənimsəyənə qədər bu kitabları oxuyub onlardan xəbərdar ola bilərik. İngilisdilli filosoflarımızın formalaşmasına qədər türk dili bizim üçün bu baxımdan alternativ çıxış yolu ola bilər. Bununla həm milli-fəlsəfi fikrin daha da inkişafı üçün meydan açılmış olar. Çünki elə mövzular var ki, onlar ancaq müəyyən xalqların özünü maraqlandırır. Doğrudur, bir ingilis, fransız alman şərqşünaslıq baxımından Şərq ölkələrindəki, o cümlədən İslam ölkələrindəki filosofların əsərlərini bəzən çevirirlər, bəzən bunlara şərhlər verirlər, təhlillər aparırlar. Amma bu cür hallar çox da sistemli şəkildə baş vermir.  vaxtsa, onlar bu işə sistemli yanaşsalar, çox sağ olsunlar, amma eləməsələr belə öz işləridir. Biz özümüz öz fəlsəfəmizi araşdırmasaq, üzə çıxarmasaq, təhlil etməsək, təkcə Qərb fəlsəfəsini öyrənmək onları təqlid etməklə orijinal, yaradıcı fəlsəfi əsərlər ortaya qoya bilmərik. Bu baxımdan bizim işlərimizin böyük bir istiqaməti məhz milli-fəlsəfi irsin öyrənilməsidir. Baxın, Fərabi hamımızın ortaq sərvətimizdir. Fərabini təkcə qazaxlar öyrənmirlər, o, Türkiyədə geniş öyrənilir. Eyni zamanda biz onu öyrənirik, dünya da öyrənir. Amma bu cür fəlsəfi fikir korifeyinin əsərləri hələ yenicə Azərbaycan dilinə tərcümə olunur. Bu tərcümələr çox vaxt keyfiyyətsiz olur. Eyni zamanda bu tərcümələrin müzakirəsi keçirilmir. Bu sahədə müqayisəli təhlilə çox böyük ehtiyac var. Çünki indi Fərabinin öz fəlsəfi fəaliyyətini hansı irsin üzərində qurduğu ciddi müqayisəli təhlil edilməlidir. İndi bu hətta Amerikada da təhlil edilir. Yaxud işraqilik fəlsəfəsini Amerika Avropada geniş miqyasda öyrənirlər. Bu baxımdan azərbaycanlı filosof Şihabəddin Sührəvərdinin əsasını qoyduğu işraqilik yenidən nəfəs alır fəlsəfi gündəmə gəlirsə, bu, necə izah olunmalıdır? Bütün bunları biz müəyyənləşdirməliyik.  

 

 

Ağayev İlkin

 

Palitra.- 2012.- 25 sentyabr.- S.11.