“Üzümçülük neft sektoruna alternativ iqtisadi sahə kimi qiymətləndirilməlidir”

 

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bugünlərdə ölkə başçısı tərəfindən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzalanan sərəncamda da göstərilir ki, üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biri olmaqla yanaşı üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir. Müsahibimiz Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müəllimi, kənd təsərrüfatı elmləri namizədi, dosent Çingiz Gülalıyevdir: 

- Məlum olduğu kimi,  hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının ən başlıca amillərindən biri  əhalinin məşğulluğundan, ərzaqla təminatından asılıdır. Dünyada və eləcədə ölkəmizdə əhalinin artımı, ərzaq məhsullarına olan tələbatın yüksəlməsi və eyni zamanda ərzaq məhsullarının dünya bazarlarında qiymətlərinin artması, hətta bəzi ölkələrdə ərzaq qıtlığının real təhlükəyə çevrilməsi halları müşahidə edilməkdədir. Beynəlxalq təşkilatlar da bu barədə xəbərdarlıq etməkdədirlər. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstəricinin cəmi 9 milyon ton səviyyəsində olacağı bildirilir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi  bizim ölkəmizdə də çox vacibdir. Ölkə iqtisadiyyatı artdıqca digər sahələrdə olduğu kimi dövlət tərəfindən kənd təsərrüfatının inkişafına da diqqət artırılır. Müxtəlif sərəncamlar,  fərmanlar, dövlət proqramları qəbul edilir. Buna bariz misal olaraq ilk öncə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamını göstərmək olar. Sərəncama uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini, lizinq münasibətlərinin inkişafı məqsədilə “Aqrolizinq” ASC yaradılması və ötən müddət ərzində Səhmdar Cəmiyyətin nəzdində müxtəlif bölgələrdə fəaliyyət göstərən “Aqroservis” filialları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına sifarişlər əsasında 20 növ aqrotexniki xidmətlərin yaradılmasını, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı  və s. göstərmək mümkündür. Görülən tədbirlərin əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Son vaxtlar dövlət başçısı taxılçılıq sahəsində bütün müvafiq göstərişlərin verildiyini və indi üzümçülük üzrə xüsusi proqram hazırlandığını vurğulayaraq deyib: "Proqrama müvafiq qurumlarda baxılmalıdır və üzümçülüyün inkişafı üçün biz konkret əlavə tədbirlər görməliyik. Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin”.

-Üzümçülüyün inkişafının ölkə iqtisadiyyatında rolunu necə qiymətləndirirsiniz?

- Üzümçülük həqiqətdə neft sektoruna alternativ iqtisadi sahə kimi qiymətləndirilməlidir. Çünki, bu sahənin inkişafı yeni iş yerlərinin yaradılması, əhalinin güzəranının yaxşılaşdırılması ilə bərabər, Bakı şəhərinə iş dalınca gələnlərin sayının azalmasına da xidmət edəcək. Doğurdan da üzümçülüyün lazımi səviyyədə inkişafı Azərbaycanın iqtisadiyyatının yüksəlməsində neft və qazdan sonra önəmli yer tuta bilər.  Bunun üçün Azərbaycanda kifayət qədər potensial imkanlar və təcrübə var. Həm də onu qeyd etmək lazımdır ki, bir vaxtlar üzümçülük-şərabçılıq ölkəmizdə kənd təsərrüfatının aparıcı sahələrindən biri olub. 1984-cü ildə ölkə büdcəsinin 40%-dən çoxunu üzümçülük və şərabçılıq təşkil edirdi. Şamaxı, Cəlilabad kimi ənənəvi üzümçülük rayonlarında ildə 200-220 min ton üzüm istehsal olunurdu. Respublikaya üzümçülükdən gələn gəlir 10 milyardlarla ölçülürdü. Həmin dövrlərdə Azərbaycanda  210 şərab zavodu vardı və orada 1000 minlərlə fəhlə və mütəxəssis çalışırdı. Ümid etmək olar ki, "Üzümçülük və şərabçılıq haqqında"qəbul olunan qanun, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”  bu sahənin inkişafı üçün hüquqi baza yaratmaqla bərabər emal sahəsinin inkişafını, şərab məhsullarının keyfiyyətinə qoyulan tələbləri, nəzarət tədbirlərini, dövlət standartı normalarını, üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılmasını, şərab və üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdıracaq. Eyni zamanda Dövlət Proqramının məqsəd və vəzifələrində  emal sahəsi prioritet kimi elan olunub, ölkə əhalisinin qida məhsulları ilə təhlükəsiz və dayanıqlı təminatı ilə bağlı vəzifələr qarşıya qoyulub. Bu sərəncamı da ölkə iqtisadiyyatının güclənməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin ərzaqla təminatına zəmin yaradacağı baxımından faydalı hesab etmək olar. Düşünmək olar ki, bu sərəncam vasitəsilə  Azərbaycan üzümçülüyü və şərabçılığı yeni inkişaf mərhələsinə qədəm qoymaqla, üzümçülük və şərabçılıq Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Dağlıq Şirvan, Naxçıvan iqtisadi rayonlarında və Bakı şəhərində daha da sürətli inkişaf edəcək.

