“Qadınlarımız vətəndaş mövqeyi ortaya qoyaraq dövlətimizə dəstək
olmalıdır”
Lyudmila Xəlilova: «Azərbaycan 2020: Gələcəyə
baxış» İnkişaf Konsepsiyası gender bərabərliyinin təmin olunması və
ailənin inkişafını zəruri hesab
edir”
Müsahibimiz “Qadınlar bələdiyyələrin
inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovadır:
- Bu gün ölkəmizdə qadın hüquqlarının təminatını bir sıra yerli və beynəlxalq qanunvericilik təmin edir. Hələ 1995-ci ildə Azərbaycan BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyasını (CEDAW), 2001-ci ildə isə həmin sənədə aid Fakultativ protokolu ratifikasya edib. Ali qanunvericilik Aktımız olan Azərbaycan Respublikasının Konstitusiyasının Bərabərlik hüququ adlanan 25-ci maddədə deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Həmçinin 54-cü maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ var, 55-ci maddəsi isə ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnu elan edir və göstərilir ki, bu hüququ qadınlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər və s. Bundan başqa 10 oktyabr 2006-cı il tarixdə Gender bərabərliyinin təminatları haqqında ölkəmizdə qanun qəbul olunub ki, onun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Onu da qeyd edim ki, Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci ildə tarixi Fərman imzalayıb. Müasir və müstəqil Azərbaycanda qadın hərəkatının strateji inkişaf istiqamətlərini müəyyən edən bu fərman bütün qurumlarda qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, ölkədə gedən iqtisadi islahatlar çərçivəsində gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanların yaradılması, qadınların məşğulluğunun təmin edilməsi, qadın hüquqlarının müdafiəsinin gücləndirilməsini təmin edir. Bu gün dövlətimizin gender siyasətini elə Prezident İlham Əliyevin sözləri ilə ifadə etmək olar: “Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib”. Bu da tamamilə doğrudur. Ölkə başçısının 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasını da qeyd etmək istərdim. Bu sənədin başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması, vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Konsepsiyanın insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması adlanan 7 bəndində 7.4. maddəsi məhz gender bərabərliyinin təmin olunması və ailənin inkişafını zəruri hesab edir. Burada konkret olaraq qeyd olunur ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər gerçəkləşdiriləcək. Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcək.
- Bu
il ölkəmizdə Qadınların IV
Qurultayı keçiriləcək. Burada təmsil
olunacaq bir nümayəndə
kimi sizin fikirlərinizi
bilmək istərdik...
- Qadınların IV Qurultayının keçirilməsi ölkəmizdə qadına göstərilən diqqətin bir nümunəsidir. Hazırda qurultayla bağlı çox böyük hazırlıq işləri aparılır və burada mən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Ölkəmizdə gender siyasətini reallaşdıran bu qurum tərəfindən bütün bölgələrdə silsilə tədbirlər həyata keçirilir ki, bu da ölkədə qadın potensialının inkişafına, onların problemlərinin həllinə, əldə olunan nailiyyətlərin qiymətləndirilməsinə və eyni zamanda gələcək perspektivlərin müəyyən olunmasında çox vacib və əhəmiyyətlidir. Əminəm ki, Qurultay ölkəmizdə gender siyasətinin inkişafında yeni səhifə açacaq. Qeyd etmək istərdim ki, qadın hüquqlarının keşiyində duran AQUPDK və onun rəhbəri Hicran Hüseynova fəal qadınlarımızın fəaliyyətini çox böyük diqqətlə izləyir. Bizlərə hər zaman dəstək olmaqla yanaşı, o həm də fəaliyyəti əhəmiyyətli olan xanımları dəyərləndirməyi də unutmur. Bu çox vacibdir, bu cür diqqətlə biz həm fərəhlənirik, həm ruhlanırıq və eyni zamanda daha böyük məsuliyyəti üzərimizdə hiss edirik. Bu il beynəlxalq qadınlar gününə həsr olunmuş bir tədbirdə mən də, heç ölkədə olmaya olmaya bu diqqətəlayiq görüldüm və yeri gəlmişkən, bununla bağlı Hicran xanıma, onun rəhbərlik etdiyi bütün kollektivə öz dərin təşəkkürümü bildirirəm və əmin edirəm ki, mən bütün bilik və bacarıqlarımı səfərbər edib daha yaxşı işlər görmək, daha faydalı olmaq üçün can atacam.
