“Davos Forumunun
Bakıda keçirilməsi region üçün yeni imkanlar yaradacaq”
İqtisad elmləri üzrə fəlsəfə doktoru İlkin Soltanlı: “Dünya İqtisadi Forumu regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platformadır”
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda çıxışı zamanı ölkə
iqtisadiyyatının sürətlə inkişaf etdiyini deyən
Prezident İlham Əliyev bildirib ki, dünya
iqtisadiyyatının bir parçası olan Azərbaycan
dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib: “Bundan
sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi,
ərzaq təhlükəsizliyinin tam şəkildə təmin
edilməsi, sənaye potensialımızın gücləndirilməsi,
ixrac potensialının artırılması, idxaldan
asılılığın azaldılması, biznes
mühitinin yaxşılaşdırılması istiqamətində
işlər aparılacaq və bu günədək
aparılıb. Ölkəmizin uğurlu inkişafı,
iqtisadiyyatımızın şaxələndirilməsi və
gözəl perspektivlər deməyə əsas verir ki, qalan
problemlər, nöqsanlar,
çatışmazlıqlar da aradan qaldırılacaq”. Ölkə
iqtisadiyyatının inkişafı və bu
istiqamətdə həyata keçirilən tədbirlərlə
bağlı fikirlərini bildirən mütəxəssislər
də ölkəmizin artıq güclü
iqtisadiyyata malik olduğunu təsdiq edirlər. Müsahibimiz
AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad
elmləri üzrə fəlsəfə doktoru
İlkin Soltanlıdır:
-Bu gün Azərbaycan
iqtisadiyyatı dünyada ən dinamik inkişaf edən
iqtisadiyyatlardan biri hesab olunur. Belə ki,
son illər ÜDM-i üç dəfə artırmağa,
iqtisadiyyatımızı şaxələndirməyə, qeyri-neft sektorunu əsaslı
şəkildə inkişaf etdirməyə
nail olmuşuq. Siz bu istiqamətdə əldə
etdiyimiz nailiyyətlərlə
bağlı nə deyə bilərsiniz?
- Doğrudan da, ölkəmizin iqtisadiyyatı çox sürətlə və dinamik inkişaf edir. Bu isə böyük müdrikliklə, düzgün şəkildə formalaşdırılan və həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Bütövlükdə, dünya dövlətləri cərgəsində özünəməxsus yeri ilə seçilən, sürətli inkişafı ilə bir çox ölkələrə örnək olan müstəqil və qüdrətli Azərbaycan Respublikasının güclü sosial-iqtisadi tərəqqisi və dayanıqlı inkişafı sahəsində qazandığı uğurlara görə, böyük öndərimizə və onun davamçısı Prezident İlham Əliyevə borcluyuq. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev, yaranmış gərgin hərbi-siyasi situasiyanı və dünyada gedən meyilləri düzgün qiymətləndirərək, bütün sahələrdə quruculuq proseslərinə start verdi. Lakin əsas məsələ ölkə iqtisadiyyatının dirçəldilməsi və dayanıqlı inkişaf etdirilməsi oldu.“İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı formaların tətbiq etməkdən ibarətdir” deyən müdrik rəhbərin rəhbərliyi altında, zamanın sınağından çıxmış səmərəli bazar münasibətləri tətbiq olunmağa başladı. “Əsrin müqaviləsi” imzalanaraq, ölkə iqtisadiyyatının inkişafına güclü təkan verən böyük həcmli investisiyalar cəlb olundu. Prezident İlham Əliyev isə bu estafeti uğurla davam etdirərək, Azərbaycan Respublikasının iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaratdı. Bu mərhələnin başlıca məqsədi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olunması, ölkəmizdə uzunmüddətli dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu baxımdan, ölkənin malik olduğu iqtisadi potensialın kompleks və səmərəli şəkildə həyata keçirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkə regionlarının malik olduğu potensialdan tam və səmərəli istifadə etməklə onların inkişafının tarazlaşdırılması, təşəbbüskarlıq meyillərinin və sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun aşağı salınması kimi vəzifələr mühüm əhəmiyyət kəsb edir. Yuxarıda göstərilən istiqamətlərdə ardıcıl, düşünülmüş və məntiqli şəkildə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında söz sahibinə çevrilib. Ölkəmizdə iqtisadi və siyasi islahatlar uğurla və paralel olaraq aparılır. Həmin islahatlar isə siyasi müstəqilliyimizin daha da möhkəmlənməsinə təkan verib. Prezidentin CNN televiziya kanalına müsahibəsində qeyd olunduğu kimi, “Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumdaxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir”.
