«Kitabxana işçiləri ölkədəki inkişafla ayaqlaşmağa çalışır»

 

Layihə çərçivəsində müsahibimiz Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbəri Şəhla Abdullayevadır:

- Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Samux Rayon Mədəniyyət Evinin nəzdində yerləşir. Rayonumuzun mədəni həyatında kitabxanalarımızın özünəməxsus yeri var. Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1992-ci ildə yaradılıb. Hazırda MKS-in ümumi fondu 222.651 nüsxədən artıqdır. Rayon üzrə rüb ərzində 4 mindən çox oxucu kitab mütaliə edir. Kitabxanalarımız yeni alınmış latın qrafikalı kitabların təbliği məqsədilə müntəzəm olaraq oxucu konfransları keçirir, kitab sərgiləri təşkil edirlər. MKS- keçirilən tədbirlərdə ana dilimizin tarixi köklərindən, müqəddəsliyindən bəhs edən məruzələr söylənilir, fonda yeni daxil olan latın qrafikalı kitabların sərgisi nümayiş etdirilir. Tədbirlərimizdə məktəb şagirdlərinin yaxından iştirak etməsi tədbiri daha da canlandırır. MKS-ə daxil olan filialların ümumi sayı 32-dir. Samux rayon MKS-in tabeliyində olan bütün kitabxanalara hər bir vətəndaş üzv yazıla bilər. Bu zaman hər bir kəs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. Oxucu üçün anket yazılır, ona kitabxanadan istifadə qaydaları izah olunur, kitabların qorunmasının, mühafizəsinin zəruriliyi izah olunur. Şəhərin oxucu məktəbliləri isə oxuduğu məktəbdən arayış təqdim edirlər. Bunun vacibliyi ondadır ki, oxucu ilə bağlı məktəblə əlaqə saxlamaq mümkün olur. Ədəbiyyat oxucuya 10 gün müddətinə verilir. Müəyyən səbəblərdən oxucu həmin ədəbiyyatı oxuya bilməyibsə, onun xahişi ilə müddət yenidən uzadılır anketdə müvafiq qeydlər aparılır. Kitabın qaytarılması gecikdirildikdə oxucuya telefonla zəng olunur, xəbərdarlıq edilir. Nəticə vermədikdə oxucunun ünvanına rəsmi məktub göndərilir. Kitab itirildikdə, imkan daxilində oxucudan həmin adda kitabın alınıb kitabxanaya verilməsi tələb olunur. Bu mümkün olmadıqda qanuna müvafiq tədbir görülür.

- Kitabxanada hansı şöbələr fəaliyyət göstərir?

- Mərkəzləşdirilmiş Kitabxana Sistemində 5 şöbə fəaliyyət göstərir: Xidmət şöbəsi, Uşaq şöbəsi İnformasiya şöbəsi, Kitabişləmə komplektləşdirmə şöbəsi Vahid fond. Xidmət şöbəsi oxuculara ümumi xidmət göstərir. Uşaq şöbəsində məktəbli oxuculara xidmət edirlər işçilərimiz uşaq bağçalarına gedib orada olan körpələrə nağıllar şeirlər oxuyurlar. İnformasiya şöbəsi kitabxanaya gələn dövrü mətbuatı oxuyub kataloqlaşdırır, kənd filiallarına metodiki göstərişlər verir. Kitabişləmə komplektləşdirmə şöbəsi gələn kitabları işləyib fonda daxil edir filiallara paylayır. Vahid fond sistemin bütün filiallarında onların fondları öyrənib analiz etdikdən sonra artıq qeyri-profilli ədəbiyyatların seçilib vaxtında ehtiyat fonduna verilməsi işini təşkil edir. Daha sonra sistemin filial şöbələrində olmayan ədəbiyyatı ədəbiyyat fondundan seçib vaxtında həmin filiallara çatdırılması işini təşkil edir. Kitabxanada işləyənlərin ümumi sayı 98 nəfərdir. Onlardan 57 nəfəri mütəxəssis, 41 nəfər texniki işçilərdir. Son illərdə respublikanın istər iqtisadi, istərsə mədəni həyatında xeyli müsbət dəyişikliklər baş verib. Bu gün respublikamız tikinti meydanına çevrilib. Biri-birindən yaraşıqlı binalar, məktəblər, mədəniyyət istirahət ocaqları tikilir. İnsanların  mədəni səviyyəsi yüksəlir. Biz kitabxana işçiləri olaraq bu inkişafla ayaqlaşmağa, işlərimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.

- Kitabxanada hansı tədbirləri həyata keçirirsiniz?

