Teatrın «doğum
şəhadətnaməsi» qiymətli eksponat
kimi qorunur
Layihə çərçivəsində budəfəki yazımız Səbail rayonunda yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə bağlıdır. Belə ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi əks etdirən tarixi xronologiya üzrə qurulub. Burada Azərbaycan peşəkar teatrının yaranma tarixindən - 1873-cü ildən başlayaraq teatrın təşəkkül dövrü, inkişafı, professionallaşması və milliləşməsi prosesi ilə, müxtəlif teatrların yaranması və fəaliyyəti ilə bağlı tam təəssürat yaranır.
İlk zalda nümayiş olunan eksponatlarda milli teatrın yaranma tarixindən, ilk teatr fədailərimizdən, korifey sənətkarlarımızdan söhbət açılır, XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan pəşəkar teatrının təşəkkül dövründən bəhs olunur. Xalqımızın qədim adət və ənənələrində, məişətində, bayram şənliklərində, inancları ilə bağlı rituallarında aşkarlanmış teatr elementlərini təsvir edən rəsmlər, maarifçilərimizin, teatr fədailərimizin fəaliyyətinə həsr olunmuş guşələr diqqəti çəkən ilk obyektlərdir. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin «Sərgüzəşti-vəziri-xani Lənkəran» pyesi əsasında hazırlanmış teatr tamaşasının 1873-cü ildən saxlanılmış afişası seyrçilərdə böyük maraq doğurur. Dramaturqun arxivindən tapılan və bu gün muzeydə qorunan afişa ilk tamaşanın, həqiqətən, «Lənkəran xanının vəziri » olduğunu təsdiqləyən sənəd kimi, teatrın «doğum şəhadətnaməsi» kimi olduqca qiymətli eksponatdır. Muzeyimizdəki ən «yaşlı» foto 1888-ci ildə ilk teatr truppasının üzvləri toplaşmış şəkildir. Həbib bəy Mahmudbəyovun truppasının fotoşəkli. O dövrün ziyalıları, teatr həvəskarları, geyim dəbi - nələri görükdürmür bu eksponat. Bu sırada əski əlifba ilə ipək parça üzərinə yazılmış proqramlar, rəngi avazımış köhnə afişalar muzeyə gələn hər bir kəsi həmin dövrün teatr ab - havasına, cazibəsinə salır. İlk komediya aktyorumuz Cahangir Zeynalov muzeydə bir neçə fotoşəkil və proqramlarla təqdim olunur. Aktyorun müşahidələrindən və elmi - nəzəri fikirlərindən ibarət «Teatro dəftərçəsi» adlı kiçik həcmli risaləsi teatr mədəniyyətimiz üçün son dərəcə dəyərli eksponatdır. Maraq doğuran guşələrdən biri də Azərbaycanın ilk peşəkar faciə aktyoru, bir sənətçi kimi mürəkkəb tale yaşamış Hüseyn Ərəblinskiyə məxsusdur. Burada aktyorun bir neçə sənədi, «Ağa Məhəmməd Şah Qacar» tamaşasında Qacar rolunu ifa edərkən geyindiyi libası, tacı və qılıncı nümayiş olunur. Bakıdan öncə, 1904 - cü ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada Uilyam Şekspirin «Otello» tamaşası oynanılır. Haşım bəy Vəzirovun tərcüməsində və quruluşunda, həm də onun iştirakı ilə oynanılan bu tamaşanın fəxri bileti bu gün Teatr Muzeyinin ekspozisiyasındadır. Maraqlı guşələrdən biri də Azərbaycanın ilk qadın dramaturqu Səkinə xanım Axundzadəyə həsr olunub. O, dərs dediyi qız məktəbinin şagirdləri ilə birlikdə 1904 - cü ildə Nəcəf bəy Vəzirovun «Yağışdan çıxdıq, yağmura düşdük» komediyasını tamaşaya hazırlayır. Səkinə xanınm bu tamaşada oynayan qızların hər birinə gümüşdən nişan hazırlatdırır. Nişanın bir üzünə aktrisa qızın adını və tamaşanın tarixini, o biri üzünə isə «teatr» sözünü və rolun adını həkk etdirir. Həmin nişanlardan biri muzeyə hədiyyə edilib. XX yüzilliyin əvvəllərində qadın rollarında çıxış etmiş kişi aktyorların fotoşəkilləri də müsəlman mədəniyyətinin faktı kimi diqqəti özünə çəkir. Həmin sırada ilk azərbaycanlı qadın aktrisa Göyərçin xanımın fotosunu görüb tanımaq, onunla bağlı maraqlı olan nə varsa, eşidib öyrənmək olar. Qədim eksponatlar arasında bir neçə musiqi aləti də var. Onların içərisində bu gün Azərbaycanda yeganə nümunə kimi Teatr Muzeyində saxlanılan çaqanə da var. Burada XX əsrin əvvəllərində Sidqi Ruhullanın başçılığı ilə Yaxın Şərq və Orta Asiya ölkələrinə təşkil olunan qastrol səfərlərinin afişaları da sərgilənir. Görkəmli Azərbaycan maarifçisi və dramaturqu Cəlil Məmmədquluzadənin yazıçı-jurnalist fəaliyyətini və ictimai - siyasi mübarizəsini əks etdirən guşə də çox maraqlıdır.
