İzmir və
Egedə gördüklərimiz, yaşadıqlarımız...
(IV yazı)
Egenin hər sahili boyunca gözəl zeytun iyi gəlir. Zeytun
ağaclarından gələn bu xoş qoxu yod qoxusuyla birləşdiyi
üçün özəl bir iy əmələ gətirir.
Bu bölgədə, xüsusilə də
Foça kimi yerlərdə ənənəvi kənd təsərrüfatı
çalışmalarında əsas yerlərdən birini tutan
zeytunçuluq və zeytun yağı istehsalı dövlətin
dəstəyi ilə getdikcə daha da genişlənməkdədir.
Ümumiyyətlə isə Ege bölgəsi həm də
sitrus bitkilərinin, məsələn, naringi, portağal və
sairin becərilməsi ilə də məşhurdur. Həmçinin burada
baş çəkdiyimiz bir yerdə böyük bir sahədə
müxtəlif ekzotik ağacların, palma
növlərinin dibçəklərdə bəslənərək
satılmaq üçün hazırlandığını
gördük. Qeyd edək ki, bu işə olduqca
böyük məsuliyyət və zəhmət sərf
edilmişdi. Biz bu ağacların arası ilə
maşınla gedərkən sanki ən müxtəlif ağac
və bitki növlərinin olduğu cənnətin hansısa
bir guşəsində olduğumuzu hiss edirdik... Foça Ege bölgəsində
çox əlamətdar mövqeyə malikdir. Qeyd edilir
ki, tarixdə Avropa şərabla ilk dəfə Foça vasitəsilə
tanış olub. Antik dövrdə Cizvitlər
tərəfindən çox bərəkətli olan Foça
bağlarındakı üzümdən əldə edilən
şərablar vasitəsilə Avropa ilk dəfə şərab
dadmağa nail olub. Qədimdən bərəkətinə,
dadına görə böyük bir məşhurluğa sahib
olan Foça bağlarında yetişdirilən və
Foçanın tarixi-ənənəvi şərablıq
üzüm növü olan “Foça qarası” qısa bir
keçmişə qədər becərilməmə və
tükənmə dərəcəsinə gəlibmiş.
Yaxın keçmişdə Foça və ətrafında
yox olmağa başlayan bağçılıq, bu gün yenidən
və böyük bir coşqu ilə canlanmağa
başlamış, “Foça qarası”nın
yenidən ticari məqsədlərlə becərilməsinə
start verilib.
Qeyd edilənlərdən başqa Foça gözəl
bir dəniz sahili və özünəməxsus fauna və
floraya malikdir.
Burada nəsli tükənməkdə olan və son zamanlarda
qorunmağa başlamış Akdəniz(Aralıq
dənizi) fokları(Foça adını buradan
götürüb), yəni bizdəki suitilərə bənzər
varlıqlar da yaşayır...Foçanın tarixi və
turistik zənginliklərini tanıtmaq üçün yerli və
yabançı qonaqların qatıldığı ənənəvi beynəlxalq
Foça festivalları keçirilir. Bu festivallarda
tarix, biomüxtəliflik, balıqçılıq və kənd
təsərrüfatı tanıdılır. Foçada
bu gün Afina məbədi, arxaik dönəmə aid şəhər
divarları, qədim Fokaya şəhərinin quruluşuna aid
yerlər, miladdan öncə 546-cı ildə Əhəməni
şahı Kiros tərəfindən tikdirilmiş Pers(fars) məzar
yeri və yaxud sərdabəsi də var. Bu yer 2000-2001-ci illərdə
Foçadan 7 kilometr uzaqlıqda tapılıb. Bu
sərdabə yerinin indi İranda olan nümunələrinin
prototipi olduğu bildirilir. Çünki bu
sərdabə İrandakılardan daha qədimdir. Həmçinin
Foçada Anadolunun ən qədim teatrının
qalıqları var...
