Hacıqabul tarixinin əks olunduğu məkan

 

Layihə çərçivəsində müsahibimiz Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayevdir:

 

- Eksponatlarının sayı 3000 rəqəmini keçmiş rayon Tarix-Diyarşünaslıq Muzeyinin tarixçəsi öz başlanğıcını artıq bizdən xeyli uzaqda qalmış 1989-cu ildən götürür. İxtisasca dil-ədəbiyyat müəllimi olmuş Hüseyn Hənifə oğlu İsayevin təşəbbüsü ilə, onun topladığı əşyalar əsasında, o vaxt hələ Qazıməmməd adı daşıyan şəhərdə muzey işinin əsası qoyulub. İki kiçik otağa sığınmış muzey bir il ictimai əsaslarla fəaliyyət göstərdikdən sonra, 1990-cı ilin fevralında hökumət onun yaradılması barədə qərar qəbul etdi. Daha bir neçə ay keçmiş, həmin ilin aprelində, Hacıqabul rayonunun yaradılması ilə əlaqədar olaraq muzey də rayon statusuna nail olub. Bu minvalla növbəti üç ildə fəaliyyət göstərmiş muzey 1993-cü ilin iyununda normal iş üçün şəraitinin olmaması səbəbindən Mədəniyyət Nazirliyi tərəfindən qeyri-müəyyən müddətə qapadılıb ki, bununla da rayon tarixinin öyrənilməsi və təbliği işinə böyük zərbə vurulub. Muzeyin direktoru Hüseyn Hənifə oğlunun evinə, o cümlədən zirzəmisinə daşınmış eksponatlar tam on il istifadəsiz qalıb. 2003-cü ilin iyununda özünün ikinci həyatına başlaması ilə muzey birinci növbədə rayonun dəyərli ictimaiyyiətçisi və ziyalısı Mübariz Məhəmməd oğlu Xəlilova borcludur. Məhz onun təşəbbüsü ilə məsələnin mətbuata, telekanala çıxarılması muzeyin fəaliyyətinin bərpasına yol açıb. Əvvəlkindən qat-qat yaxşı şəraitdə işinə davam edən muzey artıq 8-ci ildir ki, ümumi sahəsi 200kv.metrə yaxın olan iki zal və üç otaqda fəaliyyət göstərir. Bu müddətdə daxili imkanları hesabına fondunu üçqat artırmış müəssisəni minlərlə tamaşaçının ziyarət etməsi, burada onlarla tədbirin keçirilməsi, muzeydən bəhs edən çoxsaylı qəzet-jurnal məqaləsi və bir neçə telesüjet bu mədəniyyət ocağının rayonun ictimai həyatına möhkəm daxil olduğuna dəlalət edir.

- Muzeyinizdə qorunan əsas eksponatlar hansılardır?

- Saxsı, metal (əsasən mis) və digər materiallardan (ağac, dəri, şüşə və s). hazırlanmış əşyalar XIX əsrin 80-ci illərinə qədərki  Hacıqabulun tarixindən xəbər verən I zalı necə xarakterizə edirsə, abidələr və məhəlli tarixdən, dəmiryolu, hərb, incəsənət (xüsusən də ədəbiyyat və teatr), elm, təhsil, idman, mətbuat tarixlərimizdən, görkəmli həmyerlilərimizdən bəhs edən sənəd, şəkil və digər əşyalar da (II zal)  son 130 illik tariximizi eləcə əks etdirir. Rayon tarixinin 1880-ci illərin əvvəllərinə istinadən iki hissəyə bölünməsinin də ciddi elmi əsası var. Məhz həmin illərdə Hacıqabuldan keçməyə başlamış Tiflis-Bakı dəmiryol xəttinin fəaliyyətə başlaması buna qədər tipik şərq yaşayış məskəni olmuş Hacıqabulun qərb üslublu dəmiryol qəsəbəsinə çevrilməsinə səbəb olub. Muzeyin fəaliyyətinin bərpa edildiyi yeddi il ərzində rayon tarixinin bir sıra tərəfləri, o cümlədən dəmiryol, hərb, mətbuat sahələri əsaslı şəkildə öyrənilmiş, tanınmış həmyerlilərimiz barədə ayrıca kolleksiya yaradılıb. Bu yerdə qeyd etməyə dəyər ki, üç tanınmış hacıqabulludan – həmkarlar ittifaqları xadimi olmuş Əlisəttar Almazovdan, onun qardaşı, şair-tərcüməçitək tanınmış Sabir Almazovdan, eləcə də təhsil və elm xadimi kimi ad qazanmış Əliağa Məmmədovdan bəhs edən materialların əhatəsi başqaları ilə müqayisədə qat-qat genişdir. Əvvəlcə özlərinin, ardınca da yaxınlarının həmin materiallara münasibətdəki diqqətliliyi və mədəniyyəti sonradan muzeyin fondunun zənginləşməsində də böyük rol oynayıb. Beləcə, Hacıqabul Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondu getdikcə böyüyür, bununla da rayonun keçmişini və bu gününü daha geniş əks etdirməyə başlayır. Onun ən mühüm məqsədi isə istər həmyerlilərini, istərsə də qonaqlarını həmin tarixlə dərindən tanış edib, onlarda yaşı min illərlə ölçülən qədimdən-qədim, eyni zamanda müasir Hacıqabul barədə ətraflı təsəvvür yaratmaqdır.

