“Türk
fəlsəfi irsinin 20 cildlik
antologiyasının ərsəyə gətirilməsi
planlaşdırılır”
Səlahəddin Xəlilov: “Bu irs bütün
türk dünyasına aid
olan ortaq fəlsəfi
sərvət kimi təqdim ediləcək”
Ötən sayımızda xəbər
verildiyi kimi,
sentyabrın 27-28 tarixlərində Bakıda Azərbaycan,
Türkiyə və Qazaxıstan filosofları birgə “Mədəniyyətlərin
dialoqu şəraitində türk
dünyasında fəlsəfə və mənəvi dəyərlər”
mövzusunda beynəlxalq elmi
konfrans keçirəcəklər. Konfrans türk
dünyasında fəlsəfi tədqiqatların əlaqələndirilməsi,
türk cəmiyyətlərinin elmi-fəlsəfi
konsolidasiyası baxımından böyük
önəm daşıyır. Həmçinin bu
kontekstdə elmi-fəlsəfi inteqrasiyanın aparılması
üçün konkret
hansı işlərin həyata keçiriləcəyi də mühümdür.
Suallarımızı bu sahədə
təşəbbüslər irəli sürən Azərbaycan
Fəlsəfə və Sosial-Siyasi Elmlər
Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov
cavablandırır.
- Xarici ölkələrdə fəaliyyət
göstərən fəlsəfə cəmiyyətləri ilə
əlaqələriniz necə qurulub?
- Biz Amerikada, Avropada, Türkiyədə
və bəzi MDB ölkələrində fəaliyyət
göstərən fəlsəfə qurumları ilə intensiv
əlaqələr saxlayırıq. Onların dərgilərində
bizim məqalələrimiz çap olunur. Eləcə də
bizim fəlsəfə ilə bağlı dərgimizdə
onların məqalələri müntəzəm çap
olunur. Amerika Fəlsəfə Cəmiyyəti və
Avropadakı fəlsəfə qurumları, həmçinin bir
çox fəlsəfə təşkilatları var ki, biz
onların üzvüyük. Yəni burada bir şəxs kimi
üzvlükdən söhbət gedir. Eyni zamanda bizim Azərbaycan
Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası bir
çox beynəlxalq təşkilatların üzvüdür.
Amma Türk Dünyası Fəlsəfə Birliyini yarada bilsək
və jurnalını heç olmasa ildə 6 dəfə
çap edə bilsək, bu sahədə olan prosesləri
dünyaya çatdıra bilərik. Düşünürəm
ki, bu, böyük uğur olacaq. Bizim müştərək
layihələrimiz, birgə işlərimiz üçün
bundan sonra böyük imkanlar yaranmış olacaq. Məsələn,
bizim belə bir layihəmiz var – sözügedən sahədə
çalışan gənc alim və tədqiqatçılar
üçün “Yaz okulları”, yəni “Yay məktəbi”
layihəsi. Bu layihənin yaxın zamanlarda
reallaşdırılması nəzərdə tutulub. Eləcə
də TİKA da bu layihəni maliyyələşdirməyə
söz verib, bu məsələ adıçəkilən təşkilatla
da artıq razılaşdırılıb. Layihənin əsas
məğzi odur ki, 30-40 nəfər magistrant və doktorant, eləcə
də 33 yaşına qədər olan gənc alim və tədqiqatçılar
istirahət düşərgələrindən birində iki həftəlik
bir yerdə olacaqlar. Bu düşərgə əgər Azərbaycanda
təşkil ediləcəksə, Göygöldə,
Şamaxıda, Qəbələdə, Nabranda və sair bu
cür istirahət zonalarında keçirilə bilər. Yaxud
Türkiyədə Antalyada, Egey sahillərində, yaxud
Qazaxıstanın, Orta Asiyanın istirahət zonalarında bu
cür düşərgələr təşkil edilə bilər.