Həmçinin
burada Osmanlı məzarlığı, Beçqapılar
qalası, yel dəyirmanları, daş evlər və sair
tarixi abidələr mövcuddur...
Foçada
gerçəkləşdirdiyimiz gəmi ilə gözəl dəniz
gəzintisinin isə ayrıca yeri vardı...
Getdiyimiz yerlərdən biri də füsunkar gözəlliyi
və gözəl dəniz çimərlikləri ilə
turistləri valeh edən Çeşmə oldu. Çeşmə
Türkiyənin və Ege bölgəsinin ən
tanınmış və məşhur turistik məkanlarından
biridir. Bura gözəl təbii şəraiti
və turistlərə göstərilən yüksək xidmətləri
ilə fərqlənir. Çeşmə
çimərliklərində Ege dənizinin çox şəffaf
və təmiz suyu bizim çimərliklərlə müqayisəyəgəlməzdir.
Dənizin suyu burada o qədər təmizdir ki,
hətta çox dərin və boy çatmayan yerlərdə
belə dənizin dibi tamamilə görünür. Ona
görə də dənizdə batmaqdan qorxmursan,
çünki ayaqlarının altını şəffaf bir
şəkildə görə bilirsən...
Həmçinin Çeşmədə xidmət göstərən
yüksək standartlı otellər də dincəlmək
baxımından çox əlverişlidir. Məsələn,
burada olan “Sisus” butik otelində olduq. Butik otellərdə
verilən yeməklər və göstərilən xidmətlər
məlum olduğu kimi, hər bir məhəlli yerin öz məhsulllarından
istifadə olunmaqla sırf onların ənənələrinə
əsasən ərsəyə gətirilir. Xidmət göstərən və yemək
hazırlayan mütəxəssislər də hər hansı məhəlli
yerin mənsubları olmalıdırlar. Bu oteldə də
biz butik olmanın bütün özəlliklərinin və
orijinallığın şahidi olduq...
Bundan
başqa Səfərihisarda da olduq və burada da gözəl dəniz
sahili, dəniz restoranları və gözəl tarixi yerlər
əlamətdar olmaları ilə yadda qaldı... Həmçinin səfərimiz müddətində
Nazarköy adlı kiçik bir dağətəyi kəndə
baş çəkdik. Buranın 350 nəfərlik
əhalisi demək olar ki, sırf müxtəlif
çeşidli gözmuncuqları düzəldib satmaqla
ixtisaslaşıb. Gözmuncuqlarının istehsal prosesi
ilə də tanış olduq. Onu da qeyd edək ki, bizdə olduğu kimi, Türkiyədə
də göy rəngli gözmuncuqları bədnəzərdən
qorunmaq üçün kütləvi səviyyədə
istifadə edilir. Eləcə də turistlər
üçün Nazarköy bu baxımdan da olduqca
maraqlıdır. Odur ki, burada da çoxlu
turistlərin olduğunu müşahidə etdik...Bundan
başqa, Şirincə köyü deyilən daha bir dağ kəndinə
baş çəkdik. Bu kənd də
öz maraqlı və ekzotik məhsullar istehsalı ilə
çox fərqlənir. Kənddə
müxtəlif növ meyvələrdən çəkilmiş
şərablar, sabun istehsalı, həmçinin müxtəlif
cür rahatülhülqum və sairin stehsalının
şahidi olduq. Kəndin öz məhsullarını
satmaq, eləcə də ticarət üçün çox
gözəl bir bazarı da var...
Onu da qeyd edək ki, gəzdiyimiz kəndlərdə və
ən ucqar yerlərdə belə, yolların çox rahat və
təmiz olduğu, maşınla gedilə bilmək
üçün əlverişliliyi diqqət çəkirdi. Hətta ən
ucqar dağ kəndində belə, asfalt örtüyü
olmasa da, hər bir evə qədər olan yollara və həyətlərin
içinə belə səliqə ilə daş döşənib.
