“Eurovision 2012” mahnı müsabiqəsi və
QHT-lər
Artıq hər kəsə məlumdur ki, “Eurovision-2012”
yarışması paytaxtımız Bakı şəhərində
keçiriləcək. Deməli Bakı bu il “Eurovision”
paytaxtı olmaqla bərabər bütün dünyanın diqqətini özünə cəlb edəcək.
Hökumət tərəfindən “Eurovision-2012” mahnı
müsabiqəsinin təşkili ilə bağlı komitə
yaradılıb və dövlət səviyyəsində
müəyyən işlər
aparılır. Bu məqsədlə Bakı şəhərində
musiqi yarışmasının yüksək standartlara
uyğun təşkili və bütün dünyada Azərbaycanın
təbliği üçün dövlət tərəfindən
böyük yenidənqurma və bərpa işləri
görülməkdədir. Bununla bərabər hökumətin
müxtəlif strukturları kompleks layihələr həyata
keçirməkdədirlər.
Yaxud ictimai təhlükəsizliyin qorunmasına cavabdeh
olan polis işçiləri ingilis dili kurslarına cəlb
olunublar. Həmçinin əhalinin yüksək keyfiyyətli
internetlə təmin olunması məqsədilə bir sıra
layihələr həyata keçirilir və sair. Bəs gəlin
baxaq, ictimai səviyyədə bu sahədə görülən
işlərə hansı dəstək var? İctimai mühit,
cəmiyyət, vətəndaş cəmiyyəti strukturları
bu məsələlərə necə yanaşır və
hansı töhfələr verməyə qabildir?Layihə
çərçivəsində mövzu ilə bağlı
bizə fikirlərini bildirən Vətəndaş Cəmiyyəti
Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin
Hacılı deyir ki, ictimai mühit bu barədə lazımi tələblərə
cavab verməlidir: “Qeyd etmək lazımdır ki, kifayət qədər
mötəbər, dünya səviyyəli musiqi yarışmasına ölkəmizin
ev sahibliyi etməsi Azərbaycan üçün ictimai, siyasi,
mədəni cəhətdən böyük əhəmiyyət
kəsb edir. Dövlətin etdiyi işlərlə
yanaşı musuqi yarışmasının daha effektiv təşkili
və beynəlxalq aləmdə Azərbaycanın müsbət
imici üçün ictimai dəstəyi olması ən vacib
amillərdən biridir. Bu baxımdan cəmiyyəti, ictimai
mühiti hazırlmaq üçün vətəndaş cəmiyyətinin
əsas strukturlarından olan qeyri-hökumət təşkilatları
da bu fəaliyyətdə daha yaxından iştirak etməlidirlər
və onların üzərinə
böyük məsuliyyət, yük düşür. Ona görə ki, bu möhtəşəm
tədbiri layiqincə həyata keçirmək və Azərbaycanın
bütün müsbət tərəflərini üzə
çıxarmaq, bu xüsusiyyətləri təbliğ etmək
hər bir vətəndaşın borcudur. Bu məqsədlə
dövlət və digər ictimai institutlarla bərabər
QHT-lərin də müəyyən
təşəbbüslər göstərməsinə və
ciddi layihələr icra etməsinə, həyata keçirməsinə
böyük ehiyac duyulur”. Tədqirəlayiq haldır ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası tərəfindən
elan edilən son müsabiqədə “Eurovision-2012” musiqi
yarışması ilə bağlı QHT-lərin təşəbbüslərini
və layihələrini həyata keçirmək
üçün xüsusi istiqamət ayrılıb. Bu məqamla
bağlı E.Hacılı belə qeyd edir: “Məlumat
üçün bildirmək istərdim ki, şura dekabrın
9-da 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi
ilə bağlı müsabiqədə 4-cü istiqamət
olan, “Eurovision- 2012” mahnı müsabiqəsilə bağlı
keçirilən tədbirlərə ictimai dəstək
üçün - 10 min, ümumi fond 80 min manat məbləğındədir.
Onu da qeyd etmək yerinə düşərdi ki, buna qədər
də şuranın dəstəyi ilə bir neçə QHT tərəfindən
göstərilən istiqamətdə layihələr həyata
keçirilib. Bu məqsədlə icra olunan layihələrdə
“Eurovision-2012” öncəsi mövcud olan problemlər təhlil
olunub və bununla bağlı
araşdırma yazıları çap olunub, mütəxəssislərlə
müsahibələr hazırlanıb, paytaxtımızın
ictimai-mənəvi mühitinin əsas cəhətlər qeyd
olunub və bir sıra maarifləndirici
çağırışlar edilib. Əhali qrupları
üçün hazırlanmış maarifləndirici, təbliğat
vasitələrində ictimai-mədəni davranış
qaydaları nəzərə çatdırılıb”. Bununla
belə, bir sıra problemlər hələ də
aktuallığını saxlayır: “Amma bu gün hər
birimizi narahat edən ictmai,mədəni
davranış qaydalarında problemlərin mövcudluğu - bəzi
vətəndaşlar tərəfindən ictimai yerlərdə, küçə
və parklarda məişət tullantılarının təyin
olunmayan yerlərə atılması, sərnişin nəqliyyatlarında
təmizliyə riayət olunmaması, eyni zamanda sərnişinlərin,
sürücülərin davranış qaydalarına əməl
etməmələri və sair aradan qaldırılmalı olan
məqamlar ölkəmizin
imici üçün mənfi
xüsusiyyətlər kimi diqqəti cəlb edə bilər.
