“Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır”

 

 Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev: “Ümumilikdə bir missiyamız var: hər bir kəsin marağını nəzərə almaq şərtilə milli-mənəvi dəyərlərimizi əks etdirərək fəaliyyət göstərmək”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayevdir:

- Fərhad müəllim, saray fəaliyyətə başladığı dövrdən burada müxtəlif vəzifələrdə çalışmısınız. Ötən dövrə nəzər salsaq, sarayın fəaliyyət tarixi ilə bağlı nə deyə bilərsiniz?

- “Hər xalqın öz adət-ənənəsi, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik". Ulu öndər Heydər Əliyevin bu sözləri Azərbaycan tarixində, ədəbiyyatında və ümumilikdə bütün sahələrdə mühüm rol oynamış şəxsiyyətlərdən bizə miras qalan milli sərvətlərimizin zənginliyini ehtiva edir. Hər hansı bir xalqın mədəniyyətinin inkişafında bütün bunlar əvəzsiz rol oynayır. Bu milli-mənəvi dəyərlərin qaynaqlandığı mədəniyyət, dil və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillər sırasındadır. O cümlədən Azərbaycan xalqının inkişafında və bir millət kimi dünya səhnəsində layiqli yer tutmasında başlıca rol oynayıb. Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə isə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır. Mən bu sarayda 1973-cü ildə böyük səhnə maşinisti, elə həmin ildə bədii quruluş müdiri, 1975-ci ildə bədii hissə müdiri, 1979-cu ildə direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıram. 1960-cı ildən Bakıda geniş ekranlı kinoteatr tikilməsi qərara alındı. Tikintiyə 1962-ci ildə başlandı. Lakin az müddətdən sonra dayandırıldı. Ümummilli liderimiz Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk günlərdən bir çox tikinti işləri ilə yanaşı həmin bu yarımçıq tikinti ilə də maraqlandı və tikintinin başa çatması üçün göstəriş verdi. Bununla da sarayın illərlə ləngiyən tikintisi Heydər Əliyevin qayğısı nəticəsində 2 ilə başa çatdı və 11 dekabr 1972-ci ildə təhvil verildi. 14 dekabrda saray öz qapılarını tamaşaçıların üzünə açdı. Açılış üçün çox böyük konsert proqramı hazırlanmışdı. Təntənəli konsert proqramı Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından üvertura ilə açıldı. Konsertdə Dövlət Rəqs Ansamblı, “Qayavokal kvarteti, Q.Qarayevin “İldırımlı yollarlabaleti təqdim olundu, eləcə də SSRİ Xalq artisti Zeynəb Xanlarova, Lütfiyar İmanov, Aşıq Pənah Pənahov və bir çox başqa incəsənət ustaları iştirak edirdilər. Məhz Heydər Əliyev Sarayının səhnəsi bir çox möhtəşəm hadisələrə şahidlik edib. Xalqımızın böyük oğlu, ulu öndərin mədəniyyət sahəsinə olan sonsuz diqqəti və qayğısı hər zaman aydın nəzərə çarpır. Elə bu səbəbdən də mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan, ölkənin mərkəzi konsert salonu öz qurucusu ulu öndər Heydər Əliyevin adını daşıyır. 40 illik tarixi yaddaşı olan saray ölkəmizin mədəniyyət siyasətinin başlandığı məkandır desək, yanılmarıq. Bu gün heç təsadüfi deyil ki, bizim bir çox milli-mədəni dəyərlərimiz - muğam, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənətimiz YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Ölkənin əsas konsert salonu olan Heydər Əliyev Sarayı isə Azərbaycan mədəniyyətinin incisi hesab olunan bu sənət sahələrinin təbliği yönündə hər zaman çalışır. Mədəniyyət ocağının tarixi yaddaşına nəzər yetirsək, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı, maarifləndirici, təbliğati və eyni zamanda insanların əyləncəsini təmin edəcək tədbir və konsertlərə ev sahibliyi etdiyini görərik. Bu möhtəşəm saray özünün ikinci həyatına ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoydu. Onun müvafiq qərarı ilə yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray ümumilikdə dövlətimizin mədəniyyətə, onun inkişafına göstərdiyi münasibətin bariz nümunəsidir. Bunun nəticəsidir ki, bu gün paytaxt Bakımızın, ölkəmizin rəmzinə çevrilən bu konsert müəssisəsi özünün gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət müəssisələrindən birinə çevrilib.

- Son illər saray tərəfindən təşkil olunan layihələrdə milli musiqimizin təbliği və bu sahədə gənc istedadların təqdimatı xüsusi yer tutur. Gənclərin mədəniyyət tariximizə daha yaxından yiyələnməsi üçün belə tədbirlərin bundan sonra da təşkilini nəzərdə tutursunuzmu?

- Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəni həyatında, mənəvi dünyasının formalaşmasında həlledici rol oynayan muğam incəsənətimizin ayrılmaz hissəsi olaraq daim diqqət mərkəzindədir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi qayğısı nəticəsində dünya arenasında təbliğ olunan milli irsimiz muğama gənclərimizin də həvəs və marağını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilir. Ona görə də Heydər Əliyev Sarayının təşkilatçılığı ilə “Gəncləşən muğam” adlı layihəni hazırlayaraq yüksək səviyyədə təqdim etdik. Xalq artisti, professor Mənsum İbrahimovun iştirakı ilə reallaşan layihə 3 il möhtəşəm şəkildə tamaşaçılara təqdim olundu. Layihənin əsas məqsədi gənc muğam ifaçılarının tanınması və təbliğidir. Ona görə də hələ uzun illər tamaşaçılar bu möhtəşəm layihənin seyrcisi ola biləcəklər. Təbii ki, biz yalnız muğam ifaçılarına dəstək olmuruq. Həmçinin aşıq sənətinin layiqli davamçıları da bizim səhnədə öz istedad və bacarıqlarını göstərmək imkanı əldə edirlər. 40-cı mövsümdə həm “Gəncləşən muğam - 3”, həm də “Aşıq sənətinin davamçıları" adlı çoxsaylı istedadlı gənclərin iştirakı ilə konsert proqramları təşkil etdik. Gənclərə olan diqqətimiz yalnız istedadlı şəxslərə dəstək olmaqdan ibarət deyil. Azərbaycanın gələcək inkişafında bilavasitə iştirak edən insanlar bizim gələcəyimiz olan gənclərdir. Düşünürəm ki, ali təhsil ocaqlarında təhsil alan sabahın mütəxəssislərini bu gün düzgün istiqamətləndirməyi bacarsaq, normal repertuar siyasəti müəyyənləşdirə bilsək, gənclərin zövqünə uyğun layihələr təqdim etsək, bu çox yaxın bir zamanda bəhrəsini verəcək. Ona görə də repertuarı müəyyənləşdirərkən daha çox Azərbaycanın folklor sənət sahələri ilə yanaşı müasir mədəniyyətdən də bəhrələnirik. Hər bir yaş təbəqəsinin istəyini nəzərə aldığımız üçün müasir dövrün tələblərinə uyğun musiqi janrlarının təbliği istiqamətində də tədbirlər təşkil edirik. Ümumilikdə bir missiyamız var: hər bir kəsin marağını nəzərə almaq şərtilə milli-mənəvi dəyərlərimizi əks etdirərək fəaliyyət göstərmək. Biz çalışırıq ki, ölkənin mərkəzi konsert salonu olaraq ölkə əhəmiyyətli və eyni zamanda vətəndaşlarının istəklərinə uyğun tədbirlərə yer verək.

- Sarayın səhnəsində yubileylərin qeyd edilməsi bir ənənəyə çevrilib. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Bu il yubiley yaşını qeyd edən Heydər Əliyev Sarayı bu illər ərzində müxtəlif sahələrdə çalışmış mötəbər şəxslərin yubileylərinə də ev sahibliyi edib. Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu günə kimi Tofiq Quliyev - 80, Bülbül - 100, Niyazi - 90, Fikrət Əmirov - 80, Səməd Vurğun - 100, Üzeyir Hacıbəyov - 125, Aşıq Ələsgər - 190, Aşıq Alı - 210, Vaqif Mustafazadə - 70, Zəlimxan Yaqub - 60, “Qayaqrupu - 50, Dövlət Rəqs Ansamblının 40 illiks. yubiley tədbirləri təntənəli şəkildə qeyd olunub. Unutmadan bildirmək istərdim ki, paytaxtın ən böyük səhnəsində rusiyalı bəstəkar İqor Krutoyun da yaradıcılıq gecəsi anşlaqla baş tutmuşdu. Rusiya estradasının ən tanınmış simaları Aleksandr Serov, Layma Vaykule, Valeri Leontyev, Kristina Orbakayte, İrina Alleqrova, Filipp Kirkorov yaddaqalan çıxışları ilə Bakı tamaşaçılarının zövqünü oxşamışdılar. Ayrı -ayrı illərdə rus sənətçilər Tamara Sinyavskaya, Lev Leşşenko, Alla Puqaçova, İosif Kobzon, Gennadi Xazanov, Vladimir Vinakur, Katya Lel, Leonid Aqutin, Anjelika Varum, gürcü sənətçisi Vaxtanq Kikabidze, türk sənətçilər Tarkan, Sezen Aksu, Sərdar Ortaç, Özcan Deniz, İbrahim Tatlısəs, Ajda Pekkan, həmçinin Robertino Loretti, Keiko Matsui, Corc Benson, Demis Russos və digərləri kimi görkəmli incəsənət ustaları sarayda möhtəşəm konsert proqramları ilə çıxış ediblər. Azərbaycanı fəxrlə təmsil edən musiqiçi Emin Ağalarov, Əzizə Mustafazadə də həmyerliləri qarşısında çıxış etmək üçün məhz saray səhnəsini seçib. Bu simalarla yanaşı həmçinin Azərbaycanlı sənətkarları Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Zeynəb Xanlarova, İslam Rzayev, FidanXuraman Qasımovalar, Alim Qasımov və digərlərinin dəfələrlə konsert proqramları anşlaqla keçib. Düşünürəm ki, bu da bir daha sözügedən mədəniyyət ocağının yüksək peşəkarlığını və diqqət mərkəzində olduğunu sübut edir.        

 

 

Nigar Abdullayeva 

 

Palitra.- 2012.- 28 sentyabr.- S.11.