Mədəniyyət yoldan başlanır
Deyirlər ki, mədəniyyət
yoldan başlanır. Bu dəfə
layihə çərçivəsində
konkret olaraq yolda hərəkət edən sürücülərdən
danışacağıq. Məlum olduğu kimi, Azərbaycan mədəniyyətinin
bütün çalarları
ilə dünyanın
diqqətini cəlb etməkdədir. Ölkədə mədəniyyətin inkişafı
ilə bağlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Ölkəmiz müasir infrastrukturun
qurulması, şəhərsalma,
bu sahədə yeni innovasiyaların tətbiqi baxımından
da gələn əcnəbiləri heyrətləndirməkdədir.
Amma bu sırada əcnəbilərin təəssüratlarının
tamamlanması üçün
yol, daha doğrusu, sürücü
mədəniyyətinin yüksəldilməsinə də ciddi ehtiyac
var.
Mövzu ilə bağlı
olaraq suallarımızı
sosioloq, “Aktual” Sorğu Mərkəzinin rəhbəri Əbülfəz
Süleymanlı cavablandırır:
- Azərbaycanda, Bakıda
aparılan təmir quruculuq işləri fonunda sürücülərin
mədəniyyətini yüksəldilməsi
olduqca önəm kəsb edir. Bu barədə nöqsanların
olması təbii ki, düşündürücüdür. Azərbaycan hazırda bir
mədəniyyət ocağı
kimi dünya ölkələri vətəndaşlarının,
turistlərin, əcnəbilərin
daimi olaraq ziyarət etdiyi, axın etdiyi bir məkana çevrilib. Belə bir
şəraitdə əlbəttə
ki, onlar şəhərin taksi, marşrut xidmətlərindən,
müxtəlif növ
nəqliyyatlardan istifadə
edirlər. Bu isə
bir daha göstərir ki, sürücü mədəniyyətini
yüksəldilməsinə ciddi ehtiyac var. Çünki hazırlıqlı olmayan və adekvat münasibət sərgiləyə bilməyən
hər hansı bir sürücü əcnəbilərdə ölkəmiz,
onun mədəniyyəti
haqqında yanlış
fikirlər oyada bilər. Bu baxımdan
hazırda sürücülərin
bir çoxunun hazırlıqlı olduğunu
demək düzgün
olmazdı. İstər nəqliyyat
vasitəsinin idarə
olunması, istərsə
də sürücü-sərnişin
münasibətləri baxımından
davranış və mədəniyyət səviyyəsini
yüksəltmək lazımdır.
- Bunun üçün
hansı tədbirləri
həyata keçirmək
lazımdır?
- Düşünürəm ki, ictimai nəqliyyat
vasitələrindən birinci
başlamaq lazımdır.
Bunun üçün müvafiq
strukturlar sürücü
seçərkən onun
sürücülük qabiliyyətinə,
bacarığına ciddi
diqqət yetirməlidir.
Yəni ictimai nəqliyyatı
normal idarə edə biləcək səviyyədə
olan sürücülərin
seçilməsi günün
tələbidir. Birinci olaraq
onların sürücülük
vəsiqəsinin müvafiq kateqoriyaya uyğun olması, bu kateqoriyaya aid real sürücü
vərdişlərinə maliklik
əsas götürülməlidir.
Digər
tərəfdən bu sürücülərin ünsiyyət,
rəftar mədəniyyətinin
müxtəlif üsullarla
yoxlanılması da əsasdır. Çünki ictimai nəqliyyat vasitəsi fərdi nəqliyyat vasitəsindən
bir çox parametrlərinə görə fərqlənir. İlk növbədə ona görə ki, ictimai nəqliyyatın
ictimai məsuliyyəti
daha çoxdur. Həm də ictimai nəqliyyatın ictimai funksiyası mühümdür.
Bütün bu göstəricilər
sürücülərin seçilməsində
nəzərə alınmalıdır.
Heç
bir idarəçilik və davranış qabiliyyətinə malik olmayan insanları yoxlamadan keçirmədən
sürücü təyin
etmək yanlışlıq
olardı. Bu, mədəniyyət aspektindən əlavə, ictimai asayiş və təhlükəsizliyə də
uyğun deyil. Bu cür
sürücülər hərtərəfli
yoxlanılmalıdır. Bir çox
hallarda bu sürücülərdən bir
neçəsi ilə
qarşılaşanda onların
əslində hansısa
əkin-biçin maşınından
yenicə düşdüyünün
şahidi olursan.
Belə insanlar birdən-birə şəhər mühiti və ictimai nəqliyyatla qarşılaşanda
təbii ki, müəyyən uyğunsuzluqlar
da yaranır. Bundan başqa sürücü mədəniyyətinin artırılması
üçün sürücülərin
yol hərəkəti
və dəyişikliklər,
yeniliklər barədə
daim məlumatlandırmaq,
onlara ünsiyyət mədəniyyətini yüksəltmək
üçün mütəmadi
treninqlər keçirmək
lazımdır. Çox vaxt
eşidirik ki, sürücülər hansısa
treninqlərə cəlb
olunurlar, onlara bu və ya
digər məqamlarla bağlı təlimlər
keçirilir. Amma ümumilikdə
biz bu təlimlərin
geniş miqyaslı effektini, təlimlərdən
sonrakı dəyişikliklər
və nəticələri
müşahidə edə
bilmirik. Çünki bütün qadağalara baxmayaraq sürücülər
arasında hələ
də sərnişinlərlə
kobud davranan, yüksək sürətlə
avtobusu idarə edənlər çoxdur.