- “Qadınlar bələdiyyələrin
inkişafı uğrunda” İctimai
Birliyi tərəfindən son
vaxtlar həyata keçirilən tədbirlər
barədə nə deyərdiniz?
- Bizim təşkilatımız tərəfindən də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir. Bu Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) maliyyələşdirən və Kaunterpart İnterneşnl təşkilatının həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı (QİP) üzrə «Yerli İdarəetmədə Qadın Liderliyi (YİQL)» adlı layihəsidir. Qeyd edək ki, layihənin əsas məqsədi yerli idarəetmədə qadınların hüquq və imkanlarının artırılması, onların qərarvermə proseslərinə təsirinin və qadın liderliyinin inkişafının gücləndirilməsidir. Səkkiz regionu əhatə edən bu layihədə qadın hüquqları, bu sahədə qanunvericilik üzrə ictimai məlumatlandırma və vətəndaş cəmiyyəti, dövlət strukturları ilə geniş əməkdaşlığın qurulması, yerli idarəetmədə qadın təşəbbüskarlığı və dövlətin idarə olunmasında gender siyasətinin gücləndirilməsi üçün fəaliyyətlər nəzərdə tutulub. «Yerli İdarəetmədə Qadın Liderliyi (YİQL)» layihəsi çərçivəsində ötən ilin noyabr ayında Bakıda ilk Qadın Liderliyi Konfransı keçirildi. Konfrans vətəndaş cəmiyyəti təşkilatlarını, hökumət rəsmiləri və millət vəkillərini bir araya yığaraq qadın liderliyi və qadınların qərar qəbuletmə prosesində iştirakını gücləndirilməsi sahəsində çox mühüm tədbir oldu. Bu tədbir həmçinin “Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə BMT Konvensiyası”ndan irəli gələn öhdəliklərin həyata keçirilməsi işində hökumətlə QHT əməkdaşlığını gücləndirdi. Konfransın nəticəsi kimi qadın liderliyi və qadınların səlahiyyətləndirilməsi və iştirakçılığı ilə bağlı prioritet məsələlər seçilib, tövsiyələr hazırlanıb Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilib. AQUPDK ilə tərəfdaşlıq çərçivəsində digər fəaliyyətimiz Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) Azərbaycanda Yerli Özünüidarəetməyə Dəstək Mentorluq Proqramı çərçivəsində DAYAQ layihəsidir və onun əsas məqsədi qadınların yerli ictimai həyatında iştirakını gücləndirmək və ölkədə yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir. Bildiyiniz kimi, 2009-cu ildə bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4 243 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,5% olub. Əvvəlki 2004-cü il bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib. Seçilən qadın bələdiyyə üzvlərindən 302 nəfəri bələdiyyə sədri seçilib. Baxmayaraq ki, bu nəticələrin əldə olunması kəmiyyət nöqtəsi nəzərdən vacib nailiyyətdir, seçilmiş qadın nümayəndələrin əksəriyyəti hələ də təcrübəsizdir, onların bilik və bacarıqları kifayət qədər deyil. Bu mənada Mentorluq Proqramı seçilmiş qadınların qərar vermə prosesində iştirakı və liderlik mövqelərini tutmalarında yeni yanaşmadır. Mentorluq anlayışı qadınların geniş iştirakı üçün hərtərəfli yanaşmaları yaradıb. Bu üsula əsaslanaraq mentor və stajor bir araya gəlir və elə bir güclü əlaqə yaradır ki, bu əlaqə vasitə ilə mentor stajora bilik, ictimai və psixoloji dəstək göstərir, karyerada təkmilləşmək və nailiyyətlər əldə etmək üçün köməklik edir. Qeyd edək ki, sözügedən layihələr 2013-cü ilin avqust ayına qədər davam edəcək və ölkəmizin daha çox region və bölgələrini əhatə edəcək. Gələcəkdə də ölkədə bəzi tədbirlərin gücləndirilməsini zəruri hesab edirik. Bunlar gender bərabərliyini təsbit edən Azərbaycan qanunvericiliyinin və icra mexanizmlərinin təkmilləşdirilməsi, qadın liderliyinin dəstəklənməsi və qadın iştirakçılığının artırılması məqsədilə davamlı tədbirlərin həyata keçirilməsi, gender bərabərliyi mövzusunda tədqiqat və monitorinq işlərin gücləndirilməsi, bu sahədə ictimaiyyəti məlumatlandırma və təlimlərin inkişafıdır.
