Geofizik alim və
tanınmış karikatura ustası
Naxçıvan
Dövlət Universitetində Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, Əməkdar elm və
texnika xadimi Kərim Kərimovun “Azərbaycanın neft-qaz
potensialı” monoqrafiyasının və “Haqq və ədalət
uğrunda” kitab-albomunun təqdimat mərasimi keçirildi. Tədbirdən
öncə müəllifin karikaturalarından ibarət sərgi
ilə tanışlıq oldu.
Təqdimat mərasimini giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yeni elmi, elmi-kütləvi, bədii nəşrlərin geniş ictimaiyyətə təqdimatının ənənə halı almasının əhəmiyyətindən danışdı. Qeyd olundu ki, görkəmli geofizik alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli Kərim Kərimovun Azərbaycan neft sənayesinin inkişafında xüsusi rolu var. 600-ə yaxın elmi əsərin müəllifi, beynəlxalq səviyyədə şöhrət qazanan alim çoxillik elmi-tədqiqatlar nəticəsində dünyada ilk dəfə olaraq Azərbaycanın neft ehtiyatını 7-8 milyard ton, qaz ehtiyatını 10 trilyon həcmində qiymətləndirib.
Universitetin rektoru, akademik İsa Həbibbəyli “AMEA-nın müxbir üzvü Kərim Kərimovun yaradıcılığında karikatura janrı” mövzusunda məruzə edərək 6000-dən çox karikatura və siyasi plakat müəllifi Kərim Kərimovun milli karikatura janrının əsasını qoyan mollanəsrəddinçi karikatura məktəbinin layiqli davamçısı olduğunu vurğuladı. Müxtəlif ölkələrdə 19 fərdi sərgisi keçirilən karikaturaçı rəssamın “Oğuz Eli” nəşriyyatında nəfis tərtibatla yenicə işıq üzü görmüş “Haqq və ədalət uğrunda” kitab-albomunda erməni terrorizmini və təcavüzkarlığını, onların separatçılıq siyasətini ifşa edən, Azərbaycanın haqq-ədalət uğrunda mübarizəsini, sülhsevər siyasətini, beynəlxalq terrorizm əleyhinə mübarizəsini əks etdirən karikatura və siyasi plakatların professionallığından, ideya və mövzu aktuallığından bəhs etdi.
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Kərim Kərimovun tədqiqatlarında Azərbaycanın neft-qaz potensialı problemləri” mövzulu məruzəsində bildirdi ki, 7 fəsildən, Azərbaycan, rus və ingilis dillərində verilmiş giriş və nəticədən, çoxsaylı ədəbiyyat siyahısından ibarət yeni monoqrafiya Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının üzə çıxarılması, onlardan səmərəli istifadə ilə bağlı əhəmiyyətli elmi yeniliklərlə zəngindir. Azərbaycanın neft siyasətini, təbii yanacaq ehtiyatlarını dərindən bilən alimin yeni kitabı Yer elmləri üzrə mütəxəssislər, Qafqaz ərazisi və Xəzər dənizi üzrə axtarış-kəşfiyyat aparan mütəxəssislər üçün də faydalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm və texnika xadimi Kərim Kərimov ürək sözlərini söyləyərək Azərbaycanın dinamik inkişafından, milli elmin və təhsilin tərəqqisindən danışdı, muxtar respublika və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşdü, tədbirin təşkilatçılarına minnətdarlıq etdi.
Sonda müəllif
kitablarını tədbir iştirakçılarına hədiyyə
etdi.
Mehriban SULTAN
Palitra.-2013.-2 aprel.-S.13.