“Azərbaycan
yüzlərlə ölkədən gəlmiş milyonlarla insana öz mədəniyyətini birbaşa
təqdim etmək şansı qazanacaq”
Müsahibimiz Rusiya Federasiyası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
“Hüquq” fakültəsinin tələbəsi, filologiya
üzrə fəlsəfə doktoru Əhməd Şahidovdur.
- Bir gənc alim kimi kulturologiya anlayışı sizin
üçün nə anlam kəsb edir?
- Kulturologiya - ümumbəşəri və milli mədəni
proseslərin obyektiv qanunauyğunluqlarını, insanların
maddi və mənəvi həyatının mühüm hadisələrini
özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının
yaranıb formalaşdığı ilkin şərtləri və
amilləri öyrənir, mədəni dəyərlərin
artırılması və gələcək nəsillərə
ötürülməsini həyata keçirir.Ən uzaq
keçmişdə yaşamış insanlar öz həyat tərzi,
məişət və davranış hərəkətləri
ilə bağlı olaraq mədəni sərvətlər
toplusu qoyub getmişlər. Bu mədəni sərvətlər
bizə mədəni irs şəkilində yazılı
qaynaqlardan və tarixi-kulturoloji mənbələrdən gəlib
çatıb. Həmin mədəni irsin öyrənilməsi,
təbliği və gələcək nəsillərə
düzgün çatdırmaq missiyası kulturoloqların
üzərinə düşən vəzifələrdən
biridir.
- Azərbaycanda mədəniyyət sahəsindəki
siyasəti necə qiymətləndirirsiniz?
- Bilirsiniz, mədəniyyət siyasəti - millətin
mənəvi, iqtisadi və sosial inkişafını, onun
intellektual potensialının artırılmasını,
xalqın mənəvi sağlamlığının və
rifahının möhkəmləndirilməsini, habelə milli
və klassik mədəniyyət nümunələrinin təbliğini
və birliyini təmin edən bir siyasətdir. Azərbaycan qədim
tarixi-mədəni köklərə malik bir xalqdır.
Çox zəngin mədəniyyətimiz var: bura musiqi sənətimiz,
teatr, kino, hətta mən deyərdim, cizgi filmləri, təsviri
incəsənət, memarlıq sənəti, ədəbiyyat və
sair daxildir. Dünyanın ən qədim xalqlarından biri
olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət
abidələri, zəngin ədəbiyyatı, incəsənəti
və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr
edir. Azərbaycan xalqının bədii təfəkkür və
yaradıcılığına ölkənin gözəl təbiəti,
iqlimi, təbii sərvətlərinin zənginliyi də
böyük təsir göstərib. Ölkəmizin müxtəlif
sənət növlərinin hər biri
ayrı-ayrılıqda uzun və mürəkkəb bir
inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət
təşkil edərək, Azərbaycan incəsənəti və
mədəniyyəti haqqında tam təsəvvür
yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti
ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və
zəngindir. Azərbaycan xalqının zəngin
yaradıcılıq çeşməsində ən
mühüm yerlərdən birini onun həyat və məişəti,
gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri
tutur. Ən qədim dövrlərdən zəmanəmizədək
davam edən bu sənət növü xalqın geyimindən
tutmuş müxtəlif təsərrüfat məmulatı və
bəzəyinə qədər böyük bir sahəni əhatə
edir.Ümumiyyətlə, mən deyərdim ki, Azərbaycan
xalqının mədəniyyətinin təbliği təbii
yolla baş verməkdədir. Sadə azərbaycanlılar
gündəlik həyatlarında, görüşlərində,
söhbətlərində, sadəcə
davranışlarıyla milli mədəniyyətimizi təbliğ
etmiş olurlar. Lakin bütün bu səylər
ayrı-ayrılıqda və sistemsiz şəkildə həyata
keçirildiyindən burada hansısa mərkəzdən idarə
olunmaya ehtiyac duyulur. Düzdür, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi fəaliyyət göstərir və onlar
bu siyasətin həyata keçirilməsində ciddi işlər
görürlər. Lakin yenə də düşünmürəm
ki, bu qədər işi bir nazirliyin öhdəsinə buraxmaq
düzgün olardı. Odur ki, milli mədəniyyətimizin təbliğində,
kulturoloji siyasətin həyata keçirilməsində digər
dövlət və qeyri-hökumət təşkilatlarının
fəaliyyətini xüsusi qeyd etməyə ehtiyac var. Bunlardan
Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondu,
Hüseyn Cavid adına Fond, Respublika Uşaq Təşkilatını,
“Miras” İctimai Birliyini və digər adlarını
sadalamadığım qurumları göstərmək olar ki, məhz
bu təşkilatlar həm ölkə daxilində, həm də
xaricdə Azərbaycan mədəniyyətinin hərtərəfli
inkişafı və təbliği istiqamətində çox
böyük işlər görür və dünyanı Azərbaycan
mədəniyyəti ilə yaxından tanış edirlər.
