«Hacıqabulda müasir mədəniyyət müəssisələrinin inşasına ehtiyac var»

 

Mehdi Fərəcov: «Rayonun mədəniyyət müəssisələrində xalq yaradıcılığı, bədii özfəaliyyət kollektivlərinin işi xeyli yaxşılaşıb və genişlənib»

 

Layihə çərçivəsində müsahibimiz Hacıqabul  rayon  Mədəniyyət və Turizm Şöbəsinin müdir əvəzi Mehdi Fərəcovdur: - İlk öncə onu qeyd edim ki, hər il tarixi hadisələr və bayramlar habelə yubileylərlə bağlı rayon Mədəniyyət və Turizm Şöbəsində geniş tədbirlər planı  hazırlanaraq həyata keçirilir. Yeni başlayan 2012-ci illə bağlı da tədbirlər planı tərtib etmişik. Artıq 20 Yanvar faciəsi ilə bağlı rayonda geniş tədbirlər həyata keçirilib. Şöbəmiz bu faciənin xalqımızın yaddaşında daimi olaraq həkk olunması, azadlıq, müstəqillik uğrunda müqəddəs mübarizənin gənclərə aşılanması üçün belə tədbirlərdən geniş şəkildə istifadə edir. Gələn ay Xocalı soyqırımının 20 ili tamam olacaq. Bu faciənin 20-ci ildöünümü ilə bağlı rayonumuzda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Rayonun mədəniyyət müəssisələri Xocalı soyqırımının yad olunması üçün hər il tədbirlər keçirir, bu il isə tədbirlərimiz daha geniş olacaq. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı da tədbirlər həyata keçirməyi planlaşdırmışıq. Ümumiyyətlə il ərzində əlamətdar günlər və bayramlarla yanaşı, rayonun  mədəniyyət müəssisələrində elm və ədəbiyyat, mədəniyyət  xadimlərinin yubileylərinə, xatirə günlərinə həsr edilmiş  tədbirlər hazırlanaraq həyata keçirilir. Ötən il yazıçılar Aslan Aslanovun 85, Zaman Qarayevin 80,  şairə Əminə Gülgünün 85,  Nəsrəddin Tusinin 810, Əli Vəliyevin 110 , Xalq şairi Süleyman  Rustəmin 105,  Nahid Hacızadənin 75, Əli Kərimin 75, Xalq şairi Səməd  Vurğunun 105,  şair Ənvər Əlibəylinin 95 , ümummilli  lider Heydər  Əliyevin 88,  Nizami Gəncəvinin 870, yazıçı  Ələviyyə Babayevanın, şair Novruz Gəncəlinin 90, Xalq şairi Mirzə İbrahimovun 100, yazıçı Çingiz Əkbərzadənin 75, aşıq Pənahın 85, şair Şahmar Əkbərzadənin 70, Nüsrət Kəsəmənlinin 6 5, Ə.Cəfərzadənin 90 illiyinə aid tədbirlər hazırlanaraq həyata keçirilib. Bildiyiniz kimi ötən il ölkəmizdə dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü yüksək səviyyədə qeyd edildi. Rayon Mədəniyyət və Turizm Şöbəsi olaraq biz də müstəqilliyin ildönümü ilə bağlı tədbirlər həyata keçirdik. Tədbirlər planına əsasən Hacıqabul rayon Mədəniyyət Evində, kənd mədəniyyət evləri və klublarında, rayon  Mərkəzi Kitabxanası və onun filiallarında, şəhər 7 illik Uşaq Musiqi Məktəbində, Heydər Əliyev Mərkəzində, rayon Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqilliyimiz əbədidir, dönməzdir, daimidir”,  “Müstəqilliyimiz əbədidir”, «Heydər Əliyev və müstəqil  Azərbaycan», «Qoy Azərbaycan xalqının müstəqilliyi əbədi  yaşasın”, “Heydər Əliyev və Azərbaycanda milli siyasət”, “Heydər  Əliyev və Azərbaycan mədəniyyəti” mövzularında tədbirlər  hazırlanaraq həyata keçirilib. Tədbirlərimizdə rayonun geniş  ictimaiyyəti, idarə və müəssisələrin işçiləri, məktəblilər  yaxından iştirak edirlər. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci  illərdə Dövlət  Proqramı»nın  icrası ilə bağlı Hacıqabul rayon Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun mədəniyyət müəssisələrdə  “Azərbaycan gəncliyi bu gün”, “Gənclər  bizim gələcəyimizdir”, “Azərbaycanın milli qəhrəmanları”, “Vətəni qorumaq hamının müqəddəs borcudur”, “Vətən  üçün alışıb, vətən üçün yanaq”, ”Azərbaycanının oğul və qızları Qarabağ döyüşlərində”adlı  foto  stendentlər təşkil olunub, söhbətlər keçirilib, məruzə  və mühazirələr oxunub. Eyni zamanda rayon Gənclər və İdman İdarəsi  ilə birlikdə gənclər arasında idman yarışları keçirilib, əl işlərindən ibarət sərgilər təşkil edilib, yarışlarda və müsabiqələrdə qalib gələnlər mükafatlandırılıb. “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası  ilə əlaqədar  olaraq Hacıqabul rayon Mərkəzi  Kitabxanasının saytı  yaradılıb, Hacıqabul  rayon Mədəniyyət vəTurizm Şöbəsinin  internetə çıxışı var, saytın yaradılması istiqamətində işlər  davam etdirilir.