Düşünürük ki, bu gün göstərilən
problemlərin həll olunmaması
və “Eurovision 2012” günlərində də
özünü büruzə verməsi ölkəmizə gələcək
minlərlə xarici qonağın, icimaiyyət nümayəndələrinin
Azərbaycanla bağlı təsəvvürlərində mənfi
təəssürat oyada bilər. Onu da qeyd etməliyəm ki,
sözsüz ki,müsabiqənin gedişi zamanı Azərbaycana
düşmən münasibətdə olan xarici media nümayəndələri
daha çox mənfi məqamların
işıqlandırılmasına çalışacaqlar. Bu,
gözləniləndir. Buna görə də göstərilən
problemlər qısa zamanda öz həllini tapmalıdır. Əlbəttə
aidiyyəti qurumların və vətəndaş cəmiyyətinin
birgə səyi ilə. Artıq QHT-lərə Dövlət Dəstəyi
Şurası rəsmilərinin bildirdiyinə görə də
2012-ci il üçün I qrant müsabiqəsi ötən
ilin dekabrın 30-da başa çatıb və “Eurovision-2012”
ilə bağlı xeyli təkliflər alıblar. Lakin yenə də müsabiqədənkənar
şəkildə təklifləri dəyərləndirməyə
hazır olduqlarını bildirirlər. Verilən
informasiyalardan aydın olur ki, şuraya təqdim olunan layihə və təkilflər daha çox əhalinin ictimai maarifləndirilməsi,
ictimai davranış qaydalarının təkmilləşdirilməsi,
sürücülərin və digər ictimai xidmət sahəsində
çalışanların məlumatlandırılması, vətəndaş
mədəniyyətinin inkişafı, təmizlik
psixologiyasının formalaşması, eləcə də
milli suvenirlərin hazırlanması və sair
mövzulardadır. Bundan başqa QHT-lər xarici qonaqlarla
iş aparılması istiqamətində müəyyən fəaliyyət
proqramları da hazırlamalıdır”.Amma bu gün QHT-lərin
“Eurovision 2012” ilə bağlı fəaliyyətlərində
çatışmayan məqamlar da hiss olunmaqdadır: “Gəlin
baxaq, QHT-lər əvvəlki illərdə digər ölkələrdə keçrilən bu musiqi yarışmasında həmin
ölkələrin QHT-lərinin yarışma öncəsi fəaliyyətini,
təcrübəsini nə dərəcədə öyrənib
araşdırıb, təhlil edib və bizim cəmiyyətə
çatdırıblar? Fikrimizcə, QHT-lər bu istiqamətə
ciddi fikir verməlidir. Daha bir məsələ
QHT-lərlə biznes qurumları, özəl sektor arasında
və əməkdaşlığı sayəsində “Eurovision-2012”
bağlı birgə layihələrin icrası ola bilər. Əlbəttə,
bu məsələdə QHT-lərlə bərabər özəl
sektorun da üzərinə böyük məsuliyyət
düşür. QHT-lər müəyyən təşəbbüs
və layihələrlə biznes qurumları
qarşısında çıxış etməli, layihələrinin
dəstək qazanmasına çalışmalıdırlar.
Eyni zamanda biznes qurumları da
QHT-lərin təşəbbüslərini dəyərləndirməli,
uğurlu sayıla biləcək layihəyə dəstək
verməlidirlər. Bu kampaniyanın yüksək səviyyədə,
ölkəmizə layiq, dünyaya müsbət mənada səs
sala biləcək səviyyədə keçirilməsi
üçün özəl sektorun QHT-lərin təkilflərini
də dəstəkləyəcəyinə ümid edirik.
Üçüncü bir məqam da QHT-lərin “Eurovision-2012”
ilə bağlı layihələrinin icrası zamanı
mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq
KİV-in, sosial şəbəkələrin imkanlarından
maksimum şəkildə istifadə etməsidir. Bu məqsədlə
QHT-lər hər bir fəaliyyətləri haqqında KİV-ə
məlumat verməli və keçirilən layihələr
haqqında cəmiyyətə yüksək səviyyədə
informasiya çatdırmağı bacarmalıdırlar”.Sonda
qeyd etmək lazımdır ki, bütün bunlar “Eurovision 2012”
yarışmasının daha effektiv həyata keçirilməsi
və yüksək səviyyədə təşkili
üçün vacib amillər hesab olunmalıdır: “Əvvəla,
həmin günlər Azərbaycan bütün dünyanın
diqqət mərkəzində olacaq. Eyni zamanda musiqi yarışmasının gedişini
izləmək üçün ölkəmizə gələcək
minlərlə xarici qonağın təsəvvüründə
Azərbaycan haqqında, onun tarixi, maddi və mənəvi mədəniyyəti,
şəhərimizin müasir gözəlliyi, möhtəşəmliyi
haqqında müsbət hisslər yaradacaq . Və ümid
edirik ki, həm dövlət, həm biznes qurumları və
QHT-lər, eyni zamanda digər ictimai institutlar tərəfindən
icra olunacaq layihələr zamanı hər bir tərəf
öz üzərinə düşən məsuliyyəti dərk edərək
müsabiqənin möhtəşəm keçirilməsinə
çalışacaq. Əlbəttə, qeyd olunan bütün
məsələlərin həllinin paytaxtımızın
qarşıdakı “Eurovision” günlərində hər bir kəsin
yaddaşında müsbət mənada təəssürat
oyadacağına əmin ola bilərik”.
İlkin AĞAYEV
Palitra.- 2012.- 11 yanvar.- S. 6.