“Tamaşaçıların zövqünə
uyğun tamaşalar
hazırlamaq lazımdır”
İntiqam Soltan: “Lazım gələrsə,
tamaşaçını məcbur edib tamaşaya gətirmək
lazımdır, bir dəfə baxandan sonra tamaşaçı
özü qərar verəcək: teatra getmək
lazımdır, yoxsa yox”
Layihə
çərçivəsində müsahibimiz Bakı Uşaq
Teatrının direktoru İntiqam Soltandır:
-Mədəniyyət və Turizm İdarəsinin qərarına əsasən, Bakı Uşaq Teatrını Qaraçuxur Mədəniyyət sarayına köçürüblər. Belə bir qərara səbəb bu vaxta qədər məskunlaşdığımız binada təmir tikinti işlərinə başlanılması ilə əlaqədardır. Təmir işləri başa çatandan sonra güman edirəm ki, ora qayıdacağıq. Köçürüldüyümüz ünvanın 300 nəfərlik təmirli, işıqlı zalı var. İdarənin balansında olan ərazidir, daha öncələr də orda tamaşa oynamışıq. Narazılığımız yoxdur. Amma tamaşaçılarımızı ora gətirmək üçün bir balaca əziyyət çəkmiş olacağıq. Bakı Uşaq Teatrı (BUT) 2001-ci il aprel ayının 9-da Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 260 saylı sərəncamı ilə yaradılıb. 2002-ci il may ayının 1-dən isə teatrın təşkilatı və yaradıcılıq işləri mənə həvalə olunub. 2003-cü ilin mayın 11-də teatr ilk tamaşasını təqdim edib. Qafqazda yeganə peşəkar uşaq teatrı olan BUT fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayıb, bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. 2002-ci ildən bu günə qədər teatrda 35-dən artıq yüksək bədii keyfiyyətə malik, tamaşaçıların zövqünü oxşayan tamaşalar hazırlanıb, teatrda eksperimental tamaşaların çoxluğu var. Yeni tamaşanı bu yaxınlarda təhvil vermişik. Abdulla Şaiqin “Əşxas” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru mən və Hacıbaba Məmmədovdur. Tamaşa balet, canlı muğam, simfoniya, videogörüntülər, işıq effektləri, eksperimental səhnə quruluşu və geyimlərlə sintez olunmuş variantda tamaşaçılara təqdim olundu. Uşaq Teatrının məqsədi, məramı gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, maarifləndirilməsi, məktəblərə bu yöndə yardımçı olmaqdır. Bizim bütün tamaşalar insanlığa, vətənpərvərliyə həsr olunur. Hesab edirəm ki, bu missiyanın öhdəsindən gəlirik. Daha çox eləyə bilərik, amma müəyyən səbəblərdən bunu edə bilmirik. Bizim öz yerimiz olandan sonra daha çox işlər görəcəyik.
- Teatr
xarici ölkələrdə tədbirlərdə,
beynəlxalq festivallarda təmsil olunurmu?
- Təsəvvür edin ki, bu dəqiqə
xarici festivallardan vaxt ayıra bilmirik. Son illər
bizim teatr bir çox beynəlxalq festivallarda uğurla çıxış
edib. Belə ki, kollektivimiz 2010-cu ildə Ankarada keçirilmiş “IV ETHOS” Ankara Beynəlxalq Teatr Festivalında, “Əyləncəli
oyunlar” və “Allahın bəlası” tamaşaları ilə İstanbul Böyükşəhər
Bələdiyyəsinin keçirdiyi
26-cı Çocuk Şənliyində,
mayın 28-də - Respublika
Günü münasibətilə
Türkiyənin Ərzurum
şəhərində keçirilən
festivalda, 2011-ci ildə
Ərzurumda keçirilən
Beynəlxalq Teatr festivalında, Sinop şəhərində keçirilən
II Gerze Beynəlxalq teatr festivalında iştirak edib. Xarici səfərlərimizi özümüz
maliyyələşdirdiyimizdən bəzilərindən imtina
etməli oluruq. Teatr bir sıra dövlət
və beynəlxalq təşkilatlarla birgə
uğurlu layihələri
həyata keçirib.
Bu təşkilatlardan Beynəlxalq Qızıl Xaç Komitəsi, Ədliyyə Nazirliyi, Avropa Şurasının Azərbaycandakı İnformasiya
Ofisi, BMT-nin Narkomaniyaya qarşı mübarizə İdarəsinin
Bakı Ofisini göstərmək olar.
-Bəzi teatrlarda tamaşaçı
azlığı müşahidə
edilir. Sizin
tamaşaçı auditoriyanız yetərincədirmi?