Özüm dəfələrlə bunun şahidi olmuşam. Görünür, bu cür təlimlərin keyfiyyətini
və daha geniş miqyas almasını təmin etmək lazımdır. Bu cür
treninqləri formal olaraq
keçirmək heç
bir effekt verməz.
Onu
da qeyd edim
ki, bəzi hallarda sürücülərin
bütün gün boyunca sükan arxasında oturması, həddindən çox maşını idarə etməsi də onların əhval-ruhiyyəsinə
mənfi təsir göstərir.
Belə olduqda istər-istəməz sürücülərin
bir insan kimi əsəblərinin gərginləşməsi halları
olur ki, bu da ünsiyyət
mədəniyyətinin aşağı
düşməsinə səbəb
ola bilər.
Bu baxımdan sürücülərin
normal iş rejimi və iş
qrafiki təmin olunmalıdır. Çünki
elə sürücülər
var ki, onlar
sutkanın 16 saatını ictimai nəqliyyat vasitəsini idarə etdiklərini deyirlər. Bu baxımdan mütləq və mütləq onların iş rejimi nəzarət altında olmalıdır. Bu məqama da xüsusi diqqət yetirmək lazımdır.
Əslində imkan vermək
omaz ki, bir sürücü 6-7 saatdan artıq sükan arxasında otursun. Daha artıq oturanda çox ola
bilər ki, sürücünün əsəbləri
korlansın və idarəetmə, ünsiyyət
səviyyəsi aşağı
düşsün. Bu isə
həm mədəniyyət, həm
də təhlükəsizlik
baxımından qətiyyən
əlverişli deyil.
- Bu məsələdə daha hansı tədbirlərin
həyata keçirilməsinə
ehtiyac var?
- Bu məsələdə daha bir məqam
ictimai nəqliyyat vasitələri ilə bağlı ictimai nəzarətin gücləndirilməsi
tədbirləridir. İctimai nəqliyyat
vasitələri üzərində
ictimaiyyətin nəzarəti
çox zəifdir.
Elə etmək lazımdır ki, sərnişinlərin,
vətəndaşların avtobusların
hərəkətinə, ümumiyyətlə,
sürücülərin davranışlarına
nəzarəti gücləndirilsin.
Bəzən, avtobuslarda qeyd
olunur ki, sürücü təhlükəli
sürərsə, filan
nömrəyə zəng
edin. Bu, yaxşı haldır. Bu cür
qeydlərin sırasına
“Sürücü sərnişinlərlə
kobud davranarsa” ifadəsi də əlavə edilməlidir.
Eləcə də bu cür məsələlərlə
bağlı telefonlar,
“qaynar xətt” effektiv şəkildə işləməlidir. Sərnişinlərin şikayətlərinə dərhal reaksiya verilməli və bunlarla bağlı yerindəcə tədbir görülməlidir. Halbuki bir
çox hallarda bəzi xuliqan sürücülərin davranışları
ilə bağlı şikayətlərin heç
bir effekti olmadığını müşahidə
etməkdəyik. Hətta özüm
dəfələrlə bunun
şahidi olmuşam.
Belə ki, hər hansı
bir kobud sürücü ilə bağlı olaraq marşrutun sonuncu dayanacağına qədər
getmişəm və dispeçerlərlə söhbət
etmişəm, sürücünün
davranışları ilə
bağlı fikirlərimi
bildirmişəm. Bütün təfərrüatı
və bu davranışların təsadüfi
olmadığını, sırf
sürücünün təqsirkar
olduğunu izah etmişəm. Amma nəticədə
dispeçerin bu məsələyə reaksiya
verəcək halda olmadığı mənə
əyan olub. Eləcə də bununla bağlı hər hansı tədbir görülməyib, əncam
çəkilməyib. Bütün bunlar bir daha göstərir ki, sürücü mədəniyyətinin yüksəldilməsi
və ictimai nəqliyyat vasitələrində
təhlükəsizliyin təmin
edilməsi işinə
ciddi yanaşmaq, bunun üçün qeyd edilən tədbirləri effektiv həyata keçirmək lazımdır. Hazırkı
ərəfədə, əcnəbilərin
Azərbaycana axınının
çoxaldığı, ölkəmizin
dünya mədəniyyətinin
mərkəzlərindən birinə çevrildiyi
bir şəraitdə
bu kimi çatışmazlıqların
aradan qaldırılması
olduqca məqsədəuyğun
olardı.
İlkin
AĞAYEV
Palitra.- 2012.- 18 yanvar.- S.12.