- Xaricdən söz düşmüşkən, siz
özünüz də Moskvada təhsil alırsınız.
Rusiyada Azərbaycan mədəniyyətinin təbliği
istiqamətində aparılan işləri necə qiymətləndirirsiz?
- Düz qeyd etdiniz. Rusiya böyük bir ölkədir,
demək olar ki, ucu-bucağı görünmür. Burada 3
milyon azərbaycanlı yaşayır. İndi onların bəziləri
imkansızlıq ucbatından, iş tapmaq məqsədilə
Rusiyaya üz tutsalar da, orada yaşayan azərbaycanlıların
böyük əksəriyyəti potensial Rusiya cəmiyyətinin
qaymaqlarıdır. Rusiyanın ictimai-siyasi, mədəni-sosial
həyatına kifayət qədər nüfuz etmiş şəxslərdir.
Mən Rusiyada yaşayan azərbaycanlı akademiklərin,
professorların, dəyərli elm adamlarımızın, mədəniyyət
xadimlərimizin, müəllimlərimizin adını çəkə
bilərəm ki, onlar da Rusiya cəmiyyətində kifayət
qədər tanınır, öz istedadları ilə nəinki
Azərbaycan mədəniyyətini, elmini təbliğ edir, hətta
rus mədəniyyətinə, elminə də öz töhfələrini
verirlər. Rusiyada Azərbaycanı çox gözəl
tanıyırlar. Hamıda Azərbaycan barədə dolğun
məlumat var. Deməzdim ki, azərbaycanlılar Rusiyada təkcə
ticarətlə məşğul olurlar. Bu, yanlış bir təsəvvürdür.
Mən istərdim biləsiniz ki, Rusiyada çox güclü
Azərbaycan diasporu fəaliyyət göstərir. Onlardan Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyi, “AMOR” Rusiya Azərbaycan
Gənclər Təşkilatı, Ümumrusiya Azərbaycan
Konqresi, “AZERROS” Rusiyada Azərbaycanlıların Federal Millli-Mədəni
Muxtariyyatı, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi,
DAK Rusiya nümayəndəliyi, Moskva “Azərbaycan” Cəmiyyəti
və digər xırda diaspor təşkilatlarımız fəaliyyət
göstərir ki, bunların da əsas missiyası Azərbaycan
mədəniyyətinin, mədəni irsinin Rusiyada təbliğidir.
- Bu təbliğat necə aparılır?
- Bilirsiz, Azərbaycan
tarixi, mədəniyyəti ilə bağlı konkret günlərdə
- Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günündə, Novruz bayramında, Qurban bayramında, 28 May
Respublika Günündə, 18 Oktyabr Müstəqillik
Günündə, Konstitusiya Günündə və bu kimi digər
əhəmiyyətli tarixlərdə həmin təşkilatlar
yerli səfirliyimizlə birlikdə çox geniş tədbirlər
keçirir, Rusiya ictimaiyyətinin tanınmış simalarını,
dövlət məmurlarını dəvət edirlər. Məhz
həmin günlərdə daha çox hiss olunur ki, Azərbaycanla
bağlı Rusiyada hansısa tədbir keçirilir. Və bu
cür tədbirlərin sistemli şəkildə,
ardıcıl surətdə həyata keçirilməsi Rusiya
insanında Azərbaycana və onun mədəniyyətinə
münasibəti formalaşdırır. Bu, çox önəmli
faktordur.Təbliğat təkcə bununla bitmir. Məsələn,
Rusiyada fəaliyyət göstərən Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyi Azərbaycanın
tanınmış ictimai siyasi xadimlərinin, musiqiçilərinin
- Müslüm Maqomayevin, Mstislav Rastropoviçin və digərlərinin
xatirə gecələrini təşkil edir, Moskva və
Rusiyanın digər iri şəhərlərində Azərbaycanın
mədəniyyət xadimlərinin heykəlləri, xatirə
barelyefleri açılır, onların ev muzeyləri ziyarətçilərin
istifadəsinə verilir. Bütün bu işlər
görülür və bu, faktdır. Moskvada bu gün Azərbaycanla
bağlı bir neçə istirahət parkı fəaliyyət
göstərir. Bunların hamısı Azərbaycanın mədəniyyət
siyasətinin nəticəsidir. Bundan başqa, “AMOR” Rusiya Azərbaycan
Gənclər Təşkilatının çoxşaxəli fəaliyyətini
qeyd etmək istərdim ki, bu təşkilatın da mədəniyyət
sahəsində fəaliyyəti danılmazdır. Belə ki,
mütəmadi olaraq, Rusiyada fəaliyyət göstərən
məktəblərə, uşaq evlərinə, qocalar evinə
sovqat aparan “AMOR” fəalları orada da Azərbaycan mədəniyyətinin
təbliğatçısı rolunda çıxış
edirlər. Uşaqlara yemək, paltar aparmaqla yanaşı Azərbaycanla
bağlı hər hansı kitab, foto albom, broşuraların
verilməsi yetişməkdə olan Rusiya gənclərinin
beynində Azərbaycanla bağlı xoş fikirlərin
formalaşmasına xidmət edir.
