“Gənclər təşkilatları fəal
iş aparır”
Tünzalə Cavadova: “Gənclər
təşkilatları cəmiyyətin inkişafında gedən
proseslərdə daha yaxından iştirak edirlər”
Layihə çərçivəsində
müsahibimiz Qadın və Gənc Ailələrin Sosial
İnkişafı İctimai Birliyinin sədri Tünzalə
Cavadovadır
“Gənclərin
vətənə bağlılığı, onların milli
ruhda və Azərbaycan dəyərləri ətrafında birləşməsi
və formalaşmasında yardımçı olan sərgilər
təşkil etmək, filmlər çəkmək
lazımdır”
-Azərbaycan QHT-lərinin milli
problemlərlə bağlı təşəbbüsləri və
fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu gün respublikamızda QHT-lərin milli problemlərlə bağlı təşəbbüsləri daha da kütləviləşir və eyni zamanda adekvat olaraq onların fəaliyyətində də bu sahədəki məsələlər öz əksini tapır. QHT-lər respublikamızda labüd olan bütün problemlərə həsasslıqla yanaşır və onların həllində həmrəylik nümayiş etdirir. Vətəndaş cəmiyyəti dövlətin demokratikləşmə proseslərində və islahatların aparılmasında müstəsna xidmətlərə malikdir. Müxtəlif QHT-lər tərəfindən həyata keçirilən proqramlar və layihələr çərçivəsində minlərlə insan sosial, hüquqi, psixoloji və digər yardımlar alır. Qeyd etmək istəyirəm ki, eyni zamanda Azərbaycan hökumətinin müxtəlif fondlar vasitəsilə QHT-lərə ayırdığı maliyyələr dövlətin QHT sektoruna həssaslıq nümayiş etdirdiyini və onların bugünkü rolunu yüksək qiymətləndirdiyini göstərir. Bunun bariz nümunəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondunu göstərmək olar. Bu da əlbəttə ki, həm vətəndaş cəmiyyətinin güclənməsinə, həm də ictimai əhəmiyyətli milli problemlərin həllinə QHT-lərin daha yaxından cəlb olunmasına stimul verir.
-Azərbaycanda gənclərlə
bağlı həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?
- Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlətin həyata keçirdiyi uğurlu siyasətin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin qabaqcıl qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Bildiyimiz kimi, 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Dövlət proqramının əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə fəal iştirakına şərait yaratmaq və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, hüquqi şəraitin yaradılmasını sürətləndirmiş və onların ictimai-siyasi fəallığının artmasına təkan verib.
-Gənclər təşkilatlarının
fəaliyyəti ilə bağlı nə deyərdiniz?
- Ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının sayı 200-dən çoxdur və gənclər təşkilatları bu gün cəmiyyətin inkişafında gedən proseslərdə daha yaxından iştirak edirlər. Onlar ölkə QHT-lərinin fəaliyyət istiqamətlərinin demək olar ki, hamısını əhatə edirlər. Bundan əlavə, bu təşkilatların bir qismi tələbə təşkilatlarıdır və ya tələbələrin hüquqlarını müdafiə edir. Bu təşkilatlardan bir qrupu birləşərək, 1995-ci ildə ARGTMŞ təsis edib və hazırda özündə 100-ə qədər qeyri-hökumət gənclər təşkilatını birləşdirir. Təşkilatımız da hazırda ARGTMŞ-ın üzvüdür. Hökumətin gəncləri inkişaf etdirmək səyləri gənclər təşkilatlarının ictimai-siyasi cəhətdən fəallaşmasına səbəb olub. Gənclər təşkilatları fəal iş aparır, xüsusən də bu fəaliyyətdə onlara müxtəlif nazirliklər və dövlət qurumları da dəstək olurlar. Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti bütün istiqamətlərdə həm təhsil, həm sosial sektorda, həm də ictimai siyasi istiqamətdə özünü göstərir.
-Azərbaycanda
QHT-lərin qadınlarla bağlı layihələri barədə
nələri bildirmək olar?