- Mədəniyyətimizin təbliğ olunması istiqamətində hansı işlər həyata keçirirsiz?

- Mədəniyyət  və Turizm  Nazirliyi tərəfindən Şirvan  şəhərində keçirilən “Xor  kollektivlərinin respublika baxış  müsabiqəsində” və 2011-ci ilin dekabr ayında Şirvan şəhərində keçirilən “Xalq Musiqi İfaçılığı”, Bakı şəhərində keçirilən “Xalq  Musiqi Alətləri  İfaçılığı” üzrə respublika müsabiqəsində rayon  kollektivlərinin, yaradıcı gənclərin  iştirakı təmin olunb. Həmin müsabiqələrdə qaboy ixtisası üzrə Əliyev Natiq Rüfət oğlu, tar ixtisası  üzrə Atamoğlanov Elşən Həmid oğlu, İbrahimov Həbib Elçin oğlu, qarmon ixtisası üzrə  Hüseynov Samir Mətləb oğlu qalib gəlib, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunublar. Hərbi   vətənpərvərlik və mədəni hamilik işi sahəsində rayon  Mədəniyyət  və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq hərbi vətənpərvərlik və mədəni hamilik üzrə müxtəlif məzmunlu tədbirlər həyata keçirilib. Rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə andiçmə mərasimlərində, Hərbi  Komissarlıqda Azərbaycan ordusu sıralarına çağrışla əlaqədar çağırışçı gənclərin hərbi xidmətə yola salınma mərasimlərində şəhər Uşaq  Musiqi Məktəbinin müəllim və şagird kollektivi, rayon Mədəniyyət Evinin, şəhər klubunun özfəaliyyət kollektivləri  konsert  proqramları  ilə çıxış edirlər. Rayon Mərkəzi  Kitabxanası və şəhər Uşaq Musiqi Məktəbi “N” saylı Hərbi hissədə  “Azərbaycan  Ordusu milli  qürur mənbəyimizdir” adlı  musiqili ədəbi-bədii kompozissiyalar nümayiş etdirib. Keçirilən  tədbirlər barədə Mədəniyyət və Turizm Nazirliyinə hər rüb  məlumat  verilir. Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsi rayon  ərazisində yerləşən “N” saylı hərbi  hissəni hamiliyə götürüb. Rayonun mədəniyyət müəssisələrində xalq yaradıcılığı, bədii özfəaliyyət kollektivlərinin işi xeyli  yaxşılaşıb  və genişlənib. İl ərzində rayon Mədəniyyət Evinin, Muğan qəsəbə  klubunun musiqi kollektivləri, Mədəniyyət Evinin muğam üçlüyü, rəqs qrupları, rayonda  və yerlərdə keçirilən tədbirlərdə, peşə bayramlarında, əhali qarşısında daima çıxışlar edirlər. Xüsusilə qeyd etmək lazımdır ki, rayon Mədəniyyət Evinin və şəhər  klubunun musiqi kollektivləri, şəhər Uşaq  Musiqi  Məktəbinin müəllim və şagird  kollektivi ilboyu “N” saylı hərbi  hissədə  geniş  konsert  proqramları  ilə  çıxışlar edirlər.

