“Ermənistan öz siyasətini mədəniyyət, iqtisadiyyat üzərində qura bilmir

 

 Millət vəkili, professor Musa Qasımlı: “Onlar uydurma məsələlərdən yapışır, həmçinin bizi terrorla hədələyirlər. Biz isə öz mədəniyyətimizlə dünyaya çıxırıq. Bu fərqi görmək lazımdır”

 (əvvəli ötən sayımızda)Azərbaycanın müqayisəyəgəlməz hərtərəfli inkişafı, beynəlxalq nüfuzumuzun güclənməsi və sair göstəriciər Ermənistanı küncə sıxılmağa və dünya birliyindən daha da təcrid olunmağa məcbur edib. Ermənistanın Azərbaycana qarşı dayanması artıq düşmən ölkə üçün olduqca müşkül bir işə çevrilib. İnformasiya savaşında da öz mövqelərini əldən verməyə başlayan Ermənistan hazırda Azərbaycana qarşı yalnız terror hədələri ilə gündəmə gəlməyə çalışır. Bu isə düşmən ölkənin terrorçu mahiyyətinin daha çox ifşa olunması və ona dünya birliyinin təzyiq göstərməsi baxımından əlavə imkanlar yaradıb. Bəs bu imkanlardan necə yararlanılmalıdır? Mövzu ilə bağlı müsahibimiz  millət vəkili, professor Musa Qasımlıdır. Musa müəllim bizimlə söhbətini belə davam etdirdi:

-Biz ümumiyyətlə, ermənilərə göz açmağa imkan verməməliyik. Biz diaspor təşkilatlarının da bu  məsələdə daim aktivliyinə nail olmalıyıq. Doğrudur, diaspor təşklatlarımız getdikcə aktivləşir. Diasporumuz daha da güclənib və Azərbaycan həqiqətlərinin yayılmasında, erməni yalanlarının və terrorunun ifşa edilməsində daha intensiv və məqsədyönlü fəaliyyət göstərir. Amma bununla belə, bu aktivlik və mütəşəkkillik daim artırılmalıdır. Eyni zamanda da gənclər təşkilatlarının, aktiv gənclərin və cəmyyətimizin digər təbəqələrinin bu informasiya savaşında daha aktivprinsipial çıxışına ehtiyac var.

- Musa müəllim, bir sıra hallarda qeyd edilir ki, beynəlxalq təşkilatlar, dünya siyasətini müəyyən edən aparıcı dövlətlər əslində erməni terrorları barədə məlumatlıdırlar, amma onlar bu məsələyə çox vaxt göz yumurlaryaxud da bu terror aktları ilə bağlı olaraq terroru dəstəkləyən Ermənistana hər hansı sanksiyaların tətbiq edilməsində bir o qədər də maraqlı deyillər. Belə olduğu halda, ermənilərin saysız terror faktlarından necə istifadə etmək lazımdır ki, Ermənistana qarşı sərt təpkilərə və beynəlxalq təzyiqlərə nail olunsun? Bu məsələdə daha hansı fəaliyyətlər və aksiyalar mümkün ola bilər?

-  Qeyd etdiyiniz kimi, dünyada ikili standartların olduğu faktdır. Ermənilər Qərb ölkələrini adını çəkmək istəmədiyim faktorlarla aldadırlar. Yaxud da onlar uydurma məsələlərdən yapışır, həmçinin bizi terrorla hədələyirlər. Biz isə öz mədəniyyətimizlə dünyaya çıxırıq. Bu fərqi görmək lazımdır. Qeyd etdiyim kimi, məsələn, Prezident İlham Əliyevin Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını etməsi və sair effektiv mədəniyyət tədbirlərimiz buna bariz sübutdur. Bu gün Azərbaycan qlobal mədəniyyət hadisələrinin təşkilatçısı qismində çıxış edir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinə həsr olunmuş beynəlxalq tədbirlər getdikcə daha intensiv keçirilir ki, bütün bunlar da Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən biri kimi təbliğ edir və tanıdır. Ermənilər is bu cür mədəniyyət təbliğatına alternativ ortaya qoya bilmirlər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyəti, xüsusən Heydər Əliyev Fondunun bu sahədə əzmlə gördüyü tədbirlər, həyata keçirilən qlobal mədəniyyət layihələri çox effektiv təsirini göstərir. Azərbaycan dövləti erməni yalanlarına qarşı hücum taktikasını bu səpkidə də çox yaxşı həyata keçirir. Bundan başqa, biz dünyadakı nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələrini ölkəmizə dəvət edə bilərik, onların hesabatlarında ermənilərin törətdikləri ilə bağlı daha müfəssəl faktlar əksini tapa bilər. Bu məqsədlə dünyanın aparıcı qeyri-hökumət təşkilatlarının forumları Azərbaycanda keçirilə bilər. Bir vaxtlar Azərbaycan deyəndə xəritədə Azərbaycanın adını axtarırdılar. Hazırda Azərbaycanın inkişafı sayəsində “Eurovisionkimi müsabiqələrin ölkəmizdə keçirilməsi, mədəniyyətimizin, mətbəximizin, musiqimizin, incəsənətimizin dünya çapında yüksək səviyyədə təqdim edilməsi Azərbaycanın informasiya məqsədilə xəritədə axtarışlarına son qoydu. Həmçinin mən bir neçə xarici ölkədə olmuşam, inanın, xaricdə kimlərlə söhbət edirsənsə, hamısı Azərbaycan haqqında ağız dolusu danışır. Görün, təkcə “Eurovisionkimi bir aksiya nə qədər tanıdılma sahəsində böyük görmüş oldu. Yaxud son günlərdə 17 yaşadək qadınlar arasında ölkəmizdə keçirilən futbol üzrə dünya çempionatı, tanınmış müğənnilərin Azərbaycana səfər etməsinin təşkili və sair ölkəmizin təbliğinə effektli xidmət edir. Bütün bunlara görə Ermənistan bu gün çox pis vəziyyətə düşüb. Ermənistan küncə sıxılmış vəziyyətdə olduğu üçün öz siyasətini yalnız hədə-qorxular və qısqanclıqdan doğan aqressiv bəyanatlar üzərində qurmağa məcbur olub. Ermənistan siyasətini öz mədəniyyəti, iqtisadiyyatı üzərində qura bilmir. Çünki buna inkişaf səviyyəsi və imkanları çatmır. Buna görə də hesab edirəm ki, sükanı belə saxlamalı və əlaqələrimizi daha da bu yolla genişləndirməliyik. Bu işlərin hamısında vətəndaş cəmiyyəti institutları və gənclər təşkilatları, ölkə gəncliyi də aktiv iştirak etməlidir.

 

 

Palitra.- 2012.- 28 sentyabr.- S.5