-
Qadınların cəmiyyətdə fəallığının
daha da
artırılması istiqamətində hansı təkliflər
irəli sürərdiniz?
-Bu gün mən fəxr hissi duyuram ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva biz qadınlar üçün gözəl nümunə olmaqla, həm də dünyada ölkəmizi, mədəniyyətimizi, milli və mənəvi dəyərlərimizi tanıdır, yüksək tribunalarda təmsilçiliyimizi həyata keçirir və bizlərə nüfuz qazandırır. Düşünürəm ki, hər bir Azərbaycan qadını öz vətəndaş mövqeyi ilə və gördüyü işlərlə həm Mehriban xanıma, həm də dövlətimizə dəstək olmalıdır. Hər birimiz bütün potensiallardan istifadə edərək xalqımızın rifahına, ölkəmizin inkişafına, sağlam gələcək nəsilin yetişdirilməsinə doğru daha əhəmiyyətli işlər görməliyik. Bunun üçün ölkəmizdə bütün şərait yaradılıb, yetər ki, ondan səmərəli istifadə edək. 2013-cü il bizim hamımız üçün çox əhəmiyyətlidir. Bu il ölkədə Prezident seçkiləri keçiriləcək. Qadınlar da cəmiyyətin ayrılmaz hissəsi olaraq bu prosesdə aktiv iştirak etməlidirlər. Öz vətəndaş mövqeyini bildirməlidirlər. Arzu olunandır ki, qadınlarımız tək seçici kimi yox, həm də müşahidəçilik mədəniyyətini nümayiş etdirsinlər. Düşünürəm ki, qədim və zəngin mədəniyyətimizi təbliğ etdiyimiz zaman bu məsələyə də diqqət yetirmək çox vacibdir. Ümumiyyətlə, hesab edirəm ki, biz qadınların qarşısında çox böyük vəzifələr durur və bu tək ailəmizlə bağlı deyil. Biz ana olaraq, müəyyən mənada müəllim olaraq gənc nəslin formalaşmasında, onların tərbiyəsində, həyatı dəyərlərə baxışında əhəmiyyətli dərəcədə məsuliyyətliyik. Bu gün hər hansı problemi müzakirə etdikdə, onların səbəblərini axtardıqda, biz həm də özümüzü günahlandırmalıyıq. Çünki, bu gün bu uşaqları, bir az öncə gəncləri, hətta bəzən narazı olduğumuz kişiləri biz analar tərbiyə etmişik. Buna görə də biz qadınlar hər zaman yaxşı nümunə olmalıyıq ki, bəhrəsini görək. Burada elə Mehriban Əliyevanın sözlərindən sitat gətirmək istərdim. Ondan soruşanda ki, həyatda bu qədər titulları var, bu qədər cəmiyyət üçün əhəmiyyətli işlər görüb, bəs ən dəyərli nailiyyəti nədir? O çox gözəl cavab verib: “Mənim həyatımda ən böyük nailiyyətim mənim uşaqlarım və mənim ailəmdir”.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-4 aprel.-S.8.