Türk dünyasında fəlsəfə və mənəvi dəyərlər müzakirə edilir

 

 Professor Səlahəddin Xəlilov: “Türk dünyasının fəlsəfi birliyinə nail olmaq üçün ilk növbədə təşkilatlanmaq tələb olunurProfessor Kənan Gürsoy: “İnteqrasiya ilk növbədə eyni fəlsəfi irsi bölüşən doğma xalqların öz aralarında getməlidir”

 

Dünən “Kempinski Hotel Badamdar”da Azərbaycan, Türkiyə və Qazaxıstan filosoflarının birgə təşəbbüsü ilə “Mədəniyyətlərin dialoqu şəraitində türk dünyasında fəlsəfə və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans işə başladı. Konfransı giriş sözü ilə Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri, AMEA-nın müxbir üzvü professor Səlahəddin Xəlilov açdı. O, qeyd etdi ki, konfransın keçirilməsində məqsəd türk dünyasının müxtlif bölgələrində yaşayan fəlsəfə tədqiqatçıları arasında əlaqə yaratmaq, bəzi ortaq problemləri birgə səylərlə həll etmək, ümumbəşəri fəlsəfi fikrin inkişafına qatılmaqla yanaşı, milli dəyərlərə yönəlmiş tədqiqatlar aparmaq, ortaq türk fəlsəfi terminologiyası formalaşdırılması məqsədi ilə xüsusi komissiya yaratmaq və gələcəkdə yüksək elmi-nəzəri tələblər səviyyəsində beynəlxalq fəlsəfi jurnal nəşr etmək üçün ilkin hazırlıq işləri görməkdən ibarətdir. Bütün bu məqsədləri həyata keçirmək üçün ilk növbədə təşkilatlanmaq tələb olunur. Yəni məqsəd hər ölkənin öz fəlsəfə cəmiyyəti olduğu kimi, bütövlükdə türk dünyasının vahid fəlsəfə cəmiyyətini yaratmaqdan ibarətdir. Konfransın plenar iclasında Türkiyə Fəlsəfə Cəmiyyəti adından görkəmli türk filosofu, Türkiyənin Vatikanda səfiri prof. dr. Kənan Gürsoy çıxış edərək bildirdi ki, Bakıda türkdilli filosofların belə yüksək səviyyəli görüşü artıq ikinci dəfədir ki, keçirilir.

Qloballaşma şəraitində bütün fəaliyyət sahələrində inteqrasiya getdiyi kimi, fəlsəfi tədqiqatlar sahəsində də fəaliyyətlərin əlaqələndirilməsi olduqca vacibdir. Lakin belə inteqrasiya ilk növbədə eyni fəlsəfi irsi bölüşən doğma xalqların öz aralarında getməlidir. İndi hər ölkə, hər xalq öz milli fəlsəfi fikir tarixini tədris edir, gənc nəsli məhz milli düşüncə ənənələri zəminində yetişdirməyə çalışır. Bu, fəlsəfə tarixinə milli prizmadan yanaşmaq təşəbbüsüdür. Lakin bütün türk xalqlarının fəlsəfi fikir tarixi arasında ümumi cəhətlər olduğundan bizim bu sahədə əməkdaşlıq etməyimiz vacibdir. Qazaxıstan Fəlsəfə İnstitutunun direktor müavini Serik Nurmuratov Qazaxıstanda türk fəlsəfi irsinin öyrənilməsi sahəsində görülən işlərdən danışdı. İndiyədək bu sahədə 20-dən artıq kitabın nəşr olunduğunu bildirdi. O, qeyd etdi ki, Almatıda çıxan “Fərabi” və “İnsan aləmi” jurnalları AFSEA-nın “Fəlsəfə” jurnalı ilə sıx əməkdaşlıq edir.Konfransın açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun alimlərimiz arasındakı bu əlaqələrin bütövlükdə Türkiyə-Azərbaycan dostluğu üçün mühüm əhəmiyyətindən bəhs etdi.

Onun fikrinə görə, siyasi, iqtisadi və mədəni-mənəvi sahələrdəki əməkdaşlığın təməlində məhz ideya, yaxınlığı, fəlsəfi dünyagörüşünün ümumiliyi dayanır. Sonra təltif mərasimi keçirildi. Türk fəlsəfi fikrinin araşdırılması və təbliğində xidmətlərinə görə, türkiyəli filosof prof.dr. Kənan Gürsoy və “Şərq fəlsəfəsi problemləri” jurnalının təsisçisi və baş redaktoru prof.dr. Zümrüd Quluzadə AFSEA-nın fəxri diplomu ilə təltif edildilər. Fasilədən sonra konfrans işini bölmə iclaslarında davam etdirdi. Türkiyə Fəlsəfə Dərnəyi başqanı prof.dr. Əhməd İnam və prof.dr. Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi birinci bölmədə prof.dr. Ali Osman Gündoğanın “Etik bir dəyər olaraq tolerantlığın fəlsəfi dialoqa təsiri”, prof.dr. Zümrüd Quluzadənin “Türkdilli xalqların fəlsəfə tarixinin tədqiq, tədris və təbliğinə dair”, prof.dr. Qaliya Kurmanqaliyevanın “Qazaxıstanda türk fəlsəfəsi: mövcud durum, problemlər, perspektivlər” və sair mövzularda çıxışlar maraqla qarşılandı. Prof.dr. Serik Murmuratovun rəhbərliyi ilə keçirilən digər bölmə iclasında prof.dr. Cəlal Türərin “Sənət sahəsində mədəniyyətlərarası dialoq”, prof.dr. Hakan Poyrazın “Mədəniyyətin formalaşdırılmasında tolerantlıq”, prof.dr. Könül Bünyadzadənin “Qlobal problemlər və milli düşüncə” mövzusunda çıxışları maraqlı qarşılandı və ətraflı müzakirə olundu.Qeyd edək ki, konfrans bu gün də bölmələr üzrə işini davam etdirəcək. Yekunda “Ortaq türk fəlsəfi terminolojisi” mövzusunda dəyirmi masada müzakirələr keçirilməsi nəzərdə tutulur.

 

 

İlkin AĞAYEV    

 

Palitra.- 2012.- 28 sentyabr.- S.7.