Gələcəkdə sənəd qəbulu komissiyalarına ehtiyac olmayacaq 

 

Aliorta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 9-dan etibarən başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycanda 2013/2014-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna aprelin 9-dan etibarən başlanacaq.

Ərizələrin qəbulu mayın 17-dək davam edəcək. TQDK sədrinin sözlərinə görə, abituriyentlər aprelin 15-dən mayın 17-dək təqdim etdikləri ərizəni təsdiq etdirməlidirlər: Aliorta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və lazımi sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına lazımi sənədlərlə yanaşı sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər.

Aliorta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edirlər. Qabiliyyət İmtahanı Komissiyalarında abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirtest imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir”.

 

Abituriyentlərin böyük

hissəsi ərizəsini özü təsdiqləyəcək

 

TQDK sədri bildirdi ki, builki qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin böyük hissəsi ərizəsini özü təsdiqləyəcək: “Onların bunun üçün sənəd qəbulu komissiyalarına müraciət etməsinə ehtiyac qalmayacaq”. O qeyd etdi ki, həmin abituriyentlər ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlərdir. M. Abbaszadənin sözlərinə görə, bu məsələdə qızlar və oğlanlar arasında bərabərlik pozulub. O vurğulayıb ki, bu da oğlan abituriyentlərin hərbi xidmət məsələsi ilə əlaqədardır: “Əvvəlki illərin oğlan məzunlarının hərbi xidmətdən möhlət hüququ olmalıdır ki, onlar öz ərizələrini təsdiq etdirə bilsinlər. Lakin abituriyentlərin hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsini hələ ki, həyata keçirə bilmirik. Bununla əlaqədar müvafiq qurumlarla əlaqə saxlanılıb. Onlar söz veriblər ki, bu məlumatlar elektron bazada hazır olacaq. Kim hərbi xidmətdən möhlət hüququ alacaqsa, bu barədə məlumat dərhal elektron bazaya daxil ediləcək. Bununla da ali məktəblərə sənəd verən və hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin öz ərizələrini təsdiq etdirmələri üçün sənəd qəbulu komissiyalarına getməsinə ehtiyac qalmayacaq”. TQDK sədri vurğuladı ki, bütün bunları həyata keçirəndən sonra gələcəkdə Azərbaycanda sənəd qəbulu komissiyaları lazım olmayacaq. Bunun gələn ildən mümkün ola biləcəyini deyən M.Abbaszadə qeyd etdi ki, bundan sonra sənəd qəbulu komissiyaları abituriyentlərin sənədlərinin təsdiqlənməsi üçün yox, yalnız vətəndaşlığı olmayanxarici dövlətdən Azərbaycana gələn insanların sənədlərinin yoxlanılması üçün lazım olacaq.

 

Orta məktəblərdə keçiriləcək ilk monitorinq imtahanlarının vaxtı

açıqlandı

 

Bu il prezident İlham Əliyevin sərəncamına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanın orta məktəblərində ilk olaraq keçiriləcək monitorinq imtahanlarının vaxtı açıqlandı. TQDK sədri Məleykə bildirdi ki, monitorinq imtahanlarına aprelin 20-dən sonra başlanacaq. Onun sözlərinə görə, monitorinq imtahanlarının V və XI siniflərdə keçirilməsi qərara alınıb. Monitorinqlər XI siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat” və “Fizika, V siniflərdə “Azərbaycan dili” və “Riyaziyyat”, rus bölməsində isə “Rus dili” və “Riyaziyyat” fənnindən keçiriləcək. Bu imtahanlar Bakı şəhərində aprelin 23, 24, 25-də, bölgələrdə isə mayın 6, 7, 8-də keçiriləcək. Monitorinq imtahanları respublika üzrə 29 bölgədə 595 məktəbdə təşkil ediləcək.

 

Magistraturaya daxil olmaq istəyənlər üçün bəzi

ixtisaslar üzrə ixtisaslaşmaproqram seçimi

genişləndirilib

 