- Respublikamızda müxtəlif QHT-lər tərəfindən gender problemləri və qadın hüquqları ilə bağlı müxtəlif layihə və proqramlar həyata keçirilir. Qadınların maraqlarının müxtəlif sferalarda müdafiəsi və təşviqi məqsədi ilə bir sıra QHT-lər təsis olunub və fəaliyyət göstərirlər. Əsasən bu layihə və proqramlar həmin qadın QHT-ləri tərəfindən aparılır. Ölkədə belə təşkilatların sayı 100-dən çoxdur. Bu təşkilatların fəaliyyət istiqamətləri müxtəlif olsa da, onlar qadın problemlərinin həllini prioritet hesab edirlər. Layihələr müxtəlif problemlərin həllinə yönəlir. Bunlardan qadınların insan alverinə qarşı maarifləndirilməsi, məişət zorakılığına qarşı maarifləndirilmə və hüquqi maarifləndirilməsi layihələri əsas yer tutur. Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin respublikamızın müxtəlif regionlarında keçirdiyi bu tipli layihələrdə mövzunun nə dərəcədə aktual olduğu ilə tez-tez rastlaşırıq və bu layihələrin davamlılığını təmin etmək üçün müxtəlif donorların diqqətini bu problemlərə cəlb etməyə çalışırıq.
-Azərbaycan qadının ictimai həyatda aktivliyi ilə bağlı fikirlərinizi bilmək istərdik.
-Zənnimcə, ictimai həyatda
aktivlik hər bir
insanın bacarığı, savadı, idarəçilik
qabiliyyətindən asılıdır. Əgər bu keyfiyyətlər varsa,
qadın və ya kişi
olmağı heç bir
əhəmiyyət kəsb etmir. Demokratik cəmiyyət gender
bərabərliyi prinsipinə əsaslanır və sosial-siyasi həyatda qadınların aktivliyi cəmiyyətin inkişafında mühüm rol oynayır.
Hər şeydən öncə ictimai həyatda
fəallıq, cəmiyyət üçün
önəmli olan vəzifələrdə
yer almaq nəticə
etibarı ilə geniş ətrafa malik olmaq deməkdir. Bu zaman qadın şəxsi
bacarığını ortaya qoymaqla işin öhdəsindən
gələ bilirsə, bu, onda
özünəgüvən hissini gücləndirir.
Lakin Azərbaycanda hələ də
müəyyən faiz kişilər cəmiyyətdəki
dominant statuslarını qadınlarla bərabər
imkanlara əsaslanmaqla bölüşmək
istəmirlər. Əks cinsin onlarla eyni sosial statusa
malik olmaları ilə barışa bimirlər. Onu da nəzərinizə çatdırım ki, ictimai həyata qatılmaq üçün
dəqiq seçilmiş
hədəf və düzgün planlaşdırılmış
iş qrafiki olmalıdır. Əksər
hallarda xanımlarımız
bu ictimai fəallığı düzgün
qiymətləndirmirlər və
iş qrafiklərini düzgün planlaşdıra
bilmirlər. Mənə elə gəlir
ki, ictimai həyatda aktiv olan hər bir
qadın həm də evinin xanımı, uşaqlarının
qayğıkeş anası
olmalıdır. Əgər
bu iki status - iş xanımı və evinin xanımı ikisi bir arada tutula
bilirsə, yəni bunların ikisini də əlimizdə möhkəm tuta bilsək, həm iş həyatında, həm də ailədə hər şey normal olacaq. Buna görə də ictimai həyata qatılmaq üçün
dəqiq seçilmiş
hədəf və düzgün planlaşdırılmış
iş qrafiki olmalıdır.
-Azərbaycan
QHT-lərinin dövlətçiliklə
bağlı layihələri
və fəaliyyəti
barədə nə deyərdiniz?