Bu cür yerlərdə yay
aylarında istirahət və fikir mübadiləsi, fəlsəfi
diskussiyalar aparmaq olar. Bu “Yay məktəbi” iki həftəlik
bir proqramdır. İki həftə ərzində böyük
filosoflarla, türk dünyasının tanınmış fəlsəfə
simaları ilə görüşlər, təmaslar təşkil
olunacaq. Yəni fəlsəfə adamları ilə gənc tədqiqatçılar
və alimlər arasında qeyri-rəsmi, qeyri-formal ünsiyyətlər
qurulacaq.
- Bu cür məktəblərdən
hansı konkret nəticələr gözlənilə bilər?
- Bu cür “Yay məktəbləri”ndən gözləntilər çoxdur. Birincisi, fikir mübadiləsi və fəlsəfi diskussiya baxımından bu cür düşərgəər çox önəm daşıyır. Gənc tədqiqatçılar yeni ideyalar, tədqiqat istiqamətləri barədə informasiya mübadiləsi edirlər və onların motivasiyaları daha da artmış olur. İkincisi isə biz bu düşərgə müddətində həmin gənc alim və tədqiqatçılar arasında istedadlıların seçilib müəyyənləşdirilməsinə də nail olacağıq. Onlar arasında daha istedadlıları “Yay məktəbi” ərzində özünü yəqin ki tanıtmış olacaq. Biz onları seçib ayıracağıq. Onlara gələcəkdə tədqiqatlar aparmaq üçün daha yaxşı şərait yaratmağa çalışacaq, onları mütəmadi olaraq öz tədbirlərimizə dəvət edəcəyik. Biz onlara şərait yaradacağıq ki, onlar bizim işimizi davam etdirsinlər, eləmədiklərimizi gələcəkdə həyata keçirsinlər. Məsələn, Amerikada, digər inkişaf etmiş ölkələrdə fəlsəfəni bitirib gələn istedadlı və ingiis dilini mükəmməl bilən gənclərimiz var. Onların motivasiyası və bacarıqları da yüksək səviyyədədir. Onlar həm də bizim ideyalarımızın, konsepsiyalarımızın xarici ölkələrə çıxarılmasına, fikirlərimizin daşınmasına vasitəçilik edə bilərlər. Onlar bu işdə türk dünyası fəlsəfəsinin dünyada tanınmasına, daha geniş və operativ yayılmasına yardımçı ola bilərlər. Yəni bu cür düşərgələr gənclərlə, gənc tədqiqatçılarla yaşlı nəslin arasında bir körpü, bağlantı rolunu da oynaya bilər ki, qarşılıqlı faydalı fəaliyyətə nail olunsun. Bu baxımdan “Yay məktəbi”nin çox böyük bir layihə olduğunu düşünürəm. Eyni zamanda bu ayın 27-28-i tarixlərində keçirəcəyimiz beynəlxalq konfrans da türk dünyası fəlsəfə adamlarının sıx iş birliyinə və birgə fəaliyyətə nail olunması məqsədi daşımaqla oxşar amallara xidmət edir. Onu da qeyd edim ki, bu konfrans da TİKA tərəfindən maliyyələşdirilir. Mən mayda Ankarada Təhsil Sosiologiyası ilə bağlı Birinci Beynəlxalq Simpoziumda iştirak etdiyim vaxt orada TİKA-nın başqanı Sərdar bəylə görüşdük və belə qərara gəldik ki, türk dünyasının ortaq fəlsəfi məsələlərinə həsr olunmuş ildə azı iki tədbir keçirilsin. Qeyd etiyim kimi, bu tədbirlər araşdırma xarakterli olmaqla əhəmiyyət kəsb edir. Onu da qeyd edim ki, bu ümumi işə yəqin ki, həm Azərbaycanın, həm Türkiyənin, həm də Qazaxıstanın və gələcəkdə Qırğızıstanın və sair türk ölkələrinin müəyyən rəsmi dairələri də yəqin ki maddi dəstək verəcəklər. Bizim dövlət başçılarının arasında da son dövrlərdə bir neçə belə görüşlər keçirilib. Bu