M.Abbaszadə bildirdi ki, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına daxil olmaq istəyən bakalavrlar üçün bəzi ixtisaslar üzrə ixtisaslaşmaproqram seçimi genişləndirilib. TQDK sədri qeyd etdi ki, iqtisadiyyat və idarəetmə ixtisaslar qrupunu bitirən bakalavrların, elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi, enerji maşınqayırması, maşın mühəndisliyi, mexanika mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, təkrar emal və bərpa texnologiyaları ixtisaslarını bitirən bakalavrların proqram daxilində ixtisaslaşma seçimi genişləndirilib: “Bundan əlavə, proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexatronikarobototexnika mühəndisliyi ixtisaslarını bitirən bakalavrların biologiya müəllimliyi, biologiya, tərcümə və tarix ixtisaslarını bitirən bakalavrların ixtisaslaşmaproqram seçimi də genişləndirilib. Bitirdikləri ixtisasdan asılı olmayaraq, bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları və ya 22 nömrəli proqrama aid olan Turizm işi ixtisaslaşmasını seçə bilər. Təhsil və humanitar ixtisas qruplarından başqa bütün ixtisasları bitirən bakalavrlar 19 nömrəli proqrama aid olan TEMPUS layihəsi üzrə ixtisaslaşmanı seçə bilər”. Onun sözlərinə görə, cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi martın 3-də keçirilib və bakalavrların məntiq, informatikaxarici dil bilikləri test üsulu ilə yoxlanılıb: “İmtahanda iştirak etmək üçün 21 min 623 bakalavr qeydiyyatdan keçib. Onlardan 526 nəfər imtahana gəlməyib, 20 nəfər isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric edilib. İmtahanda 21 077 nəfər iştirak edib və ən yüksək nəticə 97 bal olub”.

 

Peşə məktəblərində

buraxılış imtahanlarında

iştirak edən şagirdlərin 70 faizi “3” qiyməti alıb

 

Peşə liseylərinin məzunları üçün keçirilən buraxılış imtahanlarının nəticələrini qiymətləndirən TQDK sədri bildirdi ki, peşə məktəblərində buraxılış imtahanları ilk dəfə keçirildiyindən kontingent elə də çox olmayıb: “İmtahanda cəmi 4 min nəfərdən çox şagird iştirak edib. Onların 70 faizi “3” qiyməti alıb. Bu nəticə bizi elə də qane etmir. Təbii ki, bundan yüksək nəticə gözləmək mümkün deyildi. Çünki orta məktəb proqramları çətin olduğuna görə, vaxtilə həmin şagirdlər peşə məktəblərinə üz tutublar. Biz bu nəticəni gözləyirdik. Həmin şagirdlər orta məktəbdə oxusaydılar, ötən il buraxılış imtahanı verəcəkdilər. Ancaq həmin şagirdlər peşə məktəblərində oxuduqları üçün onların təhsil müddəti yarım il də uzanıb. Biz ötənilki səviyyəni bilirdik deyə, peşə liseylərində təhsil alan şagirdlərdən builki nəticəni gözləyirdik”.

TQDK sədri dərsliklərin monitorinqinin nəticələri ilə razılaşmayan müəlliflərə də cavab verdi: “Azərbaycanda təhsil siyasətini həyata keçirən bir qurum varo da Təhsil Nazirliyidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə yalnız Prezidentin tapşırığı əsasında orta məktəblərdə istifadə edilən dərsliklərin monitorinqini həyata keçirir”. O bildirdi ki, monitorinqin nəticələri daimi olaraq ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılır. TQDK sədri qeyd etdi ki, bu vaxta kimi I, III və IV sinif dərsliklərinin monitorinqi başa çatdırılıb və rəylər Təhsil Nazirliyinə göndərilib: “II sinif dərsliklərinin monitorinqi isə bu həftə başa çatır və onun nəticələri gələn həftə Təhsil Nazirliyinə göndəriləcək. Təhsil Nazirliyi tərəfindən komissiyaya yalnız I və III dərslikləri ilə bağlı cavab verilib”. M.Abbaszadə aparılan monitorinqlər nəticəsində dərslikləri tədrisdə uyğun hesab edilməyən müəlliflərin onların rəyləri ilə razılaşmaması ilə bağlı məsələyə də münasibət bildirərək qeyd etdi ki, monitorinqin nəticələri ilə bağlı dərslik müəlliflərinin obyektivya subyektiv fikirləri ola bilər: “Riyaziyyat” ümumbəşəri elmdir və I, IV siniflərdə "Riyaziyyat"ın qanunları eynidir. Dərsliyin müəllifi bununla razı deyilsə, bu, onun öz problemidir. Doğma və dövlət dilimiz olan Azərbaycan dili ilə əlaqədar dərsliyin monitorinqi prosesində iştirak edən alimlər, mütəxəssislər bu iradları tuturlarsa, bircə müəllif bununla razı deyilsə, hesab edirəm ki, Təhsil Nazirliyi düzgün siyasət həyata keçirəcək. Təhsil Nazirliyi yalnız müəllifin hüquqlarını müdafiə etmir, təhsilimizin hüquqlarını müdafiə edir. Ona görə də hesab edirəm ki, onlar bizi düzgün müdafiə edəcəklər”.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-5 aprel.-S.12.