- Aprel
ayında Bakıda “Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcək.
Forumun ölkəmizdə keçirilməsi,
artıq Azərbaycanın dünya səviyyəli
iqtisadi mərkəzə çevrildiyini
göstərir. Bu forumun
ölkəmizdə keçirilməsini və onun
əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın iqtisadi diversifikasiyaya və dayanıqlı inkişafa əsaslanan mövcud inkişaf modeli, xüsusən də iqtisadi sahədə əldə edilən böyük uğurlar bütün dünyanın diqqət mərkəzindədir. Bu baxımdan, aprel ayında Dünya İqtisadi Forumunun (Davos Forumunun) Bakıda keçirilməsi təsadüfi sayıla bilməz. Fikrimizcə, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Forum gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün çox gözəl imkan yaradacaq. Forumda əsasən sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlər müzakirə olunacaq. Bununla yanaşı, həmin mühüm tədbirdə Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlər müzakirə mövzusu olacaq. Bu Forum regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma kimi, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın daha dərin inkişafına öz layiqli töhfəsini vergcək və region üçün çox gözəl imkanlar, əlverişli şərait yaradacaq.
-Beynəlxalq Valyuta Fondunun məsləhətçisi
Raca Almarzuqi bildirib ki, 2013-cü ildə
Azərbaycanda qeyri-neft sektorunda
ÜDM-in artımı 9% səviyyəsində
proqnozlaşdırılır. Fikrinizcə, ölkə
iqtisadiyyatının neft sektorundan
asılılığının azaldılması və qeyri-neft sektorunun
inkişafı istiqamətində hansı addımlar atıla
bilər?
- Azərbaycan iqtisadiyyatının son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrildiyini qeyd edən Beynəlxalq Valyuta Fondunun məsləhətçisi Raca Almarzuqi, ölkəmizdə neft istehsalının nisbi məhdud müddətinin 2020-ci ilədək iqtisadiyyatın özəl sektorunun qabaqcıl roluna söykənən, həmçinin davamlı və hərtərəfli artım ilə səciyyələnən iqtisadiyyata çevrilməsini tələb etdiyini göstərərək, qeyri-neft sektorunun artımının əsasən, dövlət xərcləri hesabına təmin ediləcəyini və ümumilikdə ÜDM-in 4,5 faiz artmasına səbəb olacağını göstərib. 2003-cü ildən bəri Azərbaycanın ümumidaxili məhsulu üç dəfə, qeyri-neft ümumidaxili məhsulu isə 2,4 dəfə artıb. “Marja” xəbər verir ki, bunu fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir.
Hazırda aqrar sektorun inkişafı diqqət mərkəzindədir.
2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının
istehsalı isə 3,4 dəfə artıb. Sahibkarlara
Kömək Milli Fondunun
xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara güzəştli
kredit ayrılıb. Güzəştli
kreditlər hesabına maliyyələşdirilmiş layihələrin
reallaşdırılması 104 mindən çox
yeni iş yerinin açılmasına imkan
yaradıb. Beləliklə, bütün
reallıqlar onu deməyə əsas verir ki, ölkə
başçısının bildirdiyi kimi, bu inkişaf
bundan sonra da uğurlu və
dayanıqlı olacaq.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-3 aprel.-S.10.