“Yeniyetmə və gənclər arasında rəsm müsabiqələri keçiririk 

 

Malik Ağayev: “Qəbələ Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi rayonun mədəni həyatı üçün çox böyük hadisə oldu”

Layihə çərçivəsində müsahibimiz Qəbələ Dövlət Rəsm Qalereyasının direktoru Malik Ağayevdir. O, müsahibəyə özü haqqında məlumat verməklə başladı:

-1965-ci ildə Qəbələ rayonunda müəllim ailəsində anadan olmuşam. 1972-81-ci illərdə Qəbələ şəhər orta məktəbində oxuduqdan sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub, 1985-ci ildə oranı bitirmişəm. 1987-ci ildə Qəbələ rayon Mədəniyyət və İstirahət Parkının rəssamlıq emalatxanasında tərtibatçı rəssam işinə qəbul olunduqdan sonra bir müddət orada çalışdım. Daha sonra 1990-1996-cı illərdə Respublika Elmi Bərpa İdarəsində bərpaçı rəssam kimi, 1996-2006-cı illərdə isə Qəbələ rayon Mədəniyyət Evində C.Məmmədquluzadə adına Xalq Teatrının quruluşçu rəssamı kimi çalışmışam. 2006-cı ildən Qəbələ Dövlət Rəsm Qalereyasının direktoru kimi fəaliyyətimi davam etdirirəm.

- Qalereyanın fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Qalereyanın fondunda Azərbaycanın tanınmış rəssamlarının və yerli rəssamların əsərlərindən ibarət 125 ədəd rəngkarlıq və qrafika əsərləri, tətbiqi sənət nümunələrindən 35 ədəd xalça, paltar, 22 ədəd dulusçuluq qabları, 23 ədəd ağac üzərində oyma işləri var. Bunlardan 16 ədəd rəngkarlıq əsəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qalereyaya daimi olaraq verilib. Qalereyanın fəaliyyəti əsasnaməyə uyğun illik perspektiv planı əsasında qurulur və müxtəlif tədbirlər və sərgilər keçirilir. Qalereyanın nəzdində rəsm studiyası da fəaliyyət göstərir. İl ərzində qalereyamızda müxtəlif tədbirlər təşkil edilir.

Bunlara misal kimi, 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Günü münasibəti ilə bağlı orta məktəb şagirdlərinin əl işlərindən ibarət sərgini, “Azərbaycan-doğma yurdum mənim” mövzusunda yeniyetmə və gənclər arasında rəsm müsabiqəsini, məktəb şagirdlərinin iştirakı ilə “Təbiəti necə qorumalı” rəsm sərgisini göstərə bilərəm. Özüm də müxtəlif sərgilərə qatılıram. Ölkəmizdə və Türkiyədə keçirilən sərgilərdə iştirak edərək fəxri fərmanlarla təltif olunmuşam.

- Rayonun mədəni həyatı ilə bağlı nə deyə bilərsiniz?

- Rayonumuzun mədəni həyatı çox zəngindir. Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib. Rayonumuzda son illərdə böyük inkişaf yaşanır. Yeni sosialturizm infrastrukturları yaradılıb. Bu inkişafın nəticəsidir ki, Qəbələ musiqi festivallarının keçirildiyi məkana çevrilib. Hər il bura xarici ölkələrdən nüfuzlu musiqi xadimləri təşrif buyurur. Yəni, bütün bu amillər rayonumuzun mədəni həyatını çox zənginləşdirir. Elə bu yaxınlarda dövlət başçısının rayonumuza səfəri çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzinin açılışı oldu. Nəhəng “ royal” formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunub. Mərkəzin foyesi genişliyimüasirliyi ilə diqqəti cəlb edir. Burada Mədəniyyət Mərkəzinin hazırkı görünüşü və gələcək layihələrlə bağlı maketlər də var. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur. Üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiyadünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlüktamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilib. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xaricidaxili görüntüsünü daha cəlbedici edib. Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiyatikiş sexləri də yaradılıb. Burada xüsusi qazanxana, transformator yarımstansiyası, mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılıb, su anbarı tikilib. Mərkəzin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılıb. Bir sözlə, Qəbələ Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi rayonun mədəni həyatı üçün çox böyük hadisədir.

- Ötən ay rayonunuzdaMuğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində tədbirlər də keçirildi.

- Bəli, respublika səviyyəli həmin tədbir çərçivəsində rayonumuzda da bir sıra tədbirlər həyata keçirildi. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyiMuğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının sədası ölkəmizin hüdudlarından kənara da yayıldı. Həmin tədbir çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, milli muğam sənətimizin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətlərindən danışıblar.

Sonra yeni istifadəyə verilmiş mədəniyyət ocağının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş etdirildi. Opera tamaşasında əsas rolları Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa ediblər. Tamaşada gənclərlə yanaşı, teatrın təcrübəli solistləri-Xalq artisti Şahlar Quliyev (Keşiş), Əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları çıxış etdi. İnsanın mənəvi gözəlliyini tərənnüm edən operada Kərəm və Əslinin obrazlarının açılmasında əsasən muğamdan istifadə olunub. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Sonda rejissor Hafiz Quliyev gənclərin ifasından razı qaldığını bildirdib. Tamaşanın tamamilə yeni quruluşda səhnələşdirildiyini və rolların əsasən gənclərə həvalə olunduğunu qeyd edən Hafiz Quliyev onların öz işinin öhdəsindən uğurla gəldiyini bildirdi. Tamaşa həm rejissor işi, həm də gənclərin obraza girmə məharəti və ifaları baxımından olduqca uğurlu oldu.

 

Anar MIRIYEV

 

Palitra.-2013.-5 aprel.-S.13.