- QHT-lər dövlət proqramlarının, layihələrinin hazırlanmasında, müzakirəsində və icrasında iştirak edirlər. QHT-lər dövlət proqramlarının, layihələrinin hazırlanmasında və müzakirəsində məsləhətçi, ekspert və ya mütəxəssis kimi iştirak etdikləri halda, həmin proqramların icrasında, əsasən, bərabərhüquqlu tərəfdaş kimi iştirak edirlər. Aparılmış ümumiləşdirmələrə və araşdırmalara görə Azərbaycan Respublikasında ayrı-ayrı sahələr üzrə 107-dən çox dövlət proqramı, milli strategiya, fəaliyyət planı, konsepsiya və s. mühüm sənədlər təsdiq edilmiş və icra olunub. Hal-hazırda icra olunmaqda olan belə sənədlərin sayı 50-yə qədərdir. Cəmiyyət həyatının müxtəlif sahələri ilə bağlı bu sənədlərin hazırlanması, icrası və qiymətləndirilməsində QHT-lərin iştirakı aydın bir şəkildə hiss olunmaqdadır. Müasir dövrdə Azərbaycanda QHT-lər vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilməkdədir. Belə şəraitdə dövlət orqanları ilə QHT sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, əksər QHT-lərin qarşısına qoyduğu məqsəd və vəzifələr son nəticədə hakimiyyət orqanlarının həyata keçirməli olduğu vəzifələrlə uyğunluq təşkil edir. Bunlar dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir çox sosial, iqtisadi, hüquqi, mədəni və s. məsələlərin həlli ilə bağlıdır. Vətəndaş cəmiyyətinin institutları olmaq etibarilə QHT-lər bu istiqamətlərdə fəaliyyət göstərməklə dövlət orqanlarına kömək edir, həmin orqanların həyata keçirməli olduqları bəzi məsələlərin həllinə öz töhfələrini verirlər.
-Gənclərin
dövlətçilik və vətənpərvərlik şüurunun artırılması üçün hansı təklifləri irəli
sürərdiniz?
- Respublikamız əsrlərlə yaşı olan qədim dövlətçilik ənənələrinə
malik olan bir ölkədir. Tarix boyu vətən üçün
canını qurban edən mərd
oğullarımız olub və indi də var. Lakin çalışmalıyıq ki, buna kütləvi olaraq gəncləri cəlb edək və
dövlətçilik və vətənpərvərlik şüurunun daha dərindən
aşılanmasına nail olaq.
Ortaya bir sual çıxır ki, bəs
niyə biz belə qəhrəmanları olan bir ölkədə bunun daha da
gənclər arasında kütləviləşməsinə nail ola bilmirik?
Mənim fikrimcə, bunun səbəbləri
müxtəlifdir. Buna səbəb kimi internet və informasiya axını ilə müxtəlif cərəyanların
yayılmasını da göstərmək
olar. Azərbaycanda gənclərin
vətənpərvərlik şüurunun
gücləndirilməsi ilə bağlı çoxlu
layihələr həyata keçirilir,
müxtəlif regionlardan çoxlu
sayda gənclər bu
layihələrə cəlb edilir və
layihələrdən bəhrələnir. İlkin
olaraq gənclərin vətənə bağlılığını,
onların milli ruhda və
Azərbaycan dəyərləri ətrafında birləşməsini,
formalaşmasını təmin edən, bu
işdə yardımçı olan sərgilər
təşkil etmək, filmlər çəkmək
lazımdır. Təsəvvür edin ki, gənclər həmişə internetdədirlər,
bu, onların dünyagörüşünün
formalaşmasına təsirsiz ötüşmür.
Bu zaman isə milli dəyərlərdən uzaqlaşma
baş verir. Bundan sığortalanmaq üçün
elə internet məkanı ilə
bağlı da ciddi
layihələr həyata keçirməyə ehtiyac
var. Bununla belə, çalışmalıyıq ki, dövlətçilik və vətənpərvərlik
şüurunun artırılması üçün mediada, yerli və regional və internet televiziyalarda təbliğatlarımızı
gücləndirərək, müxtəlif verilişlər, mövzular hazırlayıb təqdim edək.
Biz
Qadın və Gənc Ailələrin Sosial
İnkişafı İctimai Birliyi olaraq, gələcəkdə
də belə layihələrin həyata keçirilməsində
və gənclərdə vətənpərvərlik və
dövlətçilik şüurunun təbliğində
öz səylərimizi əsirgəməyəcəyik.
İlkin AĞAYEV
Palitra.-2013.-3 aprel.-S.11.