- Bəs gənclər bu təbliğatda nə kimi rol
oynayırlar?
- Mən deyərdim ki,
bu təbliğatın kökündə elə gənclər
dayanırlar. Əsas siyasi xətt ölkə rəhbərliyi
tərəfindən cızılıb, gənclərimiz isə
bu işdə çox aktiv çıxış etməkdədirlər.
Rusyada Leyla xanım Əliyeva, Avropada Tale Heydərov kimi gənclərimiz
oradakı diasporumuzun formalaşmasında, Azərbaycan həqiqətlərinin,
mədəniyyətinin, mədəni irsinin təbliğ
olunmasında əsas qüvvə sayıla bilər. İrəlidə
gedən gənclərə dəstək olmaq da bizlərin
üzərinə düşən vəzifələrdən
biridir. Mən də öz növbəmdə Moskvada
keçirilən bütün mədəni tədbirlərdə
maksimum iştirak etməyə çalışıram. Təhsil
aldığım akademiyada gündəlik ünsiyyətdə
olduğum ruslara Azərbaycanı müsbət tərəfdən
tanıdıram. Xalqımızın milli bayramlarından, mədəni
tədbirlərindən söhbət
açıram.Açığını deyim ki, təzə-təzə
çox çətin idi mənə. Çünki, sadə
ruslar bizləri əsasən ticarətlə məşğul
olan insanlar kimi tanıyırdılar. Bazarlarda, dükanlarda
ticarətlə məşğul olan həmvətənlərimiz
sadə rusların yaddaşında ciddi izlər buraxıb. Lakin
zaman-zaman rusların fikrini dəyişmək mümkün
olur. Bunun da çox sadə bir yolu var: öz adıma deyə
bilərəm ki, gündəlik həyatımda,
davranışımda mehriban, səmimi, ünsiyyətcil və
mədəni olmaqla, mən qrup yoldaşım olan ruslarda nəinki
mənə, bütövlükdə Azərbaycanıma, mənim
50 milyonluq xalqıma olan münasibəti dəyişmiş
oluram. Mən onlarla söhbətdə Azərbaycanın Rusiya
ilə qonşu olduğunu, uzun illər ərzində ortaq
tariximizin olduğunu söyləyirəm.
Düşünürəm ki, mən bir vətəndaş
kimi belə etməklə mədəniyyət siyasətinə
xırda da olsa, öz töhfəmi vermiş oluram.
- Son olaraq, bir suala cavab vermənizi
istəyirəm. Bildiyiniz
kimi, bu il Azərbaycan
“Eurovision 2012” yarışmasına ev sahibliyi edir.
Sizcə,
bu, bizim mədəniyyətimizin təbliğinə
nə kimi köməklik edəcək?
- Çox düzgün
qeyd etdiniz. Bildiyiniz kimi, 2011-ci ilin 14 may tarixində
Azərbaycan Respublikası
221 balla birinci yerə yüksəldi və bununla da, 2012-ci ilin may ayında “Eurovision” mahnı
müsabiqəsinin Azərbaycanda
keçirilməsi rəsmən
təsdiqlənmiş oldu.
Şübhəsiz ki, bütün
dünyanın, xüsusən
də Avropanın böyük çoşqu
ilə izlədiyi bu mahnı yarışmasının
ölkəmizdə keçirilməsi
böyük bir hadisədir və ölkəmiz buna böyük həvəslə
hazırlaşır. Bu
yarışma ilə bağlı paytaxt Bakı şəhərində
yeni-yeni tikililər, konsert kompleksləri və hotellər inşa edilir, şəhərin küçələri
yenidən salınır,
bir sözlə, Bakının infrastrukturu kökündən dəyişdirilir.
Yüz minlərlə turistin qəbul edilməsi, onlara Avropa standartlarına
uyğun xidmət göstərilməsi böyük
məsuliyyət və
ağır zəhmət
tələb edir.
Azərbaycan Respublikası bu
şərəfli missiyanın
öhdəsindən layiqincə
gələcək. Bu yarışma ilə bağlı hazırlıqlara
ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etməsi belə deməyə əsas verir. Ölkəmizə gələcək
turistlər ilk növbədə
Azərbaycanın qədim
tarixi, zəngin mədəni irsi barədə yaxından tanış olacaq, Avropaya inteqrasiya edən Azərbaycanı daha yaxından hiss etmək şansı əldə edəcəklər. Azərbaycan yüzlərlə
ölkədən gəlmiş
milyonlarla insana öz mədəniyyətini
birbaşa təqdim etmək şansı qazanacaq.
İlkin
Palitra.- 2012.- 13 yanvar.- S. 10.