görüşlərdə qarşılıqlı fəaliyyətlərin aparılması məsələləri müzakirə olunub, həyata keçirilib. Çoxlu birgə iqtisadi, strateji layihələr həyata keçirilib, indi isə artıq elm, mədəniyyət sahəsində birgə layihələr həyata keçirilməsi barəsində danışıqlar gedir, müəyyən sahələrdə və səviyyələrdə bu sahədə birgə fəaliyyət aparılır. Bunlardan ən mühümlərindən biri isə ortaq fəlsəfə tədqiqatlarının aparılması və birliyin yaradılması ilə bağlı razılaşmaların olmasıdır. Bu baxımdan hər bir türk xalqının ayrıca yox, ümumilikdə türk fəlsəfi irsinin 20 cildlik antologiyasının ərsəyə gətirilməsi planlaşdırılır. Bu baxımdan bu irs bütün türk dünyasına aid olan fəlsəfi sərvət kimi təqdim ediləcək. Onsuz da bir çox tarixi məqamlara görə hər hansı bir fəlsəfi irsi konkret və ayrıca bir türk xalqına aid etmək də çətindir. Əslində İslam dünyası miqyasında bu fəlsəfi irs daha genişdir, amma biz bu miqyası daha da konkretləşdirərək türk dünyasını əsas götürürük. Beləliklə, biz türk fəlsəfi irsinə aid ontologiya və eyni zamanda da müasir türk xalqları filosoflarının, tədqiqatçılarının əsərlərindən də nümunələri nəşr etməyi düşünürük. Bundan başqa, müasir filosoflarımızın əsərlərinə və fəlsəfi proseslərə aid illik məcmuələrin nəşrini və digər belə layihələri həyata keçirə bilərik. Onu da qeyd edim ki, bu sahədə qazaxlar artıq irəli düşüblər. Qazaxlar artıq “mədəni irs” layihəsi çərçivəsində bir cildlik “Müasir türk fəlsəfəsi”ni çap ediblər. Burada müasir türk cümhuriyyətlərində son 50 ildə nə kimi tədqiqatların aparıldığı öz əksini tapıb. Ən yaxşı tədqiqatlar qazaxların bu nəşrində nümunələr kimi verilib.Gələcəkdə bu cür nəşrlərin Türkiyə türkcəsində çap olunmasına ehtiyac var. Çünki Türkiyə türkcəsində oxucu auditoriyası daha genişdir. Həmçinin bizim gələcək planlarımızda ortaq fəlsəfi terminalogiyanın nəşri də var. Yəni Türkiyə ilə bizim aramızda fəlsəfi sahədə cəmisi 20-30 termin var ki, onları çox zaman bilmədiyimizə görə bir-birimizin yazılarını çətin anlayırıq. Bu terminologiya lüğəti qarşılıqlı olaraq fəlsəfi tədqiqatlarımızın daha yaxşı anlaşılmasında, mənimsənilməsində yardımçı olacaq. Həmçinin qarşılıqlı görüş və konfranslarda bu barədə razılaşmaq olar ki, hər hansı bir termini gələcəkdə necə işlətmək lazımdır. Bu məsələdə də ortaq məxrəcə gəlsək, işimiz daha da asanlaşacaq. Bu, əslində fəlsəfə sahəsində həll edilməli olan daha asan məsələdir. Qeyd edim ki, bizim tədqiqatçılar bu termin baryerini keçə bilsələr, bizim üçün türk dilində dünya fəlsəfəsi ilə tanışlıq üçün böyük bir xəzinə açılmış olur. Çünki Türkiyədə fəlsəfi ədəbiyyatın operativ tərcümə və çap işi çox yaxşı təşkil olunub. Biz də bu imkandan bəhrələnmək çox yaxşı olar. Gələcəkdə dövlətlərimizin bu layihələrə maddi dəstək göstərəcəyinə inanıram və hesab edirəm ki, bu kimi problemlər öz həllini yaxın zamanlarda tapacaq.
İlkin AĞAYEV
Palitra.- 2012.- 26 sentyabr.- S.11.