- Hansı problemlərlə qarşılaşırsınız?

- Qeyd edim ki, rayon ərazisində 14 yerli və ölkə əhəmiyyətli  tarix-memarlıq   və arxeoloji  abidələr var. Ötən dövr ərzində 18 yeni abidə aşkar olunub. 

Şəhər 7 illik Uşaq Musiqi Məktəbində, rayon Mərkəzi Kitabxanasında, rayon Tarix-Diyarşünaslıq muzeyində, Atbulaq, Meynəman, Navahı kənd mədəniyyət evlərində, Qarasu, Pirsaatçay, Atbulaq, Qubalı -Balaoğlan kənd klublarında əsaslı  və cari  təmir  işləri aparılıb. Rayon Mədəniyyət və Turizm Şöbəsində və onun tabeliyində olan mədəniyyət  müəssisələrində görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur. Belə ki, rayon  Tarix-Diyarşünaslıq Muzeyi «Azərxalça» Elmi  Yaradıcılıq İstehsalat Birliyinin  balansında olan uyğunlaşdırılmış binada yerləşir və yeni müasir tələblərə cavab verən Tarix-Diyarşünaslıq Muzeyinin inşa edilməsinə ehtiyac var. Bundan əlavə rayon Mərkəzi  Kitabxanası, rayon Uşaq Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi Məktəbi, icra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar  uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini  göstərir. Rayonda müasir tələblərə cavab verən mədəniyyət müəssisələrinin inşa edilməsinə və əsaslı təmirinə, musiqi alətlərinə, klub müəssisələrinin tamaşa zalı üçün  oturacaqlara böyük ehtiyac var. Kənd mədəniyyət müəssisələri rayon  ərazisindən xeyli aralıda yerləşdiyi üçün mədəniyyət müəssisələrinə  vaxtaşırı gedişlərin təşkili problemlər  yaradır. Bunun üçün nəqliyyat vasitəsinə, həmiçinin mədəniyyət müəssisələrində, xüsusən klub müəssisələrində və kitabxanalarda  ixtisaslı kadrlara böyük ehtiyac var. Bu da işlərimizdə müəyyən çətinlik və problemlər yaradır. Ötən il qəza  vəziyyətində olan 2 kənd Mədəniyyət Evi yeni binaya köçürülüb, əsaslı və  cari təmir işləri görülərək istifadəyə verilib. 2 kitabxana filialı  münasib binaya köçürülüb, 9 kənd klubu, 24 kənd kitabxana  filialının , 4 Mədəniyyət Evinin əsaslı təmirə ehtiyacı var. Amma bu problemlər bizə işimizi yüksək səviyyədə qurmaqda bizə mane olmur. Əminik ki, sadaladığım problemlər ən qısa zamanda həllini tapacaq və mədəniyyət müəssisələrimiz işini müasir dövrün tələblərinə uyğun quracaqlar.

  

 

Anar Miriyev

 

Palitra.-2012.-27 yanvar.-S.7.