- Rayonda başqa hansı tarixi abidələr mövcuddur?

- Rayonda xalçaçılıq sənəti də yaxşı inkişaf edib. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan «Sarı xalça» xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində müxtəlif tarixi – memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Pir Hüseyn Xanəgahı adlı ziyarətgah, qala divarları, minarəli məscid, karvansara, XIV əsrə aid yaşayış binaları, XV və XVIII – XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir. Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ölkə əhəmiyyətli abidədir.  Xanəgah kompleksi böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşıb. Böyük yazı qurşağında türbənin zəngin bəzəg işinin tamamlanma tarixi hicri 684-ci il (1285) göstərilib. Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məhşurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli mühit yaradan kaşı bəzəyi olub. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbristanlıq daxildir.Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbr sənduqəsi vaxtı ilə, çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzəkli olub. Xanəgahı dünyada məşhur edən kaşı bəzəklərinin XIX əsrin II yarısından başlayaraq XX əsrin əvvəllərinədək Avropa muzeylərinə və şəxsi kolleksiyalara satış prosesi olub.1906/07-ci ildə xanəgahda tədqiqat işləri aparan Ter-Avetisyan kaşıların bir hissəsini oğurlayıb aparıb.1913-cü ildə Parisdən Xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu yerli Qubalı-Baloğlan kəndinin 6 nəfərlik sakini ilə kaşıların çox hissəsini qoparıb Parisdə hərraca çıxarıb.Pir Hüseyn Xanəgahına ən böyük dağıdıcı zərbəni 1918-ci ildə ərazimizdə soyqırım törədən erməni S.Lalayanın quldur dəstəsi vurub. Azğınlaşmış erməni yaraqlıları kaşı lövhələrini sındırmaqla kifayətlənməyib, bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çeviriblər.Türbənin böyük pannosunun ulduz və xaçlarının çoxu 1925-ci ildə Sank-Peterburqa aparılıb. İndi «Ermitaj»ın kolleksiyalarında xanəgahdan aparılmış 123 çilçiraqlı ulduz, 325 firuzəyi xaç lövhə və başqa kiçik kaşı parçaları saxlanılmaqdadır.1936-cı ilin oktyabırında xanəgahda çilçıraq bəzəyinin cəmi üç kiçicik fraqmenti qalıb və onlar gəc mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat Muzeyinə köçürülüb. Bu muzeydə türbənin yazı frizinin 5 lövhəsi saxlanılır. Qoruq həmçinin Hacıqabul abidələrinin elmi-tədqiqat mərkəzidir.Rayon ərazisində olan qeydə alınmış və hazırda qeydiyyata alınacaq abidələr qoruğ əməkdaşlarının zəhməti nəticəsində siyahıya düşüb. Qoruğun fondunda 15 tətbiqi incəsənət məmulatı, 70 arxeoloji əşya, 1 ədəd (6 parça) dekorativ sənət nümunəsi, 1012 fotoşəkil, onlarla toplu, 70 ədəd kitab, 67 ədəd digər materiallar, 140 sənəd, 4750 məişət və etnoqrafik əşyalar daxildir. Azərbaycanda olan xarici ölkə səfirləri, əməkdaşları Milli Məclisin deputatları, görkəmli elm və dövlət xadimləri qoruqda olaraq xatirə kitabına öz rəylərini yazıblar. 

 

 

Anar Miriyev

 

Palitra.- 2012.- 25 yanvar.- S. 6.