Gələcəyimizə ədəbi
baxış...
“Gənclik ay işıqlı gecələr
kimidir.
Ağıllı
adamlar bu gecələr
yatmazlar”
Hümam Təbrizi
Şair bu misraları ilə insan həyatının nə qədər dəyərli olduğunu, gənclik illərinin füsunkarlığını ən gözəl şəkildə ifadə edib. Düşünürəm ki, bir insan gəncliyinə dəyər vermirsə, yaxud dəyər verməyi bacarmırsa, bu, sadəcə onun öz səhvi ola bilər. Şair gəncliyin gözəlliyini, parlaqlığını, təravətini sözlərində kifayət qədər tərənnüm edib. Bu gün də cəmiyyətimizə nəzər salsaq, yaradıcılıqla məşğul olan gənclərimizin müxtəlif sahələrdə inkişaf etdiyini görərik. Lakin görülən işin cəmiyyətdəki rolu və təsirinin nə dərəcədə olması bir az qarışıq və mürəkkəb məsələdir.
Mənim düşüncələrimə görə, cəmiyyətdəki dəyişikliyə bir yazıçının düşüncəsi və onun qələmə aldığı əsərinin məğzi təsir edə bilər. Buna səbəb də məhz gənc yazıçılarımızın hansı mövzuya müraciət etmələri və hansı üslubda çalışmalarıdır. Bu gün cəmiyyətimizdə ən aktual mövzulardan biri kitaba olan maraqdırsa, ikinci prioritet məsələlərdən biri də məhz gənc yazıçıların bugünkü əsərlərinin mövzuları və fikirləridir. Yaşlı nəsil nümayəndələrinin əsərlərinə baxsaq, görərik ki, onlar gənc nəslə, cəmiyyətə gərəkli olan düşüncələrini əsərlərində əks etdirirlər. O zamanlar yazıçıların hər bir əsəri oxucular arasında ayrı-ayrılıqda müzakirə olunar, mütaliələr aparılar, gənclərin bir növ dərslik vəsaiti olardı. Çünki ali təhsil almayan gənclər belə, peşə sahibi olsalar da, ədəbi kitab oxumaqdan çəkinmirdilər. Dünyagörüşlərini belə zəngin edirdilər. Bu gün isə belə halların çox az şahidi oluruq.
Bu mövzu ətrafında yazıçı Günel Anarqızı ilə həmsöhbət oldum. Onun bugünkü gənc yazarların işi, onların fəaliyyəti və yazdıqları əsərlər haqqında olan fikirlərini öyrənmək istədim.
- Günel
xanım, müasir dövrümüzdə
gənc yazıçıların əsərləri xalq yazıçılarımız Anar və Elçin Əfəndiyev
kimi ustadlarımızla müqayisədə
hansı səviyyədədir?
- Bilirsiniz, bu mövzu bir az müzakirəli məsələdir. Mənim fikrimcə, bu gün yazıçılar arasında müqayisə etmək çox çətin olar. Çünki hər dövrün özünəməxsus düşüncə tərzi olub. Zaman keçdikcə dövr də, ifadə vasitələri də dəyişir. Buna əsasən də, 60-70-ci illərin yazıçıları ilə müasir dövrün yazarlarını müqayisə etmək, məncə, düzgün olmazdı. İndiki dövrdə müxtəlif cərəyanlar mövcud olduğundan yeni nəsil yazıçıların düşüncə tərzləri də dəyişir.
- Müasir dövrdə internet, telefon
bir çox müasir texnika mövcuddur. Bunların gənc yazarlara nə kimi təsiri
ola bilər?
- Siz düz buyurursunuz.
O zamanlar yazıçılar
axtarışlarda olurdular.
Kitablar oxuyub mütaliə edirdilər. Ən çox
da yazıları ilə ədəbiyyata yeniliklər gətirmək
haqda düşünürdülər.
Bir sözlə, bu işə yazıçılar
o dövrdə çox
məsuliyyətlə yanaşırdılar.
Lakin çox təəssüf
ki, bu gün
biz gənc yazıçılarımızda
o məsuliyyəti görmürük.
Düzdür, gənclərimizin əksəriyyəti çalışırlar,
yazdıqları əsərləri
müxtəlif saytlarda
yerləşdirirlər. Lakin o fikirlə də razı deyiləm ki, hər yerindən duran yazıçı ola bilər.
- Gənc yazarların müraciət
etdiyi mövzulara olan fikirləriniz necədir? İndiki dövrdə maarifləndirmə
məqsədi daşıyırmı?
- Xeyr. İndiki mövzular sırf müasir həyata şamil olunan mövzulardır. Yeni həyatın yeni tələbləri. Ələlxüsus da, bu gün əsərlərin çoxu bənzətmə üslubundadır. Xüsusi mövzular işlədilmir. Əvvəl də qeyd etdiyim kimi, vaxtilə ustad yazıçılarımız zamanlarının çoxunu kitab oxumaqla, mütaliə etməklə keçirərdilər. Yeni fikir, yeni düşüncə tərzi yaranardı. Lakin yeni nəsil yazarlarda bunları müşahidə etmək çox çətindir. Bu gün isə müasir texnika olduğundan, gənclərin əksəriyyəti onlara üstünlük verir. Mütaliə etmək ikinci növbədə qalır.
- Günel
xanım, sonda sizə bir
sualla da müraciət
etmək istərdim... Bu gün
gənc yazarlar arasında qiymətləndirdiyiniz
yazıçılar var?
- Əlbəttə ki, var. Lakin mən xüsusi ad qeyd etmək istəməzdim. Hər bir gəncin öz dəst-xətti olur. Şəxsi dünyagörüşləri var. Bu da mənim öz zövqümə görə dəyişir. Ümid edirəm ki, gənc yazarlarımız zamanın tələbləri ilə lazımi şəkildə püxtələşəcək, cəmiyyət strukturuna keyfiyyətli təkan verəcəklər.
Müsahibim yazıçı Günel Anarqızı gənc yazıçılar haqda fikirlərini mənimlə belə bölüşdü. Yazıçı cəmiyyətdə xüsusi yer tutan bir şəxsdir. Vaxtilə mədəni cəmiyyətimizin qurucuları olan C. Məmmədquluzadə, M. F. Axundov, M. Ə. Sabir, H. Zərdabi, A. A. Bakıxanov kimi ədəbiyyat ustadlarımız öz dövrlərinin bütün əyriliklərini yaratdıqları şah əsərlərində qeyd edirdilər. Oxuma, yazma bilənlər, sözsüz ki, bu yazıları oxuyub başa düşürdülər. Cəmiyyətdə çalışdıqları qədər işlər görürdülər. Lakin çox təəssüf ki, ziyalıların əsas hədəfi olan təhsilsiz insanlar onların dediklərini anlaya bilmirdilər, yaxud anlamaq istəmirdilər. Burada isə o dövrdə incəsənətin yeni inkişafı mərhələsində teatr köməyə gəlirdi. Rejissorun səhnəyə qoyduğu dramaturq əsərləri vasitəsilə oxuyaraq anlaşılmayan bir mövzu cəmiyyətə çatdırılırdı.
Bu mövzu
ətrafında bir çox
fikirlər söyləmək olar. Əsas
məsələ mövzunun nəticəsinin
olmasıdır. Düşünürəm ki,
yeni nəsil
yazıçılarımızın müəyyən mənada
axtarışları cəmiyyətimizə kifayət qədər
gərəkli olacaq.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-2 aprel.-S.13.