- Qeyd edim ki, uşaqlara, yeniyetmələrə xüsusi diqqət ayırırıq. Bu baxımdan Beynəlxalq Uşaq Hüquqları Günü ilə bağlı xüsusi tədbirlər həyata keçiririk. Bu əlamətdar gün nəinki uşaqların ən çox sevdiyi gün, eyni zamanda böyüklərə də uşaqların daim onların qayğısına ehtiyacları olduğunu və uşaqlar üçün məsuliyyət daşıdıqlarını xatırladan bir gündür. Beynəlxalq Uşaq Günü dünya ictimaiyyətinin uşaqların müdafiəsi istiqamətində müharibələrə yox deyərək uşaqların sağlamlığının qorunması, onların demokratik ənənələrlə düzgün tərbiyəsi üzrə səfərbərlik günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var. Uşaqların Müdafiə Günü münasibətilə Samux şəhər MKS-nin Uşaq şöbəsində bayram tədbiri təşkil edirik. Bilik Günü ilə bağlı tədbirlər həyata keçiririk. Belə tədbirlərdə uşaqların iştirakına çalışırıq. Hər il 15 sentyabr tarixində respublikanın bütün məktəblərində yeni tədris ilinin zəngi çalınır. Neçə-neçə övladımız əlində çanta sinif otaqlarına daxil olur. Bu günün onların yaddaşında uzun müddət iz buraxacağı şəksizdir. Biz kitabxanaçılar da keçirilən tədbirlərdə fəal şəkildə iştirak edirik. Əsas hədəflərimizdən biri uşaqlara, yeniyetmələrə kitabı sevdirmək, onlarda kitaba qarşı hörmət, məhəbbət aşılamaqdır. Bu münasibətlə keçirilən kitab bayramlarının böyük əhəmiyyəti var. Kitab bayramlarımızda Mədəniyyət Evinin işçiləri musiqi nömrəsi ilə tədbirimizi daha da rəngarəng edirlər. MKS-in Xidmət şöbəsi tərəfindən kitab sərgiləri təşkil olunur. Sərgilərin başlıqları  “Heydər Əliyev və uşaqlar”,”Biz sülh istəyirik!”, “Bunları oxumaq maraqlıdır”, “Samux rayonunun inkişafı”, “Kitabları sevək” və s. olur. Ümumiyyətlə, son illər ənənəvi olaraq bölgələrdə və paytaxtda keçirilən kitab sərgiləri, kitab bayramları kitaba olan münasibətin yaxşı mənada dəyişməsinin təzahürüdür. Mədəniyyətimizin, musiqimizin təbliğini də yaddan çıxarmırıq. Məsələn, 18 sentyabr Musiqi Günü ilə bağlı tədbir və sərgilər keçiririk. Silahlı Qüvvələr Günü ilə bağlı keçirdiyimiz tədbirlərdə də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışırıq. Məlumdur ki, ölkəmizin torpaqlarının 20 faizi erməni işğalçıları tərəfindən zəbt edilib və ölkəmiz atəşkəsə baxmayaraq müharibə şəratində yaşayır. Ona görə də gənclərimizin, yeniyetmələrimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ön planda dayanmalıdır. Biz çalışırıq ki, şagirdlərimizə, gənclərimizə Vətənə, torpağa sevgini aşılayaq, erməni işğalçılarının üzünü çatdıraq. Hər fürsətdən yararlanaraq gənclərimizin bu ruhda tərbiyə olunmasına azacıq da olsa töhfə verməyə çalışırıq. Bu baxımdan Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Qarşıdan 20 Yanvar, Xocalı, 31 mart soyqırım günləri gəlir. Hər il olduğu kimi, bu il də həmin günlərdə xüsusi anım tədbirləri təşkil edəcəyik. Rayon sakinlərinin, mədəniyyət müəssisələrində çalışanların iştirakı ilə keçirilən tədbirlərdə geniş çıxışlar, müzakirələr olur. Rəsmi hissə bitdikdən sonra rayon Mədəniyyət Evinin kollektivi soyqırıma həsr olunmuş bədii kompozisiya təqdim edir. Kitabxanamızın kollektivi digər tədbirlərdə də aktiv şəkildə iştirak edir. Belə ki, Samux rayonunda hər həftənin şənbə günləri ümumrayon iməclikləri keçirilir, təmizlik və abadlıq işləri aparılır. Sözügedən tədbirlərdə MKS-in, o cümlədən kənd kitabxana filiallarının işçiləri yaxından iştirak edirlər. Yaz-payız aylarında tərəfimizdən xeyli sayda müxtəlif növdə ağaclar əkilir. Biz kitabxanaçılar olaraq işimizlə hamıya nümunə olmağa çalışırıq.

Anar Miriyev Bu yazı Azərbaycan Respublikasının Prezidenti  yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında çap olunur

 

 

Anar Miriyev

 

Palitra.- 2012.- 11 yanvar.- S. 7.