Cəfər Cabbarlı və
Hüseyn Cavid haqqında qiymətli sənədlər
Milli Dram Teatrının
yaradıcılıq yolundan bəhs edən
2-ci zalda teatr tariximizdə
misilsiz xidmətləri olan
və böyük sənətkarlıq
nümunələri yaratmış dramaturq,
rejissor və aktyorlarımıza aid sənədlər, fotoşəkillər, kostyumlar, xatirə əşyaları, müxtəlif
obrazlara çəkilmiş geyim eskizləri, şəkillər və
tamaşaların müxtəlif pərdələri üçün qurulmuş
səhnələrin maketləri sərgilənir. Zalda səhnə
sənətimizin yüksək peşəkarlıq səviyyəsinə
çatmasında əvəzsiz xidmətləri olan Cəfər Cabbarlı və Hüseyn Cavid haqqında bir sıra sənədlər, bu
dramaturqların yetişdirdiyi aktyor nəslinin yaradıcılığını
əks etdirən fotoşəkillər, yağlı boya ilə işlənmiş portretlər nümayiş olunur. Milli Dram Teatrının tarixinə həsr olunmuş guşələrdə istedadlı rejissorlar İsmayıl Hidayətzadə, Adil İskəndərov, Mehdi
Məmmədov, Tofiq Kazımov
yaradıcılığına dair materiallar seyrçilərə teatrın ənənələrindən
və rejissorluq məktəbindən söz açmağa geniş imkan yaradır.
Qüdrətli səhnə ustalarımızın milli və xarici əsərlərdə
yaratdığı rollar qalereyası da sərgilənən fotolarda
öz əksini tapır.
«Leyli və Məcnun» operasının premyera afişası
Şərqdə və Avropada çox məşhur olan Azərbaycan musiqisi, opera və balet sənəti haqqında materiallar
3-cü zalda əks olunub. Bu zalda tamaşaçılara təqdim
olunan «Leyli və Məcnun» operasının premyera afişası da qədim və nadir sənədlərdən biridir.
1908-ci ildə oynanılmış «Leyli və Məcnun» operasına aid proqram muzeyin fəxr etdiyi eksponatlardandır.
Məcnun rolunun ilk ifaçısı Hüseynqulu
Sarabskinin, Leylinin ilk ifaçılarından olan
Həqiqət Rzayevanın,
opera və vokal sənətimizin ilk professional ifaçıları
sayılan Şövkət
Məmmədovanın və
Bülbülün yaradıcılığından
söhbət açan
foto- şəkillər,
kostyum və rekvizitlər ən unikal muzey əşyaları
kimi xüsusi maraq doğurur. Burada böyük bəstəkar Müslüm
Maqomayevin, opera bəstələmiş
ilk qadın bəstəkarımız
Şəfiqə Axundovanın,
gözəl opera müğənnimiz
Fatma Muxtarovanın, bənzərsiz səsləri
ilə dünyanı fəth edən Rəşid Behbudovun, Müslüm Maqomayevin yaradıcılığından da geniş söhbət
açılır. Milli balet
sənətimizin yaranma
tarixi, yüksəlişi
və dünya musiqi ədəbiyyatına
daxil olan inciləri barədə də ekspozisiyada dolğun məlumat almaq mümkündür.
Balet guşəsində Əfrasiyab
Bədəlbəylinin 1940 - cı ildə yazılmış və səhnəyə qoyulmuş
«Qız qalası » -
ilk milli balet tamaşası haqqında ətraflı bilgi verilir. Dünya şöhrətli bəstəkarlar
Qara Qarayevin «Yeddi gözəl», «İldırımlı yollarla»,
Fikrət Əmirovun
«Min bir gecə», Arif Məlikovun «Məhəbbət əfsanəsi»
baletlərindən müxtəlif
fraqmentləri əks etdirən şəkillər,
dekorasiya və geyim eskizləri də son dərəcə
maraqla qarşılanır.
İrəvan Dövlət Azərbaycan
Dram Teatrının tarixini
əks etdirən eksponatlar
Operetta janrında ilk tamaşanın proqramı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının yaranma tarixi və yaradıcılığı ilə bağlı sənədlər 4-cü zalda toplanıb. Milli peşəkar teatrın ayrılmaz hissəsinə çevrilən Azərbaycan Dövlət Rus Dram Teatrına aid afişalar, fotoşəkillər, maketlər, eskizlər, kostyum və kuklalar 5-ci zalda nümayiş olunur. Zaqafqaziyanın zəngin ənənəli ilk peşəkar Tiflis- Azərbaycan Teatrının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının, bölgə teatrlarının, o cümlədən ötən əsrin 90-cı illərində yaranmış bir sıra yeni teatrların tarixini əks etdirən eksponatlar 6-cı zalda sərgilənir.
Muzeyin sonuncu,
7-ci zalı sərgi zalı kimi fəaliyyət
göstərir və vaxtaşırı burada
şəxsi kolleksiyalar və fond materialları əsasında müxtəlif
mövzularda sərgilər nümayiş olunur. Muzeydə müntəzəm olaraq
teatr tariximizlə, korifey
sənətkarlarımızın həyat və
yaradıcılıqları ilə bağlı yubiley sərgiləri hazırlanır, xatirə
gecələri, tədbirlər keçirilir,
mühazirələr oxunur. İl ərzində mütəmadi olaraq ayrı - ayrı vətəndaşlara,
müxtəlif idarə və təşkilatlara, təhsil
və mədəniyyət ocaqlarına, mətbuat
orqanlarına, televiziya kanallarına fond materialları ilə metodiki
köməklik göstərilir. Respublikamızda fəaliyyət
göstərən bir sıra muzeylərin
açılmasına Teatr Muzeyi
fond materialları ilə yaxından
köməklik edib.
Anar MIRIYEV
Palitra.-2013.-2
aprel.-S.11.