Bəzi yerlərdə yerin üstü təbiətən
hamar daşlıdır...Onu da qısaca qeyd edək ki,
İzmir və Ege bölgəsinin mətbəxi ənənəvi
türk mətbəxinə aid olsa da, bir qədər fərqlənir.
Belə ki, burada kababın müxtəlif
növlərindən daha çox, çeşidli tərəvəz
yeməkləri, eləcə də dəniz məhsullarından
hazırlanan yeməklər hazırlanır. Beləliklə,
İzmirin özü kimi, yeməkləri də Türkiyədə
yaxşı mənada çox fərqlənir... O da qeyd edilməlidir
ki, balıqçılıq, balıq və digər dəniz
məhsulları bölgənin həyatında və
iqtisadiyyatında əsas yerlərdən birini tutur. Xüsusilə qeyd edilməli olan daha bir məqam isə
ən ucqar kənd sakininin belə, turistlərlə peşəkar
davranışı və ən ucqar kənd kafesinin belə
peşəkar səviyyədə və yüksək xidmət
göstərmək bacarığı idi. Turizm
baxımından biz xüsusilə bu məqamdan çoxlu
örnək götürməliyik...
Sonda qeyd edək
ki, Azərbaycandan olan jurnalist qrupu səfərin sonuncu
günündə Petkim şirkətini də ziyarət etdi.
Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (ARDNŞ) Türkiyə və Petkimin investisiya
layihələri haqqında ətraflı məlumat aldıq.
Azərbaycanlı jurnalistlərlə keçirilən
görüşdə Petkim şirkətinin baş direktoru
Hayati Öztürk, şirkət rəhbərinin
müşaviri, professor Füzuli Nəsirov, İnsan
qaynaqları şöbəsinin əməkdaşı Raqif Fərəcov,
mətbuat üzrə əlaqələndirici Serkan Aksüyek
iştirak edirdi. Jurnalistlərə məlumat verən
Hayati Öztürk, SOCAR-ın «Bir millət, iki dövlət»
ideyasını iki ölkənin milli maraqlarına xidmət edən
sərmayələrlə gerçəkləşdirdiyini
bildirdi. İzmirlə Bakının 1994-cü ildən
qardaş şəhər olduğunu xatırladan
H.Öztürk SOCAR-ın Petkim yarımadasında və Trans
Anadolu Təbii qaz Boru Xətti Layihəsinə (TANAP) birlikdə
17 milyard dollar investisiya yatıracağını
vurğuladı: «Bu mənada SOCAR Türkiyənin ən
böyük birbaşa investor şirkətidir. Bu
investisiya 3 mərhələdə yatırılacaq. Bu sərmayənin
9 milyard dolları Türkiyədəki Petkim yarımadasındakı
zavodun tikintisinə, 1 milyardı isə oradakı enerji
stansiyasının inşa edilməsinə, 300 milyon dolları
yarımadadakı yük limanının tikintisinə, yerdə
qalanı isə TANAP layihəsinə sərf olunacaq. Hazırda Petkim yarımadasında görülən
işlərin 20 faizi başa çatıb. 2015-ci ildə SOCAR Petkim Türkiyənin ən
böyük üç şirkətindən biri olacaq. Petkim yarımadasında tikilən zavodun ümumi
gücü 10 milyon ton neft və neft məhsulları tutumuna
malik olacaq. Bir məsələni də
vurğulayım ki, «Petkim Petrokimya Holdinq" plastik qablar,
parçalar, PVX, yuyucu vasitələr istehsal edir. Holdinq Türkiyədə bu cür məhsullar
istehsal edən yeganə şirkətdir. Şirkət
istehsal etdiyi məhsulların dörddə birini ixrac edir».
Sonra isə jurnalistlər şirkətin ərazisini gəzib,
istehsal şəraiti ilə tanış
oldular.
İzmir səfərimiz beləcə
xoş xatirələr və nikbin təəssüratların
qalması ilə yekunlaşdı...
İlkin AĞAYEV
Palitra.- 2012.- 25
sentyabr.- S.6.