- Siz bir mütəxəssis kimi bu sahənin inkişafı ilə bağlı hansı tədbirlərin reallaşmasını vacib hesab edirsiniz ?

- Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı üçün kifayət qədər təcrübə var. Sadəcə olaraq sərəncamdan irəli gələn vəzifələrin icrasına vicdanla və təşəbbüslə başlamaq lazımdır. Bunun üçün ilk növbədə köhnə ixtisaslaşmış rayonlarda üzüm plantasiyalarının salınmasında maraqlı olan fermer təsərrüfatlarına uzunmüddətli faizsiz kreditlər ayrılmalıdır. Ona görə faizsiz ki, yeni əkilmiş üzüm bağlarından 4-5 ildən sonra daha bol məhsul alınır. İxtisaslaşmış tinglik təsərrüfat yaradılmalıdır. Fermer baha qiymətə xaricdən ting almasın. Xəstəliklərə qarşı müxtəlif dərman preparatları olmalıdır. Eyni zamanda torpağın fiziki-kimyəvi xassələri və qida elementləri ilə təminatı baxımından mineral və üzvi gübrələrin də olması vacibdir.  Üzümçülük sahəsində qədim ənənənin olmasına baxmayaraq torpaq sahiblərinə yeni yaradacaqları üzümçülük təsərrüfatında bölgənin konkret torpaq-iqlim şəraitində hansı növləri və necə becərmələrinə yardım göstərilməsi üçün  mütəxəssislər tərəfindən məsləhətlər verilməlidir. Çünki son zamanlar müxtəlif ölkələrdən gətirilərək, becərilən üzüm növlərindən yüksək məhsul əldə olunmadığından müəyyən vaxtdan sonra onların məhvi haqda məlumatlara rast gəlinir. Belə hallar ona görə müşahidə olunur ki, xaricdən gətirilən üzüm növlərinin sınaq əkinləri aparılmır. Torpaq iqlim şəraiti nəzərə alınmadan əkilir. Suvarma və vegetasiya müddətində lazımı aqrotexniki tədbirlərə əməl olunmur və yaxud da bu haqda düşünülmür. Ancaq unutmaq lazım deyil ki, üzümçülüyün intensiv inkişafını və fermer təsərrüfatlarının rentabelli işləməsini təmin etmək üçün sahələrdə becərilən növlərin  düzgün seçilməsi və lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi ən vacib şərtlərdəndir. İllərlə Azərbaycanda müxtəlif növ üzüm bağları olub və onlara lazımi qulluq edilərək yüksək məhsul götürülüb. Şərabçılığın inkişafında xüsusilə texniki növlərin öz yeri olub. Bunlara misal olaraq  Bayanşirə, Mədrəsə, Şirvanşahı, Xindoqnı, Həməşərə, Mələyi, Xərci, Qara asma, Qara aldərə, Dəvəgözü və s. göstərmək olar ki, Azərbaycanda bu növlərin becərilmə üsulu və aqrotexniki qulluğu kənd əməkçilərinə bəllidir. Odur ki, bu və digər sınaqdan çıxmış  yerli əkin materiallarından istifadəyə ilk hallarda üstünlük verilməsini tövsiyə edərdik. Ona görə ki, illərlə sınaqdan keçmiş yerli sortlardan  həm bol, həm də keyfiyyətli məhsul götürmək ehtimalı böyükdür, lakin xaricdən baha alınıb gətirilməklə sınaqdan keçməmiş növlərin əkini fermerləri çətin vəziyyətə sala bilər. Bu sahədə keçmişin təcrübəsindən istifadə edərək üzümçülüklə məşğul olmaq istəyən fermerlərin xarici bazardan asılılığını azaltmaq üçün tingliklər yaratmaqla bərabər üzüm tədarükü müəssisələri və xarici bazara çıxışı təmin etmək lazımdır.  Yeni üzümlüklərin salınması üçün münasib torpaq, işçi qüvvəsi, təcrübəli mütəxəssislər və investisiya mənbələri olmalıdır. Bu mənbələr son verilən sərəncamda da göstərilib. Respublikamızda belə investisiya rolunu digər sahələrlə yanaşı  neft fondu oynamalıdır. Ona görə ki, ölkədə aparılan neft strategiyası nəticəsində bu sahədən gələn gəlirlər ildən-ilə artır. Hazırda bu fonda toplanan pullar sosial-iqtisadi layihələrin reallaşdırılmasında istifadə edilir. Öz çıxışında ölkə başçısı da neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinin, bununla yerli istehsalın artırılmasının vacibliyini dəfələrlə vurğulayıb.

 

 

 Nigar Abdullayeva

 

 Palitra.- 2012.- 6 yanvar.- S. 7.