- O biri teatrların tamaşaçı problemi ola bilər, məsələn, Kukla Teatrının tamaşaçıları konkret yaşdadırlar, Akademik Dram Teatrı uşaqlar üçün çox az tamaşa hazırlayır. Böyüklərin tamaşalara davamiyyəti zəifdir, çünki uşaq teatrları zəif işləyib. Bununla da uşaq teatrı indiki böyük tamaşaçıları teatra alışdıra bilməyib. Amma biz tamaşaçı baxımından korluq çəkmirik. Ümumiyyətlə, elə nüanslar var ki, onu xalqın müzakirəsinə vermək olmaz. Tamaşaya baxmaq mədəniyyətini tamaşaçının ixtiyarına buraxmaq düzgün deyil. İlk dəfə hətta lazım gələrsə, tamaşaçını məcbur edib tamaşaya gətirmək lazımdır. Bir dəfə baxandan sonra istənilən tamaşaçı özü qərar verəcək: teatra getmək lazımdır, yoxsa yox. Ona görə Bakıda iki-üç növbəli işləyən çox məktəblər var, onların da hər birini biz təmin etməliyik. Auditoriya baxımından Gənc Tamaşaçılar Teatrının tamaşaçıları bizimkindən bir az böyükdür, Kukla teatrı bizimkilərdən bir az balacadır. Bizim müxtəlif yaş qrupları üçün olan tamaşalarımız var. Hər tamaşada biz afişada yaş həddini göstəririk. Tamaşalarımız iki hissəyə bölünür: birbaşa və dolayısıyla uşaqlara aid olan tamaşalar. Narkomaniya ilə bağlı tamaşa dolayısı ilə uşaqlara aiddir. O tamaşa gənclərə ünvanlanıb ki, onlar sabah ailə qurarkən uşaqlarının qayğısına lazımınca qala bilsinlər. Biz tamaşalarımızı cəzaçəkmə müəssisələrində, məktəblərdə, bağçalarda nümayiş etdirdiyimizdən tamaşaları da ona uyğun hazırlayırıq. Elə hazırlayırıq ki, tamaşa yerini dəyişəndə keyfiyyəti aşağı düşməsin. Hətta biz sifarişlər alırıq, bunu xüsusilə cəzaçəkmə müəssisələrinə aid edirəm. Oradakı insanlar teatra gələ bilmədikləri üçün biz onların yanına gedirik. Ona görə də ortaq məxrəcə gəlib bütün cəzaçəkmə müəssisələri üçün keyfiyyətli tamaşalar hazırlayırıq. Bu formada işlədiyimizdən dekorasiyaları da kənar yerlərə, səhnələrə uyğunlaşdırırıq.
-Repertuarı necə müəyyənləşdirirsiniz?
- İl ərzində biz digər teatrlardan daha çox yəni 7-8 tamaşa hazırlaya bilirik. Çünki bizim tamaşalar bir hissəlidir, 35-40 dəqiqə həcmindədir. İkincisi, repertuarımız çox sürətlə dəyişməlidir. Çünki tamaşaya baxdıqdan sonra tamaşaçı yeni tamaşa tələb edir. Bəzən hətta elə olur ki, ilə 10-15 tamaşa hazırlayırıq. Bu təlabatdan asılıdır.
-Tamaşaları
hazırlamaq üçün maliyyəni
necə əldə edirsiniz?
- Teatrlar maliyyələşməsinə görə təsərrüfat və tam təsərrüfat hesablılara bölünür. Tam təsərrüfat hesablı teatrlarda hətta əmək haqlarını teatr özü həll edir. Bizim teatr isə təsərrüfat hesablıdır. Ona görə biz tamaşaların xərclərini gələn gəlirin hesabına ödəyirik. Elə problemimiz olmayıb ki, hazırlamaq istədiyimiz tamaşaya pul tapmayaq. Ona görə ki, bu gün oynadığımız tamaşadan gələn gəliri gələcəkdə hazırlanan digər tamaşaya yatırırıq. Tam özümüzü təmin edə bilirik, hətta teatr özünə avtobus da alıb.
-Belə bir fikir var ki, əgər dövlətin himayəsi olmasa, teatr özünü saxlamaq üçün biletin birini 100 manatdan artıq satmalıdır. Siz necə hesab edirsiniz?
- Mən dünya təcrübəsinə əsaslanıram. Planlaşdırıram ki, bizim elə tamaşalarımız olacaq ki, onun biletinin qiyməti 50 manat olacaq. Təbii ki, gələcəkdə. Amma faktiki olaraq teatr bu gün özü-özünü saxlaya bilir. Sadəcə tamaşaçıların zövqünə uyğun tərzdə tamaşa hazırlamaq lazımdır. Tamaşa iki cür olur: maarifləndici, asudə vaxtın təmini üçün hazırlanan tamaşalar. Bizim tamaşalarımız daha çox maarifləndiricidir, canlı kitabdır. Bizim tamaşalara daha çox ehtiyac var, bəlkə ona görə tamaşaçılarımız həmişə boldur.
- Bəzi teatrlarda aktyorlar rol ala bilmədiklərindən
şikayətlənirlər. Sizin
teatrın kollektivində aktorların hamısı rol ala bilirmi?
- Teatrda 60-dan çox işçi çalışır. Amma bir məsələ var, onlar uşaq teatrına gələndən sonra sanki yenidən məktəb keçməli olurlar. Məlumdur ki, Mədəniyyət və İncəsənət Universitetində uşaqlara aid heç bir dərs keçirilmir. Ona görə uşaq teatrına gələn təkcə aktyor deyil, hətta rəssam belə uşaqlaşdırılır. Aktyorlarımız 20 yaşından tutmuş 65 yaşına qədərdir. 20-yə qədər aktyorumuz var, onların da hər biri rolla təmin olunub. Bakıda elə teatrlar var ki, aktyorlar rol ala bilmirlər, amma bizdə hər bir aktyor ən azından üç tamaşada oynayır. Hər bir aktyorun da özünün mono tamaşası var. İnanın, hazırda bizim teatrda işləmək üçün növbəyə dayanan nə qədər aktyor və aktrisa var.
- Hansısa
problemlər varmı?
- 15 oktyabr 2010-cu ildən teatr ayda bir
dəfə olmaqla 16 səhifədən
ibarət qəzet buraxıb. Texniki səbəblərdən
qəzet yalnız bir neçə ay işıq üzü gördü. Amma biz yenidən onu bərpa
etmək istəyirik. Yersizliyimizi həll
edə bilsək, qəzetimizi də
çıxaracağıq. Uşaq
Teatrının ən böyük problemi yersizlikdir. Yəni,
öz binamızın olmamasıdır.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-4 aprel.-S.11.